Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5437/2024 26.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:
1. İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2023-cü il tarixdə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) ərizə ilə müraciət edərək, ona ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının məbləğində təyin edildiyi vaxtdan düzəliş edilərək (mərhum həyat yoldaşı X5 2023-cü ilin yanvar ayından ödənilmiş) 1.696,64 manat məbləğində əmək pensiyasının 80 faizinin hesablanıb ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi və ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının təyin edildiyi vaxtdan bu günədək ödənilən əmək pensiyası arasında yaranmış ümumi pul fərqinin tam şəkildə ödənilməsini xahiş etmişdir.
2. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, bildirmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma. kontjziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə - ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarında (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyən edilir. X10 tərəfindən 28 mart 2023-cü il tarixindən "Əmək pensiyaları haqqında" Qanunun qeyd edilən maddəsinə əsasən mərhum X4 vaxtilə xidmət keçdiyi sonuncu vəzifə üzrə müvafiq təminat xərcliyinin (1045,40 manat) 80 faizi-836,32 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda mərhum İdris Musayevə dair məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu verilmiş, təqdim olunmuş məlumat vərəqinə əsasən əmək pensiyası yenidən hesablanaraq mərhum İdris Musayevin təminat xərcliyinin (1310,45 manat) 80 faizi-1048,36 manat məbləğində müəyyən edilmiş və 28 mart 2023-cü il tarixindən yenidən hesablanmışdır. Qeyd olunanlar nəzərə alınaraq, əmək pensiyası üzrə ümumilikdə keçmiş müddət üçün hesablanmış 1060,20 manat fərq məbləği cari ilin sentyabr ayından etibarən Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (hər ay 212,04 manat) pensiyası üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Göründüyü kimi, ona ailə başçısını itirməyə görə əmək pensiyası mərhumun əmək pensiyasının 80 faizi deyil, qanunvericiliyə uyğun olaraq müvafiq təminat xərcliyinin 80 faizi miqdarında hesablanaraq ödənilir.
3. Cavabdehin bu imtinası ilə razılaşmayaq iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının məbləğində təyin edildiyi vaxtdan düzəliş edilərək (mərhum həyat yoldaşı X5 2023-cü ilin yanvar ayından ödənilmiş) 1.696,64 manat məbləğində əmək pensiyasının 80 faizinin hesablanıb ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsinə və ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının təyin edildiyi vaxtdan bu günə qədər ödənilən əmək pensiyası arasında yaranmış ümumi pul fərqinin tam şəkildə ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırılması
4. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı X6 xx.xx.2023cü il tarixində vəfat etdikdən sonra Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından ona ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1-17-1/2-G- 92070/2023 nömrəli məktubda ona ailə başçısını itirməyə görə 836,32 manat əmək pensiyası təyin edilməsi göstərilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından verilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/2-G-235166/2023 nömrəli arayışda X1 Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ödənilmiş əmək pensiyaları arayışa əlavə edilmiş cədvəldə göstərilən qaydada olması göstərilmişdir. Arayışa əlavə edilmiş “ödənilmiş pensiya və keçmiş dövr fərq məbləğləri” cədvəlində isə 2022-ci ilin noyabr-dekabr aylarında iddiaçının mərhum həyat yoldaşı X5 1.479,20 manat məbləğində əmək pensiyası ödənildiyi, 2023-cü ilin yanvar ayında təkrar 1.479,20 manat məbləğində əmək pensiyası ödənilməsi, 2023-cü ilin yanvar ayından ödənilmiş əmək pensiyasının məbləğində 217,44 manat artım olduğundan 2023-cü ilin fevral ayından yanvar ayına görə ödənilməmiş 217,44 manat artım ödənilmişdir. Sözügedən cədvəldən də göründüyü kimi X1 2023-cü ilin yanvar ayından 1.696.64 manat məbləğində əmək pensiyası hesablanaraq ödənilmişdir ki, qanunvericiliyin tələbinə əsasən həmin məbləğin 80 faizi-1.357,31 manat məbləğində hesablanaraq ailə başçısını itirməyə görə iddiaçıya əmək pensiyası təyin edilməli idi. Bununla bağlı cavabdehə dəfələrlə ərizə ilə, həmçinin gedib şifahi olaraq müraciət edib ona ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının məbləğində təyin edildiyi vaxtdan düzəliş edilərək (mərhum həyat yoldaşım X5 2023-cü ilin yanvar ayından ödənilmiş) 1.696,64 manat məbləğində əmək pensiyasının 80 faizinin hesablanıb təyin edilməsini xahiş etməyinə baxmayaraq bu günə qədər cavabdeh tərəfindən heç bir əməli addım atılmamışdır.
5. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddiaya yazılı etirazında iddia tələbinin təmin olunmamasını xahiş etmiş və göstərmişdir ki, qanunvericiliyin tələblərinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsi ilə pensiya təyin edilən vəfat etmiş ailə başçısının ailə üzvlərinə-ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarında (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyən edilir. X1 vəfat etdiyi tarixədək ödənilən əmək pensiyasının məbləğinin (1696,64 manat) tərkibinə təminat xərcliyi ilə yanaşı 10 faiz məbləğində maddi yardım, eləcə də 2023-cü il yanvarın 1-dən etibarən illik nominal əmək haqqının 14.7% indeksləşdirilməsi ilə əlaqədar əldə edilmiş 217,44 manat artım da hesablanmışdır. İddiaçının iddia tələbindən isə məlum olur ki, o mərhum əri X5 təyin olunmuş əmək pensiyasının 80 faizi məbləğində ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini istəyir. Bu isə qanunvericliyin tələbləri baxımdan mümkün deyildir. Odur ki, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası mərhumun əmək pensiyasının 80 faizi deyil, qanunvericiliyə uyğun olaraq müvafiq təminat xərcliyinin 80 faizi (1048,36 manat) miqdarında hesablanaraq ödənilir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. İddiaçı xx.xx.2024-cü il tarixində məhkəmə dəftərxanası vasitəsilə ərizə təqdim edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İİİ. Məhkəmənin mövqeyi
8. Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
9. Belə ki, iş materiallarında olan 277571 nömrəli, xx.xx.1974-cü il tarixli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X6 və İddiaçı xx.xx.1974-cü il tarixdə nikah bağlamışlar.
10. DİN seriyalı 18091 nömrəli Hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiya təminatı üzrə məlumat vərəqəsindən görünür ki, DYTXİ-də rəis müavini xx.xx.1937-ci il təvəllüdlü X6 xx.xx.1991-ci ildə yaşa görə hərbi xidmətdən tərxis olunmuş, xx.xx.1991-ci ildə ona pensiya təyin edilmişdir.
11. AZ-İİ №337545 nömrəli, xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə qaraciyər hüceyrəli xərçəng xəstəliyidən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 136 nömrə ilə qeyd aparılmışdır.
12. İddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, ona ailə başçısını itirməyə görə pensiya təyin olunmasını xahiş etmişdir.
13. Cavabdehin əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-8739/2023 saylı qərarından görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən ailə başçısını itirməyə görə 836.32 manat miqdarında pensiya təyin edilmişdir. Həmin qərardan görünür ki, vəfat edən X3 cəmi təminat xərcliyi 1045,40 manat, təyin edilən pensiya faizi 80 faiz müəyyən edilmişdir.
14. Əmək pensiyası təminatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan 00479 nömrəli məlumat vərəqindən görünür ki, X6 xx.xx.1991-ci ildə tərxis olunmuş, onun xx.xx.2007-ci il tarixinə qədər 32 il 1 ay 28 gün xidmət ili olmuş, vəzifə maaşı 675 manat, rütbə maaşı 154 manat, ərzaq payı əvəzinə kompensasiya 64 manat, fasiləsiz xidmət ilinə görə əlavə 30% olmaqla 248,7 manat, məharət dərəcəsinə görə əlavə 25% olmaqla 168,75 manat olmaqla, cəmi təminat xərcliyi 1310,45 manat təşkil etmişdir.
15. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, həyat yoldaşı X3 1701 manat pensiya aldığı halda ona 836 manat pensiya təyin edildiyini bildirərək, məsələyə baxılmasını xahiş etmişdir.
16. “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3- 17-1/3-7-13739/2023 saylı qərardan görünür ki, xx.xx.2023-cü il tarixdən iddiaçıya təyin edilmiş pensiya yenidən hesablanaraq məbləği 836.32 manatdan 1048.36 manata artırılmış, həmin məbləğin xx.xx.2023-cü il tarixdən ödənilməsi qərara alınmışdır. Qərardan görünür ki, iddiaçıya İ.Musayevin vəzifə maaşı 675 manat, rütbə maaşı 154 manat, xidmət illərinə görə əlavə 40% olmaqla 82.4 manat, ərzaq təminatı 32 manat, məharət dərəcəsinə görə əlavə 30% olmaqla 248.7 manat, ərzaq payı 64 manat, məharət dərəcəsinə görə əlavə 25% olmaqla 168.75 manat, cəmi 1310.45 manat təminat xərcliyinə uyğun olaraq ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir.
17. İddiaçı hazırda ona təyin edilmiş ailə başçısını itirməyə görə pensiyanın məbləğinin düzgün müəyyən olunmadığını iddia edərək, ona mərhum əri İ.Musayevə vəfat etdiyi günə kimi ödənilən 1694.64 manat məbləğində əmək pensiyasının 80 faizi məbləğində ailə başçısını itirməyə görə pensiya təyin edilməsini xahiş edir.
18. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının tələbi təmin edilməməlidir.
19. Belə ki, iddiaçıya pensiya təyin edilən tarixə, yəni xx.xx.2023-cü il tarixə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanununa (bundan sonra – ƏPQ) əsasən: - maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; - maddə 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. - maddə 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. - maddə 4.4. Ailə başçısını itirməyə görə əmək pensiyası sığorta hissəsindən ibarətdir. - maddə 13.2. Əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir. - maddə 13.3. Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. - maddə 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. - maddə 14.2. sığortaolunan qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildiyi halda, onun ailə üzvləri vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə üzvləri ilə bərabər əsaslarla ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. - maddə 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. - maddə 17.2. Hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyaları hərbi qulluqçunun xidmət müddətindən asılı olmayaraq təyin edilir. Bu zaman ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısı xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, amma xidmət etdiyi dövrdə aldığı xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində vəfat edibsə təyin olunur. Həmin hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə isə ailə başçısı pensiya aldığı dövrdə və ya pensiya ödənilməsinin kəsilməsindən 5 il keçənədək vəfat edibsə təyin olunur. Hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri cəbhədə həlak olanların ailə üzvlərinə bərabər tutulur - maddə 18.2. Ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3-1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Ailə üzvlərindən biri (bu Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud bu Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. - maddə 18.3. Vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (bu Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır. - maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.8. dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla); - maddə 20.13. Bu qanunun 20.1.8-ci və 20.1.10-cu maddələrində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş dövlət qulluqçusunun (bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulan şəxsin) qulluq stajına görə şərti əmək pensiyası və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə təyin edilir. -maddə 20.17. Bu qanunun 20.1.13-cü maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.17.2. hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə—ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər.
20. İstinad olunan normalardan görünür ki, ailə başçısını itirməyə görə əmək pensiyası sığorta hissəsindən ibarətdir və əgər vəfat etmiş şəxs həmin Qanunun 20-ci maddəsində nəzərə tutulan şəxslərin dairəsinə aiddirsə, sığorta hissəsinin üzərinə həmçinin vəfat edənin qulluq stajına görə əlavə təyin edilir, hansı ki həmin əlavənin məbləği vəfat edənin təminat xərcliyinə əsasən müəyyən edilir.
21. İşdən görünür ki, cavabdeh də iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edərkən vəfat etmiş İ.Musayevin təminat xərcliyinin 80 faizi nəzərə alınmaqla hesablama aparmış, bu hesablama yuxarıda istinad olunan qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
22. Belə olan halda məhkəmə hesab edir ki, mərhum İ.Musayevin vəfat etdiyi günə ödənilən 1694.64 manat məbləğində əmək pensiyasının 80 faizi məbləğində iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilməsi barədə tələbin hüquqi əsası yoxdur, buna görə təmin edilməməlidir.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
24. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
26. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova