Məhkəmə qərarları › İş №2-1(112)-5438/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5438/2022

12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5438/2022 12.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X18 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X13 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X18 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X18 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2021-ci il tarixli **********7592 saylı və xx.xx.2021-ci il tarixli **********7594 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlarının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən “Nuray X1” adlı obyektdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Bakı şəhəri X18 üzrə Baş İdarəsi tərəfindən 5 noyabr 2021-ci il tarixli **********0457 nömrəli qərar və xx.xx.2021-ci il tarixli 009622 nömrəli akt əsasında operativ vergi nəzarəti qaydasında yoxlama keçirilmişdir. Həmin yoxlamaların nəticəsi olaraq xx.xx.2021-ci il tarixli **********7592 saylı və xx.xx.2021-ci il tarixli **********7594 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlar qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli **********7592 saylı qərara əsasən vergi ödəyicisi tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilərək 1000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. xx.xx.2021-ci il tarixli **********7594 saylı qərara əsasən vergi ödəyicisi tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilmiş 6 (altı) nəfər fiziki şəxs ilə əmək və ya xidmət müqaviləsi bağlanmadığı səbəbilə 12000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həyata keçirilmiş operativ vergi nəzarətinin nəticələri “inzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən maraqlı şəxslərin inzibati orqana ərizə və ya şikayətlə müraciət etmək, inzibati icraatda şəxsən və ya səlahiyyətli nümayəndəsi vasitəsi ilə iştirak etmək, inzibati icraatın hərtərəfli, tam və obyektiv aparılmasını və qanunsuz inzibati aktın ləğv olunmasını tələb etmək, inzibati orqanın qərarlarından yuxarı inzibati orqana və (və ya) məhkəməyə müraciət etmək hüquqları müəyyən olunmuşdur. Həmin qərarlar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də həmin qərarla razılaşmıram və hesab edirəm ki, aşağıda qeyd etdiklərimə əsasən qərar ləğv olunmalıdır. Bildirir ki, 5 noyabr 2021-ci il tarixində saat 14:00 radələrində vergi orqanı əməkdaşı tərəfindən özünü təqdim etmədən, mülki geyimdə İsabalayeva Sevinc obyektə daxil olmuşdur. Daxil olduqdan sonra 8 manat dəyərində vergi orqanı əməkdaşına xidmət göstərilmiş, xidmət göstərildikdən sonra bizə hər hansı bir qərar və ya sənəd göstərilmədən, özünün hansı vəzifə səlahiyyətlərinə sahib olması barədə məlumat vermədən obyektə əsassız baxış keçirmişdir. Halbuki Azərbaycan Respublikası Vergi Məcələlsinin 40 və 41-ci maddələrinə əsasən vergi orqanı əməkdaşları səyyar vergi yoxlaması keçirərsə operativ vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxslərinin vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün istifadə etdiyi ərazisinə və ya binasına (yaşayış binaları (sahələri) istisna olmaqla) bilavasitə daxil olması həmin şəxslər tərəfindən öz xidməti vəsiqələrini və vergi orqanının rəhbərinin (onun müavininin) həmin vergi ödəyicisində səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarını və ya məhkəmənin qərarını təqdim etdikdən sonra həyata keçirilir. Buradanda aydın olur ki, vergi orqanı əməkdaşı olan İsabalayeva Sevinc öz vəzifə səlahiyyətlərindən qanunsuz olaraq istifadə edərək obyektə daxil olmuş və baxış keçirmişdir. Daha sonra isə vergi orqanı əməkdaşları onun göstərişilə obyektə daxil olmuş və müəssisədə yoxlama keçiriləcəyini bildirmişdirlər. Həmçinin qeyd edir ki, həmin gün obyektdə olan şəxslərin əksəriyyəti vergi əməkdaşlarının davranışlarından öz narazılıqlarını dilə gətirmişdirlər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39- 43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrıayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Həmin Məcəllənin 39.6-cı maddəsinə əsasən bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. Həmin Məcəllənin 39.7-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq üzürlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X18 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********0457 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2021-ci il tarixdə fərdi İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 2 ünvanında keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 6 (altı) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 005369 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmiş və vergi ödəyicisi heç bir əsas göstərmədən aktı imzalamaqdan və bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. Tərtib edilmiş aktın bir surəti vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2021-ci il tarixli **********477600 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2021 -ci il tarixə saat 14:44:15-də oxunduğu müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********9260 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 12000 (on iki min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar "Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2021-ci il tarixli **********939800 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 23:15:47-də oxunduğu müəyyən edilmişdir. O cümlədən, fərdi sahibkar İddiaçı tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 009622 nömrəli akt tərtib edilmiş və vergi ödəyicisi heç bir əsas göstərmədən aktı imzalamaqdan və bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. Daha sonra həmin akt xx.xx.2021-ci il tarixində saat 10:46:59-da vergi ödəyicisinin vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2021-də saat 14:44:09-da oxunduğu müəyyən olunmuşdur. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********7592 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 1000,00 (bir min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2021-ci il tarixli **********938100 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2021 -ci il tarixdə saat 23:16:27-də oxunduğu müəyyən edilmişdir. İşin halları ilə bağlı qeyd etmək istəyirik ki, xx.xx.2021-ci il tarixində “Nuray gəlinlik-Nura beauty” salonunda göstərilən xidmət ( saçın yuyulması və düzümü) müqabilində 11 (on bir) manat ödəniş edilsə də, NKA çeki təqdim edilməmişdir. Vergi orqanının əməkdaşları tərəfindən “X” hesabatı alınmış və dövriyyədən yayındırılmış məbləğ 2 saylı çeklə saat 16:59-da NKA-nın fiskal yaddaşına bərpa edilmişdir. Xüsusilə vurğulamaq istəyirik ki, NKA çekinin təqdim olunmaması faktı İddiaçı izahatında da öz əksini tapmışdır. Bildiririk ki, operativ vergi nəzarəti zamanı işlərin yerinə yetirilməsinə cəlb olunmuş fiziki şəxslərin şəxsiyyət vəsiqələrinin rekvizitlərini müəyyənləşdirərkən özünü sahibkarın həyat yoldaşı kimi təqdim edən Namiq adlı şəxs və onun oğlu obyektə daxil olmuş və yoxlama aparılmasına süni maneçilik yaratmışdırlar. Obyektdə fəaliyyət göstərən fiziki şəxslərə özlərini təqdim etmələri bildirilsə də sahibkarın oğlu obyekti tərk edən işçilərin müştərilər və onun nişanlısı olduğunu bəhanə gətirərək əməkdaşlara müxtəlif əl-qol hərəkətləri ilə müdaxilə edərək işçilərin obyekti tərk etməsinə şərait yaratmağa çalışmışdır. Bundan sonra saat 17:12-də DİN-nin 102 polis xidmətinə zəng vurulmuş və yoxlama yerinə Nizami RPl-nin əməkdaşları cəlb olunmuşdur. Obyektdə fəaliyyət göstərən 6 nəfər fiziki şəxsin şəxsiyyət vəsiqələrinin rekvizitləri müəyyən olunmuşdur. İddiaçı izahatında aktda qeyd olunan 6 nəfəri, X6, X2, X7 təcrübəçi kimi, X3 əvəzedici kimi, X4 və X8 müştərisi kimi qeyd etmişdir. Obyektdə əmək müqaviləsi əsasında fəaliyyət göstərən X9 öz izahatında obyektdə işləyən digər işçilər arasında X10 və X6 tanıdığını bildirmişdir. X25 xx.xx.2021-ci il tarixli öz etirafedici izahatında bir günlük obyektə nəzarət etməyə gəldiyini, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. Müştəri kimi təqdim olunan X11 və X5 isə “Nuray gəlinlik-Nura beauty” salonunun “rəsmi instagram səhifəsində salonun əməkdaşı kimi təqdim olunması foto şəkillərlə İddiaçı təqdim olunmuş və onların salonun vizajisti kimi fəaliyyət göstərmələri sübut olunmuşdur. İddiaçı 19.11 2021-ci il tarixində **********240000 nömrəli məktubla vergi orqanına müraciət etmiş, məktubda isə X14, X12, X15, X11 və X5 müştəri olduğunu qeyd etmişdir. Göründüyü kimi, İddiaçı aktda qeyd etdikləri ilə vergi orqanına yazdığı məktublar və işçilərin izahatları arasında ziddiyyətli məqamlar vardır. Bu hallar da sübut edir ki, vergi ödəyicisi sadəcə maliyyə sanksiyasının tətbiq olunmaması üçün ümumi ifadələrdən istifadə etmişdir. Operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Xüsusilə vurğulamaq istəyirik ki, İddiaçı ilə X11 arasında xx.xx.2020xx.xx.2020-ci il tarixlərində, X16 arasında isə xx.xx.2017-xx.xx.2020-ci il tarixlərində əmək müqaviləsi olmuşdur. Eyni zamanda operativ vergi nəzarətinin həyata keçirilməsindən sonra İddiaçı xx.xx.2021-ci il tarixində X14, X15, X10 və xx.xx.2021-ci il tarixində isə X12 ilə əmək müqaviləsi bağlamışdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İddiaçı ******** nömrəli Şəxsiyyət vəsiqəsinin surəti. - Fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnamə (VÖEN: **********) - Bakı şəhər X18 üzrə Baş İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli **********7592 saylı və xx.xx.2021-ci il tarixli **********7594 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarları. - cavabdeh tərəfindən təqdim edilmiş operativ vergi nəzarəti tədbirinə dair sənədlər.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibatiprosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə, o cümlədən prosessual müddətə əməl etmişdir. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Bakı şəhər X18 üzrə Baş İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli **********7592 saylı və xx.xx.2021-ci il tarixli **********7594 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlarının ləğv edilməsini tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X18 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********0457 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2021-ci il tarixdə fərdi İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 2 ünvanında keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 6 (altı) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Bakı şəhəri X18 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli **********7592 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Bakı şəhəri X18 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli **********7594 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 6 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 12000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə iddiaçı tərəfindən mübahisələndirilən cavabdehin xx.xx.2021-ci il tarixli **********7592 nömrəli qərarı ilə bağlı qeyd edir ki, xx.xx.2021-ci il tarixində “Nuray gəlinlik- Nura beauty” salonunda göstərilən xidmət (saçın yuyulması və düzümü) müqabilində 11 (on bir) manat ödəniş edilsə də, NKA çeki təqdim edilməmişdir. Vergi orqanının əməkdaşları tərəfindən “X” hesabatı alınmış və dövriyyədən yayındırılmış məbləğ 2 saylı çeklə saat 16:59-da NKA-nın fiskal yaddaşına bərpa edilmişdir. Həmçinin, iş materiallarında olan İddiaçı izahatında da NKA çekinin təqdim olunmaması faktı öz əksini tapmışdır. Məhkəmə iddiaçı tərəfindən mübahisələndirilən cavabdehin xx.xx.2021-ci il tarixli **********7594 nömrəli qərarı ilə bağlı qeyd edir ki, obyektdə fəaliyyət göstərən 6 nəfər fiziki şəxsin şəxsiyyət vəsiqələrinin rekvizitləri müəyyən olunmuşdur. İddiaçı izahatında aktda qeyd olunan 6 nəfəri, X6, X2, X7 təcrübəçi kimi, X3 əvəzedici kimi, X4 və X8 müştərisi kimi qeyd etmişdir. Obyektdə əmək müqaviləsi əsasında fəaliyyət göstərən X9 öz izahatında obyektdə işləyən digər işçilər arasında X10 və X6 tanıdığını bildirmişdir. X25 xx.xx.2021-ci il tarixli izahatında bir günlük obyektə nəzarət etməyə gəldiyini, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixində **********240000 nömrəli məktubla vergi orqanına müraciət edərək, X14, X12, X15, X11 və X5 müştəri olduğunu qeyd etmişdir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilən sənədlərdə X14, X12, X15, X11 və X5 izahatlarının olmamasını nəzərə alaraq həmin şəxsləri şahid qismində məhkəməyə dəvət etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, X12, X15, X11 və X16 məhkəmə iclasında şahid qismində iştirak edərək izahat vermişdirlər. X12, X15, X11 və X5 izahatlarından müəyyən edilmişdir ki, onlar hər biri xx.xx.2021ci il tarixdə “Nuray gəlinlik-Nura beauty” salonunda olduqlarını etiraf edərək, bildirmişdirlər ki, həmin gün salonda olma səbəbləri salonda işə düzəlmək məqsədilə öz əl işlərini göstərmək olmuşdur. Növbəti gün isə onlar işə qəbul edilmişdirlər. Göründüyü kimi, İddiaçı xx.xx.2021-ci il tarixli **********240000 nömrəli məktubunda qeyd etdikləri ilə X12, X15, X11 və X5 izahatlarında qeyd etdikləri arasında uyğunsuzluq mövcuddur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, operativ vergi nəzarəti tədbiri hər hansı qanun pozuntusu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Vergi Məcəlləsinin 24.0.1-ci və 24.0.2-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunlarınverilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1-ci maddəsinə əsasən təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2-ci maddəsinə əsasən təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3-cü maddəsinə əsasən təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarətini həyata keçirirlər. 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə görə inzibati orqan fiziki və ya hüquqi şəxslərin ərizəsi, özünün təşəbbüsü, habelə inzibati aktdan şikayət verildiyi halda inzibati icraata başlamalı (28-ci maddə), bu barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli (21-ci maddə), maraqlı şəxsi inzibati icraat materialları ilə tanış etməli (38-ci maddə), yazılı formada qəbul edilmiş inzibati aktı əsaslandırmalı (61-ci maddə), inzibati aktda həmin akta qarşı mümkün müdafiə vasitələrini əks etdirməlidir. Həmin Qanunun 61-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından mübahisələndirilən inzibati akt əsaslıdır və ləğv oluna bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X18 üzrə Baş İdarəsinə qarşı cavabdehin xx.xx.2021-ci il tarixli **********7592 saylı və xx.xx.2021-ci il tarixli **********7594 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlarının ləğv edilməsinə dair iddia tələbi təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 70, 75,81 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar