Məhkəmə qərarları › İş №2-1(112)-5445/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5445/2022

07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5445/2022 07.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Məhkəmənin hakimi Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil Cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi üçüncü şəxs) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət edərək ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunmasını xahiş etmiş, lakin cavabdehin xx.xx.2021-ci il tarixli, **********3 saylı məktubu ilə müraciətinə imtina verilərək səbəb kimi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 10-cu maddəsi qeyd olunmuşdur. İddiaçı hazırda təqaüdçü olsa da, mərhum həyat yoldaşı X4 əmək pensiyası yüksək olduğundan ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququndan istifadə etmək istəyir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2021-ci il tarixli, **********3 saylı, xx.xx.2021-ci il tarixli, **********6 saylı eyniməzmunlu məktubları ilə iddiaçıya bildirilmişdir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318-2-ci maddəsinə əsasən xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) bir ay müddətində yazılı məlumatın verilməməsi üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır. X2 Azərbaycan Respublikası vətəndaşı olmadığı əsası ilə iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli 8/1302 saylı mülahizəsi ilə bildirilmişdir ki, İddiaçı mərhum həyat yoldaşı baş leytenant X6 01 dekabr 1999-cu il tarixdən hesablanmaqla 06 noyabr 2000-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olmuş Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən xidmət illərinə görə pensiya təyin olunaraq barəsində tərtib olunmuş xx.xx.2000ci il tarixli 293/33 nömrəli "ödəniş tapşırığı" və 391668 nömrəli "pensiya vərəqi" BUSBankın (X5 Bank, indiki Kapital Bank) 2 saylı Səbail rayon filialına göndərilmişdir. Sonuncu dəfə Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən Yasin Məmmədova aid "pensiya ödənişinə icazə vərəqi" BUSBankın 2 saylı Səbail rayon filialına 25 sentyabr 2006-cı il tarixdə göndərilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” 2006-cı il 28 noyabr tarixli 184-111 QD nömrəli Azərbaycan Respublikası Qanununun və həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli, 499 nömrəli Fərmanı ilə Müdafiə Nazirliyinin hərbi qulluqçularının pensiya təminatı ilə bağlı funksiyaları Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna verilmişdir. Bu səbəbdən, Yasin Məmmədovun Azərbaycan Respublikası vətəndaşlığından çıxaraq Rusiya Federasiyasına köçməsi barədə məlumatları olmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli, 499 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamənin 8.5-ci maddəsində məcburi dövlət sosial sığorta vəsaiti və dövlət büdcəsi vəsaiti hesabına ölkədə bütün əmək pensiyalarının maliyyələşdirilməsinin həyata keçirilməsi, 8.6.1-ci maddəsində isə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əmək pensiyalarının xərclərini məcburi dövlət sosial sığorta vəsaiti hesabına maliyyələşdirilməsinin təmin edilməsi Fondun əsas vəzifələri kimi göstərilmişdir. Həmin Əsasnamənin 9.4-cü maddəsində məcburi dövlət sosial sığorta vəsaitini idarə etmək, əmək pensiyaları sahəsində idarəetməni, əmək pensiyalarının təyin edilməsini, maliyyələşdirilməsini və ödənilməsinə nəzarəti həyata keçirmək Fondun əsas funksiyalarından biri kimi göstərilmişdir. Hesab edirik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinası əsassızdır. Belə ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. O, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə müvafiq olaraq 62,5 yaşına çatdığına görə "yaşa görə əmək pensiyası" hüququna malikdir. İddiaçı həyat yoldaşı vəfat etdiyinə görə, o, həm də "ailə başçısını itirməyə görə əmək pensiyası" hüququna da malikdir. İddiaçı müraciəti əsasında ona "ailə başçısını itirməyə görə əmək pensiyası" təyin olunması üçün tərtib olunmuş MN-16052 nömrəli xx.xx.2021-ci il tarixli "Məlumat vərəqi" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala göndərilmişdir. Bundan başqa, qanunvericilik yol verdiyi halda mərhum X6 artıq ödənilmiş pensiya məbləğləri İddiaçı təyin olunmalı olan pensiyasından aybaay tutularaq Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə bərpa oluna bilər. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, iddiaçı ünvan 1ənzil ünvanında qeydiyyatdadırlar. - N saylı hərbi hissə komandirinin N saylı əmrindən xx.xx.1999-cu il tarixli çıxarışdan görünür ki, ehtiyata buraxılmış N saylı hərbi hissə komandirinin sərəncamında olan baş leytenant X9 şəxsi heyətin siyahısından çıxarılmış və qeydiyyata alınmaq üçün Qazax rayon hərbi komissarlığına göndərilmişdir. - xx.xx.2017-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, Azərbaycan Respublikası Qazax rayonunda doğulmuş Rusiya Federasiyası vətəndaşı olan X9 xx.xx.2017-ci il tarixdə ölmüşdür. - xx.xx.1984-cü il tarixli 349648 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X1 Şəlalə Əhmədağa qızı ilə nikaha daxil olmuşlar. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumat vərəqindən görünür ki, X4 pul təminatı 986.80 olmuşdur. - X6 məxsus pensiyaçının uçot vərəqindən görünür ki, ona xx.xx.1999-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Maddə 1.0.15. Əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir. Maddə 5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Maddə 7.63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: (-) 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; (-) 17.2. Hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyaları hərbi qulluqçunun xidmət müddətindən asılı olmayaraq təyin edilir. Bu zaman ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısı xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, amma xidmət etdiyi dövrdə aldığı xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində vəfat edibsə təyin olunur. Həmin hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə isə ailə başçısı pensiya aldığı dövrdə və ya pensiya ödənilməsinin kəsilməsindən 5 il keçənədək vəfat edibsə təyin olunur. Hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri cəbhədə həlak olanların ailə üzvlərinə bərabər tutulur. Maddə 34. Əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinə imtina cavabı vemişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı xx.xx.1959-cü ildə anadan olduğu üçün qanunvericiliyə əsasən 62 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixdə pensiya yaşına çatmışdır. Eyni zamanda, iddiaçının mərhum əri X6 hərbi qulluqçu kimi xx.xx.1999-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin xx.xx.2017-ci il tarixdə şəxs ölmüşdür. Belə olan halda, iddiaçının ailə başçısını itirməyinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2.-ci maddəsinə müvafiq olaraq pensiya hüququ yarandıgından onun müraciəti əsasında tərtib olunmuş MN-16052 nömrəli xx.xx.2021-ci il tarixli "Məlumat vərəqi" Müdafiə Nazirliyi tərəfindən cavabdehə göndərilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının mərhum ərinin Rusiya Federasiyasının vətəndaşı olması əsas gətirilərək, iddiaçıya ailə başçısını itirməyinə görə pensiya təyin edilməsindən imtina edilmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mərhum əri X6 xx.xx.1999-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edildiyindən şəxsin pensiya hüququ artıq cavabdeh tərəfindən tanınmış və icra edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. İlk növbədə məhkəmə qeyd edir ki, qanunvericilik normaları əmək pensiyasının təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi Dövlət Sosial Müdafiə Fondu orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, Dövlət Sosial Müdafiə Fondu orqanının bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. Bu hüquqdan da faydalanaraq iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etdiyi ailə başçısını itirməyə görə pensiya almaq hüququ yaranmışdır. Bundan başqa, məhkəmə hesab edir ki, iddiaçının mərhum əri X9 Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etdiyi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinin tələbinə görə əmək pensiyası təyin olunduqdan əvvəl aldıgı əmək haqqı və digər gəlirlərin kompensasiyası oldugundan pensiya hüququ məhz Azərbaycan Respublikasında yaranmış və icra edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıb-yaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin – ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulub-qoyulmamasından asılı olmayaraq - sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77, Karsonun işi (Carson), § 64). Göründüyü kimi, iddiaçının mərhum əri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün onun tərəfindən ödənilmiş məbləğ hazırda iddiaçının mülkiyyəti hesab olunur. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması” iddiası əsaslıdır və cavabdeh inzibati orqanın imtinası iddiaçının sosial təminat almaq hüququnun məhdudlaşdırılmasına səbəb olmuşdur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar