Məhkəmə qərarları › İş №2-1(112)-5441/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5441/2021

02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5441/2021 02.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “ünvanlı dövlət sosial yardım təyin edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında DSMF-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ailəsi üçün ünvanlı dövlət sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ailəsi üçün ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədi ilə qanunla müəyyən edilmiş əsaslarla və “VEMTAS” elektron portalı vasitəsi ilə cavabdehə müraciət etmiş. Lakin cavabdehin günahı səbəbindən ailəsi, dövlətin sosial yardımından məhrum edilmişdir. Belə ki, cavabdeh, “VEMTAS” elektron portalı vasitəsi ilə, ailəsinin sosial müdafiə hüququnun həyata keçirtilməsi məsələsinin araşdırılmasında “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasinin Qanununun tətbiqinə əngəl törədir. Nəticədə cavabdehin günahı səbəbindən böyük miqdarda borc öhdəliyinə məruz qoyulmuşdur. Cavabdehin günahı səbəbindən ailəsinin sosial tələbatlarının ödənilməsi üçün ayrı-ayrı şəxslərdən borc pullar almış. Lakin həmin borcları hələ də qaytara bilmir. Nəticədə ailəsinin sosial yardımı ilə bağlı qanunla qorunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməli olmuş. Hesab edir ki, ailəsi üçün ünvanlı dövlət sosial yardımın təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun üzərinə vəzifə olaraq qoyulmalıdır. Qeyd edilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 09.06.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X2 ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı ünvanlı sosial yardımı alması üçün ‘VEMTAS” alt sistemi vasitəsi ilə “Ərizə-bəyannamə”ni dolduraraq ərizəsini təsdiq etməli olduğu halda ərizəsini təsdiq etməmişdir. İddiaçı elektron müraciətini təsdiq etmədiyi üçün onun müraciəti qeydə alınmamışdır. Vətəndaş elektron xidmətdən istifadə edərək ünvanlı sosial yardımı alması üçün ‘ VEMTAS” alt sistemi vasitəsi ilə “Ərizə-bəyannamə”ni dolduraraq ərizəsini təsdiq etdiyi təqdirdə onun müraciətinə baxılaraq münasibət bildiriləcəkdir. Odur ki, İddiaçı iddiasının mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq iddiaçıya “hüquqi yardım” məktubu göndərərək, iddia tələbi üzrə dəqiqləşmənin aparılmasının zəruriliyini bildirmişdir. Çünki iddia iddia tələbinə cavab verən inzibati orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. İddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edilmədiyi təqdirdə iddianın mümkünlük məsələsinə baxılacağı qeyd edilmişdir. İş üzrə bir sıra prosedur hərəkətlər edildikdən sonra məhkəmə hazırlıq icraatının növbəti iclası 02 iyul 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmənin 02 iyul 2021-ci il tarixə təyin edilmiş iclasının vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etməmiş, həmçinin, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etməmişdir. Məhkəməyə ərizə göndərərək maddi imkansızlığı səbəbindən məhkəməyə gələ bilmədiyi qeyd edərək onun iştirakı olmadan iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi G.Hüseynova iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşin hallarından görünür ki, hazırki iddia tələbi ilə iddiaçı, onun ailəsi üçün ünvanlı dövlət sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə tələb irəli sürmüşdür. İlk öncə Məhkəmə qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmaması araşdırılır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, qərarındakı hüquqi mövqelərə görə 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Mübahisə üzrə aydınlaşdırılmalı olan ilk məsələ iddia tələbinin yönəlməli olduğu cavabdehə bağlı məsələdir. İşin hallarından görünür ki, iddiaçı cavabdeh kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunu qeyd etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ünvanlı sosial yardımla bağlı məsələlər üzrə hər hansı qərar vermək səlahiyyəti olmadığı üçün iş üzrə cavabdeh ola bilməz. Hazırkı iddia tələbi üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən, sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Həmin Qanunun 6.2 və 6.3-cü maddələrinə görə sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları bu Qanuna 3 əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulan hallardan biri baş verdikdə sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidir. Sosial yardımın təyin olunmamasına, məbləğinin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məlumat verilmədiyi təqdirdə, həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir. Həmin Qanunun 10.3-cü maddəsinə görə sosial yardımın verilməsinə təsir edəcək hallar barədə zəruri məlumatların verilməməsi, yaxud ailə tərkibi və ailə üzvlərinin gəlirləri barədə düzgün olmayan məlumatların verilməsi səbəbindən artıq yardım ödənildiyi hallarda, sosial yardım alan ailə artıq ödənilmiş yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanına qaytarmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 312 saylı, 16 noyabr 2005-ci il tarixli Fərmanının 2.3-cü bəndinə əsasən “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.1, 10.2 və 10.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinin səlahiyyətlərinə yalnız kağız üzərində olan müraciətlərin qəbul edilməsi və elektron sistemə daxil edilməsi aiddir. Qanunvericilikdə aşkar şəkildə təsbit edilmişdir ki, istər sosial yardımın təyin edilməsi, istərsə də onun məbləğinin dəyişdirilməsi və ya verilməsinin dayandırılması ilə bağlı səlahiyyət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsusdur. Mübahisə üzrə aydınlaşdırılmalı olan ikinci məsələ isə iddiaçının “Vemtas” alt sistemi vasitəsi ilə “Ərizə-bəyannamə”nin doldurulması ilə bağlı məsələdir. İş materiallarından görünür ki, iddiaçı ünvanlı sosial yardım alması üçün “Vemtas” alt sistemi vasitəsi ilə “Ərizə-bəyannamə”ni dolduraraq ərizəsini təsdiq etməli olduğu halda ərizəsini təsdiq etməmişdir. İnzibati icraat haqqında qanunun 2.0.4.-ci maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciət edir. 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə “Ünvanlı dövlətsosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında ” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 2.2,-cl maddəsinə əsasən bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq təsdiq edilmiş təmsilçilik barədə ərizədə göstərilən ailəni təmsil edən şəxs (bundan sonra - Təmsilçi) “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" elektron xidmətdən istifadə etməklə “Ərizə- bəyannamə”ni (2 nömrəli əlavə) dolduraraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım" (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. Belə olan halda, Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondu cavabdehlik daşımamışdır, həmçinin, iddiaçı “Vemtas” alt sistemi vasitəsi ilə “Ərizə-bəyannamə”ni dolduraraq ərizəsini təsdiq etməli olduğu halda ərizəsini təsdiq etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmə izah edir ki, iddiaçı “Vemtas” alt sistemi vasitəsi ilə “Ərizə-bəyannamə”ni dolduraraq ərizəsini təsdiq etməli, müraciəti təmin edilmədiyi təqdirdə cavabdeh qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi göstərərək, məhkəməyə yenidən müraciət etmək hüququna malikdir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim : Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar