Məhkəmə qərarları › İş №2-1(112)-5460/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5460/2022

20.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5460/2022 20.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə Hacalı oğlunun və cavabdehin nümayəndəsi X6 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı təqaüdün təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək fəlsəfə doktoru olduğuna görə 200 manat məbləğində Prezident təqaüdünün təyin edilməsi, həmin təqaüdü almaq hüququnun yarandığı, lakin məhkəmə prosesləri səbəbilə müraciət edə bilmədiyi dövrə görə xx.xx.2019-cu il tarixindən 1 yanvar 2022-ci il tarixinədək əvvəlki məbləğ əsasında aylıq 120 manat məbləğində almalı olduğu təqaüd məbləğinin ödənilməsi ilə bağlı olaraq lazımi olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının 25 il təhsil sahəsində çalışmış şəxs kimi xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikasının Prezidenti təqaüdünün təyin edilməsi və həmin tarixdən ödənilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı “DOST" Mərkəzinə fəlsəfə doktoru olduğu üçün Prezident təqaüdünün təyin edilməsi ilə bağlı rəsmi qaydada müraciət edib. Onun bu müraciətinə cavabdehdən 7 yanvar 2022-ci il tarixli **********6 nömrəli məktubla cavab verilmişdir. Filialın məktubunda qeyd edilmişdir ki, onun elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi stajı qanunla tələb olunan müddətdən az olduğu üçün həmin təqaüdün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Filialın Prezident təqaüdünün təyin edilməsi ilə bağlı müraciətə imtina ilə cavab verməsi hüquqaziddir. Belə ki, Filial onun elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi stajını qeyri-düzgün olaraq 19 il 1 ay hesablamışdır. Halbuki onun həmin stajı ümumilikdə 27 il 4 ay təşkil edir. Bunu əmək kitabçasındakı qeydlər və digər sənədlər sübuta yetirir (əmək kitabçası, ali təhsil diplomunun notarial qaydasında təsdiq edilmiş surətləri, İİİB firmasının işə qəbul edilmə və işdən çıxma barədə əmrləri, (xx.xx.2000-ci il tarixində qəbul edilmiş, xx.xx.2006-cı il tarixində isə öz xahişi ilə işdən azad edilmişdir). Şöbə tərəfindən verilmiş arayışın notarial qaydasında təsdiq edilmiş surətini (xx.xx.1979-cu il tarixindən xx.xx.1982-ci il tarixinədək Abşeron rayonu 1 nömrəli qiyabi orta məktəbində müəllim işləmişdir); İİİB Firmasının nəznində olan Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutundan verilmiş arayış və əməkhaqqı cədvəllərini iddia ərizəsinə əlavə edilir). Bütün bu sənədlər sübuta yetirir ki, onun həqiqətən 27 il 4 ay (iyirmi yeddi il dörd ay) sığorta stajı vardır. Bu müddət isə fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün verilməsi üçün gərəkli olan müddətə (25 il) artıqlaması ilə uyğun gəlir. Odur ki, onun həmin təqaüdü almaq hüququ vardır. Onun yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2019-cu il tarixindən yaranmışdır. Lakin ona bu pensiyanın təyin edilməsi tarixi xx.xx.2021-ci il tarixinə uyğun gəlir. Əmək pensiyasının təyin edilməsi ilə bağlı daha əvvəl müvafiq orqana müraciət edilsə də, o bu pensiyanın təyin edilməsindən imtina etmiş və bu səbəbə görə o, məhkəməyə müraciət etmişdir. Nəticədə məhkəmə onun xeyrinə qərar qəbul etmiş və bu qərarla əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Odur ki, məhkəmə prosesləri ilə əlaqədar olaraq Prezident təqaüdünün təyini ilə bağlı inzibati orqana müraciət etmək imkanı olmamışdır. Halbuki onun həmin təqaüdü almaq hüququ 2021-ci il yanvar ayının 1-dən etibarən (Fərman qüvvəyə mindikdən sonra) yaranmışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddia tələbi aşağıdakı faktiki və hüquqi əsaslara görə təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2021-ci ilin 1 yanvar tarixinədək qüvvədə olmuş 19.2-ci maddəsinə əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi-tədqiqat və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır. Bununla da iddiaçının əmək kitabçasının surətinə əsasən onun elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi stajının (19 il 01 ay) qanunla tələb olunan müddətdən (25 ildən) az olduğu üçün ona həmin təqaüdün təyin edilməsi qanunvericiliyin tələbləri baxımdan mümkün hesab edilmir. Yuxarıda sadalanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə Hacalı oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə Salyan rayonunda doğulmuşdur. - “Leyla” Nikah Evi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə ilə X3 arasında xx.xx.1989-cu il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva familiyası verilmişdir. - Azərbaycan Dövlət Pedoqoji İnstitutu tərəfindən verilmiş xx.xx.1979-cu il tarixli, П 730459 №-li diplomun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 1975-ci ildə Lenin adına X11 ordenli Azərbaycan Dövlət Pedoqoji İnstitutuna daxil olmuş və 1979cu ildə orada Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtahan Komissiyasının 1979-cu il 27 iyun tarixli qərarı ilə ona orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisası verilmişdir. - Abşeron Rayon Təhsil Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 27(1)-27(6)- 164/18 №-li arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Əliyeva (Axundova) Arzu Soltansəlim qızı həqiqətən xx.xx.1979-cu ildən xx.xx.1982-ci ilə qədər Abşeron rayonu 1 nömrəli qiyabi orta məktəbində müəllim vəzifəsində işləmişdir. - İddiaçıya məxsus ИТ-İ ******* nömrəli, xx.xx.1981-ci il tarixli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.1980-cı ildən xx.xx.1981-ci ilədək “26 Bakı Komissarları adına Tipoqrafiyada” korrektor, xx.xx.1981-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Azərbaycan Elmi Tədqiqat X4 Azərbaycan dilinin tədrisi metodikası bölməsində laborant, xx.xx.1986-cı il tarixdən xx.xx.1994-cü il tarixədək pedaqogika nəzəriyyəsi və tarixi şöbəsində kiçik elmi işçi, xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixədək həmin şöbədə böyük elmi işçi, xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “İİİB” fırmasının nəzdində Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda müəllim işləmişdir. - Azərbayca Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının xx.xx.2000-ci il tarixli, 01943 №-li X7 notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının xx.xx.2000-ci il tarixli (protokol №4) qərarı ilə X2 pedoqoji elmlər namizədi alimlik dərəcəsi verilmişdir. - İİİB firmasının xx.xx.2000-ci il tarixli, 5 №-li əmrinin surətindən görünür ki, İddiaçı əmək haqqı ştat cədvəlinə uyğun ödənilməklə xx.xx.2000-ci l tarixdən müəllim vəzifəsinə işə qəbul olunmuşdur. - İİİB firmasının xx.xx.2006-cı il tarixli, 7 №-li əmrinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən (öz xahişi ilə) xx.xx.2006-cı ildən işdən azad edilmişdir. - X1 Business tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, Əliyeva (Axundova) Arzu Soltansəlim qızının əmək kitabçasında qeyd olunan İİB Firmasının nəzdində olan Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda əmr xx.xx.2000-ci il tarixində müəllim olaraq işə qəbul olunmuşdur və işləmişdir. Əmr xx.xx.2006-cı il tarixində işdən öz xahişi ilə azad edilmişdir. Əliyeva (Axundova) Arzu Soltansəlinı qızına xx.xx.2000-ci il tarixindən xx.xx.2005-ci il tarixinə qədər əmək haqqı olaraq maaş verilmişdir. Əmək haqqı cədvəli arayışa əlavə edilir. xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilə qədər dövrdə əvəzləmədə gözlədiyi üçün maaş verilməmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05-11-25/12 №-li məktubdan görünür ki, Azərbaycan Respublikasının “Elm haqqında" Qanununa əsasən elmi müəssisə və təşkilat - elm və elmi-texniki fəaliyyətlə məşğul olan, elmlə təhsilin vəhdətini təmin edən hüquqi şəxsdir. Azərbaycan Respublikasının “Təhsil haqqında" Qanuna əsasən təhsil müəssisəsi müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurumdur. İİİB Firmasının nəzdində olan Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunun dövlət qeydiyyatına alınmış Nizamnamə və ya Əsasnaməsində bu şərtləri ödəyən bəndlər olduğu halda bu institut elmi müəssisə və təşkilat və ya təhsil müəssisəsi sayıla bilər. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergii Xidməti Bakı şəhəri X10 üzrə Baş İdarəsinin 12.04.202-ci il tarixli, **********031500 №-li məktubunu surətindən görünür ki, xx.xx.2022-ci il tarixə olan uçot baza məlumatlarına əsasən “İİİB” fırmasının fəaliyyət növü “Təhsil sahəsində yardımçı fəaliyyət” (kod:85600) kimi qeyd edilmişdir. - “İİİB” fırmasının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Beynəlxlaq İxtiraçılıq və Biznes İnstitutu Azərbaycan Respublikasının ən böyük qısamüddətli təlim təşkilatlarından biridir və 1990-cı ildən fəaliyyət göstərir. Beynəlxlaq İxtiraçılıq və Biznes İnstitutu ali məktəb deyil və yalnız qısamüddətli təlim ilə məşğul olur. İnstitut əhaliyə qırxdan artıq müxtəlif kurslar təklif edir. Beynəlxlaq İxtiraçılıq və Biznes İnstitutu-“İİİB” fırmasının nəzdində işləyir və Ədliyyə Nazirliyində qeyd olunmuşdur (Şəhadətnamə №10741, 06 iyul 1994-cü il, “İİİB” firması) - “İİİB” fırmasının Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutu struktur bölməsi haqqında xx.xx.1998-ci il tarixli Əsasnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, BİBİ təlim-tədris xarakteri daşıyır, qısamüddətli kurslarda tədrisi həyata keçirir, bazar iqtisadiyyatının ən mühüm peşələrinə yiyələnməkdə əhaliyə köməklik göstərir. BİBİ-nin tədris fəaliyyəti əhali arasında bazar iqtisadiyyatının müassir peşələri sahəsində ən mühüm bilik bə bacarıqların yayılmasına, o cümlədən əhalinin cəmiyyətdə real tələbat olan peşələri sahəsində ən mühüm bilik və bacarıqların yayılmasına, o cümlədən əhalinin cəmiyyətdə real tələbat olan peşələrə tez bir zamanda yönəltmək yolu ilə sosial gərginliyi azaltmağa yönəldilib. BİBİ: əhalinin qısa müddətdə öyrədilməsi üzrə tədris planlarının, proqramlarının və dərsliklərin işlənilib hazırlanmasına yardımçı olur; fərdi və qrup şəklində təhsil kursları təşkil edir, birinci dərəcəli müəllimlərin seçiminə, hazırlanmasına və professional artımına köməklik göstərir. BİBİ-nin tədris və pedoqoji fəaliyyəti müəssisənin Nizamnaməsi və bu Əsasnamə ilə nəzərdə tutulmuş məqsəd və vəzifələrinə uyğundur. - Çıxarışın surətindən görünür ki, İddiaçı ilə xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmış, həmin müqavilə xx.xx.2021-ci il tarixdə xitam edilmişdir. - İddiaçı aid xx.xx.2021-ci il tarixli, 154363 №-li pensiya işinin surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən yaşa görə müddətsiz əmək pensiyası təyin edilmişdir. - Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********6 №-li məktubun surətindən görünür ki, daxil olmuş ərizəsinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli fərmanına əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat müəyyən olunmuşdur. Təqdim etdiyi əmək kitabçasının surətinə əsasən onun elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi stajı (19 il 1 ay) qanunla tələb olunan müddətdən (25 ildən) az olduğu üçün ona həmin təqaüdün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə işdə iştirak edən şəxlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələridnə azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli, 1229 №-li Fərmanının: - 1-ci hissəsinə əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilməsi və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat müəyyən olunmuşdur. - 2.1-ci hissəsinə əsasən 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir. - 2.2-ci hissəsinə əsasən dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. - 4-cü hissəsinə əsasən bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir. “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1229 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2021-ci il tarixli, 1494 №-li Fərmanı ilə “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1229 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (İ kitab), maddə 1491) 1-ci hissəsində “200” rəqəmləri “300” rəqəmləri ilə, “120” rəqəmləri “200” rəqəmləri ilə əvəz edilmiş, Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir. Göründüyü kimi qanunvericilik əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Prezidentinin təqaüdünün verilməsi şərtlərini müəyyənləşdirir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Lenin adına X11 ordenli Azərbaycan Dövlət Pedoqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirmiş, xx.xx.1979-cu ildən xx.xx.1982-ci ilə qədər Abşeron rayonu 1 nömrəli qiyabi orta məktəbində müəllim (3 il 1 gün), xx.xx.1981-ci ildən xx.xx.2000-ci ilədək Azərbaycan Elmi Tədqiqat X4 Azərbaycan dilinin tədrisi metodikası bölməsində laborant, pedaqogika nəzəriyyəsi və tarixi şöbəsində kiçik elmi işçi, böyük elmi işçi (19 il 1 ay 29 gün), xx.xx.2000-ci il tarixdən - xx.xx.2006-cı il tarixədək “İİİB” fırmasının nəzdində beynəlxalq ixtiraçılıq və biznes institutunda müəllim (6 il 2 ay 18 gün) işləmişdir. Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının xx.xx.2000-ci il tarixli (protokol №4) qərarı ilə İddiaçı pedoqoji elmlər namizədi alimlik dərəcəsi verilmişdir. İddiaçı ona prezident təqaüdünün təyin edilməsi ilə bağlı müraciəti cavabdeh inzibati orqan tərəfindən onun elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi stajının (19 il 1 ay) qanunla tələb olunan müddətdən (25 ildən) az olması əsas gətirilərək təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.2000-ci il tarixdən - xx.xx.2006-cı il tarixədək müəllim işlədiyi “İİİB” fırması (X1 Business) təhsil sahəsində yardımçı fəaliyyət göstərməklə tədris və pedoqoji fəaliyətlə məşğul oldğundan iddiaçının həmin müəssisədə işlədiyi dövr onun elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrindəki ümumi stajına daxildir. Belə olan halda iddiaçının elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi stajı 25 ildən artıq (25 il 4 ay 18 gün) olduğundan, pedoqoji elmlər namizədi alimlik dərəcəsi olduğundan, xx.xx.2021-ci il tarixdən işləmədiyindən və əmək pensiyaçısı olduğundan ona “Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, 1229 №-li Azərbaycan Respublikasının Prezidentinin Fərmanının tətbiq edilməsindən cavabdeh inzibati orqanın imtinası qanunsuz olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 25 il təhsil sahəsində çalışmış şəxs kimi xx.xx.2021-ci il tarixdən “Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, 1229 №-li Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə müəyyən edilmiş təqaüdün təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 25 il təhsil sahəsində çalışmış şəxs kimi xx.xx.2021-ci il tarixdən “Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, 1229 №-li Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə müəyyən edilmiş təqaüdün təyin edilməsi və həmin tarixdən ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar