Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5440/2025 06.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi İddiaçı və onun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1 və Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “orderin etibarsız hesab edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1 və Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Yeni Yasamal 1, 13 saylı evin 94 saylı, 3 otaqlı mənzilinin kənar şəxsə verilməsi barədə Binəqədi RİH tərəfindən 7 iyul 1999-cu il tarixli, 040500 saylı orderin etibarsız hesab edilməsi, Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin 05 mart 2002-ci il tarixli, 100877 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsi və Bakı şəhəri Nizami RİH-in Bakı şəhəri, Yeni Yasamal 1, 13 saylı evin 94 saylı, 3 otaqlı mənzilinin iddiaçıya verilməsi barədə 24 iyun 1996-cı il tarixli, 1192 saylı sərəncamının etibarlı hesab edilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyullması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh Bakı şəhəri Cavabdeh1 tərəfindən məhkəməyə iddiaya dair yazılı münasibət (etiraz) təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, İddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə bağlı Cavabdeh1nə müraciət etməmişdir. İddia ərizəsində əsl cavabdehlər düzgün müəyyən edilməmişdir. Nizami RİH bu iş üzrə cavabdeh ola bilməz. Ona görə ki, iddia tələbi mənzilin verilməsinə dair Nizami RİHB-nin 24 iyul 1996-cı il tarixli, 1192 nömrəli sərəncamının etibarlı hesab edilməsi ilə bağlıdır. Rayon icra hakimiyyəti məhkəmə prosesində yalnız 3-cü şəxs kimi iştirak edə bilər. Digər cavabdeh Binəqədi RİH iddiaya dair yazılı münasibət (etiraz) təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin nümayəndələri məhkəmə iclasında hər hansı üzrlü səbəb bildirmədən iştirak etməmişlər. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri saymış, tərəfin fikri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia tələbini müdafiə etdilər və işə mahiyyəti üzrə baxılaraq təmin olunmasını xahiş etdilər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş: -Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2037/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X3, Bakı şəhəri Binəqədi və Nizami rayon icra hakimiyyətlərinə qarşı “orderin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin ləğv olunması və sərəncamın etibarlı hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmədə iddia qaldırmışdır. İddia qismən təmin edilmiş, Bakı şəhəri, Yeni Yasamal 1, 13 saylı evin 94 saylı, 3 otaqlı mənzilinin kənar şəxsə verilməsi barədə Binəqədi RİH tərəfindən 7 iyul 1999-cu il tarixli, 040500 saylı orderin etibarsız hesab edilmiş və həmin mənzilə dair X2 adına olan 05 mart 2002-ci il tarixdə verilmiş 100877 saylı qeydiyyat vəsiqəsi ləğv edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. -Bakı Apellyasiya Məhkəməsinin 2(103)-681/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsindən görünür ki, həmin iş üzrə cavabdeh X2 apellyasiya şikayəti qismən təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin 2(004)-2037/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsi təmin olunan hissədə ləğv olunaraq həmin hissədə iddia təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 23 iyun 2009-cu il tarixli, 2-1(102)-1891/09 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, apellyasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-681/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İPM-in 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarında qeyd edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2ci bəndlər). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan Plenum Qərarında həmçinin göstərilmişdir ki, İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (15.4-cü bənd). İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir (15.5-ci bənd). Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar (15.6-cı bənd). Göründüyü kimi, iddiaçı hazırkı tələbi ilə eyni cavabdehlərə qarşı bundan əvvəl məhkəmədə iddia qaldırmış, həmin iddia təmin edilməmiş və bununla bağlı qanuni qüvvəsini almış məhkəmə qərarları mövcuddur. Belə olan halda cavabdehə qarşı eyni əsaslarla eyni tələb üzrə mübahisəyə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə hüquqi qiymət verildiyindən, hazırkı iddiaya yenidən baxılması mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə, iddianın mümkün sayılmamasını nəzərə alaraq X2 hazırkı iş üzrə icraata üçüncü şəxs qismində cəlb edilməsinə zərurət görmür. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-5440/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5440/2025
06.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver