Məhkəmə qərarları › İş №2-1(112)-5453/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5453/2022

11.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5453/2022 11.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 27.000 (iyirmi yeddi min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, 2013-2018-ci illərdə əmək bazarının miminum əmək haqqının 250 (iki yüz əlli) manat olmasının nəzərə alınmaqla, 15.000 (250 manat x 60 ay) (on beş min) manatın; 2021-ci ildə işlədiyi zaman 620 manat əmək haqqı almasının və 17 ay işsizliyinin nəzərə alınaraq, 10.540 (17 ay x 620 manat) (on min beş yüz qırx) manatın və səhhətinə dəyən ziyanın da əlavə olunmaqla, 27.000 (iyirmi yeddi min) manat dəyərində ona dəymiş ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1996-cı ildə Bakı şəhərində doğulmuşdur. 30 aprel 2021-ci il tarixdə Sabunçu rayon Hərbi Komissarlığı vasitəsilə hərbi xidmətə göndərilmişdir. Gəncə şəhəri N saylı hərbi hissədə xidmətini edərək, xx.xx.2021-ci il tarixdə təxris olunmuşdur. Hərbi xidmətə getməzdən öncə sağlamlığında heç bir narahatçılıq olmamışdır. Hərbi xidmət zamanı sağlamlığında bəzi narahatçılıqlar olmaqla yanaşı, ürəyində mıtraqapaq çatışmamazlığı yaranmışdır. 2018-ci ildə ona rəy verilmişdir ki, hərbi xidmətə yararsızdır. Hazırda sağlamlığında olan narahatçılıqlarla əlaqədar müayinə və müalicə tələb olunur. Hərbi xidmət zamanı sağlamlığında yaranan narahatçılıqlarla əlaqədar müayinə və müalicə olunmağına görə 27.000 manat məbləğində ona kompensasiya verilməsi üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişdir. xx.xx.2021ci il tarixdə müraciətinə cavab bildirilmişdir ki, o, hərbi xidmət keçərkən “Xəstəliklər cədvəli” nin İİ qrafasının 42 “c” və 17 “c” maddələri ilə “dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilərək, xx.xx.2021-ci il tarixdə Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. Xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyən edilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığorta olunan və ya onun vərəsələrinə sığorta ödənişləri Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən həyata keçirilir. Bu səbəbdən aidiyyəti üzrə müraciət etməsi məqsədəuyğundur. Müayinə və müalicələrlə bağlı göndərişin verilməsi üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinə müraciət olunması tövsiyyə olunmuşdur. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunaraq iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsi ilə əvəz edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsi tərəfindən iddiaya dair yazılı münasibət məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinin nümayəndəsi X4 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, hərbi vəzifəlilərin hərbi xidmətə yararlılıq dərəcəsi “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə uyğun olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin struktur bölmələrinin hərbihəkim komissiyaları tərəfindən müəyyən edilir. Müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. İddiaçı xx.xx.2021ci il tarixdə təkrar şəhadətləndirilməyə cəlb edilərkən əlavə tibbi müayinələrə göndərilmiş və təyin olunmuş diaqnozlara əsasən “sıradankənar həqiqi hərbi xidmətə yararlı” hesab edilmişdir. Hərbi- həkim komissiyası tərəfindən verilmiş qərar təsdiq olunması üçün Xidmətin Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilmişdir. Xidmətin MHHK tərəfindən qüvvədə olan “Xəstəliklər cədvəli”nin 54”b” maddəsinə əsasən (A-3 məhdudiyyət dərəcəsi ilə) “müddətli həqiqi hərbi xidmətə yararlı” hesab edilmiş və xx.xx.2021-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Hərbi xidmət dövründə Müdafiə Nazirliyinin MHHK tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin “Xəstəliklər cədvəli”nin 42”c”,17”ç” maddələri ilə xəstəliyə görə xx.xx.2021-ci tarixdə ehtiyata buraxılmış və xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyən edilmişdir (əsas: MN MHHK-nın xx.xx.2021-ci il tarixli 18282 nömrəli xəstəlik haqqında şəhadətnaməsi). Nümayəndə qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki iddiа təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: iddiaçıya məxsus AA******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olnur ki, xx.xx.1996-cı il təvəllüdlü İddiaçı Bakı şəhərində doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. SX seriyalı, ******* №-li hərbi biletin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.2021-ci il tarixdə xəstəliyə görə ehtiyata buraxılmışdır. Məhkəmənin müvafiq sorğularına cavab olaraq məhkəməyə təqdim olunmuş; - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon Şöbəsinin 1080 №-li, xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı müayinədən keçirilməsi üçün Sabunçu rayon çağırış komissiyası tərəfindən “X1”na xx.xx.2021-ci il tarixdə 583 nömrəli göndəriş verilmişdir. Qeyd olunan xəstəxanadan daxil olmuş “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na əsasən (Diaqnoz: Ürək damar sistemində patoloji dəyişiklik yoxdur) Sabunçu rayon çağırış komissiyasının qərarı ilə “Sıradankənan hərbi xidmətə yararlı” hesab olunmuş və aprel 2021-ci il tarixdə tibbi şəhadətləndirilməsi üçün şəxsi işi ilə SHXÇDX-nin Mərkəzi Hərbi Həkim Komissiyasına təqdim olunmuşdur. Verilmiş qərarın uyğunluğu Xidmətin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiq olunmuş və Xidmət rəisinin sərəcamına əsasən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə təyin edilərək, xx.xx.2021-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 11/2067 №-li, xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş 777 №-li Hərbi Hissə Komandirinin aşağıda qeyd olunan: 125 №-li, xx.xx.2021-ci il tarixli əmrindən çıxarışdan müəyyən olunur ki, xx.xx.1996cı il təvəllüdlü, azərbaycanlı, orta təhsilli, xx.xx.2021-ci il tarixdə Sabunçu rayon idarəsindən çağırılmış İddiaçı, Təlim divizionu, Təlim divizionunun 3-cü təlim batareyası (tuşlayıcıların (120 mm minaatanlar) hazırlığı üzrə), 3-cü təlim taqımı, 4-cü təlim manqası dəyişən heyətinə 29 aprel 2021-ci il tarixindən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilməsi, “əsgər” hərbi rütbəsi verilməsi və ümumqoşun hazırlığı keçmək üçün təlim taborların dəyişən heyətin siyahısına daxil edilməsi əmr edilmişdir; 163 №-li, xx.xx.2021-ci il tarixli əmrindən çıxarışdan müəyyən olunur ki, təlim divizionun 3-cü batereyasının 3-cü taqımının 4-cü manqasının dəyişən heyətinin əsgəri İddiaçı 07 iyun 2021-ci il tarixdə Silahlı Qüvvələrin Baş Kliniki Hospitalına müalicəyə getmiş hesab olunmuşdur. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 08 iyun 2021-ci il tarixdən qazan təminatından çıxarılmışdır; 167 №-li, xx.xx.2021-ci il tarixli əmrindən çıxarışdan müəyyən olunur ki, təlim divizionun 3-cü batereyasının 3-cü taqımının 4-cü manqasının dəyişən heyətinin əsgəri İddiaçı 11 iyun 2021-ci il tarixdə Silahlı Qüvvələrin Baş Kliniki Hospitalına müalicəyə getmiş hesab olunmuşdur. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 12 iyun 2021-ci il tarixdən qazan təminatından çıxarılmışdır; 170 №-li, xx.xx.2021-ci il tarixli əmrindən çıxarışdan müəyyən olunur ki, təlim divizionun 3-cü batereyasının 3-cü taqımının 4-cü manqasının dəyişən heyətinin əsgəri İddiaçı 14 iyun 2021-ci il tarixdə Silahlı Qüvvələrin Baş Kliniki Hospitalına müalicəyə getmiş hesab olunmuşdur. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 15 iyun 2021-ci il tarixdən qazan təminatından çıxarılmışdı; 175 №-li, 19 iyun 2021-ci il tarixli əmrindən çıxarışın surətindən müəyyən olunur ki, təlim divizionun 3-cü batereyasının 3-cü taqımının 4-cü manqasının dəyişən heyətinin əsgəri İddiaçı 19 iyun 2021-ci il tarixdə müalicədən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab olunmuşdur. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 20 iyun 2021ci il tarixdən qazan təminatına qoyulmuşdur; 184 №-li, xx.xx.2021-ci il əmrindən çıxarışın surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 036 nömrəli və xx.xx.2021-ci il tarixli 044 nömrəli sərəncamlarına əsasən digər hərbi hissələrə köçürülmüş əsgər İddiaçı, təlim divizionunun 3-cü təlim batereyasının (tuşlayıcıların (120 mm minaatanlar) hazırlığı üzrə) 3-cü təlim taqımının 4-cü təlim manqasının dəyişən heyəti, 27 iyun 2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmiş hesab edilmişdir. Azərbaycan Republikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İddiaçı ünvanladığı K/4749 №-li, xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, o, hərbi xidmət keçərkən “Xəstəliklər cədvəli”nin İİ qrafasının 42 ”c” və 17 ”c” maddələri ilə “dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilərək, xx.xx.2021-ci il tarixdə Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. Xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyən edilmişdir (əsas: MN MHHK-nın xx.xx.2021-ci il tarixli 18282 nömrəli xəstəlik haqqında şəhadətnaməsi). “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığorta olunan və ya onun vərəsələrinə sığorta ödənişləri Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən həyata keçirilir. Bu səbəbdən aidiyyəti üzrə müraciət etməsinin məqsədəuyğun olduğu, müayinə və müalicə ilə bağlı göndərişin verilməsi üçün Xidmətin Sabunçu rayon idarəsi ilə əlaqə saxlaya biləğəyi bildirilmişdir. İddiaçının hazırki tələbinə Azərbaycan Republikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin K/2328 №-li, xx.xx.2022-ci il tarixli məktubu ilə cavab verilərək bildirilmişdir ki, hərbi vəzifəlilərin hərbi xidmətə yararlılıq dərəcəsi “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə uyğun olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin struktur bölmələrinin hərbi-həkim komissiyaları tərəfindən müəyyən edilir. Müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. Araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixdə təkrar şəhadətləndirilməyə cəlb edilərkən əlavə tibbi müayinələrə göndərilmiş və təyin olunmuş diaqnozlara əsasən “sıradankənar həqiqi hərbi xidmətə yararlı” hesab edilmişdir. Hərbi- həkim komissiyası tərəfindən verilmiş qərar təsdiq olunması üçün Xidmətin Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilmişdir. Xidmətin MHHK tərəfindən qüvvədə olan “Xəstəliklər cədvəli”nin 54 “b” maddəsinə əsasən (A-3 məhdudiyyət dərəcəsi ilə) “müddətli həqiqi hərbi xidmətə yararlı” hesab edilmiş və xx.xx.2021-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Hərbi xidmət dövründə Müdafiə Nazirliyinin MHHK tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin “Xəstəliklər cədvəli”nin 42 “c”, 17 “ç” maddələri ilə xəstəliyə görə xx.xx.2021-ci tarixdə ehtiyata buraxılmış və xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyən edilmişdir (əsas: MN MHHK-nın xx.xx.2021-ci il tarixli 18282 nömrəli xəstəlik haqqında şəhadətnaməsi). Qeyd etdiyi maddi təzminatın hazırda tərəfindən ödənilməsi nəzərdə tutulmamışdır. İddia mümkündür. İPM-nin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı cavabdehin hərəkətləri nəticəsində əldən çıxmış faydanın və səhhətinə vurulmuş ziyanın ödənilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə ona kompensasiya ödənilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçının hazırki tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ vardır. Belə ki, hazırda iddiaçı cavabdeh inzibati orqandan əldən çıxmış faydanın (işsiz qaldığı dövr və işlədiyi dövr üçün ödənilməli olan əmək haqlarına görə) və səhhətinə vurulmuş ziyanın tutulmasını tələb edir. İddianın mahiyyətinə gəldikdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı cavabdehin hərəkətləri nəticəsində iddiaçıya zərər vurulması müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 76cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: - İlkin hərbi qeydiyyata alınan, müddətli həqiqi hərbi xidmətə çağırılan və ehtiyatdan həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir. Zabit hərbi rütbəsi verilməklə ehtiyata götürülmüş vətəndaşlar hərbi xidmətə çağırılarkən, şəhadətləndirilmənin təşkili rayon, şəhər (rayon bölgüsü olmayan) hərbi komissarına həvalə olunur (bənd 2.1). - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin göndərişinə əsasən vətəndaşlar şəhadətləndirilməyə qədər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müəyyən etdiyi qaydada və həcmdə məcburi diaqnostik müayinələrdən keçirlər (2.4-cü bənd); - İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsini cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq dermato-veneroloq, psixoloq və zərurət olduqda, bu bəndin ikinci abzasında müəyyən edilmiş qaydada digər ixtisaslardan olan həkim-mütəxəssislər keçirirlər. Dövlət tibb müəssisələrinin rəhbərləri ilə razılaşdırılmış həkim-mütəxəssislərin və orta tibb işçilərinin fərdi tərkibini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə razılaşdırmaqla təsdiq edir (2.5-ci bənd); - İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A) hərbi xidmətə yararlıdır; B) sıradankənar hərbi xidmətə yararlıdır; C) sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç) hərbi xidmətə müvəqqəti yararsızdır;D) həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün “Xəstəliklər cədvəli”nə və ƏTC-yə müvafiq olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir. Həkim-mütəxəssisin rəyinin rəsmiləşdirilməsi qaydası Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir (2.6-cı maddə); - Sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırılmalı olmayan vətəndaşların hərbi xidmətə çağırılması hallarını istisna etmək məqsədi ilə, hərbi xidmətə çağırılmış vətəndaşlar bilavasitə xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışdan keçirlər.Hərbi xidmətə çağırılmış vətəndaşların xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışının təşkili, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan azad edilmiş və ya möhlət almış vətəndaşların, habelə şəhadətləndirilmənin nəticələrinə görə onların barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında çıxarılmış qərarlarla razı olmadıqlarını bildirən vətəndaşların nəzarət qaydasında şəhadətləndirilmələrinin təşkili Mərkəzi Çağırış Komissiyasına həvalə olunur.rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan azad edilmiş və ya möhlət almış vətəndaşların nəzarət qaydasında şəhadətləndirilməsi onların Mərkəzi Çağırış Komissiyasına təqdim edilmiş şəxsi işlərin və tibbi sənədlərin öyrənilməsi əsasında qiyabi keçirilir. Mərkəzi Çağırış Komissiyasının əsaslandırılmış qərarı ilə nəzarət qaydasında şəhadətləndirilmə əyani keçirilir. Tibbi baxış və nəzarət qaydasında şəhadətləndirilmə Mərkəzi Çağırış Komissiyasının qərarı ilə cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq və zərurət olduqda, digər ixtisaslardan olan həkim-mütəxəssislər tərəfindən həyata keçirilir.Xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxış və ya nəzarət qaydasında şəhadətləndirilmə zamanı vətəndaşın sağlamlıq vəziyyətində onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişə biləcək faktlar aşkar edildikdə, Mərkəzi Çağırış Komissiyası rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının müvafiq qərarını ləğv edir, bu barədə vətəndaşa və qərarı ləğv edilmiş komissiyaya məlumat verir. Nəzarət qaydasında şəhadətləndirilmənin təşkili və keçirilməsi qaydalarını Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müəyyən edir (2.11-ci bənd). - 8.2-ci bəndinə əsasən hərbi toplanışa çağırılan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda hərbi xidmətə könüllü daxil olan, hərbi liseylərə, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olan, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı “Xəstəliklər cədvəli”nin qrafalarının tətbiqi qaydaları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. - 8.3-cü bəndində əsasən “Xəstəliklər cədvəli”ndə hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları nəzərdə tutulmuşdur: “A”-hərbi xidmətə yararlıdır; “B”sıradankənar hərbi xidmətə yararlıdır; “C”-sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; “Ç”-hərbi xidmətə müvəqqəti yararsızdır; “D”-həm dinc dövrdə, həm də müharibə dövründə, hərbi xidmətə yararsızdır. Həqiqi hərbi xidmətə çağırılanların və müqavilə (kontrakt) üzrə hərbi xidmətə daxil olanların tibbi müayinədən və şəhadətləndirilmədən keçib, hərbi qulluğa yararlıq, yaxud çağırışın təxirə salınması, ondan azad olunmaq üçün tibbi göstərişlər və əks-göstərişlər haqqında tam məlumat almaq hüququ vardır. Hərbi qulluqçuların, hərbi-həkim komissiyasının rəyi ilə razılaşmadıqda qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ vardır (maddə 13.2). Beləliklə qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının hərbi-həkim komissiyasının rəyi (rəyləri) ilə razılaşmadıqda qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ olduğu halda, o, bu hüququndan istifadə etməmiş və yalnız xx.xx.2021-ci il tarixdə Silahlı Qüvvələrdən ehtiyata buraxıldıqdan sonra hazırki iddia ərizəsi məhkəməyə müraciət etmişdir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar