Məhkəmə qərarları › İş №2-1(112)-5452/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5452/2023

09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5452/2023 09.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərsutikinti ASC-yə qarşı “vəzifədən azad edilməsinin təsdiq olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək Azərsutikinti ASC “X2 Tikinti” törəmə müəssisəsinin müdiri vəzifəsindən azad edilməsinin təsdiq olunması vəzifəsinin cavabdeh Azərsutikinti ASC-nin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, o, 2005-ci ildə Azərsu Tikinti ASC-nin “X2 Tikinti” törəmə müəssisəsinə müdir təyin olunmuşdur. 2012-ci ilə qədər həmin müəssisənin rəhbəri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 2012-ci il 24 avqust tarixli 252 bsaylı Sərəncamına əsasən “X2 Tikinti” törəmə müəssisəsi ləğv olunaraq Azərsu Tikinti ASC-yə qoşulmuş və “X2 Tikinti” törəmə müəssisəsinin hüquqi varisi Azərsu Tikinti ASC müəyyən edilmişdir. Yuxarıda göstərdiyi sərəncama əsasən “X2 Tikinti” törəmə müəssisəsinin bütün işçiləri, başda iddiaçı müdir İddiaçı olmaqla vəzifəsindən azad edilmişdir. Sonradan Azərsu Tikinti ASC-nin daxili əmri ilə müəssisənin bütün hüquqi sənədləri möhürü, ştampı və tərkibində olan 4 tikinti müəssisəsinin bütün əmlakları Azərsu Tikinti ASC-yə təhvil verilmişdir. Həmin vaxtdan sonra iddiaçı Azərsu Tikinti ASC-dən dəfələrlə müraciətinə baxmayaraq əmək kitabçasını və işdən çıxmağı barədə əmrini ala bilməmişdir. Buna görə də o, həmin dövrdən bu günə qədər heç bir yerdə işə düzələ bilmir. Qeyd edir ki, ali təhsillidir, Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitunun Mülki və Sənaye Tikintisi fakültəsini bitirmişdir. Tikinti sahəsində Azərbaycan Respublikasında kifayət qədər tanınmışdır. Ancaq bunlara baxmayaraq o Azərsu Tikinti ASC-də işdən çıxarılma əmrini və əmək kitabçasını ala bilmədiyinə görə heç bir yerdə işə düzələ bilmir. Həmçinin onu da bildirir ki, hətta müəssisəsinin başqa bir müəssisəyə borclu olması barədə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)-1100/2010 saylı xx.xx.2010-cu il tarixli qətnaməsinin icrası vaxtı Binəqədi rayon İcra şöbəsinin icra məmuru X1 rayon Məhkəməsinə onun barəsində verdiyi xx.xx.2014-cü il tarixli təqdimata məhkəmədə baxılarkən onların təqdim etdiyi sənədlər əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 24 avqust 2012-ci il tarixli 252 nömrəli sərəncamına əsasən “X2 Tikinti” törəmə müəssisəsinin Azərsu Tikinti ASC-yə qoşulması müəssisənin hüquqi varisi Azərsu Tikinti ASC müəyyən edilməsi və onun həmin sərəncamla işdən azad olunmağı barədə qərardad da öz əksini tapmışdır.

3. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında tərəflər iştirak etmir.

II. İddianın mümkünlüyü

4. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. 17.Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

5. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Cavabdeh ASC və inzibati orqan kimi müəyyən olunmur.

6. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir. Belə ki, hazırkı mübahisə inzibati orqan olmayan hüquqi şəxslə iddiaçı arasında arasındakı əmək münasibətlərindən irəli gəlir.

7. Odur ki, iddiaçıya hüquqi marağına uyğun olaraq əmək müqaviləsinin ləğv edilməsi tələbi və ya əmək müqaviləsinin ləğv edilməsi faktının müəyyən edilməsinə dair ərizə ilə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunur.

8. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. Odur ki, iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, iddiaçı ona maddi və mənəvi zərər vurulduğunu hesab etdiyi təqdirdə, mülki məhkəmə icraatı qaydasında iddia qaldıra bilər.

9. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

10. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar