Məhkəmə qərarları › İş №2-1(112)-5445/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5445/2023

23.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5445/2023 23.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X11 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X11 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin onun iradəsinə zidd olaraq özbaşına sahibkar kimi qeydə almaqda ifadə olunan hərəkəti qeyri-hüquqi hesab edilsin, adına açılmış ********** saylı VÖEN ləğv edilsin, qanunsuzluq edən vergi orqanının əməkdaşı barəsində xüsusi qərardad qəbul edilsin və araşdırma aparılması üçün Baş Prokurorluğa göndərilməsi və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə’' xx.xx.2022-ci il tarixli **********924500 saylı Qərarının tamamilə ləğv edilməsi və həmin qərar əsasında hesablanmış verginin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2021-ci ildə 2 maşını etibarnamə ilə lizinq şirkətinə satdığına görə vergi orqanı məcburi qaydada onu sahibkar kimi qeydiyyata almışdır və barəsində kameral qaydada vergi hesablanmışdır. İnzibati və apellyasiya şurasına şikayətləri isə təmin edilməmişdir. Belə ki, etibarnamə əsasında satıcı X3 və X5 təmsil edərək, 2021-ci ildə “Ford Explorer” və “Ford Edge” markalı avtomobilləri satdığına görə, vergi orqanı xx.xx.2022-ci il tarixdə onu qanunsuz və əsassız olaraq məcburi qaydada özündən onun üçün “təzə və istifadə olunmuş minik avtomobillərinin pərakəndə satışı” fəaliyyət növünü seçərək fərdi sahibkar kimi qeydiyyata almış, 2021-ci il üçün gəlir vergisi bəyannaməsi təqdim etmədiyi halda ona 2505,60 manat gəlir vergisi hesablamış və sonra da əsassız olaraq gəlir vergisi bəyannaməsi verməməsini əsas gətirərək vergidən yayınma kimi qiymətləndirərək, ona “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********798600 saylı məktub göndərmiş, sonda isə qanunsuz və əsassız olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********924500 saylı qərar qəbul etmişdir. Belə aydın olur ki, vergi orqanı həm avtomobil satanı fərdi sahibkar kimi görmək istəyir və buna görə istədiyi kimi qanunsuzluq edir, həm də lizinqə verilməklə hüquqi şəxs tərəfindən mənfəət vergisi verildiyi halda, bu əməliyyata görə ikinci dəfə vergi tutmağa çalışır. Qeyd edilmişdir ki, lizinq şirkəti aldığı maşını lizinqə verməklə əldə etdiyi mənfəətdən vergini, habelə işçilərə əmək haqqı verərkən ödəmə mənbəyində vergini və digər vergiləri ödəyir. Bir əməliyyata görə iki dəfə vergi Respublikası Konstitusiyası ilə qadağandır. Satdığı maşınların heç biri öz adına olmamışdır, etibarnamə əsasında satıcı X3 və X5 təmsil etmişdir. Vergi orqanı isə kameral vergi hesablanması zamanı bu hərəkətimi sahibkarlıq hərəkəti kimi qiymətləndimişdir. Halbuki, etibarnamə ilə təmsil olunmaq hüququ Mülki Məcəllə ilə hər bir fiziki və hüquqi şəxsə verilib. xx.xx.2021-ci il tarixli 06/4414/İLİZ nömrəli alqı-satqı müqaviləsinə görə satıcı X6 məxsus olmuş 1 ədəd 2012-ci il buraxılışlı, Ford Edge markalı, ban № 2FMDK4KC8DBA65382 olan 99NS786 dövlət qeydiyyat nişanlı avtomobili alıcı "xxxx" MMC-yə 27.400 manata etibarnamə əsasında satıcını təmsil etməklə satmışdır. xx.xx.2021-ci il tarixli 06/4394/İLİZ nömrəli alqısatqı müqaviləsinə görə satıcı X4 məxsus olmuş 1 ədəd 2012-ci il buraxılışlı, Ford Explorer markalı, ban № 1FM5K8F8XDGB54574 olan 99KH847 dövlət qeydiyyat nişanlı avtomobili alıcı "xxxx" MMC-yə 22.712 manata etibarnamə əsasında satıcını təmsil etməklə satmışdır. Vergi orqanı vergini hesablamaq üçün onu qanunsuz olaraq sahibkar elan edib. Cavabdehin özbaşınalıq edərək onu iradəmə zidd olaraq fərdi sahibkar kimi qeydiyyata almağını nəzərə alaraq hesab edir ki, barəsində qəbul olunmuş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022- ci il tarixli **********924500 saylı qərar ləğv edilməlidir. Cavabdeh yalnız satış aktına istinad etməklə qərar qəbul etməklə İnzibati icraat haqqında Qanunun tələblərini pozmuşdur. Sübutetmə vəzifəsinə görə cavabdeh aşağıdakıları sübut etməlidir:- onun fərdi sahibkar olması, maşınların ona məxsus olmasını, - ucuz alıb baha satmasını, - maşının qaldıqca qiymətinin artmasını. Məsələ orasındadır ki, lizinq şirkəti maşını dəyərindən baha satmalıdır ki, mənfəəti olsun. Mənfəətin də vergisi verilir. Vergi orqanı Vergi Məcəlləsi ilə barəmdə tədbir görə bilmək üçün qəsdən onu məcburi VÖEN-lə təmin edib. Halbuki bu hərəkət birbaşa vəzifə səlahiyyətlərindən sui-istifadədir. Bu isə Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə qadağan olunan və cəzalanmalı olan hərəkətdir. Beləliklə, cavabdeh inzibati orqan qanunsuz və özbaşına olaraq onu sahibkar kimi qeydiyyata aldığı üçün sahibkar kimi qeydiyyatı ləğv edilməli və ona kameral vergi hesablanması barədə qərar ləğv edilməlidir. Çünki əgər sahibkar deyilsə barəsində nə səyyar, nə də kameral yoxlama aparıla bilməz və vergi hesablana bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, işin halları ilə bağlı bildiririk ki, vergi orqanında olan uçot-baza məlumatlarına əsasən 2021-ci il ərzində tərtib edilmiş 2 ədəd elektron alış aktı üzrə İddiaçı tərəfindən 50 112,0 manat dəyərində mal və ya xidmət təqdim edildiyi lakin vergi orqanında uçota durmadığı müəyyən edilmişdir. Vergi orqanı tərəfindən İddiaçı xx.xx.2022ci il tarixli **********413100 nömrəli "Vergi uçotuna dair ərizənin təqdim edilməsi haqqında" bildiriş göndərilsə də vergi uçotuna dair ərizə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. 2022-ci ildə qüvvədə olmuş Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. Uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın əsas fəaliyyət növünün “təzə və istifadə olunmuş minik avtomobillərin pərakəndə satışı" olduğu, vergi orqanında qeydiyyata alınmış aktiv təsərrüfat subyektinin olmadığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı fərdi sahibkar tərəfindən 2021-ci il ərzində elektron alış aktları əsasında 50112,0 manat dəyərində malların təqdim edilməsinə baxmayaraq, müvafiq dövr üçün gəlir vergisi bəyannaməsini təqdim etməməsi vergidən yayınma kimi qiymətləndirilmişdir. Vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********798600 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər və ya cari (dəqiqləşdirilmiş) bəyannamə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021ci il üçün 2 505,60 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli **********924500 nömrəli Qərar qəbul olunmuşdur. Vergi ödəyicisi tərəfindən vergi orqanının qərarından xx.xx.2022ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli, **********404600 nömrəli) inzibati şikayət verilmiş və vergi orqanının 30 avqust 2022-ci il tarixli **********192500 nömrəli qərarı ilə vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmişdir. Fərdi sahibkarın fəaliyyətinin araşdırılması zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsi tərəfindən inzibati araşdırmaya təqdim edilmiş məlumatlara əsasən fərdi sahibkara məxsus Toyota Corolla (Minik, BAN: NMTBB4JE00R009538) avtomobilinin xx.xx.2020-ci il tarixdə və Toyota Corolla (Minik, BAN: NMTBB0JEX0R194805) avtomobilinin xx.xx.2021-ci il tarixdə satıldığı müəyyən edilmişdir. Həmçinin, vergi ödəyicisi tərəfindən 2021-ci ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2021-ci il tarixdə EAA seriyalı 372038 nömrəli elektron alış aktına əsasən 22 712,0 manat dəyərində Ford Explorer (Minik) markalı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2021-ci il tarixdə EAA seriyalı 380493 nömrəli elektron alış aktına əsasən 27 400,0 manat dəyərində Ford Edge (Minik) markalı, ümumilikdə 2 sayda, 50 112,0 manat dəyərində avtomobillərin təqdim edilməsi, eyni zamanda fərdi sahibkar tərəfindən 2020-ci il ərzində ümumi gömrük dəyəri 28 741,40 manat olan Toyota Corolla (Minik) markalı (BAN:NMTBB0JEX0R194805) nəqliyyat vasitəsinin idxal edərək xx.xx.2021-ci il tarixdə təqdim etdiyi müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən 2021-ci il üçün gəlir vergisi bəyannaməsi təqdim edilmədiyi üçün həmin dövr ərzində vergi ödəyicisi tərəfindən təqdim edilən elektron alış aktlarına əsasən 50 112,0 manat gəlir, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlar üçün nəzərdə tutulmuş sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi olan güzəşt hüququ nəzərə alınmaqla analoji qaydada 2 505,6 manat gəlir vergisi hesablanmışdır. Vergi ödəyicisinin araşdırmaya təqdim etdiyi sənədlərə əsasən X7 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş etibarnamə əsasında **-PD-*** dövlət qeydiyyat nişanlı, Ford Explorer (Minik) markalı (BAN: 1FM5K8F8XDGB54574) avtonəqliyyat vasitəsinin fərdi sahibkarın istifadəsinə verildiyi, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən nəqliyyat vasitəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, X9 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş etibarnamə əsasında **-PE-*** dövlət qeydiyyat nişanlı, Ford Edge (Minik) markalı (BAN: 2FMDK4KC8DBA65382) avtonəqliyyat vasitəsinin fərdi sahibkarın istifadəsinə verildiyi, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən nəqliyyat vasitəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edildiyi müəyyən edilmişdir. Bundan əlavə uçot baza məlumatlarının araşdırılması zamanı yuxarıda qeyd olunan avtonəqliyyat vasitələrindən əlavə fərdi sahibkarın etibarnamə əsasında 2 (iki) sayda avtonəqliyyat vasitəsinin olduğu müəyyən edilmişdir. Eyni zamanda "xxxx" MMC və "xxxx" MMC tərəfindən tərtib olunmuş elektron alış aktlarının qüvvədə olduğu, qaydalara uyğun olaraq İnternet Vergi İdarəsindən xx.xx.2022-ci il tarixə olan göstəricilərə əsasən elektron alış aktında hər hansı düzəlişin aparılmadığı müəyyən edilmişdir. Vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı və əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir. Vergi qanunvericiliyinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Belə ki, sahibkarlıq fəaliyyəti qanunvericilikdə konkret olaraq aktivlərin sayına, satış həcminə və s. bu kimi xüsusiyyətlərə görə deyil, məhz bu fəaliyyət ilə məşğul olan şəxsin sahiokarlıq fəaliyyətini həyata keçirməkdə əsas məqsədinin mənfəət, gəlir əldə etmək olması ilə şərtləndirilmişdir. Beləliklə, uçot-baza məlumatlarına və əldə edilmiş müvafiq təsdiqedici sənədlərə əsasən fərdi sahibkar tərəfindən 2021-ci ildə 2 (iki) ədəd nəqliyyat vasitəsinin lizing şirkətlərinə, 2020-ci il ərzində ümumi gömrük dəyəri 28 741,40 manat olan Toyota Corolla (Minik) markalı (BAN:NMTBB0JEX0R194805) nəqliyyat vasitəsinin idxal edərək xx.xx.2021-ci il tarixdə təqdim edilməsi, nəqliyyat vasitələri etibarnamə əsasında fərdi sahibkara verildikdən sonra qısa müddət ərzində (1 gün ərzində) lizing şirkətlərinə təqdim edilməsi nəqliyyat vasitələrinin fərdi sahibkarın sahibliyində olmaması və nəqliyyat vasitələrinin şəxsi məqsədlər üçün istifadə olunmaması, bu da fiziki şəxsin vergi ödəyicisi kimi vergi orqanında uçota alınmadan faktiki olaraq təqdim edilmiş nəqliyyat vasitələrinin digər şəxslərin adına rəsmiləşdirilərək əldə edilmiş gəlirlərinin vergidən yayındırılması, qeyd olunanların fərdi sahibkar tərəfindən gəlirlərini gizlətmək və ya vergi üstünlüyü əldə etmək məqsədi ilə aparılan əməliyyatlar olması, "xxxx" MMC və "xxxx" MMC tərəfindən tərtib olunmuş elektron alış aktlarının qüvvədə olması, qaydalara uyğun olaraq İnternet Vergi İdarəsindən xx.xx.2022-ci il tarixə olan göstəricilərə əsasən elektron alış aktlarında hər hansı düzəlişin aparılmaması vergi orqanının qərarının tamamilə vergi qanunvericiliyə uyğun olmasını sübut edir. Yuxarıda göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq məhkəmədən İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********924500 saylı qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X8 iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarilxi 06/4394/İLİZ nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı adlandırılacaq X7 adından ******* reyestr nömrəli etibarnamə ilə çıxış edən İddiaçı 1 ədəd 2012-ci il buraxılış ili olan Ford Explorer minik markalı mühərrik GB54574, ban nömrəsi 1FM5K8F8XDGB54574 avtomobili alıcı adlandırılacaq "xxxx" MMC –nin mülkiyyətinə verir. İş materiallarına əlavə edilmiş EAA seriyalı 372038 nömrəli xx.xx.2021-ci il tarixli X12 görünür ki, İddiaçı "xxxx" MMC-yə (VÖEN **********) ********** kodlu, 1 ədəd, 22712 manat dəyərində avtomobil satmışdır. İş materiallarına əlavə edillmiş İN-İ № 885485 nömrəli xx.xx.2021-ci il tarixli etibarnamənin surətinə əsasən mülkiyyətçi (təmsil edilən) X1 Explorer minik markalı mühərrik GB54574, ban nömrəsi 1FM5K8F8XDGB54574 avtomobili ilə balı sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, srəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək kimi səlahiyyətləri etibar edilən İddiaçı etibar etmişdir. İş materiallarına əlavə edilmiş BB142107 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindan görünür ki, qeydiyyat nişanı: 77PD716, qeydiyyat tarixi: xx.xx.2021, istehsal tarixi 2012, mülkiyyətçi "xxxx" MMC, --- ünvan: AZ1025, Bakı şəhəri, Xətai rayonu, ünvan 1ka: Ford, model: explorer, tip: universal, mühərrik nömrəsi: GB54574, Ban nömrəsi: 1FM5K8F8XDGB54574, RƏNGİ: ağ, mühərrikin həcmi: 3500. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarilxi 06/4414/İLİZ nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı adlandırılacaq X9 adından 7E-53844 reyestr nömrəli etibarnamə ilə çıxış edən İddiaçı 1 ədəd 2012-ci il buraxılış ili olan Ford Edge minik markalı mühərrik BA65382, ban nömrəsi 2FMDK4KC8DBA65382 avtomobili alıcı adlandırılacaq "xxxx" MMC –nin mülkiyyətinə verir. İş materiallarına əlavə edilmiş EAA seriyalı 380493 nömrəli xx.xx.2021-ci il tarixli X12 görünür ki, İddiaçı ********** "xxxx" MMC-yə ********** kodlu, 1 ədəd, 27400 manat dəyərində avtomobil satmışdır. İş materiallarına əlavə edilmiş 277786 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindan görünür ki, qeydiyyat nişanı: 99NS786, marka: Ford edge minik, tip: universal, buraxılış: 2012, mühərrik: BA65382, ban: 2FMDK4KC8DBA65382, rəngi: qara metalik, M.İ.H.: 3493 kb.sm, nəqliyyat vasitəsinin sahibi: X9, ünvan: ünvan 2ləsi əsasında, verilmə tarixi: xx.xx.2018. İş materiallarına əlavə edilmiş ƏN-Vİİ № 006782 nömrəli xx.xx.2021-ci il tarixli etibarnamənin surətinə əsasən mülkiyyətçi (təmsil edilən) X2 Edge minik markalı mühərrik BA65382, ban nömrəsi 2FMDK4KC8DBA65382 avtomobili ilə bağlı sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, srəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək kimi səlahiyyətləri etibar edilən İddiaçı etibar etmişdir. Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, vergi ödəyicisinin adı: İddiaçı, VÖEN: **********, vergi növü: gəlir vergisi, vergi dövrü: xx.xx.2021-xx.xx.2021. Kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) gün ərzində aşağıdakı sənədlərin təqdim olunması tələb olunmuşdur. Sənədlər: 1. Müvafiq hesabat dövrü üzrə cari (dəqiqləşdirilmiş) gəlir vergi bəyar; 2. Qeyd olunanalarla bağlı təsdiqedici sənədlər əlavə edilməklə müvafiq izahat məktubu; 3. Araşdırmaya təqdim edilməsi üçün zəruri hesab etdiyiniz digər sənədlər. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********924500 nömrəli Qərarına əsasən 2021-ci il gəlir vergisi üzrə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 2.505,60 manat təşkil edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli qərarından yuxarı inzibati orqan müraciət etmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********192500 nömrəli, 30 avqust 2022-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2022-ci il tarixli inzibati şikayəti təmin edilməmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinin Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci tarixli **********924500 nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 119 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı inzibati şikayəti təmin edilməmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinin Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci tarixli **********924500 nömrəli qərarı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********192500 nömrəli, 30 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin onun barəsində qəbul etdiyi xx.xx.2022ci il tarixli əliverişsiz inzibati aktdan yuxarı vergi orqanına inzibati şikayətlər verdiyini və həmin şikayətə cavab verilənədək iddiaçının inzibati icraatın nəticəsini gözlədiyini, nəzərə alaraq hesab edir ki, iddiaçı sonuncu dəfə Apellyaisya Şurasının xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim etdiyi inzibati şikayətin təmin edilməməsi barədə qərarından sonra xx.xx.2023-cü il tarixdə məhkəmədə iddia qaldırmaqla iddia müddətini ötürməmişdir. İddia mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.1-ci maddəsinə görə vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə görə kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Eyni Məcəllənin 67.1-ci maddəsinə görə bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini (...) əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır Eyni Məcəllənin 96.1-ci maddəsinə görə rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Eyni Məcəllənin 97.1-ci maddəsinə əsasən rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Həmin Məcəllənin 97.2-ci maddəsinə əsasən qeyri-rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikası mənbələrindən əldə etdiyi gəlirlərdən ibarətdir. Həmin Məcəllənin 97.3-cü maddəsinə əsasən gəlirlərə aiddir: 97.3.1. muzdlu işlə əlaqədar əldə edilən gəlir; 97.3.2. muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir; 97.3.3. vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər. Həmin Məcəllənin 101.2-ci maddəsinə görə qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur. Həmin Məcəllənin 101.3-cü maddəsinə görə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur. Hazırkı iş üzrə mübahisə prdemeti cavabdeh orqanın iddiaçı barəsində 2021-ci ilin gəlir vergisi üzrə kameral vergi hesablanması barədə xx.xx.2022-ci il tarixli qərarıdır. Cavabdeh orqan iddiaçı tərəfindən 2021-ci il ərzində elektron alış aktları əsasında ümumilikdə 50112,0 manat dəyərində malların təqdim edilməsinə baxmayaraq, müvafiq dövr üçün gəlir vergisi bəyannaməsini təqdim etməməsini vergidən yayınma kimi qiymətləndirmişdir. Belə ki, iddiaçı tərəfindən 2021-ci ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2021-ci il tarixdə EAA seriyalı 372038 nömrəli elektron alış aktına əsasən 22 712, 0 manat dəyərində ford exporer minik markalı, Megalizinq MMC-yə xx.xx.2021-ci il tarixdə EAA seriyalı 380493 nömrəli elektron alış aktına əsasən 27 400,0 manat dəyərində Ford Edge (Minik) markalı nəqliyyat vasitəsini, ümumilikdə 2 sayda, 50 112,0 manat dəyərində avtomobilləri təqdim edildiyini əsas götürərək vergi orqanı iddiaçını vergi ödəyicisi qismində uçota almış, kameral vergi yoxlaması zamanı iddiaçı tərəfindən 2021-ci il üçün gəlir vergisi bəyannaməsi təqdim edilmədiyi üçün həmin dövr ərzində vergi ödəyicisi tərəfindən təqdim edilən elektron alış aktlarına əsasən 50 112,0 manat gəlir, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlar üçün nəzərdə tutulmuş sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi olan güzəşt hüququ nəzərə alınmaqla analoji qaydada xx.xx.2022-ci il tarixli qərarla 2 505,6 manat gəlir vergisi hesablamışdır. Məhkəmə aşağıdakılara əsasən cavabdehin möqeyi ilə razılaşmır. Vergi Məcəlləsinin: -13.2.17-ci maddəsinə əsasən əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlərdir. -13.2.16-cı maddəsinə görə Azərbaycan mənbəyindən gəlir: 13.2.16.3. Azərbaycan Respublikasında malların təqdim edilməsindən, iş görülməsindən və xidmət göstərilməsindən gəlirdir. -13.2.16.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar gəlir: bu Məcəllənin 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilmiş əsas vəsaitlərin təqdim edilməsindən gəlirdir. -114.7-ci maddəsinə görə əsas vəsaitlərin (vəsaitin) təqdim edilməsindən əldə olunan məbləğ həmin əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərindən artıqdırsa, yaranmış fərq gəlirə daxil edilir. -99.2-ci maddəsinə görə sahibkarlıq fəaliyyətindən gəlirə o cümlədən aşağıdakılar aiddir: 99.2.1. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir; 99.2.2. sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir; 99.2.3. əsas vəsaitlərin təqdim edilməsindən alınan və bu Məcəllənin 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilən məbləğlər; 99.2.4. bu Məcəllənin 141-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir. Beləliklə, fiziki şəxs istehlak məqsədi ilə ərzaq, nəqliyyat vasitəsi və ya daşınmaz əmlak əldə etdikdə və yaxud yığım vasitəsi kimi qiymətli metal aldıqda gəlir əldə etmir, lakin əldə etdiyi əsas vəsaiti, daşınar və daşınmaz əmlakı təqdim edərək gəlir əldə etməsi artıq sahibkarlıq fəaliyyəti kimi dəyərləndirilə bilər ki, buna müvafiq olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi orqanlarında uçota durmaq (VÖEN almaq) öhdəliyi yaranmış olur. Hazırkı iş üzrə cavabdehin mübahisələndirilən qərarının əsasında iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu, əsas fəaliyyətinin təzə və istifadə olunmuş minik avtomobillərinin pərakəndə satışı olduğu, təqdim etdiyi nəqliyyat vasitələrinə görə gəlir əldə etdiyi, bununla da təqdim etdiyi dövr üçün gəlir vergisi bəyannaməsi təqdim etməli olduğu, lakin belə bir bəyannamə təqdim etmədiyindən vergidən yayınma halının baş verdiyi barədə mövqeyi dayanır. Beləliklə, işin mübahisələndirilən halı iddiaçının məhz sahibkarlıq fəaliyyəti ilə məşğul olmasının, onun əsas vəsaiti -nəqliyyat vasitəsini təqdim etməsi və gəlir əldə etməsinin sübuta yetirilməsidir. Əvvəla, mübahisələndirilən qərara qiymət verilməzdən öncə qeyd edilməlidir ki, iddiaçının nəqliyyat vasitələrinin təqdim edilməsi şəklində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu güman edilsə belə bu hal mübahisələndirilən dövr üzrə iddiaçının vergi ödəyicisi kimi uçota almağa əsas vermir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. -32.1-ci maddəsinə əsasən vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir. -32.4-cü maddəsinə görə vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, əlaqəli məlumatları təhlil etməklə, vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara (ərazilərə) baxış keçirməklə, yaxud həmin obyektlərin fəaliyyəti barədə məlumat toplamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. -33.1-ci maddəsinə görə vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. -33.3-cü maddəsinə görə hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. -33.4-cü maddəsinə əsasən vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Sadalanan normalardan görünür ki, fiziki şəxsin vergi uçotuna alınmasının qaydası vergi orqanına uçota alınma barədə ərizə ilə müraciət edilməsidir. Fiziki şəxs məhz sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma barədə vergi orqanına ərizə təqdim etməlidir. Hazırkı iş üzrə iddiaçı xx.xx.2022-ci il tarixdə vergi orqanı tərəfindən vergi uçotuna alınmışdır və vergi uçotuna alınma iddiaçının ərizəsi əsasında deyil, vergi orqanının öz təşəbbüsü ilə baş vermişdir. Halbuki, mübahisələndirilən dövr qanunverciliyi ilə qeyd edildiyi kimi vergi ödəyicisinin ərizəsi olmadan vergi orqanı şəxsi vergi uçotuna bilməz, başqa sözlə, məcburi vergi uçotuna alınma qanunla nəzərdə tutulmamışdır. Yalnız 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş 9 dekabr 2022-ci il tarixli 677- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklə Vergi Məcəlləsinin 33.5-ci maddə yeni redaksiyada verilmişdir: 33.5. Bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir. Göründüyü kimi yalnız xx.xx.2023-cü il tarixdən etibarən Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən vergi orqanının öz təşəbbüsü ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olub, lakin uçota durmayan fiziki şəxslərin məcburi vergi uçotuna alınması qaydası nəzərdə tutulmuşdur. İddiaçının vergi uçotuna alınması xx.xx.2023-cü ildən əvvələ təsadüf etdiyindən qanunla nəzərdə tutulmayan qaydada uçota alınmış vergi ödəyicisinə gəlir vergisinin hesablanması da əsaslı hesab edilə bilməz. Qeyd edilən bu hal mübahisələndirilən qərarın ləğv edilməsinin birinci hüquqi əsasıdır. Bununla yanaşı məhkəmə mübahisələndirilən qərara həm də mahiyyəti üzrə qiymət verilməsini zəruri hesab edir. Cavabdehin vergi hesablayarkən iddiaçı tərəfindən 2021-ci il ərzində elektron alış aktlarına əsasən 50 112,0 manat dəyərində 2 ədəd nəqliyyat vasitəsini təqdim etdiyinə istinad etmişdir. Halbuki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edilmiş Ford Explorer (Minik) markalı (BAN: 1FM5K8F8XDGB54574) avtonəqliyyat vasitəsi X4, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edilmiş Ford Edge (Minik) markalı (BAN: 2FMDK4KC8DBA65382) avtonəqliyyat vasitəsi X6 məxsus olmuşdur. Belə ki, adıçəkilən fiziki şəxslər mülkiyyətlərində olan nəqliyyat vasitələri ilə bağlı iddiaçıya nəqliyyat vasitəsinin idarə edilməsi və nəqliyyat vasitəsi ilə bağlı hüquqi hərəkətlərin mülkiyyətçinin (təmsil edilənin) adından edilməsi ilə bağlı səlahiyyətlər etibar etmişlər. Başqa sözlə, iddiaçı nəqliyyat vasitəsini etibarnamə ilə idarə edən şəxs olduğundan onun apardığı bütün hüquqi əməliyyatlar, o cümlədən nəqliyyat vasitələrinin təqdim edilməsi etibar edənlərin adlarına və onların mənafeyi üçün aparılmışdır. Belə olan halda, iddiaçının qeyd edilən əsas vəsailərin təqdim edilməsi ilə bağlı əməliyyat iddiaçı üçün aparılmış, onun birbaşa faydalanmasına, gəlir əldə edilməsinə yönələn sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilə bilməz. Lizinq şirkətləri ilə bağlanmış alqı-satqı müqavilələrində də iddiaçı məhz mülkiyyətçilərin adlarından etibarnamə ilə çıxış edən satıcı qismində göstərilmişdir. Elektron alış aktlarında isə iddiaçının satıcı kimi göstərilməsi iddiaçının məsuliyyətinə aid olmadığından onun ziyanına təfsir edilə tətbiq edilə bilməz. Belə ki, Vergi Məcəlləsinin: -71-2.1-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. -71-2.2-ci maddəsinə əsasən elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. -71-2.3-cü maddəsinə görə vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Göründüyü kimi elektron alış aktları alıcı tərəfindən, vergi uçotunda qeydiyyatda olmayan (VÖEN) satıcı ilə alqı-satqı zamanı tərtib edilir. Odur ki, elektron alış aktının düzgün tərtib edilməməsi, satıcı qismində mülkiyyətçinin deyil, etibarnamə ilə çıxış edən iddiaçının adının göstərilməsi ilə bağlı məsələ iddiaçının deyil, elektron alış aktlarını tərtib edən alıcının məsuliyyətinə ad olan məsələ olduğundan həmin elektron alış aktlarına əsaslanmaqla iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olması nəticəsinə gəlinməsi, müvafiq gəlir vergisi hesablanması barədə qərar əsaslı hesab edilə bilməz. Məhkəmə cavabdehin o mövqeyi ilə də razılaşmır ki, iddiaçının 2020-ci il ərzində ümumi gömrük dəyəri 28741,40 manat olan Toyota Corolla (Minik) markalı (BAN:NMTBB0JEX0R194805) nəqliyyat vasitəsinin idxal edərək xx.xx.2021-ci il tarixdə təqdim etməsi də vergi tutulan əməliyyat hesab edilməsinə və ya həmin əməliyyat da nəzərə alınmaqla iddiaçının sahibkarlıq fəlaiyyəti ilə məşğul olduğu qənətinə gəlməyə kifayət edən hüquqi əsas deyildir. Əvvəla, sözügedən nəqliyyat vasitəsi ilə bağlı əməliyyat hazırkı iddianın predmetinə aid deyildir. Qeyd edildiyi kimi mübahisələndirilən qərar 2 ədəd Ford Explorer (Minik) markalı (BAN: 1FM5K8F8XDGB54574) və Ford Edge (Minik) markalı (BAN: 2FMDK4KC8DBA65382) nəqlyyat vasitələrinin təqim edilməsi ilə bağlı qəbul edilmişdir. Digər tərəfdən, qeyd edilməlidir ki, qanunvericilikdə fiziki şəxsin ölkə ərazisinə idxal etdiyi, şəxsi istifadə üçün mülkiyyətində ola biləcək və özgəninkiləşdirə biləcəyi nəqliyyat vasitələrinin siyahısında say məhdudiyyəti nəzərdə tutmamışdır. Odur ki, vergi orqanının təqdim etdiyi dəlillər qanunla nəzərə tutulmuş qaydada fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını təsdiq edən sübutlar olmamaqla gəlir vergisinin hesablanmasına əsas vermir. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludurlar. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Qeyd edilən normalar vergi orqanının üzərinə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxslərinin düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırması vəzifəsini qoymuş və qanunun bu norması imperativ xarakterə malikdir. “İnzibati icraat haqqında” Qanunun: -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. -47.2-ci maddəsinə görə maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Sadalanan normalardan göründüyü kimi inzibati orqan işin faktiki hallarından və inzibati icraatın gedişində toplanmış sübutlardan çıxış etməli, eləcə də mübahisəyə inzibati icraat haqqında hüquq normalarını və ya maddi hüquq normalarını tətbiq etməklə aydın şəkildə əsaslandırdığı inzibati akt qəbul etməlidir. Belə ki, məhkəmə inzibati aktın çıxarılmasının zəruriliyini inzibati orqanın əvəzinə əsaslandırmaq vəzifəsi daşımır, əksinə inzibati orqanın gətirdiyi əsasların qanuniliyini və əsaslılığını yoxlayaraq inzibati orqanlar üzərində məhkəmə nəzarətini həyata keçirmək vəzifəsi daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. Həmin Məcəllənin 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd еdilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri X11 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********924500 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X11 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********924500 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ləğv olunsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar