Məhkəmə qərarları › İş №2-1(112)-5461/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5461/2023

17.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5461/2023 17.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xxxxxxx0002 saylı göndəriş əsasında xx.xx.2017-ci il tarixdə təyin olunmuş 1-ci dərəcəli əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi vəzifəsinin cavabdeh AR ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1962-ci ildə doğulmuşdur. İddiaçı xx.xx.2017-ci il tarixdə qiymətləndirmədən keçmiş və ona müddətsiz olaraq birinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin təyin edilməsi ilə bağlı ona xx.xx.2017-ci il tarixli, xxxxxxx0002 saylı forma 88 Arayışı təqdim edilmişdir. Təqdim edilmiş Arayışda əlillik səbəbi olaraq ümumi xəstəlik qeyd edilmişdir. Adıçəkilən Arayışda diaqnoz olaraq “Xroniki Qlomerulonefritin tez-tez kəskinləşməsi (ildə 7-8 dəfə), hər iki böyrəyin büzüşməsi. Böyrək dializi, böyrək dializi: həftədə 3-4 saat proqramlı hemidaliz alır”qeyd edilmişdir. Əlilliyin müəyyən olunması meyarı 2.1 Birinci dərəcə əlillik = 2.1.4. xroniki böyrək çatışmazlığının termal mərhələsi (N18.1-N18.9) qeyd edilmişdir. Yuxarıda sadalanan sənəddən göründüyü kimi şəxsə xx.xx.2017-ci il tarixli, xxxxxxx0002 saylı Forma 88 əsasında müddətsiz 1-ci dərəcəli əlillik təyin edilmişdir. Lakin sonradan cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik Əlillik Altsistemində etibarsız hesab edilmişdir. Yuxarıda qeyd edilənlərlə bağlı iddiaçı tərəfindən cavabdeh inzibati orqana müraciət edilmiş, lakin cavabdeh inzibati orqan tərəfindən onun müraciətinə cavab verilməmişdir. Cavabdeh inzibati orqanın iddiaçının əlilliyinin etibarsız hesab etməsində ifadə olunan hərəkətləri qanunsuz olmuş və bu hərəkətlər nəticəsində iddiaçının hüquqları pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati iş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Hacıqabul Dəmir yol xəstəxanasının xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N17-N19 - Böyrək çatmamazlığı => N18 - Xronik böyrək çatmamazlığı => N18.0 - Böyrək zədələnmələrinin terminal mərhələsi; Diaqnozun mətni: Xroniki Qlomerulonefritin tez-tez kəskinləşməsində 7-8 dəfə),hər iki böyrəyin büzüşməsi.Böyrək dializi, Böyrək dializi:Həftədə 3-4 saat proqramlı hemidaliz alır.; Meyar: 2.1 Birinci dərəcə əlillik => 2.1.4. xroniki böyrək çatışmazlığının terminal mərhələsi (N18.1-N18.9);” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Lakin, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi xx.xx.2020-cu il tarixli 02/19- 2564 nömrəli məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, 848 nəfərin Səhiyyə Nazirliyinə aidiyyətinin olmaması, nazirliyin tibb müəssisələri tərəfindən onların barəsində göndərişlərin əsassız olaraq rəsmiləşdirildiyi qeyd edilməklə, göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınmasını xahiş etmişdir. İddiaçının adı göndərişləri etibarsız hesab edilənlərin siyahısında qeyd edildiyindən, xx.xx.2020-ci il tarixdə “Əlillik altsistemi”ndə İddiaçı aid qiymətləndirmə ləğv edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə elektron məhkəmə sistemi vasitəsilə iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək, İddiaçı xxxxxxx0002 saylı göndəriş əsasında xx.xx.2017-ci il tarixdə təyin olunmuş 1-ci dərəcəli əlilliyin etibarsız hesab edildiyi xx.xx.2020-ci il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsinə əlavə edilmiş sənədləri və cavabdeh tərəfindən təqdim edilmiş inzibati icraat materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/2-4039/2023 nömrəli məktubu ilə göndərilmiş sənədlərdən görünür ki: - İddiaçı əlillik vəziyyətinə Hacıqabul Dəmir yol xəstəxanasının xx.xx.2017-ci il tarixli, 4086003AABQA nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N17-N19 – Böyrək çatmamazlığı => N18 - Xronik böyrək çatmamazlığı => N18.0 – böyrək zədələnmələrinin terminal mərhələsi; Diaqnozun mətni: Xroniki Qlomerulonefritin tez-tez kəskinləşməsi(ildə 7-8 dəfə), hər iki böyrəyin büzüşməsi. Böyrək dializi: Həftədə 3-4 saat proqramlı hemidaliz alır; Meyar: 2.1 Birinci dərəcə əlillik => 2.1,4. xroniki böyrək çatmamazlığının terminal mərhələsi ilə (N18.1-N18.9,)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, xx/xx-2564 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Səhiyyə nazirliyinə daxil olmuş xronikiböyrək çatışmazlığının terminal mərh\ləsi diaqnozu ilə 1-ci dərəcə müddətsiz əlillik təyin olunan 2127 nəfər barəsində məktub araşdırılmışdır. Həmin xəstələrdən 15 nəfəri hazırda hemodializ müalicəsi alır, 171 nəfərə böyrəkköçürmə əməliyyatı icra edilib, 929 nəfəri isə vəfat etmişdir. 164 nəfərə hemodializ müalicəsi almaq üçün hemodializ mərkəzlərinə göndəriş verilmiş, lakin xəstələr həmin mərkəzlərə müraciət etmədikləri üçün qeydiyyatdan çıxarılmışlar. 848 nəfər isə hemodializ xəstələrinin elektron registrində mövcud deyil. Qeyd olunan 848 nəfərdən yalnız 632 nəfərə “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi” vasitəsilə ilə Tibbi-Sosial Ekspert Komissiyalarına göndərişlər verilmişdir, qalan 216 nəfər barədə məlumat mövcud deyil. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Həkim-Sanitar Xidmətinin xx.xx.2023-cü il tarixli, 16 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı aid olan xəstəlik vərəqələrinin çıxarışını Sizə göndəririrk. Müayinə aktın və həmin göndərişin etibarsız hesab edilməsinə dair məlumat təqdim edə bilmirik. Ona görə ki , X2 Ambulatoriyası MMC -nin e ek ron sistemi 2021- ci il tarixindən bağlanmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsaslıdır. İddiaçının əlillik təyinatının etibarsız hesab edildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. -4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -21.1-ci maddəsinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə görə qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə görə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə işin hallarını inzibati orqanın inzibati icraat haqqında qanunvericiliyin yalnız prosessual qaydası baxımından qiymətləndirərək bu nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının adına rəsmiləşdirilmiş göndərişin onu təqdim edən tibb müəssisəsi tərəfindən ləğv edilmədiyi və ya etibarsız hesab edilmədiyi halda əlillik təyinatını etibarsız hesab etməsi yuxarıda qeyd olunan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinin tələbinə uyğun olmamışdır. Belə ki, qeyd edilən qanunvericiliyin müddəaları əlillik təyinatını şübhə altına alan əsaslı faktlar aşkar olunduğu halda əlillik təyinatını aparan orqana əlilliyi olan şəxsin təkrar müayinəyə cəlb etməsi vəzifəsini müəyyən etmiş, yalnız bundan sonra əlillik təyinatının etibarlı olub-olmamasını müəyyən etmək, əlillik dərəcəsinin təyin edilməsi barədə qərarın dəyişdirilməsi və ya ləğv edilməsi imkanını tanımışdır. Təqdim edilmiş inzibati icraat materiallarında iddiaçının əyani müayinəyə dəvət edilməsi barədə bildiriş, həmin bildirişin iddiaçıya göndərilməsi barədə sübut (poçt qəbzi və s.) və ya həmin inzibati icraatda iddiaçının iştirakını təsdiq edən hallara rast gəlinməmişdir. Bundan əlavə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. -58.3-cü maddəsinə görə inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. -61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçıya əlillik təyin edilməsi barədə inzibati akt iddiaçı üçün əlverişli inzibati aktdır və iddiaçını belə bir əlverişli inzibati aktın nəticələrindən məhrum edən və ya məhdudlaşdıran, onun hüquqi vəziyyətini dəyişdirə biləcək istənilən tədbir də məhz öz hüquqi formasına görə inzibati aktın qəbulu ilə həyata keçirilməlidir. Başqa sözlə, əlverişli inzibati aktın icrası hər hansı faktiki xarakterli hərəkətlə deyil, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparılmış inzibati icraatın nəticəsi kimi qəbul edilən inzibati aktla ləğv edilə və ya dəyişdirilə bilər. İş üzrə müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə hər hansı qərar qəbul olunmadan əlilliyi etibarsız hesab etmişdir. Halbuki, cavabdehin rəhbər tutduğu sahə qanunvericiliyinə aid olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın yuxarıda qeyd edilən 2.4, 3.7, həmçinin 4.9-cu bəndlərində də cavabdeh orqan tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəblərini göstərməklə məhz qərarın qəbul edilməsi vurğulanmışdır. “Əlilliyin qiymətləndirilməsi Qaydası”na Əlavədə cavabdeh tərəfindən qəbul ediləcək qərarın forması göstərilmiş və bu qərar forması əlilliyin qiymətləndirilməsinin bütün nəticələrinə aid olan forma kimi nəzərdə tutulmuşdur. Beləliklə, hazırkı işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iş üzrə sübutların toplanılması, iddiaçının iştirakının təmin edilməsi tələblərinə riayət etməyərək yekunda inzibati icraatın nəticəsi olaraq qərar formasında inzibati akt qəbul etməmiş, qanunvericiliyin qeyd olunan tələblərini yerinə yetirməkdə hərəkətsizlik göstərmiş, prosessual tələblərə riayət etmədən iddiaçı barəsində təyin edilmiş əlilliyi etibarsız hesab etmişdir. Belə olan halda cavabdehin iddiaçının əlillik təyinatının əlillik alt sistemində etibarsız hesab edilməsi ilə bağlı hərəkətləri qanunsuz hesab olunmaqla əlillik təyinatı bərpa edilməlidir (mövcud məhkəmə təcrübəsi də bu istiqamətdə formalaşmışdır). Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının əlillik dərəcəsi etibarsız hesab edildiyi xx.xx.2020-ci il tarixdən bərpa edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2017-ci il tarixdən təyin olunmuş əlillik dərəcəsinin etibarsız hesab edildiyi xx.xx.2020-ci il tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar