Məhkəmə qərarları › İş №2-1(112)-5458/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5458/2022

10.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5458/2022 10.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə və kirayə haqqının ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onu ailə üzvləri ilə (özü, həyat yoldaşı və iki övladı ilə) birlikdə ehtiyyata buraxılmış hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməyi barədə sərəncam verilməsi vəzifəsinin Sabunçu Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. xx.xx.1995-ci il tarixdən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli müvafiq əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “V” bəndinə əsasən (xəstəliyə görə) həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur. Hərbi xidmət dövrü xidməti vəzifələrini layiqincə yerinə yetirmiş, hərbi xidmət dövrü daimi yaşayış sahəsi ilə təmin olunmamışdır. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı var. Mənzil növbəsinə götürülmə ilə əlaqədar Sabunçu rayon İcra Hakimiyyətinə müraciət etsə də bildirilmişdir ki, “Siz ehtiyyata buraxılan zaman Bakı şəhər Səbail rayonunu seçdiyiniz üçün həmin rayonda mənzil sahəsinə ehtiyacı olanların siyahısına qəbul edilməlisiniz”. Sabunçu Rayon İcra Hakimiyyətinin imtinası “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.2-ci, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddələrinə əsasən qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə dəqiqləşmə barədə ərizə təqdim edərək onu ehtiyatda olan hərbi qulluqçu kimi ailə üzvləri ilə (həyat yoldaşı və iki oğlu) birlikdə mənzil növbəsinə götürülməyi və mənzillə təmin olunanadək mənzilin kirayə xərclərinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X20 iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 431838 nömrəli xx.xx.2001-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən İddiaçı ilə X3 xx.xx.2001-ci il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2001-ci ildə 1025 nömrəsi ilə qeyd edilmişdir. Nikahdan sonra ərə Ağaməmmədov, arvada Ağaməmmədova familiyası verilmişdir. İş materiallarına əlavə edilmiş 4 saylı ASAN Xidmət mərkəzində Qeydiyyat Şöbəsinin xx.xx.2021-ci il tarixli arayışında göstərilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1978-ci il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş İddiaçı barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair xx.xx.2021-ci ilədək yoxlama aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir.

1. Arvad: X2 (xx.xx.1983),

2. Uşaq: X16 (xx.xx.2011),

3. Uşaq: X17 (xx.xx.2003). İş materiallarına əlavə edilmiş Bakı şəhəri Bakıxanov Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 3671a nömrəli arayışına əsasən verilir Bakıxanov qəsəbəsi Gənclik küçəsi ev 21 mənzil 10-da qeydiyyatda olan İddiaçı, X2 və X11 ondan ötəri ki, həqiqətən onlara fərdi yaşayış evinin tikintisi üçün Bakıxanov Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır. İş materiallarına əlavə edilmiş DİN Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin 67 nömrəli, xx.xx.2005-ci il tarixli orderinə əsasən X4 işlədiyi müddət ərzində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, ev 21, mənzil 10 ünvanında yerləşən sahəsi 45.5 kv.m olan mənzil ayrılmışdır. Orderdə adı çəkilənlər X6-özü, Ağaməmmədova Səyyarə B. qızı - h.yoldaşı, İddiaçı - oğlu, X18 - oğlu, X14 - oğlu. İş materiallarına əlavə edilmiş DİN Yaşayış yeri üzr qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli arayışa əsasən İddiaçı, X6, X7, X18, X14, X16, X17, X2, X5 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Məhkəmənin sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon idarəsinin xx.xx.2022-ci il tarixli, 577 nömrəli məktubunda bildirilmişdir ki, 1978-ci il təvəllüdlü ehtiyatda olan polkovnikleytenant İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Bakı Ali Hərbi Dənizçilik Məktəbində-müdavim, xx.xx.1999-cu il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələr sırasında həqiqi hərbi xidmət keçmiş və Azərbaycan Respublikası MN-nin xx.xx.2021-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Müdafiə Nazirliyi Mənzil İstimar İdarəsinin xx.xx.2022-ci il tarixli, 1543 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı hərbi xidmət keçdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx/xx/2022-ci il tarixli, **********49 nöməli məktubunda bildirilmişdir ki, İddiaçı adına respublika ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx/xx/2022-ci il tarixli, **********49 nöməli məktubunda bildirilmişdir ki, X1, X8 və X9 adına Azərbaycan Respublikası üzrə qeydiyyata alınmış daşınmaz əmlak olub-olmamasına dair sorğunuza Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, adı çəkilən şəxslərin adlarına Azərbaycan Respublikası üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin xx.xx.2022-ci il tarixli, 4331 nömrəli məktubunda bildirilmişdir ki, ehtiyatda olan polkovnikleytenant İddiaçı Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən ehtiyatda olan polkovnik-leytenant İddiaçı adı dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısına alınmışdır. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, A-413-068, A-413/2-068/2 nömrəli imtina məktubunda bildirilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə müvafiq olaraq ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular getdikləri yaşayış yerində yerli icra hakimiyyətləri tərəfindən mənzillə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ilə təmin edilirlər. Siz ehtiyata buraxılan zaman Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Səbail rayon İdarəsində qeydiyyata alınmısınız. Buna görə siz qeyd edilən məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinə müraciət etməlisiniz. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi məcburetmə haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtləri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi və inzibati aktın qəbul edilməsindən imtina barədə məlumatın verildiyi vaxtdan 30 gün müddətində məhkəmədə iddia qaldırmasıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdehin verdiyi xx.xx.2022-ci il tarixli imtina cavabından sonra iddia ərizəsini xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etmiş, bununla da 30 günlük iddia müddətini ötürməmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: -8-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyətinə həqiqi hərbi xidmət keçən, «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada kiçik leytenant və ondan yuxarı (bu maddədə, ümumqoşun hərbi rütbələrinin göstərildiyi digər maddələrdə və bu Əsasnamənin 10-cu maddəsində göstərilən onlara bərabər hərbi rütbələr) hərbi rütbələr verilmiş hərbi qulluqçular aiddirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyəti hərbi rütbələrdən asılı olaraq aşağıdakılara bölünür: kiçik zabit heyətinə (kapitan daxil olmaqla kiçik leytenantdan kapitana qədər); baş zabit heyətinə (polkovnik daxil olmaqla mayordan polkovnikə qədər); ali zabit heyətinə (ordu generalı daxil olmaqla general-mayordan ordu generalına qədər); hərbi xidməti özünə peşə seçmiş, bu Əsasnamənin 13-cü və 14-cü maddələri ilə zabitlər üçün nəzərdə tutulmuş qaydalar və şərtlər daxilində həqiqi hərbi xidmət keçən zabit heyətindən olan şəxslər kadr zabiti heyətinə aiddirlər. -146-cı bəndinə görə (-) yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularmı bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər. -156-cı bəndinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə - hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görə - ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları). (-); e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); j) öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. “Hərbi qulluqçuların statusu haqında” Azərbaycan Respublikası Qanununun: -12-ci maddəsinin 2-ci hissəsinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. Qeyd edilən normaların tələblərinə əsasən zabitlərin mənzil növbəsinə qəbul edilmək üçün tələb olunur: -(....) xəstəliyə görə ehtiyata və ya istefaya buraxılmış olmalı; -hərbi qulluqçu xidməti mənzillərdə yaşayan olmalı və ya yaşayış sahəsi olmamalıdır. İş materialları müəyyən olunur ki, iddiaçı rütbəsi polkovnik leytenant olmaqla baş zabit heyətinə aid hərbi qulluqçu olmuş, xx.xx.1995-xx.xx.2021-ci il tarixədək həqiqi hərbi xidmət keçmiş, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “v” bəndinə əsasən xəstəliyə görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Beləliklə, hazırkı halda iddiaçının yaşayış sahəsi ilə təmin olunması məqsədilə mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi üçün birinci şərt ödənilir. İddianın təmin edilməsi üçün tələb olunan ikinci şərt, yəni iddiaçının xidməti mənzillərdə yaşayan olması və ya yaşayış sahəsi olmamasına gəlincə, Müdafiə Nazirliyi Mənzil istismar idarəsindən əldə edilmiş sorğulara cavab məktubları ilə iddiaçının xidmət etdiyi müddətdə xidməti mənzillə təmin olunmadığı müəyyən olunmuşdur. Yaşayış sahəsinin olmamasına münasibətdə isə qeyd edilməlidir ki, hərbi qulluq haqqında qanunvericilik yaşayış sahəsi olmayan şəxslərə kimlərin aid olması, həmin şəxslərin mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi qaydasını tənzimləmir. Yaşayış sahəsinə ehtiyac meyarı Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. -30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. -48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. -50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). -51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. -51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. -51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. -51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. İşin sadalanan hallarından müəyyən olunur ki, iddiaçının ailə üzvləri arvadı X2, övladları X16, X12r. İddiaçının və onun ailə üzvlərinin adlarında hazırkı halda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış daşınmaz əmlak (qeydə alınmış mülkiyyət və ya istifadə hüquqları) mövcud deyildir, eləcə də müvafiq bələdiyyə tərəfindən iddiaçı və ailə üzvlərinə torpaq sahəsi ayrılmamışdır. Qeyd edilməlidir ki, iddiaçının qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mənzil xidməti mənzil olaraq iddiaçının atası X4 5 nəfər ailə tərkibində verilmişdir. DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli arayışa əsasən həmin mənzildə hazırda 9 nəfər qeydiyyatdadır. Mənzil Məcəlləsinin: -49.4-cu maddəsinə görə yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. -49.5-ci maddəsinə görə dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. -50.2-ci maddəsinə əsasən vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Maddələrin tələbindən göründüyü kimi şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunma səviyyəsini müəyyən edən yaşayış sahəsinin uçot normasıdır. Bu zaman uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan vətəndaşlar hesab olunurlar. Uçot normasının maksimal ölçüsü yaşayış sahəsinin ayrılma norması kimi 16 kv.m-dən artıq ola bilməz. Deməli, uçot normasının maksimal həddi 16 kv.m kimi qəbul olunur. Sözügedən mənzildə hazırkı dövrdə qeydiyyatda olan 9 nəfərin yaşadığı qəbul edildikdə müəyyən olunur ki, hazırda onların istifadəsində olan yaşayış sahəsinin ölçüsü tələb olunan normadan azdır. Belə ki, adambaşına 16 kv.m hesablandıqda 9 nəfər ailə üzvü üçün 144 kv.m (9x16 kv.m) edir ki, mənzilin ümumi sahəsi tələb olunan normaya uyğun deyil. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırda Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və yaşayış sahələrinin bölüşdürülməsi haqqında Nümunəvi qaydalar”ın tələbləri götürüldükdə yenə də həmin tələblər ödənilmir. Belə ki, həmin Qaydaların 26-cı hissəsinə əsasən yaşayış sahəsi vətəndaşlara, bir qayda olaraq, bir ailə üçün ayrıca mənzil şəklində, Azərbaycan SSR Mənzil Məcəlləsinin müəyyən etdiyi mənzil sahəsi norması həddində, lakin hər adama 8 kvadratmetrdən az olmamaqla verilir. Qeyd edilən normanı götürdükdə belə 9 nəfər ailə üzvü üçün minimal norma 72 kv.metr edir ki, bu da istifadə edilən mənzilin yaşayış ümumi sahəsindən (45.5 kv.m) azdır. Beləliklə, iddiaçının mənzil uçotuna götürlməsi üçün tələb olunan ikinci şərt də ödənilir. Cavabdehin imtinasının yeganə əsası ondan ibarət olmuşdur ki, iddiaçı ehtiyata buraxılan zaman Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Səbail rayon İdarəsində qeydiyyata alınmışdır. Buna görə mənzil növbəsinə qeydiyyata alınması üçün Səbail Rayon İcra Hakimiyyətinə müraciət edilməlidir. Məhkəmə cavabdehin qeyd edilən dəlili ilə razılaşmır. Belə ki, əvvəla Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir(...) “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Göründüyü kimi qanunvericilik şəxsin yaşayış yeri üzrə uçota alınmanı nəzərdə tutur. Yaşayış yeri isə şəxsin qeydiyyat ünvanı ilə müəyyən olunur. Başqa sözlə, şəxsin qeydiyyatda olduğu yer onun yaşayış yeridir və yaxud əksinə şəxs yaşayış yeri üzrə qeydiyyata alınır. Eyni zamanda “Hərbi qulluqçuların statusu haqında” Qanunun 12-ci maddəsinin 2ci bəndi hərbi qulluqçuların məhz “seçilmiş yaşayış yerinə gəldikləri gündən” mənzillə təmin edilməni nəzərdə tutur. Göründüyü kimi həmin maddədə ifadə olunan “seçilmiş” sözü hərbi qulluqçunun özünə yaşayış yeri kimi seçdiyi ünvan üzrə mənzil növbəsinə götürülməni ifadə etmişdir. İddiaçının hazırda hərbi qeydiyyatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon idarəsindədir və iddiaçı qeyd olunan normanın tələbinə uyğun olaraq özünə yaşayış yeri seçdiyi və pasport qeydiyyatına alındığı Sabunçu rayon İcra Hakimiyyətinə həmin rayon üzrə mənzil növbəsinə qəbul edilməsi ilə bağlı müraciət etmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, Mənzil Məcəlləsinin 51.7-ci maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. ““Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli 153 nömrəli Fərmanının 1.3.7-ci yarımbəndinə əsasən həmin Məcəllənin 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir. Lakin hazırkı tarixədək müvafiq qaydalar müəyyən edilməmişdir. 30 iyun 2009-cu il tarixli “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi təsdiq edilmiş; -2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi 2009-cu il oktyabrın 1-dən qüvvəyə minmiş; -3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə mindiyi gündən Azərbaycan SSR-in 1982-ci il 8 iyul tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1982-ci il, № 13, maddə 121) qüvvədən düşmüş hesab edilmiş; -4-cü maddəsinə əsasən adları çəkilən Azərbaycan SSR Mənzil Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında 1982-ci il iyulun 8-dən etibarən qəbul olunmuş qanunlar (onların müvafiq hissələri) və digər normativ hüquqi aktlar qüvvədən düşmüş hesab edilmişdir. -5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qüvvədə olan digər qanunlar və normativ hüquqi aktlar bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir. Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 8 aprel 1988-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları” 30 iyun 2009-cu il tarixli Qanunla ləğv edilməmişdir və hazırda qüvvədədir. Nə qədər ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılmasının yeni qaydası təsdiq edilməmişdir, deməli, uçotun aparılması üçün həm də Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 8 aprel 1988-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”əsasında aparılır. Həmin Qaydaların: -8-ci bəndinin 4-cü hissəsində göstərilmişdir ki, Bakı şəhərində nə qədər yaşamasından və şəhərdə pasport qeydiyyatı olub-olmadığından asılı olmayaraq aşağıdakılar mənzil şəraitinin yaxşılaşdırılması üçün uçota götürülürlər: -a) müddətindən artıq qulluq edən hərbi qulluqçular, proporşiklər, miçmanlar və SSR Silahlı Qüvvələrinin, SSRİ Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Komitəsi Qoşunlarının zabit heyətindən olan ehtiyata buraxılan yaxud səhhətinə, yaşına və ya ştatların ixtisar eidlməsinə görə istefaya buraxılıb Bakı şəhərinə gələn və mənzil sahəsi olmayan vətəndaşlar (...) Göründüyü kimi uçot qaydalarının özündə də ehtiyata və ya istefaya buraxılmış mənzil sahəsi olmayan hərbi quluqçuların seçdikləri yaşayış yerinə gəldikdən sonra orada qeydiyyat tarixindən asılı olmayaraq mənzil şəraitinin yaxşılaşdırılması üçün uçota götürülməni nəzərdə tutur. Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, cavabdehin dəlili iddiaçının müraciətinin təminindən imtinaya əsas hesab edilə bilməz. İddia tələbinin ikinci hissəsinə - mənzillə təmin olunanadək mənzil kirayə haqqı ilə təmin edilmə hissəsinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi” barədə 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat.

2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Göründüyü kimi Nazirlər Kabinetinin adıçəkilən Qərarında mənzil növbəsinə götürülmüş hərbi qulluqçulara kirayə xərclərinin ödənilməsi ilə bağlı məsələrdə xüsusi tənzimləmə nəzərdə tutmuşdur. Həmin tənzimləməyə əsasən yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi nəzərdə tutulmuş ehtiyata buraxılmış hərbi qulluqçuların dairəsi konkret olaraq müəyyən edilmişdir. Yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlər, gizirlər və miçmanlara münasibətdə: -yaşına görə ehtiyata və istefaya buraxılmış; -xəstəliyə görə ehtiyata və istefaya buraxılmış; -ailə vəziyyətinə görə ehtiyata və istefaya buraxılmış; -5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış; Göründüyü kimi adı çəkilən Qərarda da konkret olaraq ehtiyata və ya istefaya buraxılmış hansı hərbi qulluqçuların mənzil kirayə haqlarının ödənilməsi qeyd edilmişdir. Qeyd edildiyi kimi hazırkı iş üzrə iddiaçı polkovnik-leytenant rütbəsində zabit heyətinə aid olmaqla xəstəliyə görə ehtiyata buraxılmışdır. Yəni həm Qanunda, həm də Nazirlər Kabinetinin Qərarında yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə mənzil kirayə xərcinin ödənilməsi nəzərdə tutulduğundan, iddiaçı isə zabit heyətinə aid olmaqla sadalanan səbəblərdən (xəstəliyə görə) ehtiyata buraxıldığından və bununla da hər iki normativ aktda qeyd olunan kateqoriya hərbi qulluqçulara aid olduğundan kirayə xərclərinin ödənilməsini tələb etmək hüququ var. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının adının Müdafiə Nazirliyinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən əsasən dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısına daxil edilməsi hazırkı iddia üzrə iddiaçının ailə üzvləri ilə ehtiyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə alınmasına mane hesab olunmur. Belə ki, adıçəkilən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanın 1-ci bəndinə əsasən Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilmələri, 2-ci bəndinə görə bunun üçün dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə müvafiq Komissiyanın yaradılması, 3.1-ci bəndinə əsasən siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alınması qərara alınmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, nə yuxarıda sadalanan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, “Hərbi qulluqçuların statusu haqqında” Qanununda hərbi qulluqçunun sözügedən Fərmana əsasən dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısına daxil olması eyni vaxtda ehtiyatda olan hərbi qulluqçunun yaşadığı yer üzrə mənzil növbəsinə alınmasına mane olan hal kimi nəzərdə tutulmamışdır. Yaxud əksinə Fərmanın özündə yerli icra hakimiyyətində mənzil uçotunda olan hərbi qulluqçunun dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların siyahısına daxil edilməsini istisna edəcək və ya məhdudlaşdıracaq norma nəzərdə tutulmamışdır. İddiaçının 20 təqvim ilindən çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olması onu eyni vaxtda digər “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, “Hərbi qulluqçuların statusu haqqında” Qanunla nəzərdə tutulan mənzil uçotuna alınma kimi güzəşt imkanından məhrum etməməlidir. Nəzərə alınmalıdır ki, iddiaçının 20 təqvim ilindən çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi mənzillə təmin olunacaq şəxslərin siyahısına daxil edilməsi cari vaxtda onun birbaşa mənzillə təmin edilməsi demək deyildir. Qeyd edilən mənzillə təmin Komissiya tərəfindən müvafiq siyahı üzrə vaxtaşırı olaraq həyata keçirilir. Fərman əsasında iddiaçı müvafiq mənzillə təmin olunduğu təqdirdə vətəndaşın Mənzil Məcəlləsinin 55-ci maddəsinin tələbinə uyğun olaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılma üçün əsaslar yarana bilər. O zamana kimi isə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, “Hərbi qulluqçuların statusu haqqında” Qanun əsasında hərbi qulluqçunun yaşadığı yer üzrə yerli icra hakimiyyəti tərəfindən uçota götürülməsi və mənzillə təmin olunanadək mənzil kirayə xərclərinin ödənilməsi mümkündür, qanunla bu hüququ məhdulaşdıran hər hansı norma yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sadalanan hərbi, mənzil qanunvericiliyinin məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin edir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının ödənilməsi üçün köməklik göstərilməsidir. Hazırkı halda iddiaçı özünün həqiqətən də sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs olmasını sübuta yetirə bilmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının onun ailə üzvləri (arvadı və 2 övladı) ilə birgə mənzil növbəsinə götürülməsi və mənzillə təmin olunanadək mənzil kirayəsi üçün kirayə haqqı ilə təmin edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı ailə üzvləri ilə (arvadı və 2 övladı) birgə mənzil növbəsinə götürülməsi və mənzillə təmin olunanadək mənzil kirayəsi üçün kirayə haqqı ilə təmin edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar