Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-546/2022 07.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X5 iştirakı ilə İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti və Bakı Avrasiya Universiteti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla təhsilin davam etdirilməsinin təmin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyət göstərilməsinə görə verilmiş lisenziya müddətinin bitdiyinə görə natamam qalmış təhsilini davam etdirməyinin təmin edilməsi üçün hal-hazırda fəaliyyət göstərən müvafiq ali təhsil müəssisəsinə tapşırıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)-3472/2021 nömrəli qərardadı ilə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti və Bakı Avrasiya Universiteti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1989-cu il may ayının 16-da Bakı şəhərində anadan olmuşdur. 2006-cı ildə ali təhsili ilə bağlı Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialının “tərcüməçilik” (ingilis dili) ixtisasının qiyabi şöbəsinə daxil olmuşdur. xx.xx.2007-ci ilin M/320 №li əmri ilə Azərbaycan Beynəlxalq Univversitetinin Moskva filialının "tərcüməçilik” (ingilis dili) ixtisasının qiyabi şöbə üzrə ikinci kurs tələbəsi, fərq imtahanlarını vermək şərti ilə Azərbaycan Beynəlxalq Universitetinin “İngilis dili” fakültəsinin əyani şöbəsinin ikinci kursuna, sonradan isə xx.xx.2008 və xx.xx.2009-cu il tarixli müvafiq əmrləri ilə ikinci kursdan üçüncü, üçüncü kursdan dördüncü kursa keçirilmişdir. Azərbaycan Beynəlxalq Universitetinin 30 iyun 2010-cu il tarixli arayışından da göründüyü kimi o, 2006-cı ildən 2010-ci ilə qədər xarici dil (ingilis) ixtisası üzrə Azərbaycan (rus) bölməsi, əyani şöbəsi xarici dillər fakültəsində təhsil almışdır. O cümlədən həmin arayışda universitetdə oxuduğu müddətdə HS 020400 filologiya (ingilis dili) ixtisası üzrə Azərbaycan Təhsil Nazirliyinin bakalavr pilləsi üçün təsdiq etdiyi tədris planının tərəfindən tam yerinə yetirilməsi, göstərilən nəzəri fənnlər, praktik və laborator işlər və istehsalat təcrübələri üzrə aldığı qiymətlər öz əksini tapmışdır. O, xx.xx.2020-ci il tarixdə yazılı ərizə ilə Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinin dayandırılması səbəbindən təhsilinin natamam qaldığı və diplomu ala bilmədiyi üçün müvafiq ali təhsil müəssisəsinə təyinatının verilməsini və təhsilini tamamlamaq üçün həmin təhsil müəssisəsinin diplomunu almağında ona köməklik göstərilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir. Həmin məktubda təhsil almağı ilə bağlı bütün sənədlərinin Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli imtina məktubunda Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldıqdan sonra həmin dövrdə Təhsil Nazirliyi tərəfindən təhsillərini davam etdirmək üçün digər ali təhsil müəssisələrinə köçürülmək hüququ olan tələbələrin siyahısının tərtib edildiyi, lakin həmin siyahıda onun adının aşkar edilmədiyi qeyd edilmişdir. Cavabdeh qurumun imtina məktubu əsassızdır. Belə ki, Təhsil Nazirliyi Lisenziya Komissiyasının xx.xx.2010-cu il tarixli qərarı və Təhsil Nazirliyinin xx.xx.2010-cu il tarixli əmri ilə Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş lisenziya müddəti bitdiyi üçün etibarsız hesab edilmiş, ABU-da təhsil alan tələbələrin təhsil hüquqlarını təmin etmək məqsədilə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin maddi-texniki bazası və kadr potensialı imkan verdiyi üçün bir sıra ixtisaslarla təhsil alan tələbələrin Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə köçürülməsi barədə qərar qəbul olunmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm və Təhsil Mərkəzi “Təfəkkür'’ Universitetinə ünvanladığı xx.xx.2011ci il tarixli, 46xx-xx-1712/17 saylı məktubunda keçən müddət ərzində fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin tədris şöbəsi tərəfindən təqdim edilmiş siyahılar və Təhsil Nazirliyinə daxil olmuş çoxsaylı müraciətlərin təkrar araşdırıldığı, təhsilləri müəyyən səbəblərdən yarımçıq qalmış (təhsil haqqı, hərbi xidmət, akademik və ya analıq məzuniyyəti, köçürülmə ilə gələnlərin təhsil sənədlərinin qaydasında olmadığı və s.) tələbələrin şəxsi işləri təkrar araşdırıldıqdan sonra sənədləri qaydasında olanların siyahılarının yenidən tərtib edildiyi göstərilmişdir. O cümlədən sözügedən məktubda Təhsil Nazirinin xx.xx.2011-ci il tarixli, 322 nömrəli əmrini və məktuba əlavədə göstərilən ixtisaslar üzrə təhsilini “Təfəkkür” Universitetində davam etdirəcək tələbələrin siyahısının göndərildiyi qeyd olunmuş, eyni zamanda Təhsil Nazirliyinin xx.xx.2010-cu il tarixli, 1200 nömrəli əmrinin 5-ci bəndinin icrası tapşırılmışdır. Hal-hazırda “Təfəkkür” universiteti fəaliyyət göstərmədiyindən tapşırığın icrası ona münasibətdə mümkün olmamışdır. Təhsil Nazirliyinin Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə ünvanladığı xx.xx.2011-ci il tarixli, 46xx-xx-1712/17 saylı məktuba əlavə edilmiş tələbələrin siyahısında 443-cü tələbə kimi onun adı yəni “X3” qeyd edilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddia tələbinin dəlilləri əsassız və qanunsuz olduğundan iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı 2007-ci ildə Rusiya Federasiyasında yerləşən Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialından Təhsil Nazirliyinin razılığı olmadan Azərbaycan Beynəlxalq Universitetinə köçürülmüşdür. İddia ərizəsinə əlavə edilən ABUnun xx.xx.2007-ci il tarixli, M/320 saylı əmrinin məzmunundan və əmrin verilməsinə əsas olmuş sənədlərin siyahısından və iddiaçının köçürülməsi barədə Köçürülmə Komissiyasının sədrinin təqdimatından görünür ki, Təhsil Nazirliyindən hər hansı razlıq alınmamışdır. Təhsil Nazirinin xx.xx.1996-cı il tarixli, 402 saylı əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında” Əsasnamədə ali məktəb tələbələri müəyyən şərtlər daxilində bir ali məktəbdən digər ali məktəbə, bir ixtisasdan digər ixtisasa köçürülməsi nəzərdə tutulurdu. Bu Əsasnamədə tələbələrin bir ali məktəbdən digər ali məktəbə köçürülməsi ali təhsil müəssisəsinin rektorlarının razılığı ilə həyata keçirilməsi nəzərdə tutulurdu. Lakin sonradan ali məktəblərin imtahan sessiyasının nəticələri göstərmişdir ki, köçürülən tələbələrin təhsil göstəriciləri digərlərin göstəricilərindən xeyli aşağıdır. Ona görə də Təhsil Nazirliyi tərəfindən “Ali təhsil müəssisələri tələbələrin köçürülmələrinin dayandırılması barədə” xx.xx.2001-ci il tarixli 96 saylı əmr imzalanmışdır. Sonradan Təhsil Nazirliyinə çoxsaylı müraciətlərin nəticəsində (yaşayış yerinin dəyişdirilməsi, xəstəlik, ailənin maddi vəziyyəti və s.) köçürmələrə zərurət yarandığını nəzərə alaraq, yuxarıda qeyd edilən əmrdə dəyişiklik edilməsi barədə təhsil nazirinin xx.xx.2002-ci il tarixli, 80 nömrəli əmri olmuşdur. Həmin əmrin 3-cü bəndinə görə qeyridövlət müəssisələrinə xarici ölkə təhsil müəssisələrindən tələbələrin köçürülməsi Təhsil Nazirliyinin müvafiq razılığı olduqdan sonra aparılması öz əksini tapmışdır. Bu əmrin 5-ci bəndinə görə dövlət və qeyri-dövlət təhsil müəssisələrinin rəhbərləri əmri işdə rəhbər tutmaları tapşırılmışdır. Təhsil Nazirinin təhsil müəssisələrinə ünvanladığı xx.xx.2002-ci il tarixli, xx-xx-4368/17 saylı məktubuna əsasən yalnız tələbənin sənədləri (qiymət kitabçasından çıxarış; tələbənin xarici pasportunun surəti; təhsil aldığı ölkədə müvəqqəti pasport qeydiyyatı haqqında sənəd) Təhsil Nazirliyində araşdırılıb, nazirliyin müvafiq razılığı olduğu halda tələbənin köçürülməsinə baxıla bilərdi. Yuxarıda qeyd olunan normativ sənədlərə əsasən, köçürülmə zamanı yalnız tələbənin sənədləri Təhsil Nazirliyində araşdırılıb Nazirliyin müvafiq razılığı olduğu halda köçürülə bilərdi. Tələbənin köçürülməsi barədə Təhsil Nazirliyinin rəsmi razılığı olduğu təqdirdə, universitet rəhbərliyi tərəfindən köçürülən tələbənin tələbələr sırasına daxil olunması barədə əmr verilə bilərdi. Digər tərəfdən iddiaçının köçürülməsi barədə ABU-nun əmrində xx.xx.1996-cı il tarixli, 402 saylı Əsasnaməyə istinad edilməsi, onun köçürülməsinə nazirlik tərəfindən razılığın verilməsini təsdiq etmir. Sənədlərdən göründüyü kimi iddiaçının köçürülməsinə TN-yi tərəfindən razılıq məktubu verilsəydi, onun adına diplom blankının yazılmasında heç bir problem olmazdı. ABU-nun fəaliyyəti dayandırıldıqdan sonra nazirlikdə müvafiq komissiya yaradılmış və qanunla müəyyən olunmuş qaydada universitetdə təhsil alan və məzun olan tələbələrə diplom blankları verilmişdir. Lakin təqdim olunmuş sənədlərdən görünmüşdür ki, iddiaçının köçürülməsi barədə sənədlər ABU-nun rəhbərliyi tərəfindən saxtalaşdırılaraq rəsmiləşdirilidiyindən onun adına diplom blankı verilməmişdir. Digər tərəfdən iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2010-cu il tarixli arayışdan məlum olmuşdur ki, o artıq 2010-cu il tarixdə ali təhsilini başa vurmuşdur. İddiaçı ali təhsil müəssisəsini 2010-cu ildə bitirdiyi halda, yenidən təhsilinin davam etdirilməsi barədə iddia qaldırması məntiqsizdir. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi iddiaçının ABU-ya köçürülməsi barədə sənədlər təhsil müəssisəsi tərəfindən qanunsuz olduğundan onun iddia tələbi rədd edilməlidir. Təhsil Nazirliyi tərəfindən ali təhsil haqqında diplom blankı təhsil qanunvericiliyinə uyğun olaraq ali təhsil müəssisəsinə qəbul olan və müəssisəni uğurla başa vuran məzunlara verilir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin və üçüncü şəxslərin səlahiyyətli nümayəndələri məhkəməyə gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə görə işə cavabdehin və üçüncü şəxslərin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Bakı şəhəri, Yasdamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19 mart 2011-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X3 arasında 19 mart 2011-ci il tarixldə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Kərimov, arvada Kərimova soyadı verilmişdir. - Köçürülmə Komissiyası tərəfindən Azərbaycan Beynəlxalq Universitetinin rektoruna ünvanlanmış təqdimatın surətindən görünür ki, Moskva filialının «tərcüməçilik» (ingilis dili) ixtisası üzrə qiyabi şöbəsinin İİ kurs tələbəsi X3 Azərbaycan Beynəlxalq Universitetinin «ingilis dili» fakultəsinin əyani şöbəsinin İİ kursuna köçürülməsi ilə əlaqədar müraciət etmişdir.Aşağıdakı fərq imtahanlarını – Azərbaycan tarixi, Müasir Azərbaycan dili, Praktik fonetika vermək şərti ilə X1 «ingilis dili» fakultəsinin əyani şöbəsinin İİ kursuna köçürülməsinə sərəncam verilməsi xahiş edilmişdir. - Azərbaycan Beynəlxalq Universitetinin M/320 №-li, xx.xx.2007-ci il tarixli əmrdən çıxarışın surətindən görünür ki, Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialının “tərcüməçilik” (ingilis dili) ixtisasının qiyabi şöbə üzrə İİ (ikinci) kurs tələbəsi X3 fərq imtahanlarını vermək şərti ilə ABU-nin “ingilis dili” fakultəsinin əyani şöbəsinin İİ (ikinci) kursuna köçürülmüşdür. Əsas: ərizəsi, qiymət kitabçasından çıxarışı, Təhsil Nazirliyinin xx.xx.1996-cı il tarixli, 402 saylı əmri ilə təsdiq olunmuş əsasnaməsi və köçürülmə haqqında komissiyanın protokolu. - Azərbaycan Beynəlxalq Universitetinin 3/615-1 №-li, xx.xx.2008-ci il tarixli əmrdən çıxarışın surətindən görünür ki, xarici dil (ingilis dili) fakültəsinin əyani şöbə üzrə İİ (ikinci) kurs tələbəsi X3 İİ (ikinci) kursun tədris yükünü tam yerinə yetirdiyinə görə İİİ (üçüncü) kursa keçirilmişdir. - Azərbaycan Beynəlxalq Universitetinin 3/09-362 №-li, xx.xx.2009-ci il tarixli əmrdən çıxarışın surətindən görünür ki, xarici dil (ingilis dili) fakültəsinin əyani şöbə üzrə İİİ (üçüncü) kurs tələbəsi X3 İİİ (üçüncü) kursun tədris yükünü tam yerinə yetirdiyinə görə İV (dördüncü) kursa keçirilmişdir. - Azərbaycan Beynəlxalq Universitetinin məzun tələbənin tədris planını icra etməsi haqqında fakültə dekanlığının xx.xx.2010-cu il tarixli arayışından görünür ki, məzun tələbə X3 2006-cı ildən 2010-cu ilə qədər Xarici dil (ingilis) ixtisası üzrə Azərbaycan (rus) bölməsi, əyani şöbəsi Xarici Dillər fakültəsində təhsil almışdır. Universitetdə oxuduğu müddətdə HS 020400 filologiya (ingilis dili) ixtisası üzrə Azərbaycan Təhsil Nazirliyinin bakalavr pilləsi üçün təstiq etdiyi tədris planını tam yerinə yetirmiş, göstərilən nəzəri fənlər, praktik və laborator işlər və istehsalat təcrübələri üzrə qiymətləri almışdır. - Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən iddiaçıya ünvanlanan B- 8141/03-24 №-li, xx.xx.2013-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2011-ci il tarixli, 1484 (a) nömrəli əmrinə müvafiq olaraq fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində “xarici dillər” (ingilis dili) ixtisası üzrə təhsil alan və ya təhsili yarımçıq qalmış tələbələrin təhsillərinin Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində davam etdirilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən ərizədə qaldırdığı məsələ ilə bağlı yay tətili müddətində (avqust ayında) adı qeyd olunan ali məktəbə müraciət etməyini məqsədəmüvafiq hesab edirlər. - Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən iddiaçıya ünvanlanan R- 12979/11-24 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldıqdan sonra həmin dövrdə Təhsil Nazirliyi tərəfindən təhsillərini davam etdirmək üçün digər ali təhsil müəssisələrinə köçürülmək hüququ olan tələbələrin siyahısı tərtib edilmişdir. Həmin siyahıda onun adının aşkar edilməmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirinin “Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvədə olma müddətinin uzadılmaması barədə” xx.xx.2010-cu il tarixli, 1200 nömrəli əmrinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, 17 oktyabr 1997-ci ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış, 1998-ci ildə Təhsil Nazirliyinin 04.12.97-ci il tarixli, xx-xx-4058/16 №-li qərarı ilə ilk dəfə lisenziyalaşdırılmış Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə sonradan 1999-cu ildə 6 il müddətinə, 2005-ci ildə isə 5 il müddətinə yenidən lisenziya verilmişdir. Cari ilin iyul ayının 8-də müddəti bitdiyi üçün ABU-nin fəaliyyətinə verilən lisenziyanın müddətinin uzadılması məsələsini, eləcə də bu ail məktəbdə tədris prosesinin təşkili vəziyyətini araşdırmaq məqsədi ilə Ekspert Qrupu yaradılmışdır. Ekspert qrupu araşdırmanı Universitetin maddi-texniki bazası ilə tanış olmaqla, Universitet rəhbərliyinin və Təhsil Nazirliynin müvafiq şöbələrinin təqdim etdiyi sənədləri təhlil etməklə həyata keçirilmişdir. Ekspert qrupunun hazırladığı arayış Təhsil Nazirliyi Lisenziya Komissiyasının iclasında müzakirə olunmuşdur. Müzakirə zamanı 2005-ci illə müqayisədə ABU-nun maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində müəyyən işlərin görüldüyü bildirilsə də, tədris prosessinin təşkilində normativ sənədlərin tələblərinə riayət olunmadığı, hətta daha ciddi pozuntulara yol verildiyi qeyd olunmuşdur. Belə ki, universitetin ali kollegial idarətetmə orqanı olan Elmi Şuranın istiqamətverici və səfərbəredici imkanlarından istifadə edilmədiyi, Şuranın işinin planlaşdırılması, iclasların təşkili, müzakirələrin keçirilməsi formal, qəbul edilən qərarların isə ümumən deklarativ xarakter daşıdığı, universitetin sturukturuna daxil olan fakultələrin bir çoxunun mövcud qaydaların tələblərinə zidd olaraq fəaliyyət göstərdiyi, əksər kafedralar, xüsusən texniki ixtisaslar üzrə mütəxəssi hazırlayan kafedralar üzrə zəruri avadanlıqla təchiz olunmuş tədris laboratoriyalarının olmadığı, kafedraların işinin düzgün təşkil olunmadığı, orada müəllimlərin dərs bölgüsündə mövcud qaydaların kütləvi şəkildə pozulduğu, universitetdə yüksək ixtisas dərəcəsinə malik olmayan və alimlik dərəcəsi (elmi adı) olmayan müəllimlərə mühazirə dərslərinin verildiyi, mütəxəssis hazırlığı həyata keçirilən ixtisasların tədris planlarının tərtibində qüvvədə olan normativ sənədlərin tələblərinə tam riayət olunmadığı, tədris planlarında bir sıra fənlərin tədrisinə ayrılan saatların normativlərdən az olduğu və ya ümumiyyətlə tədris olunmadığı, nizam-intizam qaydalarına riayət edilmədiyi və tələbələrin dərslərə davamiyyətində ciddi nöqsanların olduğu, qrupların tədris jurnallarının formal olaraq doldurulduğu, bəzən dəyişdirildiyi və müəllimlərin imzalarının saxtalaşdırıldığı, tələbələrin biliyinin formal qiymətləndirildiyi, fənlərin tədrisinin pərakəndə şəkildə (müəllimin istədiyi kimi) aparıldığı, universitetdə tələbə kontingetinin formalaşması, tələbələrin kursdan kursa keçirilməsi, qrup və birlməşmələrin təşkili və s. məsələlərdə ciddi pozuntulara yol verildiyi, universitetin daxilində və ya digər ali məktəblərdən tələbələrin köçürülməsi, tələbələr sırasına bərpası və xaric olunması zamanı mövcud qanunvericiliyin tələblərinin ciddi şəkildə pozulduğu, hətta saxtakarlığa yol verildiyi, köçürülmə sənədlərinin saxtalaşdırıldığı, diplom vermə zamanı sənədləşmə və sənədlərin icrası mexanizminin kobud şəkildə pozulduğu, Universitetin Moskva filialının fəaliyyətinin mövcud normativ sənədlərə uyğun təşkil olunmadığı bildirilmişdir. Qeyd olunan pozuntu və çatışmazlıqlar İşçi qrupunun arayışında geniş şəkildə əks olunmuşdur. Lisenziya Komissiyasının yekdil qərarı ilə qeyd olunan nöqsanlar nəzərə alınaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş xx.xx.2005-ci il tarixli, 003283 №-li xüsusi razılığın (lisenziya) müddətinin uzadılmaması barədə qərar qəbul olunmuşdur. Qeyd olunanları nəzərə alaraq Təhsil Nazirliyinin xx.xx.2010-cu il tarixli, 1058 №-li əmri ilə yaradılmış İşçi qrupunun arayışının və Lisenziya Komissiyasının xx.xx.2010-cu il tarixli iclasının protokolunun nəzərə alınması, Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş xx.xx.2005-ci il tarixli, 003283 №-li lisenziyanın vaxtının uzadılmasının qeyri-mümkün hesab edilməsi və “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın 3.3-cü bəndinə əsasən müddəti bitdiyinə görə lisenziyanın etibarsız sayılmasına, Akkreditasiya şöbəsinə (H.Zərbəliyev) “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın 5.5-ci bəndinə uyğun olaraq 3 gün müddətində lisenziyabnın etibarsız sayıldığı barədə onun sahibinə və dövlət vergi xidməti orqanlarına yazılı məlumatın verilməsinin tapşırılması, Azərbaycan Beynəlxalq Universitetinin rəhbərliyinə (E.Abdullayev) Azərbaycan Beynəlxalq Universitetinin təhsil fəaliyyətinə verilinə xx.xx.2005-ci il tarixli, 003283 №-li lisenziyanın əslinin Təhsil Nazirliyinə təqdim etməsi, xx.xx.2010-cu il tarixə qədər ali məktəbdə təhsil alan, təhsili başa çatan, hazırda müxtəlif səbəblərdən təhsilində fasilə yaranan şəxslər barədə məlumatı 10 gün müddətində hazırlayıb Təhsil Nazirliyinə təqdim etməsinin tapşırılması, Aparat (İ.Pirməmmədov) və Ali və orta ixtisas təhsili şöbəsinin mövcud qanunvericiliyin tələbləri gözlənilməklə bu ali məktəbə qəbul olunub hal-hazırda təhsil alan və ya təhsili müəyyən səbəblərdən yarımçıq qalmış tələbələrin gələcək təhsilləri ilə bağlı təkilfləri hazırlamaları əmr edilmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirinin “Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin tələbələrinin əlavə yerləşdirilməsi barədə” xx.xx.2011-ci il tarixli, 322 №-li əmrinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş xx.xx.2005-ci il tarixli, 003283 №-li xüsusi razılığın (lisenziyanın) qüvvədə olma müddətinin uzadılmaması barədə Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2010-cu il tarixli, 1200 №-li və bu əmrin icrası barədə Nazirliyin xx.xx.2010-cu il tarixli, 1210 №-li əmrinin 3-cü bəndinə uyğun olaraq ABU-ya müxtəlif illərdə köçürülən və ya müəyyən səbəblərdən təhsili yarımçıq qalmış tələbələrin siyahısının hazırlanması, köçürülmə ilə bağlı olan şikayətçilərin qəbul olunması üçün Komissiya yaradılmışdır. 2010-cu ilin sentyabr ayında Komissiyanın tərtib etdiyi siyahılara uyğun olaraq TQDK-nın sərəncamı ilə ABU-ya qəbul olunmuş və Nazirliyin məlumat bankında adları olan 1345 tələbə ixtisasları üzrə maddi-texniki baza və professor-müəllim heyəti müvafiq normalara cavab verən 9 özəl və 1 dövlət ali məktəbinə yerləşdirilmişlər. Ötən müddət ərzində universitetin tədris şöbəsi tərəfindən Nazirliyə təqdim olunan müvafiq arxiv sənədləri və qanuni yolla ABU-ya qəbul olunmuş (köçürülmüş), lakin bu vaxta qədər təhsildən kənarda qalmış tələbələrin ərizələri yerində araşdırılmışdır. Araşdırma zamanı bir qrup tələbələrin TQDKnın sərəncamı ilə və ya 2004-cü ildə özəl ali məktəblərə tələbə qəbulu ilə bağlı Təhsil Qanununda edilmiş dəyişikliyə qədər universitet tərəfindən qəbul olunduqları və şəxsi işlərinin qaydasında olduğu halda naməlum səbəblərdən adlarının dövlət attestasiyasına buraxılan tələbələrin siyahısında Nazirliyə təqdim edilmədiyi, digər bir qism tələbələrin (əsasən digər ali məktəblərdən köçürülən və əlavə ali təhsil almaq üçün qəbul olunmuş tələbələrin) isə şəxsi işlərinin qaydasında olmadığı məlum olmuşdur. Araşdırma nəticəsində belə tələbələrin siyahısı tərtib olunmuş, şəxsi işlərində dövlət nümunəli akademik arayışları olmayan tələbələrdən arayışların dəyişdirilməsi tələb olunmuşdur. Hazırda sənədləri qaydasına salınan 2535 tələbədən 645 nəfəri TQDK-nın sərəncamı ilə, 1663 nəfəri 2004-cü ilə qədər (Təhsil Qanununun 21-ci maddəsinə uyğun qəbul olunanlar) ali məktəbin özü tərəfindən, 23 nəfəri əlavə (2-ci) ali təhsil almaq üçün qəbul olunan, 204 nəfəri isə mövcud qanunvericiliyə uyğun ABU-ya köçürülən tələbələrdir (ixtisaslar üzrə say barədə məlumat və adlı siyahı əlavə olunur). Qeyd olunanları nəzərə alıb və tələbələrin təhsil hüquqlarını təmin etmək məqsədi ilə əmrə əlavə olunmuş siyahıda adları göstərilən fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq tələbələrinin «iqtisadiyyatın hüquqi tənzimlənməsi», «ibtidai təhsilin pedaqogika və metodikası», «nəqliyyatda daşınmaların və idarəetmənin təşkili», «sənaye və mülki tikinti» və «bədən tərbiyəsi və idman» ixtisaslarında təhsil alan tələbələr - Elm və Təhsil Mərkəzi «Təfəkkür» Universitetində təhsillərinin davam etdirilmələrinin təmin edilməsi əmr edilmişdir. Aparata (İ.Pirməmmədov) və Ali və orta ixtisas təhsili şöbəsinə (İ.Mustafayev) əlavə olunmuş siyahıya uyğun olaraq köçürülən tələbələrin ixtisaslar üzrə adlı siyahısını müvafiq ali məktəblərə təqdim etmələri; Arxivdən köçürülməsi nəzərdə tutulan tələbələrin şəxsi işlərini Komissiya tərəfindən müvafiq ali məktəblərə təhvil verilməsini təmin etmələri; Aidiyyatı özəl ali məktəb rəhbərləri ilə birlikdə tələbələrin köçürülməsi ilə bağlı əmrdən irəli gələn digər tədbirləri həyata keçirilməsi tapşırılmışdır. Tələbələrin köçürüldüyü ali təhsil müəssisələrinin rəhbərlərinə qısa müddətdə tələbələrin şəxsi işlərini və qiymət kitabçasından çıxarışlarını qəbul etmək, köçürüldüyü ali məktəbin tədris planına müvafiq olaraq fənn fərqlərinin olub-olmamasını və təhsillərini hansı kursda davam etdirmələrini müəyyənləşdirmək məqsədi ilə müvafiq tədbirlər görmələri, tələbələrin fənn fərqlərini semestrin sonuna qədər vermələri üçün şərait yaratmalrı tapşırılmışdır. - Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə ünvanlanmış xx-xx-1212/17 №-li, xx.xx.2011-ci il tarixli məktubunun surətindən görünür ki, Təhsil Nazirliyi Lisenziya Komissiyasının xx.xx.2010-cu il tarixli qərarı və Təhsil Nazirinin xx.xx.2010-cu il tarixli, 1200 №-li əmri ilə Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş lisenziya müddəti bitdiyi üçün etibarsız hesab edilmiş, ABU-da təhsil alan tələbələrin təhsil hüquqlarını təmin etmək məqsədi ilə rəhbərlik etdiyi ail məktəbin maddi-texniki bazası və kadr potensialı imkan verdiyi üçün burada “nəqliyyatda daşımaların və idarəetmənin təşkili”, “sənaye və mülki tikinti”, “iqtisadiyyatın hüquqi tənzimlənməsi” və “bədən tərbiyəsi və idman” ixtisasları üzrə təhsil alan tələbələrin Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə köçürülməsi barədə qərar qəbul olunmuşdur. Keçən müddət ərzində fəaliyyəti dayandırılmış Azərbaycan beynəlxalq Universitetinin tədris şöbəsi tərəfindən təqdim edilmiş siyahılar və Təhsil Nazirliyinə daxil olmuş çoxsaylı müraciətlər təkrar araşdırılmışdır. Təhsilləri müəyyən səbəblərdən yarımçıq qalmış (təhsil haqqı, hərbi xidmət, akademik və ya analıq məzuniyyəti, köçürülmə ilə gələnlərin təhsil sənədlərinin qaydasında olmadığı və s.) tələbələrin şəxsi işləri təkrar araşdırıldıqdan sonar sənədləri qaydasında olanların siyahıları yenidən tərtib edilmişdir. Bununla əlaqədar Təhsil Nazirinin xx.xx.2011-ci il tarixli, 322 №-li əmrini və hazırda məktuba əlavədə göstərilən ixtisaslar üzrə təhsilini “Təfəkkür” Universitetində davam etdirəcək tələblərinini siyahısı göndərilir. Eyni zamanda Nazirliyin xx.xx.2010-cu il tarixli, 1200 №-li əmrinin 5-ci bəndinin icrasını təmin etmək tapşırılır. - Azərbaycan Respublikası Təhsil Nazirinin “Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin tələbələrinin əlavə yerləşdiriləsi barədə” xx.xx.2011-ci il tarixli, 1484 (a) №-li əmrinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Təhsil Nazirliyinin xx.xx.2010-cu il tarixli, 1200 №-li əmri ilə Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş lisenziyanın müddətinin uzadılmaması qərara alındığı üçün universitetin fəaliyyəti dayandırılmışdır. Nazirliyin digər müvafiq əmrləri ilə ABU-ya TQDK-nın sərəncamı ilə və ya 2004-cü ilə qədər universitet tərəfindən qəbul olunmuş (Təhsil Nazirliyinin razılığı ilə köçürülmüş), məlumat bankında adları olan və ərizə ilə Nazirliyə müraciət etmiş 2500-dən çox tələbə təhsillərini davam etdirmək üçün müvafiq özəl ali məktəblərə yerləşdirilmişlər. Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universiteti tərəfindən Təhsil Nazirliyinin müvafiq əmri ilə yaradılmış Təhvil-təslim komissiyasına ABU-nun Moskva filialından köçürülmüş tələbələrin siyahısı təqdim olunmuşdur. Həmin siyahıya əsasən belə tələbələrin sayı 2500-ə qədərdir. Lakin bu tələbələrin sənədləri qaydasında olmadığına görə onların digər tələbələrlə birlikdə müvafiq ali məktəblərə yerləşdirilməsi mümkün olmamışdır. Qeyd edək ki, Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialı Rusiya Federasiyası Elm və Təhsil Nazirliyi (xx.xx.2005-ci il tarixli, A № 164599 saylı lisenziya) və Azerbaycan Respublikası Təhsil Nazirliyi (xx.xx.2007-ci il tarixli, 031972 saylı lisenziya) tərəfindən lisenziyalaşdırılmışdır. Filialın Nizamnaməsinə əsasən buraya tələbə qəbulu Rusiya Federasiyasının qanunvericiliyinə uyğun, ali məktəb tərəfindən aparılmışdır. Filialın qiyabi şöbəsinə qəbul olunmuş tələbələrdən 700-ə qədəri İ kursda Moskva şəhərində olmuş, digərlərinin tədrisi isə filialın Nizamnaməsinə əsasən Bakı şəhərində təşkil edilmişdir. Təhvil-təslim komissiyasının Xüsusi qrupu tərəfindən aparılan araşdırma zamanı həmin tələbələrin xarici pasportlarında olan qeydiyyatlara, qəbul əmrlərinə, imtahan vərəqələrinə və digər sənədlərinə baxış keçirilmişdir. Bununla yanaşı sənədləri araşdırılmış 700-ə yaxm tələbənin 2007-2010-cu illərdə Rusiya Federasiyasına getmələrini dəqiqləşdirmək məqsədi ilə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə sorğu göndərilmişdir. ABUnun Moskva filialına qəbul olunmuş tələbələr İ kursu bitirdikdən sonra rektorun əmri ilə əsas ali məktəbin müvafiq ixtisaslarına köçürülmüşlər. Bu tələbələrin bir qisminin əsas ali məktəbə köçürülməsinə təhsil Nazirliyi tərəfindən də müvafiq razılıq verilmişdir. Ötən müddət ərzində filialdan əsas ali məktəbə köçürülən tələbələrin şəxsi işləri əsasən qaydasına salınmışdır. Qeyd olunanları nəzərə alıb və tələbələrin təhsil hüquqlarını təmin etmək məqsədi ilə Əmrə əlavə olunmuş siyahıda adları göstərilən fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq tələbələrinin aşağıdakı ali təhsil müəssisələrində təhsillərini davam etdirmələrinin təmin edilməsi: - «riyaziyyat və informatika», «müalicə işi», «pediatriya», «əczaçılıq», «stomatologiya», «hüquqşünaslıq», «neft və qaz yataqlarının işlənməsi və istismarı», «ekologiya», «aqronomluq» və «tibbi biologiya» ixtisaslarmda təhsil alan tələbələr - «Odlar Yurdu» Universitetində; «maliyyə və kredit» və «turizm və sosial mədəni servis xidməti» ixtisasında təhsil alan tələbələr - Azərbaycan Kooperasiya Universitetində; - «beynəlxalq iqtisadi münasibətlər» və «regionşünaslıq» ixtisasında təhsil alan tələbələr - Azərbaycan İctimai-Siyasi Universitetində; - «tarix və ictimaiyyət» ixtisasında təhsil alan tələbələr - Bakı Asiya Universitetində; - «dövlət və bələdiyyə idarəetməsi», «gömrük işinin təşkili» və «vergi işinin təşkili və idarəedilməsi» ixtisaslarında təhsil alan tələbələr - Bakı Biznes Universitetində; «xarici dil (ingilis dili)» və «Jurnalistika» ixtisaslarında təhsil alan tələbələr - Bakı Avrasiya Universitetində; - «xarici dil (ingilis dili)», «iqtisadiyyatın hüquqi tənzimlənməsi», «ibtidai təhsilin pedaqogika və metodikası», «nəqliyyatda daşınmaların və idarəetmənin təşkili», «sənaye və mülki tikinti» və «bədən tərbiyəsi və idman» ixtisaslarında təhsil alan tələbələr - Elm və Təhsil Mərkəzi «Təfəkkür» Universitetində; - «dekorativ tətbiqi incəsənət və xalq sənəti» ixtisasında təhsil alan tələbələr- Azərbaycan Rəssamlıq Akademiyasında. Aparat (İ.Pirməmmədov), Ali və orta ixtisas təhsili şöbəsi (İ.Mustafayev) və Təhvil-təslim Komissiyasının Xüsusi qrupuna əavə olunmuş siyahıya uyğun olaraq köçürülən tələbələrin ixtisaslar üzrə adlı siyahısını müvafiq ali məktəblərə təqdim etlərləri; Köçürülməsi nəzərdə tutulan tələbələrin şəxsi işlərini arxivdən müvafiq ali məktəblərə təhvil verilməsini təmin etmələri; Aidiyyatı özəl ali məktəb rəhbərləri ilə birlikdə tələbələrin köçürülməsi ilə bağlı əmrdən irəli gələn digər tədbirləri həyata keçirmələrinin tapşırılmasına; Tələbələrin köçürüldüyü ali təhsil müəssisələrinin rəhbərlərinə qısa müddətdə tələbələrin şəxsi işlərini və qiymət kitabçasından çıxarışlarını qəbul etmək, köçürüldüyü ali məktəbin tədris planına müvafiq olaraq fənn fərqlərinin olub-olmamasını və təhsillərini hansı kursda davam etdirmələrini müəyyənləşdirmək məqsədi ilə müvafiq tədbirlər görmələri; Tələbələrin fənn fərqlərini semestrin sonuna qədər vermələri üçün şərait yaratmalarının tapşırılması əmr edilmişdir. - Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 3/90 nömrəli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, X2 aid olan sənədlər (ərizələr, əmrlər, orta təhsil haqqında atestatın əsli) Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə təqdim edilmiş, həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə ünvanlanmış siyahılarda X1 adı qeyd edilmişdir. - Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 3/97 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2011-ci il tarixli, 1484A №-li əmrinin icrası ilə bağlı məktub Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə daxil olmamışdır. - Bakı Avrasiya Universiteti tərəfindən məhkəməyə ünvanlanmış T2219-01/06 nömrəli, 07 iyul 2022-ci il tarixli məktubdan görünür ki, Universitetə İddiaçı haqqında hər hansı müraciət və sənəd daxil olmadığından məhkəməyə təqdim edilməsi üçün sübut qeydə alınmamışdır. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 02 avqust 2021-ci il tarixli, 18-18- 59/12 nömrəli məktubdan görünür ki, məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)- 3472/2021 saylı qərardadının icrası ilə əlaqədar bildirilir ki, iddiaçının ərizəsi və ona aid sənədlər yenidən araşdırılmışdır. Məlumat üçün bildirilir ki, ABU-nun fəaliyyəti dayandırıldıqdan sonra orada təhsil alan, həmçinin müxtəlif səbəblərdən təhsilləri yarımçıq qalmış tələbələrin sənədləri müvafiq komissiya tərəfindən araşdırılmış və onların digər müəssisələrə köçürülməsinə dair əmrlər imzalanmışdır. Belə ki, qanunvericiliklə müəyyən olunmuş qaydada ali təhsil müəssisəsinə qəbul olunan və təhsilləri yarımçıq qalmış tələbələrin siyahıları imzalanaraq, təhsil nazirinin xx.xx.2011-ci il tarixli, 322 nömrəli əmrinə uyğun olaraq ixtisaslar üzrə müvafiq ali təhsii müəssisələrinə göndərilmişdir. Eyni zamanda nazirliyin xx.xx.2011-ci il tarixli, xx-xx-1712/17 saylı məktubu ilə “nəqliyyatda daşımaların və idarəetmənin təşkili”, “sənaye və mülki tikinti”, “iqtisadiyyatın hüquqi tənzimlənməsi” və “bədən tərbiyəsi və idman” ixtisasları üzrə təhsil alan tələbələr Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə köçürülmüşdür. ABU-da təhsil alan “xarici dil (ingilis dili)” ixtisası üzrə təhsil alan tələbələr isə nazirliyin xx.xx.2011-ci il tarixli, xx-xx- 1711/17 saylı məktubu ilə Bakı Avrasiya Universitetinə köçürülmüşdür. Həmin universitetlərə köçürülən tələbələrin siyahısında X4 adı aşkar edilməmişdir. Həmin dövrdə qüvvədə olan təhsil qanunvericiliyinə uyğun olaraq, təhsil nazirliyinin razılığı olmadan Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialından ABU-ya köçürülmüş tələbələrin siyahısı məlum olmasına baxmayaraq onların digər ali təhsil müəssisələrində yerləşdirilməsi ilə bağlı nazirlik tərəfindən əmr verilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən bildirilir ki, məhkəmə qərardadına uyğun olaraq X4 təhsilinin davam etdirilməsinin təmin edilməsi ilə bağlı müraciətinə baxılmış və onun ali təhsil müəssisəsinə bərpa edilməsi mümkün hesab edilməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Balakişiyeva (Kərimova) Fidan Namiq qızı fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialının “tərcüməçilik” (ingilis dili) ixtisası üzrə qiyabi şöbəsinə qəbul olunmuş, Azərbaycan Beynəlxalq Universitetinin xx.xx.2007-ci il tarixli, M/320 №-li, xx.xx.2007-ci il tarixli əmrlə Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialının “tərcüməçilik” (ingilis dili) ixtisasının qiyabi şöbə üzrə İİ (ikinci) kurs tələbəsi X3 fərq imtahanlarını vermək şərti ilə ABU-nin “ingilis dili” fakultəsinin əyani şöbəsinin İİ (ikinci) kursuna köçürülmüşdür. X3 Azərbaycan Beynəlxalq Universitetinin Xarici dil (ingilis) ixtisası üzrə Azərbaycan (rus) bölməsi, əyani şöbəsi Xarici Dillər fakültəsində 2007-cı ildən 2010-cu ilə qədər təhsil almışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş xx.xx.2005-ci il tarixli, 003283 №-li xüsusi razılığın (lisenziyanın) qüvvədə olma müddətinin uzadılmaması barədə Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2010-cu il tarixli, 1200 №-li və bu əmrin icrası barədə Nazirliyin xx.xx.2010-cu il tarixli, 1210 №-li əmrinin 3-cü bəndinə uyğun olaraq ABU-ya müxtəlif illərdə köçürülən və ya müəyyən səbəblərdən təhsili yarımçıq qalmış tələbələrin siyahısının hazırlanması, köçürülmə ilə bağlı olan şikayətçilərin qəbul olunması üçün Komissiya yaradılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2011-ci il tarixli, 1484 (a) №-li əmri ilə ABU-nun Moskva filialından köçürülmüş “xarici dil (ingilis dili)”, «iqtisadiyyatın hüquqi tənzimlənməsi», «ibtidai təhsilin pedaqogika və metodikası», «nəqliyyatda daşınmaların və idarəetmənin təşkili», «sənaye və mülki tikinti» və «bədən tərbiyəsi və idman» ixtisaslarında təhsil alan tələbələrin Elm və Təhsil Mərkəzi «Təfəkkür» Universitetində təhsillərini davam etdirmələrinin təmin edilməsinə əmr verilmişdir. Komissiya tərəfindən hazırlanmış və Təhsil Nazirliyi tərəfindən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə göndərilmiş “2012/2013-cü tədris ilinin yay tətili müddətində Təhsil Nazirliyinə müraciət edən və Təhsil Nazirliyinin xx.xx.2011-ci il tarixli, 1484a№-li əmrinə əsasən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə yerləşdirilməsi nəzərdə tutulan fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Univeristetinin tələblərinin” Siyahısında “xarici dil” ixtisası üzrə Balakişiyeva (Kərimova) Fidan Namiq qızının adı mövcuddur. İddiaçının təhsilini davam etdirmək üçün müraciəti cavabdeh tərəfindən ilkin olaraq Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldıqdan sonra həmin dövrdə Təhsil Nazirliyi tərəfindən təhsillərini davam etdirmək üçün digər ali təhsil müəssisələrinə köçürülmək hüququ olan tələbələrin siyahısında adının aşkar edilməməsi, sonradan isə ABU-da təhsil alan “xarici dil (ingilis dili)” ixtisası üzrə təhsil alan tələbələr isə nazirliyin xx.xx.2011-ci il tarixli, xx-xx-1711/17 saylı məktubu ilə Bakı Avrasiya Universitetinə köçürülməsi və həmin universitetə köçürülən tələbələrin siyahısında X4 adı aşkar edilməməsi əsas gətirilərək imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Dövlət minimum təhsil standartlarını müəyyən edir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: - 5.1-ci maddəsinə əsasən dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və fоrmasından məhrum edilməsinə yоl vermir. - 5.2-ci maddəsinə əsasən dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı оlmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yоl verilməməsinə təminat verir. - 5.3-cü maddəsinə əsasən dövlət mülkiyyət formasından asılı оlmayaraq, bütün təhsil müəssisələrinə işə qəbulda, vəzifələrə təyin оlunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında, təhsil müəssisələrinə qəbul olunmada, təhsilalanların təqaüdlə təmin edilməsində, iхtisasların seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin edilməsində, təhsilin növbəti pillədə davam etdirilməsində, iхtisasın artırılmasında və təhsil sahəsində digər məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir. - 5.6-cı maddəsinə əsasən dövlət maddi vəziyyətindən asılı оlmayaraq, istedadlı şəхslərin təhsilini davam etdirməsinə təminat verir, sоsial müdafiəyə ehtiyacı оlanların təhsil almasına şərait yaradır. - 32.1-ci maddəsinə əsasən təhsilalanların hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər normativ hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun müəyyən edilir. - 32.2-ci maddəsinin tələblərinə görə bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bərabər hüquqlara malikdirlər. 32.3-cü maddəsinə əsasən təhsilalanların hüquqları aşağıdakılardır: 32.3.7. müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək; 32.3.12. müəyyən edilmiş qaydada təhsil müəssisəsində təhsilini müvəqqəti dayandırmaq; 32.3.19. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Təhsil Nazirliyinin 401 saylı xx.xx.1996-cı il tarixli əmri ilə təsdiq edilmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında” Əsasnamənin 1.1-ci bəndinə görə Respublika daxilində: - ali və orta ixtisas təhsil müəssisələri tələbələrinin istənilən təhsil forması üzrə bir məktəbdən digərinə köçürülməsi, köçürülmək istədiyi təhsil müəssisəsinin rektorunun (direktorunun) razılığı ilə həyata keçirilir; - uyğun ixtisas üzrə başqa təhsil müəssisəsinə köçürülmək istəyən tələbə qiymət kitabçasından çıxarış və ərizə ilə birlikdə küçürülmək istədiyi təhsil müəssisəsinin rektoruna (direktoruna) müraciət edir. Qiymət kitabçasından çıxarışla ərizədə göstərilən ixtisasın tədris planına əsasən fənn fərqləri müəyyənləşdirilir. Fənn fərqlərin sayı 8-dən çox olmadıqda tələbə müvafiq kursa, 8-dən çox olduqda isə, öz razılığı il bir kurs aşağıda da (birinci kurs istisna olmaqla) keçirilə (bu halda aşağı kurslarda yenə də fənlərin sayı 8dən çox olmamalıdır) bilər. Bu zaman tələbə rektorun əmri ilə dərslərə buraxılır, onun əvvəl oxuduğu təhsil müəssisəsinə şəxsi işini göndərmək haqda yazılı müraciət olunur və fərqləri ləğv etmək üçün bir semestr vaxt verilir. Tələbənin şəxsi işi alındıqdan sonra onun köçürüldüyü tədris müəssisəsində tələbələr sırasına daxil olması barədə əmr verilir. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı 2006-cı ildə Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialının «tərcüməçilik» (ingilis dili) ixtisası üzrə qiyabi şöbəsinin 1ci kursuna daxil olmuşdur ki, həmin filial Rusiya Federasiyası Elm və Təhsil Nazirliyi (xx.xx.2005-ci il tarixli, A № 164599 saylı lisenziya) və Azerbaycan Respublikası Təhsil Nazirliyi (xx.xx.2007-ci il tarixli, 031972 saylı lisenziya) tərəfindən lisenziyalaşdırılmışdır. Filialın Nizamnaməsinə əsasən buraya tələbə qəbulu Rusiya Federasiyasının qanunvericiliyinə uyğun, ali məktəb tərəfindən aparılmışdır. İddiaçı müraciətinə əsasən sonuncu fərq imtahanlarını vermək şərti ilə ABU-nin “ingilis dili” fakultəsinin əyani şöbəsinin İİ (ikinci) kursuna köçürülmüş və həmin universitetdə təhsilini davam etdirmişdir. Təhsil Nazirliyinin xx.xx.2010-cu il tarixli, 1200 №-li əmri ilə Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş lisenziyanın müddətinin uzadılmaması qərara alındığı üçün universitetin fəaliyyəti dayandırılmışdır. Nazirliyin müvafiq əmrləri ilə ABU-ya TQDKnın sərəncamı ilə və ya 2004-cü ilə qədər fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin tərəfindən qəbul olunmuş (Təhsil Nazirliyinin razılığı ilə köçürülmüş), ABUnun Moskva filialına qəbul olunmuş tələbələrin təhsil hüquqlarını təmin etmək məqsədi ilə həmin univeristetin sabiq tələbələri digər universitetlərə köçürülmüşlər. Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2011-ci il tarixli, 1484 (a) №-li əmri ilə ABU-nun Moskva filialından köçürülmüş “xarici dil (ingilis dili)”, ixtisasında təhsil alan tələbələrin Elm və Təhsil Mərkəzi «Təfəkkür» Universitetində təhsillərini davam etdirmələrinin təmin edilməsinə əmr verilmiş və İddiaçı aid olan sənədlər nazirlik tərəfindən Elm və Təhsil Mərkəzi «Təfəkkür» Universitetinə təqdim edilmişdir. Cavabdeh öz imtinasını köçürülən tələbələrin siyahısında X4 adı aşkar edilməməsi ilə əsaslandırsa da hazırki məhkəmə icraatında bu xüsusat təkzib olunmuşdur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış B-8141/03-24 №-li, xx.xx.2013-cü il tarixli məktubda Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2011-ci il tarixli, 1484 (a) nömrəli əmrinə müvafiq olaraq fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində “xarici dillər” (ingilis dili) ixtisası üzrə təhsil alan və ya təhsili yarımçıq qalmış tələbələrin təhsillərinin Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində davam etdirilməsinin nəzərdə tutulduğu, bu səbəbdən ərizədə qaldırdığı məsələ ilə bağlı yay tətili müddətində (avqust ayında) adı qeyd olunan ali məktəbə müraciət etməyini məqsədəmüvafiq hesab edilməsi göstərilmiş, həmçinin iddiaçı (Balakişiyeva) Fidan Namiq qızına aid olan fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin müvafiq sənədlərinin əslinin (əmrlər, ərizələr, orta təhsil haqqında atestatın) Elm və Təhsil Mərkəzi «Təfəkkür» Universitetində mövcud olması müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə bununla da cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina ilə bağlı gətirdiyi dəlillər əsaslı sayıla bilməz. Qeyd olunanları, eləcə də iddiaçının təhsil hüquqlarının mövcud qanunvericiliklə qorunmasını, həmçinin bu sahədə formalaşmış inzibati praktikanı nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının təhsil hüququnun bərpa olması ilə bağlı irəli sürdüyü tələbi əsaslıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. - 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. - 12.3-ci maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 13.5-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. - 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyət göstərilməsinə görə verilmiş lisenziya müddətinin bitdiyinə görə İddiaçı natamam qalmış təhsilini davam etdirməyinin təmin edilməsi üçün hal-hazırda fəaliyyət göstərən müvafiq ali təhsil müəssisəsinə tapşırıq verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyət göstərilməsinə görə verilmiş lisenziya müddətinin bitdiyinə görə İddiaçı natamam qalmış təhsilini davam etdirməyinin təmin edilməsi üçün hal-hazırda fəaliyyət göstərən müvafiq ali təhsil müəssisəsinə tapşırıq verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-546/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-546/2022
07.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver