Məhkəmə qərarları › İş №2-1(112)-5440/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5440/2023

01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5440/2023 01.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və iddiaçının adına açılmış ********** nömrəli VÖEN-in ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onu iradəsinə zidd olaraq özbaşına olaraq sahibkar kimi qeydə almaqda ifadə olunan hərəkətinin qeyri-hüquqi hesab edilməsi, adına açılmış ********** saylı VÖEN ləğv edilməsi, qanunsuzluq edən vergi orqanının əməkdaşı barəsində xüsusi qərardad qəbul edilməsi və araşdırma aparılması üçün Baş Prokurorluğa göndərilməsi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********794000 saylı Qərarının tamamilə ləğv edilməsi və həmin qərar əsasında hesablanmış verginin silinməsi barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1993-cü ildə anadan olmuşdur. Sahibkar olmadığı halda, 2020-ci ildə maşın alıb satdığına görə məcburi sahibkar kimi qeydiyyata alınmışdır və barəsində kameral qaydada vergi hesablanıb. Satdığı maşınlardan biri ümumiyyətlə öz adına olmayıb, etibarnamə əsasında satıcı X1 təmsil etmişdir. Vergi orqanı isə kameral vergi hesablanması zamanı bu hərəkətini də sahibkarlıq hərəkəti kimi qiymətləndimişdir. Halbuki etibarnamə ilə təmsil olunmaq hüququ Mülki Məcəllə ilə hər bir fiziki və hüquqi şəxsə verilib. xx.xx.2020-ci il tarixli 06/2659/DLİZ alqı-satqı müqaviləsinə görə satıcı X2 məxsus olmuş 1 ədəd 2013-cü il buraxılışlı, Mercedes Benz G63 markalı, mühərrik № **********4408, ban № WDCYC7CF5DX208143 olan avtomobili alıcı "xxxx" MMC-yə 153.000 manata satmışdır. Burada satıcını təmsil etmişdir. Vergini iddiaçı yox, avtomobilin mülkiyyətçisi ödəməli idi. O da əgər gəlir əldə edibsə, satdığı maşına xərc qoymayıbsa və s. bu kimi amillər vergi hesablanmasında nəzərə alınmalıdır. Qeyd edilməlidir ki, 2013-cü il buraxılışlı, Mercedes Benz G63 markalı, mühərrik № **********4408, ban № WDCYC7CF5DX208143 olan avtomobil X2 10.09..2019-cu ildən məxsus olub. Vergi orqanı haradan bildi ki, bu avtomobilə görə satıcının xərci olub ya yox. Həmçinin vergi orqanı araşdırmamışdır ki, avtomobili V.V.Zeynalov neçəyə almışdı, əgər baha alıb ucuz satıbsa deməli gəlir olmayıb. Gəlir olmayıbsa vergi hesablana bilməz. Daha sonra xx.xx.2020-ci ildə nəqliyyat vasitəsinin alqı-satqısına dair müqavilə ilə 17.000 manata özünə satıcı "xxxx" MMC-dən 2012-ci il buraxılışlı “Nissan Teana” minik markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobil alıb, xx.xx.2022-ci ildə isə "Avtolizinq” MMC-yə 11.115 manata satmışdır. Göründüyü kimi gəliri olmayıb. xx.xx.2020-ci ildə özünə 99GG908 dövlət qeydiyyat nişanlı "Nissan Altima" minik markalı avtomobil alıb. Sonra isə xx.xx.2020-ci ildə "xxxx" MMC- yə satdı. xx.xx.2020-ci ildə 40.000 manata X3 2018-ci il buraxılışlı BMW markalı avtomobil aldı. Sonra isə xx.xx.2020-ci ildə 36720 manata satdı. xx.xx.2022-ci il tarixdə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" **********748500 nömrəli məktub göndərərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsini tələb etmişdir. Guya iddiaçı tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər və ya cari (dəqiqləşdirilmiş) bəyannamə təqdim edilməyib. Buna görə də, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən barəmdə 2020-ci il üçün gəlir vergisi hesablanmışdır. Cavabdehin özbaşınalıq edərək iddiaçının iradəsinə zidd olaraq fərdi sahibkar kimi qeydiyyata almağını, satdığı nəqliyyat vasitələrinin satışından gəlir əldə edib-etmədiyini aydınlaşdırılmadığını nəzərə alaraq hesab etmişdir ki, barəsində qəbul olunmuş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli **********748500 saylı qərar ləğv edilməlidir. 2020-ci ildə 1-i iddiaçının adına olmadığı halda, 4 maşının satışında olduğuna görə barəsində vergi hesablanıb.

3. Cavabdeh qurumun iddiaçıya ünvanladığı vergi uçotuna dair ərizənin təqdim edilməsi haqqında məktuba əsasən bildirilir ki, 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş olan Vergi Məcəlləsinin 16.1.11-10-ci maddəsinə əsasən vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktını tərtib etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Bununla əlaqədar olaraq, informasiya sisteminin məlumatları əsasında 2020-ci ilin yanvar-sentyabr ayları ərzində tərtib edilmiş elektron alış aktlarına əsasən iddiaçının vergi orqanında uçota alınmadan nəqliyyat vasitələri satmaqla sahibkarlıq fəaliyyətini həyata keçirdiyiniz aşkar olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər bir şəxs vergi ödəyicisi kimi həm özünün olduğu (yaşadığı) yer üzrə, həm də təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi orqanında uçota dayanmalıdır. Bunun üçün Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilmiş formada müvafiq ərizə və şəxsiyyət vəsiqəsinin surəti vergi orqanına kağız daşıyıcısında və ya vergi orqanına gəlmədən elektron qaydada vergi uçotuna alınması üçün ərizəni təqdim edə biləcəyi məktubda qeyd edilmişdir.

4. “Vaxtında təqdim edilməmiş bəyannamənin təqdim edilməsi barədə” xx.xx.2022-ci il tarixli xəbərdarlıqda qeyd edilir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsi, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanunlan ilə müəyyən edilmiş müddətdə, yəni 21 yanvar 2022-ci il tarixinədək verginin hesablanması üçün təqdim etməli olduğu 2021-ci ilin 4-cü Rüb üçün Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı), 2021-ci ilin 4-cü Rüb üçün Sadələşdirilmiş vergi üzrə cari bəyannaməni(lərini) bu günədək təqdim etməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.1-ci maddəsinə əsasən vaxtında təqdim olunmamış vergi bəyannaməsinə görə iddiaçının növbədənkənar səyyar vergi yoxlaması keçirilə bilər və ya Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 83-cü maddəsinə uyğun olaraq iddiaçıya əlaqəli məlumatlara əsasən vergi və sığorta haqları hesablana bilər.

5. xx.xx.2021-ci il tarixli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubda qeyd edilir ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanın bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. Aparılan araşdırılma zamanı iddiaçı tərəfindən 2020-ci il ərzində 180010,00 manat dəyərində elektron alış aktı ilə mal, iş və xidmətlər təqdim edilməsinə baxmayaraq, müvafiq dövr üzrə gəlir vergi bəyannaməsinin təqdim edilməməsi və ya dövriyyənin göstərilməməsi (az göstərilməsi) vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranması səbəb olmuşdur.

6. “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 22 fevral 2022-ci il tarixli **********748500 nömrəli məktubda qeyd edilir ki, iddiaçının təqdim etdiyi 21 ferval 2022-ci il tarixində təqdim olunmuş bəyannamədə, hesabatda aşağıdakı səbəblərdən mümkün olmamışdır: 1) Təqdim etdiyiniz “Gəlir vergisinin bəyannaməsi”nin 1200.1-ci (Malların təqdim edilməsindən gəlir) və 1200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətrlərində göstərilmiş cəmi 0 manat gəlir məbləği hesabat dövrü ərzində iddiaçı tərəfindən idxal edilmiş və e-qaimə əsasında alınmış mallar (işlər, xidmətlər) barədə vergi orqanının məlumat bazasında olan məbləğdən 31000.00 manat az əks etdirilmişdir. 2) Uçot-baza məlumatlarına əsasən bəyannamənin aid olduğu ilin müvafiq dövrlərində tərəfinizdən mallar idxal edilməsinə və e-qaimə əsasında mallar (işlər, xidmətlər) alınmasına baxmayaraq bəyannamənin “Aktivlər, öhdəliklər və kapitallar barədə” 1 N-li Əlavəsi təqdim edilməmişdir.

7. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, vergi orqanında olan uçot-baza məlumatlarına əsasən 2020-ci il ərzində tərtib edilmiş elektron alış aktları üzrə İddiaçı tərəfindən 180010,00 manat dəyərində mal və ya xidmət təqdim edildiyi, lakin vergi orqanında uçota durmadığı müəyyən edilmişdir. Vergi orqanı tərəfindən İddiaçı xx.xx.2020-ci il tarixli **********821600 nömrəli “Vergi uçotuna dair ərizənin təqdim edilməsi haqqında” bildiriş göndərilsə də vergi uçotuna dair ərizə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. 2022-ci ildə qüvvədə olmuş Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. Bildirilmişdir ki, mallar vergi orqanında uçotda olmayan şəxslərdən satın alındıqda qaimə faktura və elektron-qaimə fakturanı müvafiq olaraq “Malların alış aktı” əvəzləyir. Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli Q-08 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların alış aktı”nda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Əlavə olaraq bildirilmişdir ki, 2020-ci il yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, Məcəlləyə "Malların alış aktı" adlı 71-2-ci maddə əlavə edilib. Məcəllənin 71-2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Aparılan araşdırma zamanı İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2020-ci il tarixdə EAA seriyalı 012641 nömrəli elektron alış aktına əsasən 115600 manat dəyərində, xx.xx.2020-ci il tarixdə EAA seriyalı 028232 nömrəli elektron alış aktına əsasən 11115 manat dəyərində, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2020-ci il tarixdə EAA seriyalı 181972 nömrəli elektron alış aktına əsasən 36720 manat dəyərində, xx.xx.2020- ci il tarixdə EAA seriyalı 053159 nömrəli elektron alış aktına əsasən 16575 manat dəyərində avtomobil təqdim edildiyi müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı fərdi sahibkar tərəfindən 2020-ci il ərzində 180010,00 manat dəyərində elektron alış aktı ilə malların (iş və xidmətlərin) təqdim edilməsinə baxmayaraq, müvafiq dövr üzrə gəlir vergi bəyannaməsinin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşma ilə əlaqədar fərdi sahibkara “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********222400 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən kameral vergi yoxlaması üçün zəruri sənədlər təqdim edilmədiyi üçün vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci ilin gəlir vergisi bəyannaməsi üzrə 9000,50 manat (180010,00*5%) manat vergi hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022ci il tarixli **********204700 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı və əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir. Bundan əlavə vergi qanunvericiliyinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Belə ki, sahibkarlıq fəaliyyəti qanunvericilikdə konkret olaraq aktivlərin sayına, satış həcminə və s. bu kimi xüsusiyyətlərə görə deyil, məhz bu fəaliyyət ilə məşğul olan şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirməkdə əsas məqsədinin mənfəət, gəlir əldə etmək olması ilə şərtləndirilmişdir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Cavabdeh bildirir ki, alqı-satqı yolu ilə satılmış 4 ədəd avtomobilin qazanc əldə etmək məqsədilə təqdim edilməsi vergi orqanının qərarının tamamilə vergi qanunvericiliyə uyğun olmasını sübut edir. Vergi Məcəlləsinin: 16.1.3-cü qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. 16.1.6-cı maddəsinə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. 1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 67.1 -ci maddəsinə uyğun olaraq həmin Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 94-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi orqanının, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Eyni zamanda bildirilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman iddianın mümkünlük şərtlərinə əməl edilməmişdir. Belə ki, iddiaçının ərizəsində ləğvini tələb etdiyi 22 fevral 2022-ci il tarixli **********748500 nömrəli qərar mövcud deyildir. 22 fevral 2022-ci il tarixli **********748500 nömrəli sənəd 2021-ci ilin gəlir vergisi bəyannaməsi üzrə vergi ödəyicisinə göndərilmiş “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubdur. İnzibati Prosessual Məcəlləsinin 35.1 -ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 68.1 -ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir.

8. İddiaçı xx.xx.2021-ci il tarixdə məcburi qaydadada vergi orqanında uçota alınmışdır.

9. 20.04.2023-cü il tarixli qərardadlı ilə iddia tələbi “cavabdehin xx.xx.2022-ci il tarixli **********204700 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi və iddiaçının adına açılmış ********** nömrəli VÖEN-in ləğv edilməsi” kimi dəyişdirilmişdir.

10. Məhkəmənın baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

11. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

12. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərar inzibati aktdır.

13. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

14. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.

15. İPM-dən: 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır.

16. Məhkəmə hesab edir ki, vergi ödəyicisi kimi uçota alınması (qeydiyyatına) dair hərəkətləri qanunsuz hesab edilməsi və iddiaçının vergi ödəyicisi kimi uçotunun (qeydiyyatının) ləğv edilməsi hissəsində müəyyən etmə və tanında növündə iddia, qərarın ləğv edilməsi hissəsində mübahisələndirmə növündə iddiadır.

17. Mübahisələndirilən qərarın iddiaçıya nə zaman təqdim edildiyi müəyyən edilmir. Odur ki, iddia müddəti ötürülmədiyindən iddiaçının təqdim etdiyi prosessual müddətin bərpasına dair ərizəyə münasibət bildirilməsi zərurəti yoxdur.

18. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

19. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının fərdi sahibkar statusu olmamış, vergi orqanının təşəbbüsü ilə vergi ödəyicisi kimi uçota alınmışdır.

20. Vergi Məcəlləsinin 157.5-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisini vergi orqanı öz təşəbbüsü ilə qeydiyyata alır və ona müvafiq qeydiyyat bildirişi göndərir

21. Məhkəmə qeyd edir ki, ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisindən fərqli olaraq, vergi orqanının təşəbbüsü ilə sadələşdirilmiş verginin ödəyicisi kimi uçota (qeydiyyata alınma) alınma vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Qeyd edilən məqsədlər üçün qanunvericilik vergi ödəyicisinin ərizəsi əsasında onun uçota alınmasını müəyyən edir.

22. İddiaçının sadələşdirilmiş verginin ödəyicisi kimi uçota alınmaya dair müvafiq ərizəsi mövcud deyildir.

23. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən, vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir... ...Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir.

24. Sadələşdirilmiş verginin ödəyicisi kimi uçota alınmaya dair vergi orqanının hərəkətlərini əsaslandıran qanuni müddəa yoxdur. Odur ki, həmin hərəkətlər qanunsuz hesab olunmalıdır.

25. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.

26. Hazırkı işin hallarına uyğun olaraq vergi uçotuna (məcburi) alınma inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni nizama salmaq məqsədilə iddiaçı üçün hüquqi nəticələr yaratması mübahisəsizdir. İnzibati orqan tərəfindən həmin uçot hər hansı qərar qəbul edilmədən faktiki hərəkətlərlə həyata keçirilmişdir.

27. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 02№-li qərardadda ifadə edilən mövqeyə əsasən:

37. İnzibati aktda həlledici olan iradə ifadəsinin mövcudluğudur, çünki hüquqi aktlar mütləq iradə ifadəsini əks etdirirlər. Faktiki xarakterli hərəkətlərdə isə hərəkətin iradi və ya qeyriiradi törədilməsindən asılı olmayaraq ona hüquqi dəyər verən hərəkətin özüdür.

50. Faktiki xarakterli hərəkətlər hər hansı konkret inzibati aktın icrasını təmin etmək üçün edilə biləcəyi kimi, həm də normativ-hüquqi aktla inzibati orqanın üzərinə qoyulmuş vəzifələrin icrasını təmin etmək üçün də edilə bilər. Normativ-hüquqi aktdan irəli gələn faktiki xarakterli hərəkətlərə münasibətdə isə diqqət edilməli olan məqam ondan ibarətdir ki, bu halda, normativ-hüquqi aktın konkret vəzifə müəyyən edən müddəasının icrasının təmin edilməsi üçün əlavə olaraq inzibati aktın qəbul edilməsi tələb olunur, yoxsa yox? Bu suala cavabın müəyyənləşdirilməsi isə normativ-hüquqi aktın vəzifə müəyyən edən normasının təhlilindən asılıdır. Belə təhlildən asılı olaraq bəzən belə bir inzibati aktın qəbul edilməsi qaçılmaz ola bilər, bəzən isə normativ-hüquqi aktın konkret vəzifə müəyyən edən norması aydın olduğundan və icrasının təmin edilməsi üçün əlavə inzibati aktın qəbul edilməsi tələb olunmadığından normaya istinadla birbaşa faktiki xarakterli hərəkətlər həyata keçirilə bilər.

28. Beləliklə, məhkəmə hesab edir ki, şəxsin vergi ödəyicisi kimi uçotu olmadığı halda barəsində kameral vergi yoxlamasının keçirilməsi və gəlir vergisi hesablanması qanuni hesab edilə bilməz. Belə ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsində nəzərdə tutulmuş vergi nəzarəti tədbirləri vergi orqanı tərəfindən vergi ödəyicisinə münasibətdə tətbiq edilə bilər.

29. Lakin məhkəmə qeyd edir ki, vergi orqanı tərəfindən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma halını müəyyən etdikdə və həmin əməl nəticəsində dövlətə xeyli miqdarda ziyan vurulduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün cinayət qanunvericiliyində nəzərdə tutulmuş tədbirləri görə bilər (Cinayət Məcəlləsinin 192ci maddəsinə əsasən).

30. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

31. Məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının hüquqi marağına uyğun olaraq İddiaçı barəsində cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********204700 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi və iddiaçının adına açılmış ********** nömrəli VÖEN-in ləğv edilməsinə dair iddia tələbi təmin edilməlidir.

32. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən vergi ödəyicisi kimi uçota alınmasına (qeydiyyatına) dair hərəkətləri qanunsuz hesab edilsin və iddiaçının ********** dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə vergi ödəyicisi kimi uçotu (qeydiyyatı) ləğv edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin İddiaçı barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********204700 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar