Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5459/2021 24.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı X4, X8 və Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, qeydiyyata alınma tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanına pasport qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün ünvan 2 ünvanında inşa olmuş 81 mənzilli yaşayış binasındakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədi ilə 08.11.2020-ci il tarixli 11/7-143 nömrəli əmrlə yaradılmış komissiyanın 10.12.2010-cu il tarixli Qərarına əsasən X3 şəhid ailəsi olaraq 47 saylı mənzil verilmişdir. Həmin vaxtdan etibarən həmin mənzildə yaşayırlar. X2 oğlu X8 ilə 2017-ci il tarixdə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqdan etibarən həmin mənzildə yaşamışdır. Sabunçu rayon Polis İdarəsinə ünvan 2 ünvanına qeydiyyata alınması və şəxsiyyət vəsiqəsi verilməsi üçün müraciət etmişdir. Lakin Sabunçu rayon Polis İdarəsi cavab məktubu ilə Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə Qeydiyyat” haqqında Qanunun 5-ci maddəsini əsas gətirərək müraciətdən imtina etmişdir. Sabunçu rayon Polis İdarəsinin qeyd olunan əsaslarla müraciətə imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 08 aprel 2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, məhkəmənin 07.07.2021-ci il tarixli və 26.10.2021-ci il tarixli qərardadları ilə X4, X8 və Sabunçu rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Cavabdeh inzibati orqanın və üçüncü şəxslər iddiaya dair münasibətləri (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclaslarının (hazırlıq və şifahi məhkəmə baxışı) yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh Bakı şəhəri Sabunçu rayon polis idarəsi və üçüncü şəxslər nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Cavabdeh məhkəməyə məktubla müraciət edərək, işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. İddiaçı və üçüncü şəxs X1 şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən tərəflərin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək və cavabdeh inzibati orqanın imtinasının qanunvericiliyin tələblərinə uyğun olmadığının nəzərə alınaraq, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Üçüncü şəxs X8 əvvəlki məhkəmə iclaslarında verdiyi izahatında iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının və üçüncü şəxsin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1996-cı ildə doğulmuşdur. Nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən (AZ-İİ seriyalı 219850 №li) müəyyən olunur ki, X8 ilə X5 2017-ci ilin iyul ayının 30-cu günündə nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Quliyeva soyadı verilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 73 saylı Mənzil Kommunal İstismar Sahəsinin 344 nömrəli 13.07.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, ünvan 3 ünvanda yerləşən mənzildə X4, oğlu X8 və nəvəsi X6 qeydiyyatdadırlar və həmin ünvanda yaşayırlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 13.07.2021-ci il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №li arayışdan müəyyən olunur ki, 15.08.1971-ci il təvəllüdlü X7, 14.09.1992-ci il təvəllüdlü X8 və 15.07.2019-cu il təvəllüdlü X6 ünvan 4 ünvanında qeydiyyatdadırlar. ünvan 5n 13.07.2021-ci il tarixdə təsdiq olunmuş ərizədən görünür ki, X4 və X8 ünvan 6 ünvanında yerləşən 6 saylı evin, 47 saylı mənzilinə İddiaçı yaşayış qeydiyyatına alınmasına etiraz etmirlər. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavabdehin 073-11508Q-3221 saylı, 01.04.2021-ci il tarixli məktubu ilə imtina edilmiş və imtinada iddiaçının göstərilən ünvana qeydiyyata alınması üçün müvafiq sənədlərə birlikdə RPİ-nin QMB-nə müraciət etməli olduğu bildirilmişdir. Qeyd olunan sənədlərdən hər hansı biri təqdim edilmədikdə onun göstərilən ünvana tərəflərindən qeydiyyata alınmasının qanuna müvafiq olmadığı bildirilmişdir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********00 saylı 20.09.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Göyüşov küçəsi, döngə 1, ev 6, 47 saylı mənzilin dövlət reyestrində qeydiyyatdan keçməsi haqqında məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi 13.10.2021-ci il tarixli **********8 nömrəli cavab məktubu ilə bildirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə inşa edilmiş mənzillər yaşayış yeri üzrə mənzil növbəsinə dayanmış, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlilliyi müəyyən olunmuş şəxslərə və şəhid ailələrinə təqdim edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Sabunçu rayonunda inşa edilmiş 81 mənzilli yaşayış binasındakı mənzillərin Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarına bölgüsünün həyata keçirilməsi məqsədilə 2010-cu il 8 noyabr tarixli 11/7-143 nömrəli əmrlə yaradılmış Komissiyanın 2011-ci il 29 aprel və 4 may tarixli iclaslarının qərarı ilə X4 şəhid ailəsinin üzvü (şəhidin həyat yoldaşı) kimi Sabunçu rayonu Zabrat qəsəbəsi, Pirşağı Yolu, 1-ci km, 1-ci döngə, Ruslan Göyüşov küçəsi, ev 6 ünvanında, Vİİ mərtəbədə yerləşən, ümumi sahəsi 68,6 kv. metr olan 2 otaqlı 47 nömrəli mənzillə təmin olunmuşdur. əlavə olaraq qeyd edilmişdir ki, Nazirliyin sifarişi ilə ünvan 7 ünvanında imtiyazlı şəxslər üçün inşa edilmiş çoxmənzilli yaşayış binası istismara qəbul edildikdən sonra binanın vahid texniki-istismar normalarına uyğun xidmətinin təşkili və orada yaşayan sakinlərin mənzil-kommunal xidmətlərinə olan tələbatının ödənilməsi istiqamətində müvafiq təşkilati tədbirlərin həyata keçirilməsi məqsədilə həmin bina Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansından çıxarılmış və Bakı şəhər İcra Hakimiyyəti Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin müvafiq Sərəncamı ilə Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmişdir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia əsaslıdır. Belə ki, iddianın hüquqi əsası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Qeyd olunan Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” anlamında “yaşayış yeri” dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qaunvericilikdə qeyd edilən əsaslarla “yaşadığı yer” başa düşülməlidir. Həmin Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Bu müddəalardan göründüyü kimi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Qeydiyyata almanın məhdudlaşdırılması halları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsində dəqiq göstərilmişdir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının qeydiyyata düşmək istədiyi ünvan 1 X3 (iddiaçının qaynanası) şəhid ailəsinin üzvü kimi verilmiş, iddiaçı ailə üzvləri ilə birlikdə uzun müddətdir ki həmin mənzildə yaşayır. Qeyd olunan mənzil iddiaçının daimi yaşayış yeri olduğuna və qaynanasının, ərinin və qızının həmin ünvan üzrə qeydiyyatda olduğuna görə, hazırkı vəziyyətdə cavabdeh inzibati orqanın imtinası yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə uyğun hesab edilmir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçı xx xxxxxx 1996-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhər Sabunçu rayon Polis İdarəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx xxxxxx 1996-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhər Sabunçu rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5459/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5459/2021
24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver