Məhkəmə qərarları › İş №2-1(112)-5462/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5462/2021

28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5462/2021 28.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdeh2də fəaliyyət göstərən X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya qarşı “soyadın dəyişdirilməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Cavabdeh2də fəaliyyət göstərən X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək övladları Nəfəs və Hüseyn Gülmalıyevin 26.02.2021-ci il tarixli 573580 və 573581 nömrəli doğum haqqında şəhadətnamələrində “Gülmalıyev” soyadının “Teyyublu” soyadı ilə dəyişdirilməsinə dair cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddianın mümkünlüyü məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası 28 aprel 2021ci il tarixə təyin edilmiş və tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir Məhkəmə iclasında iştirak edən iddiaçı iddiasını müdafiə edərək mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılaraq qərar qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamış, məhkəmə cavabdehin iştirakı olmadan iddianın mümkünlüyü məsələsini araşdırmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsi və ona əlavə edilmiş materiallardan müəyyən olunur ki, İddiaçı həyat yoldaşı X2 ilə ümumi razılığa gələrək 08.02.2021-ci il tarixdə doğulmuş əkiz uşaqlarının soyadını atasının adından yaranan “Teyyublu” soyadına dəyişmə qərarına gəlmişlər. İddiaçı bu haqda müvafiq sənədlər (notariat qaydada təsdiq olunmuş valideynlərin razılıq ərizələri, nikah haqqında şəhadətnamə, əkiz uşaqların doğum haqqında şəhadətnamələri) hazırlayıb Bakı şəhər Cavabdeh2də fəaliyyət göstərən X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasına müraciət etmişdir. Bakı şəhər Cavabdeh2də fəaliyyət göstərən X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının G-6-164 saylı 18.03.2021-ci il tarixli məktubu ilə sözügedən məsələnin həlli məqsədəmüvafiq hesab edilməmişdir. Hazırki tələbində iddiaçı azyaşlı övladlarının soyadlarının dəyişdirilməsi ilə bağlı inzibati aktın qəbul edilməsi vəzifəsinin Cavabdeh2də fəaliyyət göstərən X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd) «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayyət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 2.3cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Eyni zamanda həmin Qərarın 6.1, 6.2 və 7-ci bəndlərində göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər”. Qeyd edilən Plenum Qərarındakı mövqeyi nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki iddia üzrə iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquq müdafiə vasitəsindən istifadə etmədiyindən iddiaya mahiyyəti üzrə baxılmağa qəbul edilməsi qeyrimümkündür. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 53.1-ci maddəsinə əsasın uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. -53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. -53.4-cü maddəsinə görə valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur -158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. -159.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. -159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. "Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 6 mart 2000-ci il tarixli 297 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Ailə Məcəlləsinin 53.4-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları, 158.2, 159.1, 159.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın: -4.1-ci bəndinə görə uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. -4.3-cü bəndinə əsasən valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. -6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. -6.6-cı bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən isə konsulluğa verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müəddəaların 3-cü bəndinə görə vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilir. Həmin Müddəaların 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Qanunvericiliyin sadalanan normalarından görünür ki, uşağın soyadının dəyişdirilməsi ilə bağlı müraciətlərə baxılması, soyadın dəyişdirilməsinin qeydiyyatı bilavasitə qeydiyyat şöbələrinin səlahiyyətindədir. Yalnız uşağın soyadının dəyişdirilməsi ilə bağlı valideynlər arasında razılıq olmadığı təqdirdə qanunverici valideynlər arasında yaranmış fikir ayrılığının həllini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarına həvalə etmişdir. Hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının nail olmaq istədiyi hüquqi məqsəd yetkinlik yaşına çamayan uşaqların soyadlarının “Gülmalıyev” soyadından “Teyyublu” soyadına dəyişdirilməsi və bu barədə müvafiq qeydlərin aparılmasıdır. İddia tələbindən, eləcə də iş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, hər iki valideyn uşaqların soyadının dəyişdirilməsinə razıdırlar. Belə olan halda iddiaçının övladlarının soyadın dəyişdirilməsi ilə bağlı birbaşa müvafiq qeydiyyat orqanına (Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) müraciət etmək, həmin müraciətə edilmiş inzibati orqanın cavabından (qərar, hərəkət və ya hərəkətsizlik) narazı qaldığı təqdirdə inzibati məhkəmə icraatı qaydasında qeydiyyat orqanına qarşı inzibati iddia qaldırmaq hüququ vardır. İddiaçı isə zərurət olmadığı halda müvafiq tələblə bağlı cavabdeh kimi qeyd etdiyi yerli icra hakimiyyətinin X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya müraciət etmiş, hazırki tələbində onun müraciətdən imtinasını məhkəmədə mübahisələndirmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının hüquqi marağına uyğun müvafiq tələblə bağlı səlahiyyətli inzibati orqana müraciət edilmədiyindən və həmin səlahiyyətli orqanda tələblə bağlı inzibati icraat aparılmadığından iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı cavabdeh Bakı şəhər Cavabdeh2də fəaliyyət göstərən X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya qarşı “soyadın dəyişdirilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi,540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar