Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5434/2021 09.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “şəxsiyyət vəsiqəsinin yenilənməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəxsiyyət vəsiqəsinin əldə edilməsi üçün baş örtüsündə fotoşəkil çəkilməsinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən edilən qanunsuz müdaxilənin məhkəmə tərəfindən aradan qaldırılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli sənədinin 1-ci hissə 1-ci cild 4-cü fəslinin 11 saylı əlavəsində pasportda (şəxsiyyət vəsiqəsində) istifadə edilən başqa sənədlər üçün dini adətlər, tibbi göstərişlər və mədəni ənənələrlə bağlı baş geyimi ilə yaşıl xətlə işarələnmiş baş örtüyü ilə çəkilmiş fotoşəkil yerləşdirməklə şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı X2 şəxsiyyət vəsiqəsini dəyişdirmək məqsədi ilə Mingəçevir regional “Asan Xidmət” Mərkəzinə müraciət etmiş, zəruri sənədlərin surətlərini təqdim etmişdir. Şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi zamanı zəruri olan proseslərdən biri fotoşəklin çəkdirilməsi olmuşdur ki, bu zaman iddiaçı mənsub olduğu islam inancına görə baş örtüsündə olmuşdur. ASAN xidmətin əməkdaşı tərəfindən baş örtüyü ilə fotoşəklin çəkdirilməsinin mümkün olmaması bildirilmişdir. İddiaçı məsələnin həlli ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, lakin sonuncu “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa istinad edərək ərizənin icrasından imtina etmişdir. İddiaçı qeyd edir ki, istinad olunan beynəlxalq təşkilatın şəxsiyyət vəsiqəsində nümunəsi müəyyən edilmiş baş örtüsündə fotoşəkil çəkilməsinə yol verilməsinə baxmayaraq cavabdeh tərəfindən baş örtüsündə fotoşəkil çəkilməsinin qanunvericilikdə yol verilməməsi bildirilmişdir ki, bununla da iddiaçının hüquqları pozulmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini etirazla qarşılayaraq məhkəməyə imtina məktubunun məzmununda etiraz ərizəsi təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Azərbaycan vətəndaşların şəxsiyyət vəsiqələrini əldə edərkən baş örtüsündə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli sənədinin 1-ci hissə 1-ci cild 4-cü fəslinin 11 saylı əlavəsində pasportlar, istifadə edilən başqa sənədlər üçün dini adətlər, tibbi göstərişlər və mədəni ənənələrlə bağlı baş geyimi ilə ona fotoşəkildən istifadə etmək imkanı nəzərdə tutulub. Sənəddə yaşıl işarə ilə işarələnmiş fotoşəkillərdən də göründüyü kimi, baş örtüsü hicabla şəkil çəkdirilməsində hər hansı bir qadağa olmamış, yalnız müəyyən ölçülər nəzərdə tutulmuşdur ki, iddiaçı eyni ilə fotoşəkildə qeyd edilən vəziyyət fotoşəkil çəkdirmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. . Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Cavabdeh tərəfindən ünvanlanmış imtina məktubundan görünür ki, iddiaçının müraciətinə qiymət verilmiş və cavab olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanunun tətbiqi barədə Əsasnamənin 2.10-cu və “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 3.8-ci bəndlərinə əsasən vətəndaşın Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi müvafiq olaraq vəsiqə və pasport verən orqanlarda həyata keçirilir. Həmin təşkilatın 9303 nömrəli sənədində fotoşəkillərin yol verilən və yol verilməyən nümunələri konkret göstərilmişdir. Nümunələrdə fotoşəklin çəkilməsi zamanı baş örtüklərindən istifadə edilməsinin yolverilməzliyi, istisna hal kimi isə səlahiyyətli dövlət orqanları tərəfindən konkret nəzərdə tutulmuş halların mövcudluğu qeyd olunmuşdur. Həmin hallara dini adətlər, tibbi göstərişlər və mədəni ənənələr aid edilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə yuxarıda göstərilən müstəsna hallar nəzərdə tutulmadığından, şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportun alınması üçün baş örtüyü ilə fotoşəklin çəkilməsi yolverilməzdir. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli sənədinin 1ci hissə 1-ci cild 4-cü fəslinin 11 saylı əlavəsində pasportda istifadə edilən başqa sənədlər üçün dini adətlər, tibbi göstərişlər və mədəni ənənələrlə bağlı baş geyimi ilə yaşıl xətlə işarələnmiş baş örtüyü ilə çəkilmiş fotoşəkil yerləşdirməklə şəxsiyyət vəsiqəsinin verilməsini tələb edir və bu halı onunla əsaslandırır ki, mübahisə predmetini təşkil edən məsələnin həllini tənzimləyən İCAO 9303 nömrəli sənəddə baş örtüsü hicabla şəkil çəkdirilməsində hər hansı bir qadağa yoxdur. Məhkəmə tərəfindən araşdırılmalı hal odur ki, ümumiyyətlə şəxsiyyət vəsiqəsində üz ovalı tam açıq şəkildə görünmək şərtilə hicabla fotoşəkilin çəkilməsinin qanunvericilikdə və normatin hüquqi aktlarda nəzərdə tutulub-tutulmaması, nəzərdə tutulduğu təqdirdə bu halın hansı şərtlər və istisnalar əsasında həyata keçirilməli olduğu müəyyən edilməlidir. Bu aspektdən irəli çıxaraq məhkəmə bildirir ki, hazırki iddia tələbinin hüquqi əsasını aşağdaki qanunvericilik aktları təşkil edir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. -3-cü maddəsinin 1-ci hissəsinə əsasən şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, doğulduğu yer, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi və etibarlılıq müddəti göstərilir, həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAOnun) tələblərinə uyğun fotoşəkli yerləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 07 ferval 2012-ci il tarixli, 577 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin Təsviri”nin: -1-ci hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (bundan sonra – vəsiqə) 85,6 mm x 54 mm ölçülüdür. Vəsiqə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 nömrəli sənədinə uyğundur. -2-ci hissəsinə əsasən vəsiqənin üz tərəfinin sol hissəsində vəsiqə sahibinin 26 mm x 32 mm ölçüdə fotoşəkli üçün yer nəzərdə tutulmuşdur. Fotoşəkil Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 nömrəli sənədinin tələblərinə uyğun olmalıdır. Fotoşəklin altında vəsiqənin etibarlılıq müddətini və vəsiqə sahibinin kiçildilmiş təsvirini əks etdirən “X5” yerləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin: -2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. -2.10-cu maddəsinə əsasən vətəndaşın Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi müvafiq olaraq vəsiqə və pasport verən orqanlarda həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsindən göründüyü kimi Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə görə (9303 nömrəli sənədin İV-cü fəslinin 11-ci əlavənin 1.9-cü bəndinə və İV-60 səhifəsində olan fotoşəkillərə aid təlimatlandırıcı materiallarına görə) şəxsin şəxsiyyətini müəyyən edən sənədləri üçün fotoşəklin çəkilməsi zamanı baş örtüklərindən istifadə edilməsi yolverilməzdir. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 sənədin İV-60-cı səhifəsində göstərilmiş başörtüklü fotoşəkilin nümunəsi ilə əlaqədar olaraq həmin sənəddə xüsusilə qeyd olunmuşdur ki, belə fotoşəkillər yalnız səlahiyyətli dövlət orqanları tərəfindən konkret istisna hallar (dini adətlər, tibbi göstəricilər və mədəni ənənələr) nəzərdə tutulduqda yolveriləndir. Şərh olunan qanunvericiliyin və beynəlxalq sənədin müddəalarından görünür ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması ona verilmiş şəxsiyyət vəsiqəsi ilə təsdiq olunur. Şəxsiyyət vəsiqəsinin verilməsi qaydası, həmçinin təsviri forması müəyyən olunmuş qanunvericilik aktları əsasında həyata keçirilir ki, bunlardan biri də Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 nömrəli sənədidir. Ümumməlum olan arqumentdir ki, İCAO-nun məqsədi bütün dünyada Beynəlxalq Mülki aviasiyanın təhlükəsiz, nizamlı inkişafını və mülki aviasiyanın, o cümlədən beynəlxalq daşımaların bütün məsələləri üzrə beynəlxalq əməkdaşlığın təşkili və əlaqələndirilməsinin digər aspektlərini təmin etməkdədir. Təşkilatın qəbul etdiyi sənədlər həmin təşkilata üzv olunmuş ölkələr üçün müvafiq istiqamətlərdə normativ sənəd sayılır. Bununla yanaşı qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının vətəndaşlarının şəxsiyyət vəsiqələrində və pasportlarında təsvir olunmuş fotoşəkillər İCAO-nun 9303 sənədinin instruktiv qaydalarına uyğun olmalıdır. İnternet resursu vasitəsi ilə əldə olunmuş həmin sənədin İV-cü fəslinin 11-ci əlavəsinin müddəalarından məlum olur ki, fotoşəkildə şəxsin üz cizgiləri aydın, üz qulaqların ön hissəsi də daxil olmaqla saç tökülməsindən çənəyə qədər görünməlidir. Üzü örtən örtüklərə, saçlara, papaqlara və ya üz bəzəklərinə icazə verilmir. Nümunələrdə fotoşəklin çəkilməsi zamanı baş örtüklərindən istifadə edilməsinin yolverilməzliyini istisna hal kimi kimi isə səlahiyyətli dövlət orqanları tərəfindən konkret nəzərdə tutulmuş halların mövcudluğu qeyd olunmuşdur. Həmin hallara dini adətlər, tibbi göstərişlər və mədəni ənənələr aid edilmişdir. Oxşar işlər üzrə formalaşmış məhkəmə praktirikasına görə, vətəndaşın şəxsiyyətini təsdiq edən sənədinin alınması üçün üz ovalı tam açıq şəkildə görünmək şərtilə hicabla fotoşəkilin çəkilməsinin mümkün deyildir. Məhkəmələr bu nəticəyə gələrkən Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.10-cu və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 nömrəli sənədini rəhbər tutaraq bildirirlər ki, ümumiyyətlə şəxsiyyətdə üz ovalı tam açıq şəkildə görünmək şərtilə hicabla fotoşəkilin əks olunması yalnız nəzərdə tutulmuş 3 şərtlərdən (dini adətlər, tibbi göstərişlər və mədəni ənənələr) biri mövcud olduqda mümkün olur. Azərbaycan Respublikası dünyəvi dövlət olduğundan bu istisna Azərbaycan Respublikasına şamil edilə bilməz. (2-1(102)-97/2019) Məhkəmələrin bu cür yanaşmasının əsas təməl prinsipini Azərbaycan Respublikası Konstitusiyasının müddəaları müəyyənləşdirir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: -7-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. -12-ci maddəsinin 1-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. -18-ci maddəsinin 1-ci hissəsinə Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. -25-ci maddəsinin 3-cü hissəsinə əsasən dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. -48-ci maddəsinə əsasən hər kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. Nəzərə alınmalıdır ki, həqiqətən də Azərbaycan Respublikasının dünyəvi respublikası olması Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, həm məhkəmə təcrübələri, həmçinin də, qüvvədə olan qanunvericiliyin normaları ona dəlalət edir ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 nömrəli sənədində üz ovalı tam açıq şəkildə görünmək şərtilə hicabla fotoşəkilin çəkilməsi dini adətlər istisnası olduğu halda mümkün olsa da, həmin istisna Azərbaycan Respublikasına şamil edilə bilməz. O cümlədən, qeyd olunmalıdır ki, sözügedən sənəddə sadalanmış digər istisnaların (tibbi göstərişlər, mədəni ənənələr) mövcudluğu hazırki iş üzrə sübuta yetirilmədiyindən, həmin istisnaların iddiaçıya şamil edilməsi mümkün deyildir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmamış, başörtüklü fotoşəkil üzərində olan şəxsiyyət vəsiqəsinin verilməsindən iddiaçıya verilmiş imtina ilə ona qarşı qanunsuz hərəkətsizliyə yol verilməmişdir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-5434/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5434/2021
09.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver