Məhkəmə qərarları › İş №2-1(112)-546/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-546/2025

28.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-546/2025 28.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “İddiaçı ünvan 1 ünvanında yerləşən və istifadəsində olan 990 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti

1. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 35.0 kv.m, köməkçi sahəsi 37.8 kv.metr olan 2 otaqdan ibarət xx.xx.2003-cü il tarixdə verilmiş, 21107 saylı reyestr kitabının 67 nömrəli vərəqində qeyd edilmiş Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyət vəsiqəsinin yeni çıxarışla əvəzlənərək, iddiaçının adına ünvan 2 ünvanında yerləşən evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təsdiq edən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Sonradan iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “onun ünvan 1 ünvanında yerləşən və istifadəsində olan 990 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsi xahiş etmişdir.

3. Məhkəmənin 19 iyul 2024-cü il tarixli Qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi 35.0 kv.metr, köməkçi sahəsi 37.8 kv.metr olan 2 otaqdan ibarət xx.xx.2003-cü il tarixdə verilmiş, 21107 saylı reyestr kitabının 67 nömrəli vərəqində qeyd edilmiş Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən iddiaçının adına qeydiyyatdan keçirilmişdir və bu barədə qeydiyyat vəsiqəsi verilmişdir. Lakin iddiaçı xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi 35.0 kv.metr, köməkçi sahəsi 37.8 kv.metr olan 2 otaqdan ibarət xx.xx.2003-cü il tarixdə verilmiş, 21107 saylı reyestr kitabının 67 nömrəli vərəqində qeyd edilmiş Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin yeni, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilməsi dəyişdirilməsi və yeni çıxarışın verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3- 30/2-40772/2023, **********72 saylı imtina məktubu ilə bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən X3 ərazisində yerləşən torpaq sahəsinə dair həmin sovxozun direktorunun əmrinin əsli, arxiv arayışı və yerləşmə cizgisi təqdim edilməmişdir. Bu səbəbdən, yaranmış zərurətlə əlaqədar fərdi yaşayış evinin qeydiyyata alınmasına alınmasına əsas olmuş X3 direktorunun 14 yanvar 1995-ci il tarixli 6 nömrəli əmri ilə torpaq sahəsinin ayrılıb-ayrılmaması ilə bağlı məlumatın verilməsi barədə Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinə ünvanlanmış sorğuya verilmiş xx.xx.2023ci il tarixli 7/768 nömrəli cavab məktubunda bildirilmişdir ki, X3 direktorunun 14 yanvar 1995-ci il tarixli 6 nömrəli əmri arxivdə aşkar edilməmişdir. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, elektron kadastr məlumatına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi S.Əliyev adına Damazlıq sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsi daxilindədir. Odur ki, torpaq sahəsinə dair sovxoz direktorunun əmri, əmrin arxiv arayışı və yerləşmə cizgisi təqdim olunmalıdır. Eyni zamanda qeyd olunan fərdi yaşayış evinin qeydiyyata alınmasına əsas olmuş X3 direktorunun xx.xx.1995-ci il tarixli, 6 nömrəli əmri ilə İddiaçı torpaq sahəsi ayrılıb-ayrılmaması ilə bağlı məlumat verilməsi barədə Abşeron Rayon Dövlət Arxivinə **********25 xaricolma nömrəli, xx.xx.2023-cü il tarixli sorğu ünvanlanmış, bu barədə vətəndaşa **********25 xaricolma nömrəli, xx.xx.2023-cü il tarixli məktubla məlumat verilərək “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən ərizəsinin icrasının bir ay müddətinə dayandırılıdğı bildirilmişdir. Sorğuya cavab olaraq göndərilmiş xx.xx.2023-cü il tarixil, 7/768 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, X3 direktorunun xx.xx.1995-ci il tarixli, 6 nömrəli əmri arxivdə aşkar edilməmişdir. Bundan başqa, təqdim olunmuş texniki pasportun baş planında göstərilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya uyğunsuzluğu mövcuddur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:

- 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və ona imtina məktubu verilmişdir, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

4. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh (nümayəndəsi) məhkəmə bахışınа öz nümаyəndəsinin iştirakını təmin etməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə iddiaçının izahat və çıxışlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

İİİ. Tədqiq edilmiş sənədlər

AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən. İddiaçı xx.xx.1967-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən, Sabunçu rayonu, Ramana sovxozu, Sabit Rəhman küçəsində 26 saylı yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi hüququ Abşeron rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli 25 saylı qərarına əsasən qeydə alınmışdır. ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, S.Rəhman küçəsi, ev 26 (Yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X4 küçəsi, giriş 179) xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. xx.xx.2003-cü ildə Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilmiş İddiaçı məxsus olan Sabit Rəhmanov küçəsi ev 26 ünvanına dair “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”nda torpaq sahəsinin ölçüsü 990,0 kv.m göstərilmişdr. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi” barədə xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-40772/2023 **********72 nömrəli bildirişdə qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən X3 ərazisində yerləşən torpaq sahəsinə dair həmin sovxozun direktorunun əmrinin əsli, arxiv arayışı və yerləşmə cizgisi təqdim edilməmişdir. Bu səbəbdən, yaranmış zərurətlə əlaqədar fərdi yaşayış evinin qeydiyyata alınmasına alınmasına əsas olmuş X3 direktorunun 14 yanvar 1995-ci il tarixli 6 nömrəli əmri ilə sizə torpaq sahəsinin ayrılıb-ayrılmaması ilə bağlı məlumatın verilməsi barədə Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinə ünvanlanmış sorğuya verilmiş xx.xx.2023-ci il tarixli 7/768 nömrəli cavab məktubunda bildirilmişdir ki, X3 direktorunun 14 yanvar 1995-ci il tarixli 6 nömrəli əmri arxivdə aşkar edilməmişdir.

İV. Məhkəmənin mövqeyi

7. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən:

- 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

8. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. Torpaq Məcəlləsinə görə, torpaq münasibətləri — dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir; torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.

9. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən:

- 1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi bu Məcəllədən, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər normativ-hüquqi aktlardan ibarətdir. - 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri:1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. 2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. 3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. - 4 8 . Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası:1. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları həmin hüquqların bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər normativhüquqi aktlar və torpaqla bağlı əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə görə fərqlənir.2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.4. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir.5. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. 6. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahələrini təbii fəlakətin təsirindən sığortalaya bilərlər. - 49. Torpaq üzərində xüsusi mülkiyyət hüququ. 1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. - 55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində müəyyən olunmuşdur.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən:

- 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139-1.1. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; - 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.2. sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. (152.3.) İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.(152.4.) Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 12.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, - 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. -8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; -10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.

14. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na əsasən:

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar;

15. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;”

İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, ünvan 5 ünvanında olan fərdi yaşayış evi 2003-cü ildən xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmılakın dövlət retestrində qeydiyyata alınmışdır. Hazırda iddiaçı həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin də xüsusi mükiyyət hüququ ilə ona məxsus olması barədə çıxarışın verilməsini tələb edir. Qanunvericiliklə şəxsin xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin altında olan torpaq sahəsini özəlləşdirmək hüququ nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı hətta qanunla nəzərədə tutulmuş digər əsaslarla da bu hüquqa malikdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina və etiraz iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, hal-hazırda iddiaçının faktiki istifadəsində və sahibliyində olan torpaq sahəsi iddiaçıya fərdi yaşayış evi tikmək üçün Abşeron rayon İcra Hakimiyyətinin 12 yanvar 1995ci il tarixli 25 saylı qərarı əsasında ayrılmışdır. Bu hal iddiaçıya məxsus yaşayış evə dair xx.xx.2003-cü il tarixli Qeydiyyat vəsiqəsində öz təsdiqini tapmışdır. Bundan əlavə xx.xx.2003-cü il tarixli Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilmiş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”nda torpaq sahəsinin olması, onun ümumi ölçüsünün 990 kv.m olması, torpaq sahəsinin planı göstərilmişdir. Belə olan halda mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının iddiaçıya məxsus olması Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.2-ci bəndinə ( rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar) əsasən də müəyyən olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün iddiaçıda olan sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsində və yuxarıda qeyd edilmiş “Siyahı”nın 2.2-ci bəndində göstərilən tələblərə cavab verir. 17.Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh inzibati orqan tərəfindən imtina məktubu və etirazda göstərilmiş əsaslarla bağlı məhkəmə qeyd edir ki, faktiki olaraq iddiaçı həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evində yaşayır və həmin fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyatdan keçmişdir. Belə olan halda iddiaçının mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmış fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə dövlət qeydiyyata alınmasına dair hüququ yuxarıda istinad edilən qanunvericilik normalarına əsasən mövcuddur. Belə ki, mübahisəli torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə ilkin texniki pasport tərtib edilən zaman torpaq sahəsinin ölçüsü 990.0 kv.m göstərilmişdir. Bundan əlavə cavabdehin iddiaya dair təqdim etdiyi etirazında göstərdiyi əsaslalar ilə (yerləşdiyi torpaq sahəsi S.Əliyev adına Damazlıq sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsi daxilindədir, sovxoz direktorunun əmri, əmrin arxiv arayışı və yerləşmə cizgisi təqdim olunması) bağlı məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi ilkin olaraq dövlət qeydiyyatına alınan zaman bu hallar araşdırılmış və müvafiq qeydiyyat aparılmışdır. Belə ki, daşınmaz əmlak üzərində mülkiyyət hüquqların reyestrdə qeydiyyata alındıqdan sonra, qeydiyyata alınması üçün əsas olmuş sənədlər qeydiyyat orqanı tərəfindən qaytarılmır və arxivdə saxlanılır. Həmin sənədlərin arxivdə aşkar edilməməsinə görə iddiaçı məsuliyyət daşımır. Bundan əlavə cavabdeh torpaq sahəsinin torpaq sahəsi S.Əliyev adına Damazlıq sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşdiyini bildirsə də, buna dair müvafiq sübutları təqdim etməmişdir. İnzibati iş materiallarında olan sənədlər ilə mübahisəli torpaq sahəsinin həmin hissəyə aid olması cavabdeh tərəfindən sübuta yetirilməmişdir.

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının mərhum atasına qanuni əsaslarla bağ sahəsi məxsus olmasına baxmayaraq, bu haqda arayışın verilməsi barədə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.

20. İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

21. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında yerləşən və istifadəsində olan 990 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

22. İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar.

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən və istifadəsində olan 990 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar