Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5437/2021 21.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının dayandırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz sayılması, ödənişi dayandırılmış pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsi və ödənilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının dayandırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz sayılması, ödənişi dayandırılmış pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsi və ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirlir ki, İddiaçı xx xxx 1959-cu il tarixdə doğulmuşdur. 13 yanvar 1980-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 5 iyul 1993-cü il tarixdən Yeni Bakı Neftayırma Zavodunda (Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu) fasiləsiz olaraq çalışır. Müraciəti əsasında işlədiyi müəssisədə ona 28 iyun 2016-cı il tarixdə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. Lakin bu yaxınlarda ona pensiya verilməsi dayandırıldığından, o, bunun səbəbini öyrənmək üçün ərizə ilə cavabdeh orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh tərəfindən pensiya ödənişinin dayandıılması haqqında məktubla cavab verilərək bildirilmişdir ki, pensiya təyin edilərkən onun 1 may 2001-ci il tarixdən 23 may 2016-cı il tarixədək olan dövr ərzində qaz doldurma estakadasında hazır məhsulun doldurub boşaldılması üzrə süzücü-tökücü vəzifəsində işlədiyi qeyd edilmişdir. Həmin vəzifə AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı yoxdur. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən ona güzəştli güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiya ödənişinin dayandırılması qanunsuz və əsassızdır. Pensiya ödənişinin dayandırılması ilə bağlı cavabdehin məktubu 9 mart 2021-ci il tarixdə poçt vasitəsi ilə ona təqdim edilmişdir. Ona işlədiyi müəssisədə qanuni əsaslarla güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. Əmək kitabçasından da görünür ki, iddiaçı texnoloji sexlərin, istehsalatların məişət təsərrüfatında kompressorquğu maşinisti, qazdoldurma sahəsində, qaz doldurma estakadasının avtosistemlərin doldurulması məntəqəsində, qaz doldurma estakadasında hazır məhsulun doldurub-boşaldılması üzrə doldurucu-boşaldıcı, süzücütökücü (doldurucu) fəhlə peşəsində işləyir. Bu peşələr «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 10.5.2-ci bəndi ilə müəyyən edilmiş qaydalara əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. İddiaçı ona görə hesab edir ki, pensiya ödənişinin dayandırılması haqqında cavabdeh orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkəti qanunsuz hesab edilməli və ödənişi dayandırılmış pensiyanın dayandırıldığı vaxtdan bərpa edilməsi və ödənilməsi vəzifəsi ona həvalə edilməlidir. Göstərilənlərə əsaslanaraq, pensiya ödənişinin dayandırılması haqqında cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətinin qanunsuz sayılması, ödənişi dayandırılmış pensiyanın dayandırıldığı vaxtdan bərpa edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - Hesab edilir ki, İddiaçı iddiası tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. İddiaçı iddia tələbinə dair Mərkəzi Filial tərəfindən həyata keçirilmiş inzibati icraat tədbirləri haqqında qeyd olunur ki, o, 12 yanvar 2021-ci il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə, təyin edilmiş əmək pensiyası ödənişi «Əmək pensiyaları haqqında» AR Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. İddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu DSMF Daxili Nəzarət Departamenti tərəfindən araşdırılmışdır. Belə ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» AR Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər AR Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Araşdırma zamanı vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim edilən sənədlərdə 1 may 2001-ci il tarixdən 23 may 2016-ci il tarixədək olan dövr ərzində Qaz doldurma estakadasında hazır məhsulun doldurubboşaldılması üzrə süzücü-tökücü vəzifəsində işlədiyi qeyd olunmuşdur. Həmin vəzifə AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nda nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur. Göründüyü kimi, iddiaçıya 28 iyun 2016-cı il tarixindən DSMF Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən DSMF Daxili Nəzarət Departamenti tərəfindən iddiaçıya 28 iyun 2016-cı il tarixdən 30 noyabr 2020-ci il tarixədək olan dövr ərzində ümumilikdə 13.062,66 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən 22 fevral 2021-ci il tarixli **********4 nömrəli məktubla iddiaçıya artıq ödənilmiş pul vəsaitininın könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmaq xahiş edilmişdir. Əks halda iddiaçıya artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı iddiasının rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsində göstərlənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstəilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 11.1-ci maddəısinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: (37.8.1) əmək pensiyaçısı vəfat etdikdə; (37.8.2) əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda, (37.8.3) bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 67-ci maddəsinə görə Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin qərarla təsdiqlənmiş 2 nömrəli Siyahının “Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsində 2130301a – 17531 kodu ilə “xammalın, yarımfabrikatların, hazır məhsulun, reagentlərin, absorbentlərin, katalizatorların və yanacağın neft tələlərinin və quruducu kameraların boşaldılmasında, doğranmasında və nəql edilməsində məşğul olan fəhlələr”, 2130302a – 17531 kodu ilə 1-ci Siyahının X fəslində adları çəkilən istehsalatlarda şist, kömür, qaz kondensatı, qaz, neft emalında məşğul olan adları aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər – “xammalın, yarımfabrikatların və hazır məhsulun, reagentlərin, absorbentlərin, katalizatorların və yanacağın, neft tələlərinin və quruducu kameraların doldurub-boşaldılmasında, doğranmasında, yarılmasında, qablaşdırılmasında və nəql edilməsində məşğul olan fəhlələr” nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın “10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” bölməsində 10.5 (Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı) bəndinin 10.5.2-ci yarımbəndində “xammalın, yarımfabrikatların və hazır məhsulun, reagentlərin, absorbentlərin, katalizatorların və yanacağın, neft tələlərinin və quruducu kameraların doldurub-boşladılmasında, doğranmasında, yarılmasında, qablaşdırılmasında və nəql edilməsində məşğul olan fəhlələr” nəzərdə tutulmuşdur. Göründüyü kimi, mövcud qanunvericilik normaları nəzərdə tutur ki, 1 yanvar 2006-cı il tarixədək 25 il ümumi iş stajına, o cümlədən 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR NK-nın 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda və 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) iş stajına malik kişilər 57 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. İşin hallarına görə İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin sonradan hazırkı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən «Əmək pensiyaları haqqında» AR Qanununun 37.8.3-cü maddəsinə istinadən həmin pensiya ödənişi dayandırılmışdır. Cavabdeh inzibati orqan bu dayandırmaya əsas kimi iddiaçının işlədiyi “süzücü-tökücü (doldurucu)” peşəsinin AR NKnın 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda və 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahıda nəzərdə tutulmamasını bildirmişdir. İddiaçı hazırda cavabdeh inzibati orqanın hərəkətlərini mübahisələndirir və ona təyin edilmiş əmək pensiyasının bərpasını tələb edir. Məhkəmə qeyd edir ki, İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası əmək pensiyası hüququnun yaranması üçün mütləq şərtlərdən biri kimi onun onun AR NK-nın 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda və ya 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən peşələrdə azı 12 il 6 ay iş stajının olmasıdır. Halbuki, həmin siyahılarda iddiaçının işlədiyi “Net emalı” sahəsində “süzücü-tökücü” peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi müəyyən edilməmişdir. İddiaçıya iş yeri üzrə “güzəştli arayış” təqdim edilmədiyindən, onu işlədiyi peşənin “doldurulma ilə məşğul olan” fəhlələrə aid olduğu aydın müəyyəın edilmir (əmək kitabçasında onun peşəsi “süzücütökücü (doldurucu)” qeyd olunmuşdur). Nəzərə alınmalıdır ki, AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda “süzücü-tökücü” peşəsi göstərilsə də, həmin peşə Siyahının “Vİİ. Metallurgiya istehsalatı (əlvan metallar)” bölməsinin 11-ci “Ftor turşusu və onun duzlarının istehsalı” bəndində 1071300a – 18598 kodu ilə “turşunun tökülməsi ilə məşğul olan süzücülər-tökücülər” peşəsi kimi müəyyən edilmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə iddiaçının «Əmək pensiyaları haqqında» AR Qanununun 9-cu maddəsinə, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinə uyğun 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərlə iş stajı toplanmadığından, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmıır. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçıya 57 yaşdan təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsinin dayandırılması ilə bağlı cavabdehin hərəkətləri «Əmək pensiyaları haqqında» AR Qanununun müddaəlarına, o cümlədən 37.8-ci maddəsinin tələblərinə zidd sayıla bilməz. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının dayandırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz sayılması, ödənişi dayandırılmış pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsi və ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının dayandırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz sayılması, ödənişi dayandırılmış pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsi və ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5437/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5437/2021
21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver