Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5451/2022 29.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı3 iştirakı ilə, iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən evə pasport qeydiyyatına alınmaları vəzifəsinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin 175 nömrəli, 15 aprel 2003-cü il tarixli sərəncamı ilə Səbail rayonu, 20-ci sahə Nemanzadə küçəsində 200 kv. metr torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vət. O.B.Əliyevanın mülkiyyətinə verilmişdir. 2008-ci il tarixdə X4 özü üçün ayrılmış torpaq sahəsinin ona satılmasına qərara almışdır. O, pulunu ödəməklə Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi, ö/t 78 “T” №li evi almışdır və həmin vaxtdan da mənzilə aid kommunal xərclərini ödəməklə ailə üzvləri ilə birlikdə yaşayır. X3 yuxarıda qeyd olunun torpaq sahəsinə görə vergi ödəyicisi kimi uçota alınmışdır. Onlar - İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 ünvan 3 ünvanında yerləşən evdə xx.xx.2002-ci il tarixdən birlikdə yaşayırlar. 2008-ci il tarixdən hazırki vaxtadək, Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi, ö/t ev 28 T-də yerləşən evdə yaşamalarının nəzərə alınaraq hesab edirlər ki, onlar həmin evə pasport qeydiyyatına alınmadırlar. Həmin fərdi yaşayış evinə qeydiyyata alınmaları üçün Sabunçu Rayon Polis İdarəsinə müraciət etmişlər, lakin polis idarəsi tərəfindən vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınmasına imtina edilmiş və bu məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin iddia tələbinə dair yazılı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iclaslarının (hazırlıq və şifahi məhkəmə baxışı) yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Cavabdeh inzibati orqan məhkəməyə müraciət edərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İPM-nin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən inzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. İddiaçı3 məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçın izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1968-ci ildə Naxçıvan MR, Şərur rayonunda doğulmuş İddiaçı4 Bakı şəhəri, Səbail rayonu, ünvan 4 ünvanında qeydiyyatdadır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1997-ci ildə Naxçıvan MR, Şərur rayonunda doğulmuş İddiaçı1 Bakı şəhəri, Səbail rayonu, ünvan 4 ünvanında qeydiyyatdadır. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1975-ci ildə Ermənistan Respublikası, Masis rayonunda doğulmuş İddiaçı3 Bakı şəhəri, Səbail rayonu, ünvan 4 ünvanında qeydiyyatdadır. AZE seriyalı 01255593 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1956-cı ildə Bakı şəhərində doğulmuş X4 ünvan 5 ünvanında qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1995-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı2 Bakı şəhəri, Səbail rayonu, ünvan 4 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ 037511 nömrəli xx.xx.2001-ci il tarixli “nikahın bağlanması haqqında şəhadətnamə”dən görünür ki, İddiaçı4alı oğlu ilə İddiaçı3 arasında 21 dekabr 2001-ci ildə nikah bağlanmışdır. Bakı Şəhəri Səbail Bələdiyyəsinin 175 nömrəli, xx.xx.2003-cü il tarixli “bələdiyyə mülkiyyətində olan 200 kv. metr torpaq sahəsinin alqı-satqı qaydasında vət. O.B.Əliyevanın mülkiyyətinə verilməsi barədə” sərəncamından görünür ki, Səbail rayonu, 20-ci sahə Nemanzadə küçəsində 200 kv. metr torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vət. O.B.Əliyevanın mülkiyyətinə verilmişdir. Torpaqların alqı-satqısına dair xx.xx.2003-cü il tarixli, 175 nömrəli aktdan görünür ki, Səbail rayon bələdiyyəsinin ərazisində yerləşən və bələdiyyəyə məxsus 200 kv. metr torpaq sahəsi haqqı ödənilməklə X1. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfat Departamentinin 3 saylı XTMKTB-nin 149 saylı Mənzil Kommunal İstismar Sahəsinin 3143 nömrəli, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 ünvan 7 ünvanında qeydiyyatsız yaşayırlar. Hazırkı tələblə bağlı iddiaçının ərizəsinə Bakı şəhər Səbail rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 065-26325H-3221 №li cavab məktubunda qeyd edilmişdir ki, onun və ailə üzvlərinin ünvan 9 ünvanına qeydiyyata alınmaları ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşadığıları ünvana mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi, order, kirayə və icarə müqaviləsi, eləcədə qanunverivilikdə nəzərdə tutulan digər sənədləri təqdim etməklə qeydiyyat həyata keçirilə bilər. Qeyd olunan sənədlər təqdim edilmədiyi halda məhkəmə orqanlarına mürəciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmənin müvafiq sorğularına cavab olaraq: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 018-7636-1222 saylı məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi ö/t ev 78 T ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxs müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********39 saylı məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi, 78T saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onların hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçılar hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia əsassızdır. Belə ki, iddianın hüquqi əsası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Qeyd olunan Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” anlamında “yaşayış yeri” dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qaunvericilikdə qeyd edilən əsaslarla “yaşadığı yer” başa düşülməlidir. Həmin Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Bu müddəalardan göründüyü kimi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Qeydiyyata almanın məhdudlaşdırılması halları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsində dəqiq göstərilmişdir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Qanunvericilik normasının tələbindən də göründüyü kimi iddiaçıların qeydiyyata düşmək istədikləri Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi ö/t ev 78 T ünvanında yerləşən fərdi yaşayış evinə dair heç bir hüquqmüəyyənedici sənədi olmadığına görə, hazırkı vəziyyətdə cavabdeh inzibati orqanın imtinası yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə uyğun hesab edilir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar- İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi ö/t ev 78 T ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5451/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5451/2022
29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver