Məhkəmə qərarları › İş №2-1(112)-545/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-545/2023

16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-545/2023 16.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X29 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Hacı-X21, Cavabdehin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X29 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Dünyəmmalı oğlu cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya əsassız olaraq, hesablanmış 26000 (iyirmi altı min) manat məbləğində maliyyə sanksiyasının silinməsi məqsədilə "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********6897 nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarıdan(aktlarından) habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Vergi ödəyicisi və ya başqa borclu şəxs üzürlü səbəbdən bu maddənin birinci abzasında göstərilən müddəti buraxmışdırsa, yuxarı vergi orqanı və ya yuxarı vergi orqanının vəzifəli şəxsi tərəfindən şikayəti verən şəxsin ərizəsinə əsasən həmin müddət bərpa edilə bilər. İddiaçı (VÖEN: **********) xx.xx.2021-ci il tarixdə operativ vergi nəzarəti tədbiri keçirilmiş və nəticəsi xx.xx.2021-ci il tarixli DVX seriyalı 005336 npmrəli aktla rəsmiləşdirlmişdir. Həmin akt əsas götürülərək, "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2021-ci il tarixli **********6897 nömrəli qərar qəbul olunmuşdur. Həmin qərarla İddiaçı (VÖEN: **********) 13 nəfər fiziki şəxsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə Azərbycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən hər bir fiziki şəxs üzrə 2000 (iki min) manat olmaqla, ümumilikdə 26000 (iyirmi altı min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Halbuki 13 nəfər fiziki şəxslər vasitəçilik xidmətinin göstərilməsi məqsədilə 2021-ci ilin oktyabr ayından həmin şəxslərlə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada xidmət müqaviləsi bağlanılmışdır. Buna baxmayaraq, şəxslərdən təzyiq altında izahat alaraq, onlara izahatlarında mənimlə onlar arasında xidmət müqavilələrinin bağlanılmadığını qeyd etməyi məcbur etmişlər. Bildiririk ki, Azərbaycan Respublikasının 02 aprel 2021-ci il tarixli 286-VİQD nömrəli qanunu ilə Əmək Məcəlləsinə dəyişikliklər edilmişdir. Həmin dəyişiklik vergi ödəyicisinin leyhinə edilmişdir. Belə ki, xidmət müqaviləsi ilə işçinin işlədilməsi faktı ilk dəfə aşkar edildikdə, vergi orqanı vergi ödəyicisini bu barədə xəbərdar etməli, xəbərdarlıqdan sonra belə əmək müqaviləsi bağlanılmadığı təqdirdə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq etməlidir. Ona görə ki, dəyişikliyin məqsədi vergi ödəyicisinə maliyyə sanksiyasını tətbiq etmək deyil, onu bu istiqamətdə maarifləndirməkdir. Belə ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Lakin tutulduğu anda deyil, belə ki, əlavə edilmiş 2-4-cü hissəyə əsasən “bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır.” müddəası xidmət müqaviləsi ilə çalışan şəxslərlə əmək müqaviləsi bağlanılması öhdəliyini 2-3-cü hissədə nəzərdə tutulan hallardan birinin aşkar edildiyi gün ilə şərtləndirir. Məhz qeyd olunan halların aşkar edildiyi gündən sahibkarın xidmət müqaviləsi ilə çalışan şəxslərlə əmək müqaviləsi bağlamaq öhdəliyi yaranır ki, həmin an əmək müqaviləsinin bağlanılması və ya xidmət müqaviləsinə xitam verilməsi sahibkarı Vergi Məcəlləsinin 58.10-cu maddəsində nəzərdə tutulmuş maliyyə sanksiyasının tətbiqindən azad edir. Unutmayaq, vəzifə olduğu halda hüquq yaranır. xx.xx.2022-ci il tarixli məhkəmə iclas protokoluna əsasən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X29 üzrə Baş İdarəsi ilə əvəz edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etirazda qeyd edilmişdir ki, araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X29 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********4856 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" Qərarına əsasən xx.xx.2021-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, ev 14 ünanında yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 13 (on üç) fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2021 -ci il tarixli DVX seriyalı 005336 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə dair akt tərtib edilmiş və akt vergi ödəyicisi tərəfindən imzalanaraq bir nüsxəsi qəbul edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********6897 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 26000 (iyirmi altı min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmişdir. Araşdırma zamanı xx.xx.2021-ci il tarixli **********957700 nömrəli məktubun vergi ödəyicisinin elektron qutusuna xx.xx.2021-ci il tarixində saat 17:19:30-da göndərdiyi və tərəfindən 28.110.2021-ci il tarixində saat 10:50:40-da oxunduğu müəyyən edilmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, aktda adı qeyd olunmuş 13 nəfər fiziki şəxslə 2021-ci ilin oktyabr ayından xidməti müqaviləsi olmuşdur və qeyd olunan hal ilk dəfə aşkarlandığı üçün xəbərdarlıq edilməli idi. Qeyd olunanın əksinə bildiririk ki, 30 noyabr 2018-ci il N° 1356-VQD Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən bu Qanuna əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.3-cü, 58.7-ci - 58.10-cu, 58.13-cü - 58.16-cı, 60.3.1-ci, 60.3.2-ci və 60.3.4-cü maddələrində müəyyən olunmuş yeni maliyyə sanksiyaları 2019-cu il yanvarın 1-dən bir il müddətində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən rəsmi (yazılı) xəbərdarlıq edildikdən sonra həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı tətbiq edilir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, operativ vergi nəzarəti tədbiri 2021-ci ildə həyata keçirildiyindən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsi faktı üzrə xəbərdarlıq edilməsi nəzərdə tutulmamışdır. X2 xx.xx.2021-ci il tarixli etirafedici izahatında xx.xx.2021-ci il tarixindən Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, ev 14 ünanında yerləşən obyektdə “satış meneceri” vəzifəsinə işə qəbul olunduğunu və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X7 xx.xx.2021-ci il tarixli etirafedici izahatında xx.xx.2021-ci il tarixindən işə cəlb olunduğunu və sınaq müddətində olduğunu və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X3 xx.xx.2021-ci il tarixli etirafedici izahatında xx.xx.2021-ci il tarixindən stajçı kimi işə qəbul olunduğunu və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X8 xx.xx.2021-ci il tarixli etirafedici izahatında xx.xx.2021-ci il tarixindən stajçı kimi işə qəbul olunduğunu və onunla əmək müqaviləsi bağlanmadığını bildirmişdir. X4 xx.xx.2021-ci il tarixli etirafedici izahatında xx.xx.2021-ci il tarixindən “redaktor” vəzifəsinə işə cəlb olunduğunu və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X1 xx.xx.2021 -ci il tarixli etirafedici izahatında xx.xx.2021-ci il tarixindən “redaktor” vəzifəsinə işə cəlb olunduğunu və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. Digər 6 nəfər fiziki şəxs də oxşar məzmunlu izahatlar verərək onlarla əmək və ya xidməti müqavilə bağlanmadığını etiraf etmiş, 1 nəfər fiziki şəxs isə heç bir əsas göstərmədən izahat verməkdən imtina etmiş və obyekti tərk etmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Bakı şəhər X29 üzrə Baş İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli **********6897 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın təsdiq edilmiş surəti; - 20.07.202-ci il tarixli cavabdehin etiraz məktubu; - cavabdeh orqan tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli DVX seriyalı 005336 nömrəli akın təsdiq edimiş surəti ; -“Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********8566 saylı qərarın təsdiq edilmiş surəri; - “Vergi ödəyiciləri üzrə hüquqi qüvvəyə minmiş əmək müqavilələri barədə” elektron sistemdən çıxarış. ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibatiprosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə, o cümlədən prosessual müddətə əməl etmişdir. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından və məhkəməyə təqdim edilmiş icraat materiallarından müəyyən olunur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X29 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********4856 nömrəli “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərara əsasən Vergi Məcəlləsinin 23, 41 və 50-ci maddələrini əsas tutaraq iddiaçıya məxsus olan (Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 14) ünvanında yerləşən obyektdə “Zamin əmlak”da (fəaliyyət növü: daşınmaz əmlakla aparılan əməliyyatlar üzrə agentliklərin fəaliyyət) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək operativ vergi nəzarəti keçirilmişdir. Həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə xx.xx.2021-ci il tarixdə KY211667095 nömrə ilə qeydə alınmış və yoxlamanın keçirilməsinin əsası kimi “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi üzrə Vergi Məcəlləsinin 50.1.3-cü maddəsi” və “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi, Vergi Məcəlləsinin 50.1.7-ci maddəsi) göstərilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli DVX seriyalı 005336 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktına əsasən iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 14 ünvanında yerləşən “Zamin əmlak”da operativ vergi yoxlaması zamanı işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb olunmuş 14 (on dörd) nəfər fiziki şəxsdən 13 (on üç) nəfərinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi müəyyən edilmiş, həmin aktın əlavəsinə əsasən 1.X13, 2.X9, 3.X23, 4.X15, 5.X6, 6.X10, 7.X5, 8.X28, 9.X24, 10.X11, 11.X17, 12.X31 və 13.X18 əmək müqaviləsi olmadan işlərə cəlb edilmiş şəxslər sırasında göstərilmişlər. Buna görə iddiaçıya Vergi Məcəlləsinin 58.10cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi tövsiyyə olunmuşdur. Aşkar edilmiş qanun pozuntusu ilə əlaqədar baş idarə tərəfindən tərtib edilmiş akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********6897 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə (fərdi sahibkar İddiaçı) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 13 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 26 000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. Tətbiq edilmiş maliyyə sanksiyasının (26000 manat məbləğin) xx.xx.2021 tarixədək büdcəyə ödənilməsi təmin edilməsi qərara alınmışdır. İddiaçı tərəfindən yazılmış izahatdan da görünür ki, xx.xx.2021-ci il tarixdə saat 15:15-də Dövlət Vergi Xidmətinin X29 üzrə Baş İdarəsi tərəfindən ona məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 14 ünvanında yerləşən “Zamin əmlak”da keçirilən operativ nəzarəti zamanı 13 nəfər fiziki şəxs əmək müqaviləsi və xidməti müqavilə bağlanmadan müxtəlif işlərə cəlb olunmasını özü etiraf etmiş və tərtib edilmiş akt vergi ödəyicisi tərəfindən imzalanaraq təsdiq etmişdir. Həmçinin, həmin şəxslərdən alınmış izahatlardan da aydın olur ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 14 ünvanında yerləşən “Zamin əmlak” adlı obyektdə onlarla əmək müqaviləsi və xidməti müqavilə bağlanmadan müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Cavabdeh vergi orqnı tərəfindən, vergi ödəyicisi tərəfindən işlərin(xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 12(on iki) nəfər fiziki şəxs və vergi ödəyicisinin yazılı izahatları alınmış, həmin şəxslər əmək və ya xidməti müqavilənin bağlanmadığını etiraf etmişdirlər. 1 nəfər fiziki şəxs isə heç bir əsas olmadan izahat verməkdən imtina etmişdir. Belə ki, X13 xx.xx.2021-ci il tarixli etirafedici izahatında xx.xx.2021-ci il tarixindən Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, ev 14 ünanında yerləşən obyektdə “satış meneceri” vəzifəsinə işə qəbul olunduğunu və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını qeyd etmişdir. X24 xx.xx.2021-ci il tarixli etirafedici izahatında xx.xx.2021-ci il tarixindən işə cəlb olunduğunu və sınaq müddətində olduğunu və onunla heç bir əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X14 xx.xx.2021-ci il tarixli etirafedici izahatında xx.xx.2021-ci il tarixindən stajçı kimi işə qəbul olunduğunu və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X9 xx.xx.2021-ci il tarixli etirafedici izahatında üç gündür ki, stajçı əmlak vasitəşisi kimi işə gəldiyini və onunla heç bir əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X11 xx.xx.2021-ci il tarixli etirafedici izahatında xx.xx.2021-ci ildən sınaqq müddətində olduğunu və onunla heç bir əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X23 xx.xx.2021-ci il tarixli etirafedici izahatında xx.xx.2021-ci il tarixindən stajçı kimi işə qəbul olunduğunu və onunla əmək müqaviləsi bağlanmadığını və heç bir sənədin surətinin ona təqdim edilməməsini bildirmişdir. X15 xx.xx.2021-ci il tarixli etirafedici izahatında xx.xx.2021-ci il tarixindən “redaktor” vəzifəsinə işə cəlb olunduğunu və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını və heç bir sənədin surətinin ona təqdim edilmədiyini bildirmişdir. X6 xx.xx.2021-ci il tarixli etirafedici izahatında xx.xx.2021-ci il tarixindən “redaktor” vəzifəsinə işə cəlb olunduğunu və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını və əmək müqaviləsi bildirişinin surətinin ona təqdim edilməməsini bildirmişdir. X10 xx.xx.2021-ci il tarixli etirafedici izahatında xx.xx.2021-ci il tarixindən “qeydiyyatçı” vəzifəsinə işə cəlb olunduğunu və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını və əmək müqaviləsi bildirişinin surətinin ona təqdim edilməməsini bildirmişdir. X31 xx.xx.2021-ci il tarixli etirafedici izahatında xx.xx.2021-ci il tarixindən “satış meneceri” vəzifəsinə işə cəlb olunduğunu və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını və əmək müqaviləsi bildirişinin surətinin ona təqdim edilməməsini bildirmişdir. X5 xx.xx.2021-ci il tarixli etirafedici izahatında 15 gündür “vasitəçi” vəzifəsinə işə cəlb olunduğunu və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını və əmək müqaviləsi bildirişinin surətinin ona təqdim edilməməsini bildirmişdir. X28 xx.xx.2021-ci il tarixli etirafedici izahatında xx.xx.2021-ci il tarixindən “satış meneceri” vəzifəsinə işə cəlb olunduğunu və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını və əmək müqaviləsi bildirişinin surətinin ona təqdim edilməməsini bildirmişdir. X19 isə izahat vermədən obyekti tərk etmişdir. Cavabdeh vergi orqanı tərəfindən təqdim edilmiş və icraat materiallarına əlavə edilmiş, “Vergi ödəyiciləri üzrə hüquqi qüvvəyə minmiş əmək müqavilələri barədə” elektron sistemdən çıxarışıdan görünür ki, X19 ilə iddiaçı arasında bağlanılmış əmək müqaviləsi bildirişi xx.xx.2022-ci il saat 20:05 olaraq qeydə alınmışdır. Aparılan məhkəmə araşdırmaları nəticəsində müəyyən olunmuşdur ki, iddiaçıya məxsus obyektdə keçirilmiş operativ vergi nəzarəti zamanı əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb olunmuş və cavabdeh vergi orqanı tərəfindən izahatları alınmış 12 (on iki) nəfər fiziki şəxs əmək müqaviləsi bağlamadan, vergi ödəyicisi olaraq qeydiyyatdan keçmədən iddiaçıya məxsus obyektdə işlədiklərini öz etirafedici izafatları ilə təsdiq etmişlər. Məhkəmə qeyd edir ki, iddiaçı ilə X19 arasında operativ vergi nəzarətinin keçirilməsindən bir müddət keçdikdən sonra əmək müqaviləsi bağlanması, eləcə də iddiaçının yoxlamaya təqdim etdiyi etirafedici izahatlarında həmin şəxsin iddiaçının işçisi olması faktını mübahisəsiz olaraq sübut edir. Göründüyü kimi, cavabdehin qəbul etdiyi qərar üçün əsas olan faktiki şərtlər 13 nəfərə münasibətdə mövcud olmuş, beləliklə də, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan kimi cavabdeh tərəfindən həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir. Vergi ödəyicisi yoxlama zamanı izahat vermiş, işçilərlə əmək müqaviləsi və xidməti müqavilə olmadan işlərə cəlb olunmasını etiraf etmişdir. Məhkəmə prosesi gedişində də iddiaçı tərəf həmin dəlilləri təkzib edə biləcək hər hansı sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan işçilər faktiki olaraq işə cəlb edilmiş və iddiaçı olan vergi ödəyicisi tərəfindən onlara əmək haqqı ödənilmiş, konkret olaraq bu əmək haqları ilə bağlı məlumat müvafiq dövlət qurumlarından gizlədilmiş, yalnız yoxlama zamanı müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, qeyri-məşğulluğun aradan qaldırılması məqsədilə əmək müqaviləsinin bağlanması işəgötürənlərin başlıca vəzifələrindən biridir. Əmək haqlarının leqallaşdırılması ilk növbədə şəffaflıq prinsiplərinin və işçilərin sosial maraqlarının təmin olunmasına yönəldilmişdir. İşçilər işəgötürən tərəfindən əmək müqaviləsi bağlanmadan onlara ödənilən əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Bundan əlavə, həmin işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin tam həcmdə ödənilməməsi kimi neqativ hallarla rastlaşır və ən əsası gələcəkdə layiqli pensiya təminatından məhrum olurlar. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışa əsasən vergi orqanının keçirdiyi operativ vergi nəzarəti tədbiri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixli KY211667095 nömrə ilə qeydiyyata alınmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, operativ vergi nəzarəti tədbiri hər hansı qanun pozuntusu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: - 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. - 24.0.1-ci və 24.0.2-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. - 50.1-ci maddəsinə əsasən Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: - 50.3-ci maddəsinə əsasən Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. - 50.4-ci maddəsinə əsasən Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. - 50.5-ci maddəsinə əsasən Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. -50.6-ci maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. -50.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. - 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. - 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarətini həyata keçirirlər. - 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar - kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. VM-in 58.10-cu maddəsində qeyd olunan vergi hüquq pozuntusu formal tərkibli olduğundan, həmin əmələ görə vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiqi vergidən yayınma faktının baş verməsi ilə şərtləndirilə bilməz. Başqa sözlə, sözügedən maddədə təsvir olunan vergi hüquq pozuntusu üçün hər hansı bir maddi nəticənin baş verməsi ilə şərtləndirilməmişdir. VM-in 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. Bu zaman, əməlin həmin norma ilə tövsif olunması üçün cəlb edilən işçinin işləri (xidmətləri) hansı müddətdə yerinə yetirdiyinin də əhəmiyyəti yoxdur. Başqa sözlə, vergi ödəyicisi sözügedən maddədə təsvir edilən əməli törətməklə artıq işçinin gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaratmış olur və bu əməlinə görə hər bir işçi üçün 2000 manat məbləğində maliyyə sanksiyasının tətbiqinə məruz qalır. Eyni zamanda qeyd edilməlidir ki, Vergi Məcəlləsində göstərilən əmələ görə tətbiq olunan maliyyə sanksiyasının məbləği dəqiqdir, dəyişilməzdir, aşağı və ya yuxarı həddi qanunla müəyyən edilməmişdir. Beləliklə, yuxarıda sadalanan maddələrin tələbləri baxımından, vergi orqanı müəyyən məsələlər üzrə, o cümlədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsi ilə bağlı əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməsinin yoxlanılması məqsədilə operativ vergi nəzarətini həyata keçirmək hüququna malikdir. Bu məqsədlə vergi orqanı müvafiq qərar qəbul etməlidir. Daha sonra yoxlamanın nəticələrinə dair müvafiq akt tərtib edilməlidir. Əmək qanunvericiliyin tələblərinin pozuntusu müəyyən edildiyi təqdirdə, vergi orqanı vergi ödəyicisi kimi işəgötürənə münasibətdə müvafiq maliyyə sanksiyasını tətbiq etməlidir. Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minməsi ilə məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə əsasən, əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci bəndinə əsasən, (...) əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 3-cü maddəsinin 5.1-ci bəndinə əsasən, əmək müqaviləsi bildirişi- (...) əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci bəndinin “h” yarımbəndinə əsasən, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (...) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən, (...) əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Sadalanmış maddələrin mənasından isə məlum olur ki, əmək müqaviləsi işəgötürənlə işçi arasında bağlansa da, lakin həmin müqavilə müvafiq elektron informasiya sistemində qeydiyyatdan keçdikdən və bu barədə məlumat olduqdan sonra qüvvəyə minir. Elektron informasiya sistemində əmək müqaviləsinin qeydiyyatdan keçirilməsi isə işəgötürənin vəzifəsi kimi müəyyən olunmuşdur. Belə olan halda, hazırkı iş üzrə 13(on üç) nəfər fiziki şəxsin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunur, belə ki, işçi ilə bağlanmış müqavilənin elektron informasiya sisteminə daxil edilib-edilməməsi cavabdeh tərəfindən yoxlanılmış, həmin 13 (on üç) nəfər barəsində elektron informasiya sistemində məlumat aşkar edilməmişdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə görə inzibati orqan fiziki və ya hüquqi şəxslərin ərizəsi, özünün təşəbbüsü, habelə inzibati aktdan şikayət verildiyi halda inzibati icraata başlamalı (28-ci maddə), bu barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli (21-ci maddə), maraqlı şəxsi inzibati icraat materialları ilə tanış etməli (38-ci maddə), yazılı formada qəbul edilmiş inzibati aktı əsaslandırmalı (61-ci maddə), inzibati aktda həmin akta qarşı mümkün müdafiə vasitələrini əks etdirməlidir. Həmin Qanunun 61-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Həmin Qanunun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 45.1-ci maddəsinin tələblərinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Həmin Qanunun 45.2.3-cü maddəsinə əsasən şahid ifadələri inzibati icraat zamanı inzibati orqan tərəfindən sübutetmə vasitəsi hesab olunur. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının tələblərinin pozulması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından mübahisələndirilən inzibati akt əsaslıdır və ləğv oluna bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X29 üzrə Baş İdarəsinə qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin X29 üzrə Baş İdarəsinin "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2021-ci il tarixli **********6897 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsinə dair iddia tələbi təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 70, 75,81 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar