Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5447/2021 18.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X12 Ağa qızının katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar X1 və qeyrilərinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı sərbəst toplaşma azalığına müdaxilənin qanunsuz hesab edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar X5, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı cavabdehin 03 mart 2021-ci il tarilxi yürüşə dair qərarının sərbəst toplaşma azadlığına müdaxilə sayılması və bu müdaxilənin qanunsuz hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gülnarə Mehdiyeva, İddiaçı4, İddiaçı2, İddiaçı6, İddiaçı5 və İddiaçı3 ibarət aksiya təşkilatçıları qrupu 2021-ci il mart ayının 8-də, saat 15:00-dan 16:00-dək “8 Marş-Haqlarımız uğrunda!” şüarı ilə son illərdə ölkədə məişət zəmnində qadınların öldürülməsi və digər zorakılıq faktlarına, həmin faktların hüquq mühafizə orqanları tərəfindən lazımınca araşdırılmamasına etiraz etmək, cəmiyyətin və dövlətin diqqətini göstərilən problemə yönəltmək məqsədi ilə yürüş planlaşdırılmışdır. “X8” Qanuna əsasən Bakı şəhər İcra Hakimiyyətinə 28 fevral 2021-ci ildə yürüşün tarixi və saatı, təşkilatçılar barədə məlumatlar dəqiq əks etdirilmiş xəbərdarlıq məktubunu çatdırmışlar. Buyürüş 8 mart 2021-ci il, saat 15:00-dan 16:00-dək olan müddət ərzində Səbail rayonu, ünvan 2 ünvanında yerləşən “Mcdonald”s” restoranının qarşısında başlayıb, Nigar Rəfibəyli küçəsi, Azadlıq prospekti, Qış Parkı və Şıxəli Qurbanov küçələrindən keçərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önündə yerləşən X10rşısında yekunlaşacaqdır (yürüşün ümumi məsafəsi 1.763 kv.m-dir). Yürüşdə məişət zorkılığına çağırış məzmunlu şüarlar səsləndiriləcək, eyni məzmunlu plakatlar qaldırılacaq və təşkilatçılar tərəfindən bəyannamə səsləndiriləcəkdir. Yürüşdə təxminən 50 nəfərin iştirak edəcəyi gözlənilirdi. İddiaçlar həmçinin xəbərdarlıq məktubunda qeyd edib ki, “...keçiriləcək nümayiş zamanı iştirakçılar bütün “X8” Qanunun tələblərinə və koronovirusdan qorunma şərtlərinə (karantin şərtləri) əməl edəcəkdir. Yürüş zamanı hər kəs 2 metr məsafədə dayanaraq yürüş edəcək və maska geyiniləcəkdir. Xatırladırlar ki, koronavirus pandemiyası zamanı məsafə saxlayaraq keçirilən nümayişlər bir çox ölkələrdə də, baş verib və bu zaman koronovirus pandemiyası üçün nəzərdə tutulmuş qaydalar pozulmayıb. Buna misal olaraq aprelin 19-u 2020-ci ildə İsraildə yerləşən Tel Aviv şəhərindəki nümayişdir.” Lakin, Bakı Şəhər İcra Hakimiyyəti Mart ayının 3-ü 2021-ci ildə cavab məktubu ilə “8 Marş-Haqlarımız uğrunda!” yürüşü iki səbəblə: birincisi, əhalinin sıx və nəqliyyatın daha intensiv hərəkət etdiyi ərazidə olması nəticəsində insanların sərbəst və rahat hərəkətinə maneə yaradacağına, ikincisi isə, epidemioloji vəziyyətlə əkaqədar olaraq, respublika ərazisində tətbiq olunmuş xüsusi karantin rejiminin davam etdiyini əsas gətirərək “X8” qanunun 7-ci maddəsinin 1-ci hissəsinun tələblərinə cavab vermədiyi üçün məqsədəuyğun hesab etməyib, yəni faktiki olaraq qadağan edib. Aşağıdakılara əsasən hesab edirlər ki, ki, cavabdehin 17 oktyabr 2019-cu il tarixli məktubunun “8 Marş-Haqlarımız uğrunda!” yürüşünü qadağan etməsi vətəndaşların sərbəst toplaşmaq hüququna qanunsuz müdaxilədir. Azərbaycan Respublikasında sərbəst toplaşmaq azadlığı sahəsində qanunvericilik təcrübəsi onu göstərir ki, mitinq, yürüş və s. kütləvi tədbirin konkret göstərilən yerlərdə keçirilməsinin inzibati orqan tərəfindən məqsədəuyğun hesab edilməməsi toplantının keçirilməsinin qadağan edilməsinə bərabərdir. Hazırki işdə inzibati orqanın heç bir alternativ yer təklif etmədən toplantını məqsədəuyğun saymaması, bu qənaəti daha da gücləndirir. Cavabdehin istinad etdiyi “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin İ hissəsinə əsasən sərbəst toplaşmaq azadlığı (a) yalnız qanunda nəzərdə tutulan və (b) demokratik cəmiyyətdə zəruri olan hallarda, (ı) milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, (ıı) iğtişaşların və ya cinayətin qarşısının alınması, (ııı) sağlamlığın və mənəviyyatın, (ıv)digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Həmin maddənin 4-cü hissəsində göstərilir ki, bu qadağan edilmə və ya dayandırma deyil, yalnız məhdudlaşdırmadır və bu məhdudlaşdırma yalnız toplantının vaxtını və yerini, küçə yürüşünün marşurutunun dəyişdirilməsi formasında ola bilər. Lakin cavabdehin məktubu qadağan edicidir, məhdudlaşdırıcı deyil. Heç bir alternativ vaxt/yer/maşurt təklif etmədən birbaşa qadağan edir. Bu səbəbdən məktubda X3 7-ci maddəsi göstərilsə də, əslində yürüş hamin Qanunun 8-ci maddəsi ilə qadağan edilib. Cavabdehin yürüşü qadağan etməsinin birinci səbəbi “əhalinin sıx və nəqliyyatın daha intensiv hərəkət etdiyi ərazidə olması nəticəsində insanların sərbəst və rahat hərəkətinə maneə yaratması”-dır. Bu səbəb digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün X2 8-ci maddəsində qadağan etmənin əsaslan toplantının ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti təbliğ etməsi və ya ölkədə Fövqaladə hal/Hərbi vəziyyət elan etməsi ola bilər. Yəni digər şəxslərin hüquqlarına görə toplatının qadağan edilməsi qanunsuzdur. Cavabdehin yürüşü qadağan etməsinin ikinci əsası odur ki, epidemioloji vəziyyətlə əlaqədar olaraq, respublika ərazisində tətbiq olunmuş xüsusi karantin rejiminin davam etməsi kimi göstərilir. İlkin növbədə bu halda bir çox ölkələrin yürüş təcrübələri də onu göstərir ki, toplantı iştirakçıları arasında 2 metr məsafə saxlayaraq, maska taxaraq yürüş keçirilməsi mümkündür. Bu halda, eyni şəkildə 7-ci maddənin (məhdudlaşdırılması) əhalinin sağlamlığının mühafizəsi legitim məqsədi ilə üst-üstə düşür. Halbuki, bu qadağan etmək üçün əsas deyil, yəni həmin qanunun 8-ci madəsində nəzərdə tutulmayıb. Bu səbəbdən qanunsuzdur. İkinci növbədə əgər Bakı Şəhər İcra Hakimiyyətinin yürüşü ikinci əsasa görə qadağan etməsi “X8” Qanunun yalnız 8-ci maddəsinin 8-ci hissəsindəki fövqaladə hal şərtinə uyğun gələrsə qanuni hesab edilə bilər. Lakin, ölkədə fövqaladə hal elan edilmədiyi üçün Bakı Şəhər İcra Hakimiyyətinin əsaslandığı ölkədəki xüsusi karantin rejimi əsası qanunsuzdur və sərbəst toplaşmaq hüququnu məhdudlaşdıra bilməz. Azərbaycanın qoşulduğu Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 4-cü maddəsinə əsasən fövqəladə vəziyyət zamanı və belə halın mövcudluğu rəsmən elan edilərkən dövlətlər tərəf olduqları Pakt üzrə öz öhdəliklərindən yalnız “həmin vəziyyətin tələb etdiyi ölçüdə” geri çəkilmək üçün tədbirlər görə bilərlər, bu şərtlə ki, belə tədbirlər onların beynəlxalq hüquq üzrə digər öhdəliklərinə zidd olmasın və ayrı-seçkiliyə yol verilməsinə gətirib çıxarmasın. Pakt həmçinin tələb edir ki, dövlət, geri çəkilmək hüququndan istifadə edərkən, geri çəkildiyi müddəalar barədə və belə bir qərarı doğuran səbəbləri və bu geri çəkilməyə son qoyacağı tarix barədə BMT-nin baş katibi vasitəsilə Paktda iştirak edən digər dövlətlərə dərhal məlumat verməlidir. Azərbaycanın tərəf olduğu İnsan Hüquqlarının və X6 X4 15-ci maddəsi də fövqəladə hallar zamanı öhdəliklərdən geri çəkilmə qaydasıın müəyyən edir. Konvensiyanın 15-ci maddəsinin 1-ci bəndinə əsasən müharibə və ya millətin həyatını təhdid edən digər fövqəladə hallar zamanı dövlət beynəlxalq hüquqa müvafiq digər öhdəliklərinə zidd olmamaq şərti ilə “yalnız vəziyyətin fövqəladəliyini şərtləndirə biləcəyi səviyyədə” Konvensiya üzrə öhdəliklərinə uyğun olmayan tədbirlər görə bilər. Konvensiya həmçinin tələb edir ki, bu geri çəkilmə hüququndan istifadə edən tərəf gördüyü tədbirlər və onların səbəbləri haqqında Avropa Şurasının baş katibini tam məlumatlandırmalıdır. Azərbaycan hökuməti ölkədə fövqəladə vəziyyət xüsusi hüquqi rejimi tətbiq etmədiyi üçün sözügedən beynəlxalq müqavilələrin icazə verilən müddəalarından ölkə ərazisində geri çəkiləcəyi haqqında müvafiq müqavilə orqanlarına məlumat təqdim etməyib. Halbuki, Nazirlər Kabinetinin qərarları ilə hər iki beynəlxalq müqavilədə təsbit olunmuş bir sıra insan hüquq və azadlıqları ölkədə müvəqqəti olaraq öz qüvvəsini dayandırıb. Bu insan hüquq və azadlıqlarına sərbəst toplaşmaq hüququ da daxildir. Ölkə Konstitusiyası və qanunlarında belə total məhdudlaşdırıcı tədbirlər yalnız Konstitusiyada göstərilən qaydada müvəqqəti olaraq istifadə edilmək şərtilə, fövqəladə vəziyyətin hüquqi rejimi tətbiq edilməklə mümkün ola bilər. Lakin, Azərbaycanın COVİD-19 pandemiyasının təsirlərinin azaldılmasına qarşı qərarları fövqəladə vəziyyətin xüsusi hüquqi rejimi tətbiq edilmədən, Konstitusiya və qanunlarda müəyyən edilmiş qaydaların tələblərinə uyğun olmayan formada reallaşıb. İcra hakimiyyəti orqanı və Nazirlər Kabineti belə fövqəladə səlahiyyətləri həyata keçirtmək üçün Konstitusiya ilə tələb olunduğu kimi parlamentdən razılıq almayıb. Nəticədə icra hakimiyyəti hüquq və azadlıqlar üzərində parlamentin razılıq və nəzarəti olmadan fövqəladə səlahiyyətlər həyata keçirib. Halbuki, parlament nəzarəti təcili fövqəladə tədbirlərə demokratik legitimlik qazandıra, icra hakimiyyətinin sürətli və genişlənmiş səlahiyyətlərini idarə edə və zərurət olarsa, ona təzyiq etməsi üçün vacibdir. Nazirlər Kabinetinin karantin məhdudiyyət tədbirləri ilə bağlı qərarlarından görünür ki, həmin qərarlar sanitariya-epidemioloji salamatlıq haqqında qanunun 25-ci maddəsinə istinad edərək qəbul edilib. Həmin qanunun 25-ci maddəsi xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq sahəsində dövlət orqanlarının vəzifələrini müəyyən edir. Qanunun bu maddəsində qeyd olunur ki, “yoluxucu, parazitar, kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda Azərbaycan Respublikasının hökuməti, baş dövlət sanitariya həkimləri özlərinin səlahiyyətləri daxilində müvafiq ərazilərdə və ya obyektlərdə müəyyən olunmuş qaydada xüsusi əmək, təhsil, hərəkət, daşıma şəraiti və rejimləri tətbiq edir, lazım gəldikdə isə belə xəstəliklərin əmələ gəlməsinin, yayılmasının qarşısını almağa və onları ləğv etməyə yönəldilən zərərsizləşdirmə, dezinfeksiya, deratizasiya və dezaktivasiya işləri görürlər”. Azərbaycanda karantin-təşkilat tədbirləri üzrə dövlət orqanının məhdudlaşdırma tədbirləri 2020-ci il 28 fevral tarixində Nazirlər Kabinetinin 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları ilə müəyyən edilsə də, sözügedən bu qaydada müəyyən edilən məhdudlaşdırma tədbirlərin təsir edəcəyi hüquq və azadlıqların təminatların olduğu Konstitusiya və digər qanunvericilik aktları nəzərə alınmayıb. Yuxarıda qeyd edildiyi kimi, Nazirlər Kabinetinin COVİD-19 pandemiyasının təsirlərinin azaldılması üçün qəbul etdiyi qərarlar Sanitariya-epidemioloji salamatlıq haqqında qanunun 25-ci maddəsinə istinad edilməklə qəbul olunsa da, sözügedən maddə Nazirlər Kabinetinə, həmçinin digər icra hakimiyyəti orqanlara Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlar üzərində total məhdudlaşdırma qərarlar qəbul etmək səlahiyyəti verməyib. Nazirlər Kabineti isə belə fövqəladə səlahiyyətləri yalnız Konstitusiyasının 112-ci maddəsi İlə müəyyən olunan fövqəladə vəziyyət xüsusi hüquqi rejiminin tətbiq edilməsi nəticəsində əldə edə bilərdi. Həmin maddəyə görə prezident təbii fəlakətlər, epidemiyalar və başqa səbəblərə görə fövqəladə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Milli Məclisinin təsdiqinə verir. Fövqəladə vəziyyətin tətbiq edilməsi barədə normativ hüquqi akt Milli Məclis tərəfindən təsdiq edilmədikdə, o, rəsmi qaydada elan edildiyi andan 48 saat sonra öz qüvvəsini itirmiş olur. Başqa sözlə, belə xüsusi hüquqi rejimdən istifadə parlamentin razılığı olduqda həyata keçirilə bilərdi. Bundan başqa, Nazirlər Kabineti tərəfindən tətbiq edilən məhdudlaşdırıcı tədbirlər X7 Qanunda (maddə, 8) nəzərdə tutulan sərt tədbir və məhdudiyyətlər ilə eynilik təşkil etsə də, fövqəladə vəziyyət xüsusi hüquqi rejimi tətbiq edilməyib. Nəticədə Konstitusiyada təsbit olunan hüquq və azadlıqlara kütləvi qadağa və məhdudiyyətlərin xüsusi hüquqi rejim (fövqəladə vəziyyət) tətbiq etmədən normal vəziyyət qaydalarında tətbiqi hüquqa uyğun olmadığı üçün ciddi konstitusion-hüquqi konflikt pozuntudur. Həmçinin, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında 24 dekabr 2002-ci il tarixli Konstitusiya qanununa əsasən (maddə 3) insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. Burada nəzərdə tutulan qanun isə parlament səviyyəsində qəbul edilən qanun və yaxud parlamentin fövqəladə hallarda icra hakimiyyətinə Konstitusiyaya uyğun qaydada verdiyi səlahiyyətdən sonra xüsusi və müddətli səlahiyyət çərçivəsində qəbul edilən normativ hüquqi aktlar hesab olunur. Qanunilik prinsipi hüququn aliliyinin vacib elementidir və insan hüquqlarının qorunmasında mühüm yer tutur. Müharibə və ya fövqəladə vəziyyət dövründə belə, bu prinsipin pozulmasına yol verilmir. Eyni zamanda, qanunilik tələbi təkcə müvafiq daxili qanuna riayət olunmaqla təmin edilmir; bu, daxili qanunun, beynəlxalq insan hüquqları sənədlərində ifadə edilmiş və ya nəzərdə tutulan ümumi prinsiplərinə uyğun olmasını tələb edir. Bu prinsip hüququn ümumi prinsiplərindən olan hüquqi müəyyənliyin tərkibi kimi də çıxış edir. Bu mənada qanun onun tətbiq ediləcəyi şəxslər baxımından əlçatan olmalı və doğura biləcəyi nəticələri öngörülə bilən olmalıdır. Nazirlər Kabineti Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlar üzərində qadağalar müəyyən etmək səlahiyyətinə malik olmayıb. Belə ki, sanitariya-epidemioloji salamatlıq haqqında qanunun 25-ci maddəsi epidemiya əleyhinə tədbirlər həyata keçirərkən dövlət orqanları tərəfindən yalnız özlərinin səlahiyyətləri daxilində müvafiq ərazilərdə və ya obyektlərdə hərəkət etmək səlahiyyəti verib. Konstitusiyanın 71-ci maddəsi (X) dövlət orqanlarının yalnız Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə biləcəyini müəyyən edib. X9 Aktlar haqqında Konstitusiya qanunu (maddə, 19) müəyyən edir ki, Nazirlər Kabineti Konstitusiya və prezident aktları əsasında və onların icrası məqsədilə öz səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə qərarlar (normativ hüquq akt) qəbul edir. Normativ hüquqi akt isə tənzimlənməsi Konstitusiya ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən qəbul edilə bilər. Yəni Nazirlər Kabineti parlament tərəfindən qəbul edilən qanuna istinad edərək hüquq və azadlıqları məhdudlaşdıran normayaratma orqanı kimi çıxış edə bilməz. Çünki Konstitusiya və Normativ hüquqi aktlar haqqında Konstitusiya qanunu Nazirlər Kabinetinə prezident aktları əsasında onların icrası məqsədilə normativ hüquqi aktlar qəbul etmək səlahiyyəti verib. Konstitusiyanın 94-cü maddəsi ilə cinayətlərin və başqa hüquq pozuntularının müəyyən edilməsi, onların törədilməsinə görə məsuliyyətin təyin edilməsi Milli Məclisin səlahiyyətinə aid edilib. Belə olan halda, Nazirlər Kabinetinin Konstitusiyada müəyyən olunan hüquq və azadlıqları məhdudlaşdıran və ya müəyyən müddətə qadağan edən qərarlar qəbul etməsi konstitusion hüquq və hüququn aliliyi müstəvisində siyasi-hüquqi pozuntudur. Buna həm də konstitusiya və beynəlxalq müqavilələrdə təminat altına alınan insan hüquq və azadlıqlarına qanunda göstərilən qaydaya uyğun olmayan müdaxilə kimi baxmaq olar. “X8” Qanunun 8-ci maddəsində də, göstərilir ki, Fövqəladə və ya hərbi vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşləri və piketlərin keçirilməsinə “X7’’ və “Hərbi vəziyyət haqqında’’ Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudiyyət qoyula bilər və ya onların keçirilməsi qadağan edilə bilər. Halbuki, 8 mart 2021-ci il tarixində ölkədə nə Fövqalədə hal elan olunub, nə də Hərbi vəziyyətdir. Hətta ölkədə xüsusi karantin rejimi qanuni olsa idi belə, (lakin qanuni deyil) iddiaçılar məhz nəzərdə tutulan xüsusi karantin rejimini pozmadan, yəni Nazirlər Kabinetinin qoyduğu qadağalara (2 metr məsafə və maska taxılması) riayət edərək mövcud halda yürüş edə bilər. Beləliklə, cavabdeh nəticə etibarilə Azərbaycan Respublikasının qanunvericiliyində təsbit olunmuş insan hüquq və azadlıqlarının, ilk növbədə sərbəst toplaşmaq azadlığının pozuntusuna yol vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər iddiaçılar və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçılardan ibarət toplantı təşkilatçıları qrupu 08 mart 2021-ci il, saat 15:00-dan 16:00-dək Səbail rayonu, ünvan 2 ünvanında yerleşən “Mcdonald’s” restoranının qarşısından başlayıb, Nigar Rəfibəyli küçəsi, Azadlıq prospekti, Qış Parkı və Şıxəli Qurbanov küçələrindən keçərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önündə yerləşən X10rşısında yekunlaşacaq, məişət zorakılığına çağırış məzmunlu şüarlar ilə keçirilməsi planlaşdırılan toplantı barədə 28 fevral 2021-ci il tarixdə cavabdehi xəbərdar etmişlər. Xəbərdarlıqda toplantının tarixi, saatı, yeri və təşkilatçıları barədə məlumatlar əks etdirilmişdir. Cavabdehin 03.03.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, küçə yürüşünün keçirilməsi üçün nəzərdə tutulan marşrut əhalinin sıx və nəqliyyatın daha intensiv hərəkət etdiyi ərazi olduğundan, onların keçirəcəyi aksiya göstərilən ünvanda digər insanların sərbəst və rahat hərəkətinə maneə yaradacaqdır. Eyni zamanda, mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq, respublika ərazisində tətbiq olunmuş xüsusi karantin rejiminin davam etdiyini və aksiyanın yoluxma riskinin artmasına səbəb ola biləcəyini, həmçinin müraciətlərinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 7-ci maddəsinin İ hissəsini nəzərə alaraq, 08 mart 2021-ci il tarixdə planlaşdırdıqları toplantının keçirilməsini məqsədəuyğun hesab etməmişdir. İddiaçılar hesab edir ki, cavabdeh onların Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən olunmuş hüquq və azadlıqlarını pozmuşdur. Cavabdeh toplantının keçirilməsinə qadağa qoyulması səbəbini əsaslandırmamış, onların sərbəst toplaşmaq azadlığının pozuntusuna yol vermişdir. Konstitusiyanın 49-cu maddəsinə görə hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı, piket keçirmək hüququ vardır. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 1-ci maddəsinə görə hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinin şərh edilməsinə dair 21 oktyabr 2005-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İİ hissəsi, 24-cü maddəsinin İİ hissəsi, 71-ci maddəsinin İİ hissəsi, 72-ci maddəsinin İİ hissəsi, 155-ci maddəsi, “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3-cü maddəsi və İnsan hüquqlarının və X6 haqqında Konvensiyanın 11-ci maddəsinin İİ hissəsinin müddəaları baxımından Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulan sərbəst toplaşmaq azadlığı hüququna demokratik cəmiyyətdə zəruri olan və qanunla müəyyən edilmiş məhdudiyyətlər qoyula bilər. Məhkəmə iddianın əsaslılığından öncə iddianın mümkünlük şərtlərinin yoxlanılmasını zəruri hesab edir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd).İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (1.2-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın 5 əsaslılığının araşdırılmasından ibarətdir. İddianın mümkünlüyü yoxlanılmadan iddianın əsaslılığı (yuxarıda sadalanan maddi hüquq normalarının pozulub-pozulmaması) araşdırıla bilməz. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı cavabdehin hərəkəti nəticəsində hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Bu şərt hər hansı şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun mənasından da göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddiaçılar cavabdehin hərəkəti nəticəsində hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını əsaslandıra bilməmişlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar X1 və qeyrilərinin iddia tələbi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-5447/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5447/2021
18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver