Məhkəmə qərarları › İş №2-1(112)-5436/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5436/2021

12.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5436/2021 12.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 03 aprel 1995-ci il tarixli 148 saylı sərəncamına əsasən Əzizbəyov rayonunun Mərdəkan qəsəbəsində C- 280№-li sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və mülkiyyət hüququna dair çıxarışın İddiaçı qıznının adına verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı Bakı şəhər Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 03 aprel 1995-ci il tarixli 148 saylı sərəncamı əsasında qanuni istifadəsində və sahibliyində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu iddiaçının müraciətindən imtina etmişdir. Cavabdehin imtinasının əsasında duran yeganə hal odur ki, elektron kadastr məlumatlara əsasən iddia olunan torpaq sahəsi Mərdəkan bağ massivində yerləşmə yanaşı, qonşuluqları bağ sahələri kimi qeydiyyatdan keçmişdir. İddiaçı bəyan edir ki, sözügedən torpaq sahəsinin bağ massivində yerləşməsi səbəbi ilə müraciətindən imtina olunması qanunsuzdur. Belə ki, onun torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş sərəncam olmuşdur ki, həmin sərəncam hazırki günədək qüvvəsindədir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Mərdəkan bağ massivində yerləşir və qonşu ərazilər bağ sahələri kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İdarənin mütəxəssisləri tərəfindən aparılan çöl-ölçmə işləri zamanı məlum olmuşdur ki, torpaq sahəsinin ölçüsü sənəd üzrə 1200 kv.m olsa da, faktiki olaraq 1162 kv.m təşkil edir. Göstərilən ərazi şimaldan 935ş, qərbdən 933c, şərqdən 966 saylı bağ sahələri ilə əhatə olunmuşdur. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubundan görünür ki, iddiaçının torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Mərdəkan bağ massivində yerləşdiyindən və qonşuluqları bağ sahələri kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyindən onun müraciətinin müsbət həlli mümkün olmamışdır. Məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq aidiyyəti üzrə Bakı şəhəri, Mərdəkan qəsəbəsi, C 280 nömrəli sahədə yerləşən fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin ayrılması haqqında Əzizbəyov (hazırki: Xəzər) rayon İcra Hakimiyyəti başçısının 148 nömrəli 03.04.1995-ci il tarixli sərəncamı və həmin sərəncamın verilməsi üçün əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərinin təqdim edilməsi ilə bağlı aidiyyəti üzrə inzibati orqanlara sorğular göndərilmişdir. Sorğulara cavab məktublarında: -Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin məktubunda qeyd olunmuşdur ki, keçmiş Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) 03.04.1995-ci il tarixli, 148 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Əlavə olaraq bildirilmişdir ki, bu sərəncam həmin ilin sərəncamlarının qeydiyyat kitabı ilə uyğunsuzluq təşkil etdiyindən doğruluğu şübhə yaradır. Sorğuya cavab məktubuna əlavə olunmuş Bakı şəhər Əzizbəyov rayonu İcra Hakimiyyətinin ümumi şöbəsinin “Sərəncamlarının qeydiyyat kitabı”nın 29-cu vərəqində 148 nömrəli sərəncam qarşısında “Əzizbəyov rayon İcra Hakimiyyəti aparatında struktur dəyişikliyi” göstərilmişdir. -Xəzər rayon İcra Hakimiyyəti Başçısı tərəfindən ünvanlanmış məktubda qeyd olunmuşdur ki, 1995-ci il üzrə qəbul olunmuş sərəncamlar Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verildiyindən, qeyd olunan sərəncamın və həmin sərəncamın verilməsi üçün əsas olmuş sənədlərin təqdim olunması mümkün olmamışdır. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, C-280№-li sahədə yerləşən 1200 kv.m torpaq sahasi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş edir və bu halı onunla əsaslandırır ki, həmin torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün Əzizbəyov rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən ayrıldığından, onun torpaq sahəsi üzərində mülkiyyət hüquqları yaranmış olur. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən verilmiş imtina məktubuna nəzər yetirdikdə məlum olur ki, cavabdeh elektron kadastr məlumatlarına istinad edərək torpaq sahəsinin Mərdəkan bağ massivində yerləşməsi səbəbi ilə iddiaçının müraciətinin həllindən imtina etmişdir. Məhkəmə tərəfindən araşdırmalı hal odur ki,mübahisə predmetini təşkil edən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüqlarının mövcud olub-olmaması, həmçinin, sözügedən torpaq sahəsinin bağ massivində yerləşdiyi təqdirdə Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısı tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı sərəncam qəbul etmək səlahiyyətinin olub-olmaması müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, hazırki iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1cı maddələri təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə Qanun): - 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanınaverilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, Şərh olunan qanunvericiliyin müddəalarından göründüyü kimi, icra hakimiyyəti orqanı tərəfindən dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul edilmiş akt daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsaslardan biri sayılır ki, bu əsas vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını tənzimləyən Qanunun 8.0-ci maddəsinin əhatə dairəsinə düşmüşdür. İşin hallarından göründüyü kimi, iddiaçı torpaq üzərində hüququnun yaranmasının əsası kimi Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 148 saylı, 03 aprel 1995-ci il tarixli sərəncamının mövcudluğuna istinad etmişdir. Həmin dövrə münasibətdə icra hakimiyyəti tərəfindən torpaq sahəsinin ayrılması qaydası qanunveriliyin aşağıdakı müddəalarında əks olunmuşdur. Köhnə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (1991-ci il redaksiyasına) görə: -7-ci maddəyə əsasən, torpaqlar Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini vətəndaşların xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər; -9-cu maddəyə əsasən, torpaq üzərində Azərbaycan Respublikasının dövlət mülkiyyətinə, respublika ərazisində bu Məcəllə ilə müəyyən edilmiş qaydada digər subyektlərin mülkiyyətinə verilmiş torpaqlardan başqa, bütün torpaqlar aiddir. Dövlət mülkiyyətində olan torpaqları, rayon, şəhər xalq deputatları Sovetləri öz səlahiyyətləri daxilində kollektiv və xüsusi mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verə bilər; -22-ci maddəyə əsasən, torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; -23-cü maddəyə əsasən, vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir; -29-cu maddəyə əsasən, müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir; -30-cu maddəsinə əsasən, torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir. Dövlət aktının forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir; -100-cü maddəyə əsaəsn, yer quruluşu tədbirləri aşağıdakıları nəzərdə tutur: 3) torpaqların yerləşdirilməsində mövcud uyğunsuzluqlar, narahatlıqlar aradan qaldırılmaqla, yeni torpaq mülkiyyətçilərinin, sahiblərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) torpaq sahələri ayrılması, torpaq üzərində mülkiyyət, torpağa sahiblik və ondan istifadə hüququnu təsdiq edən dövlət sənədlərinin (aktlarının) hazırlanmasını. Maddələrin tələblərindən göründüyü kimi, dövlət mülkiyyətində olan torpaq sahələrinin fiziki və hüquqi şəxslərin daimi sahibliyinə və istifadəsinə ayrılması səlahiyyəti xalq deputatları Sovetlərinə məxsus olmuş, torpaq sahəsinin verilməsi sonuncu qurumun qərarı və yer quruluşu sənədlərinə əsasən həyata keçirilməlidir. Bu məqsədlə yer quruluşu tədbirləri kimi yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etməli və yerdə (naturada) torpaq sahəsinin ayrılmasını təsdiq edən dövlət sənədlərini hazırlanmalıdır. Bu sənədlər əsasında torpaq üzərində mülkiyyət hüququ dövlət aktı ilə rəsmiləşdirilməlidir. Bundan başqa, zamana gör qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 24 yanvar tarixli, 35 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaq sahəsinin verilməsi və geri alınması barədə vəsatət qaldırılması və ona baxılması qaydası haqqında Əsasnamə”nin: -1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında istifadə üçün torpaq sahələrinin verilməsi və geri alınması Azərbaycan Respublikasının Torpaq məcəlləsinin 20, 21, 22-ci maddələrinə müvafiq olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin və rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetlərinin qərarları əsasında həyata keçirilir; -2-ci bəndinə əsasən, torpaq sahəsi verilməsi və geri alınması haqqında vəsatətə baxılmaq üçün yerquruluşu işi tərtib edilir. Yerquruluşu işini torpaq verilməsi haqqında vəsatət qaldıran müəssisə, idarə, təşkilat nümayəndələrinin və vətəndaşların bilavasitə iştirakı ilə müvafiq rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetləri hazırlayırlar; -23-cü bəndinə əsasən, həyətyanı torpaq sahələrinin ayrılması üçün aşağıdakı sənədlər müvafiq rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetinə təqdim edilir: v) icra hakimiyyəti orqanlarının yerlərdəki nümayəndələrinin həyətyanı torpaq sahəsinin ayrılması barədə vəsatəti; -25-ci bəndinə əsasən, şəhər və qəsəbələrdə fərdi yaşayış evlərinin və köməkçi tikililərin inşası və kollektiv bağçılıq və bostançılıq üçün ayrılan torpaq sahələrinin ölçüsü, onların baş planlarına müvafiq olaraq rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilir; -26-cı bəndinə əsasən, şəhər və qəsəbələrdə fərdi tikinti və kollektiv bağçılıq və bostançılıq üçün torpaq sahələri icra hakimiyyəti orqanlarının yerlərdəki nümayəndələrinin vəsatətinə əsasən müvafiq rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Soveti tərəfindən 20 gün müddətində baxılır və qərar qəbul edilir.Vəsatətə ayrılması nəzərdə tutulan sahənin xəritəsi və yaşayış məntəqəsinin baş planından çıxarışı əlavə edilir. Sadalanmış maddələrin tələblərindən göründüyü kimi, torpaq qanunvericiliyinə uyğun olaraq torpaq sahəsinin verilməsi xalq deputatları Sovetlərinin qərarları əsasında həyata keçirilməlidir. Torpaq sahəsi verilməsi üçün icra hakimiyyəti orqanlarının yerlərdəki nümayəndələrinin vəsatəti xalq deputatları Sovetinə təqdim edilməli və vəsatətə yerquruluşu işi qaydasında ayrılması nəzərdə tutulan sahənin xəritəsi və yaşayış məntəqəsinin baş planından çıxarış əlavə edilməlidir. Ayrılan torpaq sahələrinin ölçüsü xalq deputatları Sovetləri tərəfindən müəyyən edilir. Lakin iddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncam xalq deputatları Sovetləri tərəfindən deyil, yerli rayon icra hakimiyyətinin başçısı tərəfindən qəbul edildiyindən, həmin dövrdə qüvvədə olmuş qanunvericilik yoxlanılarkən müəyyən olunmuşdur ki, “Respublikanın iqtisadi və ictimai-siyasi həyatını sabitləşdirmək sahəsində əlavə tədbirlər haqqında” 8 oktyabr 1991-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasının Prezidentinə hüquq verilmişdir ki, yerli dövlət hakimiyyəti və idarəetmə orqanlarının təşkili və fəaliyyəti qaydasının müəyyən olunması, onların tabeliyinin təyin edilməsi, mərkəzi dövlət idarəetmə orqanlarının yaradılması və ləğvi məsələləri barəsində fərmanlar versin. Bu Qanunun icrası ilə bağlı qəbul edilmiş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə” ilə xalq deputatları Sovetlərinin və icra hakimiyyətinin səlahiyyətləri tənzimlənmişdir. Əsasnamənin 12-ci və 13-cü maddələrində göstərilmişdir ki, bu Əsasnamə ilə müəyyən edilmiş hüdudlarda rayonda, şəhərdə icra hakimiyyətini həyata keçirən dövlət vəzifəli şəxs — İcra hakimiyyətinin başçısıdır, o, torpaqdan istifadə sahəsində məsələləri həll edir. Göründüyü kimi, qanunvericilikdə baş vermiş dəyişikliklərlə müəyyən olunmuşdur ki, artıq torpaq sahəsinin ayrılması ilə bağlı səlahiyyətlər xalq deputatları Sovetlərinə deyil, icra hakimiyyəti başçalarına aid edilmişdir. Baş vermiş bu dəyişiklik ona dəlalət edir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə icra hakimiyyəti tərəfindən sərəncamın qəbul edilməsini qanunamüvafiq hesab edilir. Bundan başqa məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, oxşar işlər üzrə formalaşmış məhkəmə praktikasına görə vətəndaşlara fərdi yaşayış evlərinin tikilməsi üçün ayrılmış torpaq sahələri ilə bağlı İcra Hakimiyyəti başçıları tərəfindən qəbul edilmiş sərəncamlar, onların həmin torpaq sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd sayılır. Nəzərə alınmalıdır ki, cavabdehin imtinasında göstərilən yeganə dəlil odur ki, torpaq sahəsi Mərdəkan bağ massivində yerləşir. Həqiqətən də, torpağın bağ massivində yerləşməsi və digər bağ sahələri ilə əhatə olunması təkzib olunmaz haldır ki, bu hal təqdim olunmuş elektron kadastrından çıxarılmış xəritədə öz əksini tapmışdır. Düzdür ki, bağ massivində yerləşən torpaq sahələrinin ayrılması icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən həyata keçirilirdi ki, bu zaman vətəndaşlara «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8.0.7ci maddəsinin əhatə dairəsinə düşən sənədlərdən (icarə müqaviləsi, sərəncam, order və s.) biri verilirdi. Lakin, məhkəmə qeyd edir ki, bağ massivində yerləşən torpaq sahələrinin yaınız bağlar təsərrüfatı idarələri tərəfindən ayrılmalı olması nəticəsi düzgün deyildir. Belə ki, “Torpaq islahatı haqqında” Qanunun 25-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi dəyişilənədək bu Qanuna zidd olmayan hissədə tətbiq edilir. 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş Torpaq Məcəlləsinin 59-cu maddəsinin 1-ci yarımbəndinə əsasən yaşayış məntəqələrində bələdiyyələrin ehtiyat fondu torpaqlarından sahələr aşağıdakı məqsədlər üçün verilir: fərdi yaşayış və bağ evlərinin tikintisi üçün əvəzi ödənilməklə vətəndaşların xüsusi mülkiyyətinə; Şərh olunan maddənin normasını təsvir etdikdə aydır olur ki, bağ sahələri üçün vətəndaşa ayrılan torpaq sahələri təkcə bağlar təsərrüfatı idarələrinin deyil, həmçin bələdiyyələrin ehtiyat fondunun balansında olmuşdur. Qanunvericilik bələdiyyələrin ehtiyat fondunda olan torpaq sahələrinin bağ evlərinin tikintisi üçün ayrılmasını şərtləndirilmişdir ki, bu səlahiyyətin icrası bələdiyyələr formalaşana qədər icra hakimiyyətinə məxsus olmuşdur. Yuxarıda göstərilənlər əsasında məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, hər nə qədər də mübahisə predmetini təşkil edən torpaq sahəsi bağ massivində yerləşsə də, Əzizbəyov rayon İcra Hakimiyyəti həmin dövrdə torpaq sahəsinin ayrılması səlahiyyətində olmuş, həmin səlahiyyət çərçivəsində icra hakimiyyəti başçısı tərəfindən torpaq sahəsi ayrılmış və torpaq sahəsinin hüdudları sxem (torpaq sahəsinin xəritəsi) ilə təsdiq edilmişdir. Məhkəmə əlavə olaraq onu da bildirməyi zəruri hesab edir ki, Milli Arxiv İdarəsi tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı sərəncamın mövcudluğu şübhə altına alınsa belə, məhkəmə tərəfindən bununla bağlı şübhəli hal aşkar olunmamışdır. Belə ki, “Sərəncamlarının qeydiyyat kitabı”nda 03 aprel 1995-ci il tarixli 148 saylı sərəncamı altında “Əzizbəyov rayon İcra Hakimiyyəti aparatında struktur dəyişikliyi” barədə sərəncam olduğu göstərilmişdir. Ehtimal olunur ki, həmin dövrdə sərəncamların qeydiyyatı aparılarkən texniki səhfə yol verilmişdir. Nəzərə alınmalıdır ki, “Sərəncamlarının qeydiyyat kitabı” hər hansı bir təsdiqedici sənədi sayılmır. Ən əsası isə sözügedən sərəncamın əsli Milli Arxiv İdarəsində mövcud olmuşdur. Əsli ilə düz təsdiqi ilə surəti iş materiallarına əlavə edilmiş sərəncamın əsli ilə düz təsdiqli nüsxəsinin məhkəmə iclasında araşdırılması zamanı da müəyyən edilmişdir ki, sənədin saxtalığı ilə bağlı şübhə yaradan hal mövcud deyil. Sərəncam həmin dövrdə icra hakimiyyəti başçısı olmuş Gülağa İslamov (25 yanvar 1995- 21 dekabr 2018-ci illər) tərəfindən imzalanmışdır. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Bakı şəhər Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısı həmin dövrdə Əzizbəyov rayonunun Mərdəkan qəsəbəsində C-280№-li sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsinin ayrılması ilə bağlı sərəncam qəbul etmək səlahiyyətində olduğundan, həmçini mübahisə predmetini təşkil edən torpaq sahəsi üzərində hər hansı bir digər fiziki şəxsin mülkiyyət hüquqları qeydiyyata alınmadığından, iddiaçının irəli sürdüyü tələb qanuni və əsaslı olmuşdur. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhər Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 03 aprel 1995-ci il tarixli 148 saylı sərəncamına əsasən Əzizbəyov rayonunun Mərdəkan qəsəbəsində C-280№-li sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar