Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5439/2022 23.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı Sərhad oğlunun iştirakı ilə, İddiaçı Sərhad oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Suraxanı Rayon Polis İdarəsinə qarşı “inzibati binaya qeydiyyata alınma öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Sərhad oğlu ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına pasport qeydiyyatına alınma ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 01.16.2017-ci il tarixində X1 ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 01.02.2017-ci il tarixində X2 adlı övladları anadan olmuşdur. İddiaçı ünvan 1 ünvanında 2006-cı il tarixindən yaşayır. Bakı şəhəri, Suraxanı rayonu Polis İdarəsinin İnzibati Binasına 2012-ci ildən pasport qeydiyyatına alınmışdır. İddiaçı Bakı şəhəri 7 saylı Yol İstismarı MMC-də fəhlə vəzifəsində işləyir. İddiaçı AZE №******** saylı şəxsiyyət vəsiqəsi ilə 2021-ci ildə növbəti COVİD-19 vaksininin qəbulu ilə bağlı müraciəti zamanı şəxsiyyət vəsiqəsinin deaktiv olmasını öyrəndi və yaranmış porobləmlə bağlı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə rəsmi formada müraciət etsə də cavabdeh 17.12.2021-ci il tarixli 09630375Q-1221 №-li məktubla müraciətimə imtina edilmişdir, imtina səbəbi isə fərdi yaşayış evimin hüquq müəyyən edici sənədi olmadığından məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.
3. İddiaçının ərizəsi əsasında iddia tələbi məhkəmənin 11.03.2022-ci il tarixli qərardadı ilə Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata alınma öhdəliyinin qoyulması olaraq dəyişdirilmişdir.
4. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən bildirilmişdir ki, xx.xx.1980-ci il təvəllüdlü İddiaçı Sərhad oğlu Bakı şəhəri, Suraxanı rayonu, Balandin 42 küçəsində qeydiyyatdadır.
5. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
6. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.
7. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva