Məhkəmə qərarları › İş №2-1(112)-5458/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5458/2023

12.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5458/2023 12.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının dayandırılması və pensiya təyinatına dair qərarın ləğvi barədə qərarların ləğv edilməsi» dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının dayandırılması və pensiya təyinatına dair qərarın ləğvi barədə qərarların ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı uzun müddətdir mülki aviasiya sahəsində, o cümlədən 16 avqust 2004-cü il tarixdən etibarən “X5” Şirkətində təlimatçı bortoperator vəzifəsində işləyir. Ona DSMF orqanı tərəfindən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin təyin edilmiş əmək pensiyası 2022-ci ilin dekabr ayında dayandırılmışdır. Qeyd olunmalıdır ki, şəxsin pensiyası dayandırılarkən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun normalarına riayət olunmuşdur. Belə ki, ilk öncə iddiaçıya pensiya ödənişinin dayandırılmazdan əvvəl onun mülahizəsinin dinlənilməsi üçün cavabdeh inzibati orqanın qəbul mərkəzinə dəvət olunması ilə əlaqədar məktub ünvanlanmışdır. Həmin məktuba əsasən iddiaçı tərəfin mövqeyi dinlənilmiş, lakin irəli sürülən əsaslar nəzərə alınmadan pensiya ödənişinin dayandırılması barədə qərar qəbul edilmişdir. Cavabdeh inzibati orqanın mövqeyi onunla əsaslandırılmışdır ki, bort operatorlar və böyük bort operatorlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli qərarında qeyd edilmişdir. Lakin Nazirlər Kabinetinin 231 nömrəli 26 oktyabr 2006-cı il tarixli qərarında həmin vəzifələr uçuş və uçuş sınaq heyəti üzvlərinin sırasında mövcud olmamışdır. Hesab olunur ki, cavabdeh inzibati orqanın mövqeyi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 231 nömrəli 26 oktyabr 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş «Mülki aviasiya uçuş və X4 işləyənlərin sığorta satjlarının hesablanması Qaydaları»nın 2.1-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafiq olaraq mülki aviasiyanın uçuş və X4 işləyən hava gəmisinin və digər uşuş aparatlarının heyət üzvlərinin (kapitan, ikinci plot, naviqator, şturman, bort mühəndisi, bort mexanik, bortradis və digər uçuş mütəxəssisləri) güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər. Göründüyü kimi, qanunvercilik uçuş heyətinin əhatə dairəsini tam şəkildə konkretləşdirməmiş və uçuş heyətinin üzvlərinin müəyyən olunmasını açıq saxlamışdır. Cavabdeh inzibati orqan tərəfindən araşdırma aparılarkən AZAL QSC-yə sorğu verilmiş və həmin QSC tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, bort operatorlar uçuş heyəti üzvlərinə daxil deyildir. İlk növbədə qeyd olunmalıdır ki, hazırda AZAL QSC-də bort operator vəzifəsi mövcud deyildir. İkincisi barəsində araşdırma aparılan şəxslərin heç biri AZAL QSC-nin işçisi deyil və onlar “X5” Şirkətinin əməkdaşlarıdırlar. Buna görə də AZAL QSC tərəfindən verilmiş arayışı əsas götürməklə şəxslərə təyin olunmuş pensiyanın dayandırılması əsassızdır. Bunun əvəzinə cavabdeh tərəfindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyindən aydınlaşdırıcı arayış alınması daha məqsədəuyğun olardı. Çünki, bu Agentlik mülki aviasiya sahəsində dövlət tənzimlənməsini həyata keçirən yeganə səlahiyyətli qurumdur. İddiaçı da həmin sıraya daxil olmaqla həmin Agentliyə kollektiv şəkildə müraciət ünvanlanmış və həmin müraciətə əsasən bort operator vəzifəsinin uçuş heyətinə aid olması öz təsdiqini tapmışdır. Eyni zamanda Beynəlxalq Mülki Aviasiya Təşkilatı olan İATA-nın, eləcə də Agnentlik tərəfindən təsdiq edilmiş normativ sənədlərdən görünür ki, bort operatorlar uçuş heyətinin sırasına daxildir. Qeyd edilənlərdən görünür ki, iddiaçıya ilkin təyinat düzgün şəkildə həyata keçirilmiş və həmin təyinatın əsassızlığına dair DSMF orqanı tərəfindən irəli sürülmüş əsaslar qanuni olmamışdır. Göstərilənlərə əsaslanaraq, iddiaçıya «Əmək pensiyaları haqqında» Qanunun 9.3-cü maddəsinə əsasən yəyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması barədə cavadehin qərarının ləğv edilməsi məhkəmədən xahiş olunur. Cavabdehin məhkəməyə təqdim etdiyi yazılı münasibətində bildirilir ki, iddiaçının iddia tələbi məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.3-cü maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş «Mülki Aviasiya Uçuş və X4 işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları»nın 2-ci bəndində hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman) bort mühəndisi, bort mexanik, bort radist və digər uçuş mütəxəssisləri), uçuş-təlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı, pilot, təlimatçı pilot, təlimatçı naviqator, (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bort mexanik, təlimatçı bort radist) uçuş saatlarına görə güzəştli şərtlərlə əmək pensiyası hüququ olan kateqoriyaya aid edilir. Bort operator vəzifəsi isə sözügedən Qaydalarda nəzərdə tutulmamışdır. Həmin vəzifələr Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın “Nəqliyyat” bölməsinin mülki aviasiya bəndində hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçı-bort operator və hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçı bort bələdçisi vəzifələri nəzərdə tutur. Göründüyü kimi, bort operatoru və bort bələdçisi vəzifəsində işləmiş şəxslərə əmək pensiyası «Əmək pensiyaları haqqında» Qanunun 9.3-cü maddəsinə əsasən deyil, 9.1-ci maddəsinə əsasən təyin edilməlidir. Lakin iddiaçıya DSMF Suraxanı rayon şöbəsi tərəfindən bort operator vəzifəsində işlədiyi 16 avqust 2004-cü il tarixdən 1 fevral 2011-ci il tarixədək olan müddət nəzərə alınmaqla 1 fevral 2011-ci il tarixdən uçuş saatlarına uyğun sözügedən Qanunun 9.3-cü maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redkasiyasına əsasən və Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq Qaydaları əsas götürməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bununla əlaqədar müvafiq məlumatların dəqiqləşdirilməsi məqsədi ilə aidiyyəti üzrə "xxxx" QSC-yə sorğular ünvanlanmışdır. Həmin sorğulara cavab olaraq bildirilmişdir ki, uçuş heyəti üzvü və heyət üzvü anlayışlarının fərqli mənalara malik olması səbəbindən, eləcə də bort operatorların hava gəmisinin idarə edilməsi ilə məşğul olmamasına görə onlar uçuş heyəti üzvləri hesab olunmurlar. Qeyd olunanlara əsasən iddiaçıya vaxtı ilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyası hüququna yenidən baxılması haqqında «İnzibati icraat haqqında» Qanunun 28.1.2-ci maddəsinin tələbinə uyğun olaraq 16 dekabr 2022-ci il tarixli xidməti məruzə əsasında inzibati icraat başlanılmışdır. Daha sonra, iddiaçıya qanunverciliyin tələbləri izahlı şəkildə göstərilməklə məktub ünvanlanmışdır. Bundan başqa, ona vaxtilə pensiya təyin olunması haqqında qəbul edilmiş qərar ləğv edilmiş və pensiya ödənişinin cari aydan dayandırılması haqqında qərar qəbul edilmişdir. Nəticədə iddiaçıya 1 fevral 2011-ci il tarixdən 1 dekabr 2022-ci il tarixədək ümumilikdə 57.531,02 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edimiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Mərkəzi Filiala tapşırılmışdır. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İddiaçı sonradan məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «cavabdehin iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması haqqında 29 dekabr 2022-ci il tarixli **********9 nömrəli qərarının və iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair qərarın ləğvi haqqında 29 dekabr 2022-ci il tarixli **********1 nömrəli qərarının ləğv edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Əmək pensiyaları haqqında» Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı xx xxxxxx 1978-ci il tarixdə doğulmuşdur, 16 avqust 2004-cü il tarixdən etibarən "xxxx" avia şirkəti MMC-də bort operator vəzifəsində işləyir, ona DSMF orqanı tərəfindən 1 fevral 2011-ci il tarixli qərarla «Əmək pensiyaları haqqında» Qanunun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin cavabdeh inzibati orqan tərəfindən sonradan aparılmış inzibati araşdırma nəticəsində 29 dekabr 2022-ci il tarixli qərarlarla ona təyin edilmiş əmək pensiyası dayandırılmış və ləğv edilmişdir. Dayandırılmanın səbəbi kimi, cavabdeh inzibati orqan tərəfindən aparılmış inzibati araşdırma nəticəsində iddiaçının uçuş mütəxəssisi hesab edilməməsi qənaətinə gəlinmişdir. Hazırda iddiaçı həmin qərarların ləğvini tələb edərək iddia edir ki, ona işlədiyi bort operatoru vəzifəsi üzrə sözügedən Qanunun 9.3-cü maddəsinə əsasən əmək pensiyası ödənişi davam etdirilməlidir. «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.3-cü maddəsinə əsasən mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda bu Qanunun 7-ci maddəsinə uyğun yaş həddi 15 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.3-cü maddəsinin 1 iyul 2022-ci il tarixədək qüvvədə olan tələblərinə sasən mülki aviasiya uçuş və uşuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 37.8-ci maddəsinə bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1dən dayandırılır: (37.8.1) əmək pensiyaçısı vəfat etdikdə, (37.8.2) əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda, (37.8.3) bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 231 nömrəli 26 oktyabr 2006-cı il tarixli qərarı ilə «Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları» təsdiq edilmişdir. Qaydaların 1-ci bəndinə əsasən bu Qaydalar “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanına əsasən hazırlanmışdır və mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması mexanizmini müəyyən edir. Bu Qaydaların 2.1-ci bəndinə əsasən hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri) «Əmək pensiyaları haqqında» Qanunun 9.3-cü maddəsinə müvafıq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən aşağıdakı şəxslər güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 12 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın mülki aviasiya adlanan 21.3-cü bölməsində hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçı-bort operator vəzifələri qeyd olunmuşdur. «Aviasiya haqqında» Qanunun 1.0.14-cü maddəsinə əsasən hava gəmisinin ekipajı - uçuş vaxtı hava gəmisinin idarə edilməsi və xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslərdən ibarət heyətdir. «Aviasiya haqqında» Qanunun 1.0.14-cü maddəsinin və «Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları»nın 2-ci bəndinin təhlili onu deməyə əsas verir ki, uçuş heyət üzvlərinin dairəsi qeyd edilən siyahı ilə məhdudlaşmamaqla hava gəmisinin sahibi və istismarçısı tərəfindən də əlavə olaraq müəyyən edilə bilər. «İnzibati icraat haqqında» Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmi Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanununun 64.3-cü maddəsinə əsasən inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanununun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. SSR Mülki Aviasiya Nazirliyinin Uçuş Xidməti İdarəsinin rəisi tərəfindən 28 mart 1984-cü ildə təsdiq edimiş və 1 yanvar 1985-ci il tarixdən qüvvəyə minmiş İL 76 tipli hava gəmisinin uçuş istismar təlimatından görünür ki, İL 76 T tipli təyyarə böyük qabaritli texnika və yüklərin magistiral hava yollarında daşınması üçün nəzərdə tutulmuşdur. Həmin hava gəmisinin heyəti 7 nəfərdən ibarətdir: hava gəmisinin komandiri, ikinci pilot, şturman, bort mühəndis, bort radist, böyük bort operator və bort operator. İddiaçının vəkili tərəfindən "xxxx" Avia Şirkəti MMC-yə vəkil sorğusu ilə müraciət olunmuş və həmin sorğuya 11 aprel 2023-cü il tarixdə 272-ÇS/SWA/CD nömrəli məktubla cavab verilmişdir. Həmin məktubdan görünür ki, “İL 76” tipli hava gəmilərinin “uçuş istismarı üzrə təlimat”la istehsalçı tərəfindən müəyyən olunmuş tələblər nəzərə alınmaqla "xxxx" Avia Şirkəti MMC tərəfindən istismar olunan İL 76 tipli hava gəmilərinin uçuş heyətində (ekipajına), o cümlədən “hava gəmisinin bort operatoru” vəzifəsi daxil olunmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, hava gəmisinin bort operatoru “uçuş istismarı təlimatı”nın tələblərinə uyğun olaraq, hətta belə qalxma enmə zamanı uçuş heyətinin rəhbəri (hava gəmisinin kapitanı) tərəfindən hava gəmisinin idarə edilməsi və ya iştirakı ilə bağlı müvafiq göstərişlərin və komandaların yerinə yetirir. Göstərilənləri nəzərə alaraq hesab edilir ki, bort operatorlar tərəfindən həyata keçirilən işlərin mürəkkəbliyi və bununla bağlı məsuliyyət, onun fəaliyyəti ilə bağlı mövcud yüksək milli və beynəlxalq tələblər, hava gəmilərinin idarə edilməsində iştirak edilməsi məsələləri bu işçinin uçuş heyətinin üzvü kimi tanınmasını birmənalı təsbit edir. Eyni zamanda iddiaçının vəkili tərəfindən "xxxx" Avia Şirkəti MMC-dən əldə edilmiş uçuş istismarı təlimatına nəzər yetirdikdə aşağıdakılar müəyyən edilir: Təlimatın 4.1.2-ci bəndinə əsasən avia şirkət İL 76 TD və İL 76 TD-90 hava gəmilərinə malikdir və həmin hava gəmilərindən istifadə edir. Təlimatın 4.1.3-cü bəndinə əsasən uçuş heyəti üzvlərinə aşağıdakı şəxslər daxildirlər: pilotlar, şturman, bort mühəndis, bort radist və bort operatorlar. Adıçəkilən Təlimatın 5.2.7-ci bəndinə əsasən böyük bort operatorlar müstəqil şəkildə bort operator vəzifəsinin icrasına başlamamışdan öncə avia şirkətin uçuş istismarı təlimatının “D” hissəsi üzrə proqramda göstərilmiş tələblərə uyğun hazırlıq keçməlidir. Böyük bort operator uçuş tapşırığını yerinə yetirmək üçün ən azından orta təhsilə malik olmalı, yük hava gəmisinin bort operatoru şəhadətnaməsinə malik olmalı, mülki aviasiya sahəsində fəaliyyət göstərən təhsil müəssisələrində xüsusi hazırlıq kurslarını keçməli və "xxxx" Avia Şirkətinə məxsus İL 76 TD/TD 90 hava gəmisinin bütün modifikasiyalarına uçuş icazəsi olmalıdır. Həmin təlimata əsasən avia şirkətin hava gəmisinin heyətinə daxil olan bort operatorlar «Aviasiya haqqında» Qanunun tələblərini, əmək qanunverciliyinin əsaslarını, idarə olunan hava gəmisinin bort avadanlıqlarının istismarı qaydalarının Azərbaycan Respublikasının mülki aviasiya sahəsindəki səlahiyyətli orqanının normativ hüquqi sənədlərinin, bort operator vəzifəsinin reqlamentlərini, bort operatorun normal, xüsusi, alternativ, qəza şəraitində hansı funksiyaların yerinə yetirməli olduğunu, ona aid hissədə nəqliyyat və aviasiya təhlükəsizliyi üzrə normalar, qaydalar və prosedurları, istismar şəraitində baş verəcək səhvlər və təhlükə faktorlarına nəzarət metodunu, aviaşirkət tərəfindən qəbul edilmiş daxili intizam qaydaları eləcə də uçuş heyəti üzvlərinin iş vaxtı və istirahət vaxtlarının qaydalarının, əməyin mühafizəsi norma və qaydalarının, texniki təhülkəsizlik istehsalat sanitariyyası və yanğın əleyhinə mühafizə qaydalarını bilməli və icra etməlidir. Eyni qaydalar bort operatorlara da şamil olunur. Adıçəkilən Təlimatın 5.4.2-ci bəndinə əsasən "xxxx" avia şirkətində kabin heyəti nəzərdə tutulmamışdır. Həmçinin Təlimatın bort operatorlara məxsus vəzifə təlimatlarının icrası hallarına nəzər yetirdikdə müəyyən olunur ki, həmin şəxslər uçuş heyəti üzvü olmaqla digər heyət üzvləri ilə birbaşa və əlaqəli şəkildə hava gəmisinin idarə edilməsində iştirak edirlər və yerinə yetiriləcək uçuşun təhlükəsiz və mövcud qaydalara uyğun şəkildə həyata keçirilməsinə cavabdehlik daşıyırırlar. Qeyd olunanların məcmusunda məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və cavabdehin qəbul etdiyi 29 dekabr 2022-ci il tarixli qərarlar – əlverişsiz inzibati aktlar qanunauyğun olmamışdır. Bu qənaət aşağıdakılardan yaranır: İlk növbədə qeyd olunmalıdır ki, hazıkı mübahisə üzrə iddiaçının təlimatçı bort operator vəzifəsində işləməsi işin mübahisələndirilməyən halıdır. Cavabdeh inzibati orqan hesab edir ki, təlimatçı bort operator vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarında qeyd olunmuş, eləcə də həmin vəzifə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli qərarında əks olunmadığından iddiaçının «Əmək pensiyaları haqqında» Qanunun 9.3-cü maddəsi ilə deyil, 9.1-ci maddəsinin şərtləri yerinə yetirildiyi təqdirdə güzəştli şərtlərlə pensiya hüququ yarana bilər. İddiaçı isə hesab edir ki, o, İL 76 tipi yük hava gəmisinin təlimatçı bort operatoru vəzifəsində işləyir, həmin vəzifə hava gəmisini istehsal edən müəssisə, eləcə də iddiaçının işəgötürəni tərəfindən təsdiq edilmiş normativ sənədlərə əsasən İl 76 tipli yük hava gəmisində bort operator, böyük bort operator və təlimatçı bort operator vəzifələri uçuş heyəti üzvləri hesab edilir. Lakin nəzərə alınmalıdır ki, iddiaçının işlədiyi bort operator vəzifəsinin xüsusiyyətləri, onun gördüyü işin xarakteristikası və yerinə yetirdiyi funksiyalar həmin vəzifənin uçuş heyəti üzvlərinə aid olmasını birmənalı şəkildə təsdiqləyir. Hətta İL 76 tipli yük hava gəmisinin uçuş istismar təlimatı, eləcə də işəgötürən "xxxx" avia şirlkəti MMC tərəfinən təsdiq edilmiş uçuş istismarı təlimatına əsasən həmin vəzifə konkret olaraq uçuş heyəti üzvlərindən biri kimi qeyd olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 2.1-ci bəndində bort operator vəzifəsi konkret olaraq qeyd edilməsə də, həmin bənddə digər uçuş mütəxəssisləri əks olunmuşdur. Bununla da norma yaradan orqan həmin sahədə hüquqi tənzimləməni həyata keçirərkən uçuş heyət üzvlərini məhdud çərçivəyə salmamış və uçuş heyət üzvlərinə xas olan funksiya və vəzifələri yerinə yetirə bilən və yaxud yerinə yetirə biləcək vəzifələri digər uçuş mütəxəssisləri adı altında qeyd etmişdir. O da qeyd olunmalıdır ki, mülki aviasiya sahəsi özünəməxsus spesifikliyi ilə seçildiyindən həmin sahədə mövcud olan vəzifələrin səciyyəvi əlamətlərini, onların uçuş heyət üzvlərinə aid olub-olmaması məsələləri üzrə daha dəqiq və dolgun məlumatlar işəgötürən müəssisələrdən əldə oluna bilər. Məhkəmə cavabdeh inzibati orqanın bort operator vəzifəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarında əks olunması mövqeyi ilə bağlı diqqətə çəkir ki, həmin vəzifə adıçəkilən Qərarda öz əksini tapsa da, şəxsə həmin Qərara uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi o halda mümkün olardı ki, şəxs ümumiyyətlə uçuş heyəti üzvü kimi fəaliyyət göstərməsin və uçuş üzvü heyətində aid olmayan vəzifələrdə işləmiş olsun və onu qanunvericliklə müəyyən edilmiş 12 il 06 ay zərərli iş stajını tamamlamaq üçün bu vəzifə götürülə bilər. Göründüyü kimi, bort operatoru və bort bələdçisi vəzifəsində işləmiş şəxslərə «Əmək pensiyaları haqqında» Qanunun 9.3-cü maddəsinə əsasən deyil, 9.1-ci maddəsinə əsasən təyin edilməlidir. Odur ki, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatında onu рэьшт Qanunun 9.3-cü maddəsi deyil, 9.1-ci maddəsi üzrə nəzərdə tutulan şəxslərə aid etməkdə haqlı olmamışdır. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh DSMF Xüsusi Şərtlərlı Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair qərarın ləğvi haqqında 29 dekabr 2022-ci il tarixli **********1 nömrəli qərarı qanuna, pensiya qanunvericiliyi üzrə müvafiq maddi hüquq normalarına zidd olmaqla qəbul edilmiş sayılır və həmin qərar həm də iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olur. Cavabdehin iddiaçıya təyin edilmiş əmək pensiyasının dayandırılması haqqında 29 dekabr 2022-ci il tarixli **********9 nömrəli qərarına gəldikdə isə, məhkəmə vurğulayır ki, «Əmək pensiyaları haqqında» Qanunun 37.8.3-cü maddəsinin tələbləri baxımından cavabdehin həmin qərarı inzibati orqanın mövqeyi əsassız olduğundan adekvat qəbul olunmuş kimi qiymətləndirilmir və qanuna zidddir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı sayılaraq təmin edilməli. Odur ki, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul etdiyi 29 dekabr 2022-ci il tarixli hər iki qərarı qanunsuzdur və ləğv edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh DSMF Xüsusi Şərtlərlı Təyinat üzrə Mərkəzi Filialının İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair qərarın ləğvi haqqında 29 dekabr 2022-ci il tarixli **********1 nömrəli qərarı və İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması haqqında 29 dekabr 2022-ci il tarixli **********9 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar