Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5457/2021 25.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:
1. İddiaçı (bundan sonra – İddiaçı) 12.02.2021-ci il tarixdə ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmiş, Cavabdeh İddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********9 nömrəli, 11.03.2021-ci il tarixli cavab məktubunda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyini bildirmişdir.
2. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 01.09.1983-cü il tarixdən 19 iyul 1986-cı il tarixədək Azərbaycan SSR X5 Təhsili Komitəsinin Sumqayıt şəhər 41 nömrəli orta texniki peşə məktəbində təhsil aldığı dövrü və “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodu tərəfindən verilmiş 03 iyul 2020-ci il tarixli 72 saylı arayış nəzərə alınmaqla 52 yaşdan, yəni 24 may 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırılması
3. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, müxtəlif vəzifələrdə çalışmaqla 01.01.2006-cı il tarixədək olan müddət üçün ümumilikdə 20 ildən artıq sosial sığorta stajı var və bu müddətin 16 il 11 ay 16 gününü güzəştli şərtlərlə pensiya hüququ verən əmək şəraitində işləmişdir. Onun əmək fəaliyyətinin çox hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın (bundan sonra - 1 nömrəli Siyahı) təsiri altına düşdüyündən onun pensiya təyinatı həmin Siyahıya istinad edilməklə aparılmalıdır.
4. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında hazırda iddiaçıya münasibətdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddinin qanunvericiliyə uyğun olaraq 58200,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi 42578,43 manat təşkil etdiyini bildirmiş, buna görə də iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi və vəkili X2 iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbədar edilməsinə baxmayaraq, Cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi
7. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
8. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
9. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.
10. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, 1 nömrəli Siyahısı üzrə kişilərə 52 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxslərin 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 10 ildən, ümumi stajı 20 ildən az olmamalıdır.
11. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sənədlərə (AZE Seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin, AON ******* nömrəli hərbi biletin, 602996 nömrəli təhsil haqqında diplomun və 03.06.2021-ci il tarixli arxiv arayışının, ИТ-l ******* nömrəli əmək kitabçasının surətləri) əsasən iddiaçı xx.xx.1968-ci il tarixdə anadan olmuş, 01.09.1983-cü il tarixdən 19.07.1986-cı il tarixədək Sumqayıt şəhər 41 nömrəli orta texniki peşə məktəbində təhsil almış, 18.08.1986-cı ildən 19.11.1986-cı ilədək təmir-mexaniki sexində çilingər işləmiş, 03.12.1986-23.11.1988-ci illərdə hərbi xidmətdə olmuşdur. 16.01.1989-cu il tarixdən hal-hazıradək “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunun (hazırki “Etilen-Polietilen” zavodu) mexaniki təmir sexində təmirçi çilingər vəzifəsində işləyir.
12. İddiaçının hərbi xidmətdə olduğu və təhsil aldığı dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. Buna görə də həmin dövrlər də ümumi iş stajı hesablanarkən nəzərə alınmalıdır. Çünki bu hüquq iddiaçı tərəfindən artıq qazanılmışdır. 13.Beləliklə, iş materiallarına əsasən İddiaçının 2006-cı ilin yanvarın 1-dək 22 il 28 gün ümumi iş stajının olduğu müəyyən olunur.
14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.
15. İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Bu arayışda İddiaçının çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması konkret olaraq göstərilmişdir, sənəd məzmunca İddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verir.
16. Belə ki, İddiaçının iş yeri olan “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” X3 tərəfindən verilən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair həmin arayışdan (24.16.2021-ci il tarixli, 232 nömrəli) görünür ki, İddiaçı 16 yanvar 1989-cu il tarixdən 31 dekabr 2005-ci il tarixədək tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunun mexaniki təmir sexində divinil, spirt, kauçuk istehsalı sexləri üzrə təmirçi çilingər (kod-1080A010; iş stajı 16 il, 11 ay, 16 gün) vəzifəsində işləmişdir.
17. Habelə iş materiallarında olan 07.10.2020-ci il tarixli Aktdan görünür ki, cavabdeh qurumun əməkdaşları ilə “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” X3nin rəisi iddiaçının həmin müəssisədə 16.01.1989-31.12.2005-ci il tarixlərində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən xüsusi iş stajını yerində əsaslı sənədlərlə qarşılıqlı araşdırmışlar. İddiaçının yuxarıda qeyd edilən dövrlərdə adına verilmiş peşələrin xarakterinə dair arayışda qeyd edilən peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş peşələrin siyahısında əks olunduğu, işlədiyi müddətdə öz hesabına məzuniyyətdə olmadığı müəyyən edilmişdir. Araşdırma iddiaçının şəxsi işi və əmək haqqı cədvəlləri əsasında aparılmış, tərəflərin imzası və müvafiq zavodun möhürü ilə təsdiq edilmişdir.
18. Göründüyü kimi, iddiaçının 01.01.2006-cı il tarixədək 16 il, 11 ay, 16 gün güzəştli iş stajı olmuşdur.
19. Beləliklə, işin sadalanan halları ilə iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 20 il ümumi əmək stajının olması və onun 10 ildən artıq müddətini 1 nömrəli Siyahı üzrə nəzərdə tutulmuş sahədə (kod-1080A010) işləməsi tam sübuta yetirildiyindən onun «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir.
20. Cavabdeh iddiaçının ümumi və ya güzəştli staja malik olması halını mübahisələndirməmiş, imtina edərkən yalnız iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyinə istinad etmişdir.
21. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmır və qeyd edir ki, yuxarıda istinad olunan «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsindən də müəyyən olunduğu kimi həmin Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edildiyindən və pensiya kapitalı ilə bağlı tələb qanunvericiliyə sonradan (01.07.2017), Qanunun 9.1-ci maddəsinə daxil edildiyindən, 9.8-ci maddədə bununla bağlı hər hansı bir göstəriş olmadığından həmin şərt hazırkı halda iddiaçıya tətbiq edilə bilməz.
22. «Əmək pensiyaları haqqında» Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər.
23. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
25. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
26. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
27. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
28. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
29. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı :
İddia təmin edilsin. İddiaçı 52 yaşının tamam olduğu 24.05.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova