Məhkəmə qərarları › İş №2-1(112)-5464/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5464/2024

14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5464/2024 14.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 18/2- 36048/23 saylı məktubunun qanunsuz hesab edilməsi, cavabdehin üzərinə araşdırma aparılmaqla məlumat verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1968-ci ildə Zəngilan rayonunda Məşədsmayıllı kəndində anadan olmuşdur. 8-ci sinifdən sonra peşə oxumuş, 1986-cı ildən Zəngilan RHKdan Sovet ordusuna xidmətə getmişdir. 1988-ci ildə Zəngilan rayonuna qayıtmış və mühafizədə işləmişdir. İddiaçı Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə müraciət etmiş, lakin ona natamam məlumat verilmiş, iddiaçının qanunla qorunan mənafeləri pozulmuşdur. Odur ki, iddiaçı hesab edir ki, cavabdehin üzərinə araşdırma aparmaqla əsaslandırılmış məlumat evrmək öhdəliyi qoyulmalıdır.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı oğu xx.xx.2004-cü il tarixdən Zəngilan rayonu, Məşədismayıllı kəndində qeydiyyatdadır.

4. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu göndərilərək iddianı qaldırmaqla çatmaq istədiyi məqsəd aydın şəkildə qeyd olunmaqla iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmiş və bildirilmişdir ki, iddianın lazımi qaydada qaldırılmaması onun mümkünsüzlüyünə səbəb ola bilər.

5. Cavabdeh tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ünvanlanaraq məhkəmə iclasının cavabdehin iştirakı olmadan baxılması xahiş olunmuşdur.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddianı qaldırmaqda məqsədi övladına məcburi köçkün vəsiqəsinin verilməsidir. Belə ki, iddiaçı övladına məcburi köçkün vəsiqəsinin verilməsi məqsədilə Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə müraciət etmiş və iddiaçının məcburi köçkün vəsiqəsi olduğu halda ondan həmin dövrə aid qeydiyyat məlumatları tələb olunmuşdur. Odur ki, iddiaçı hazırkı iddianı qaldırmağa qərar vermişdir.

II. İddianın mümkünlüyü

7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

8. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə tərəfindən hüquqi yardım etmək vəzifəsi iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməkdə ifadə edilir.

9. Məhkəmənin hüquqi yardımı hər bir halda onun mümkünsüzlüyünü istisna etməyəcəkdir və işin hallarından asılı olaraq hazırki işdə olduğu kimi mütləq şəkildə iddianın mümkünlüyü ilə nəticələnməyəcəkdir.

10. Eyni zamanda məhkəmə tərəfindən hüquqi yardım göstərilməsi iddia tələbinin olduğu kimi necə ifadə edilməsini şərtləndirmir və inzibati məhkəmə araşdırmasının predmeti olmayan iddialar üzrə və ya digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bildiyi iddianın mümkünsüzlüyünü istisna etməyən hallarda iddia tələbinin (ifadə tərzinin) müəyyən edilməsi ilə bağlı məhkəmənin borcunu nəzərdə tutmur. Qeyd edilən halda məhkəmənin hüquqi yardım göstərmək vəzifəsi inzibati məhkəmə icraatı zamanı iddia tələbinin hansı meyarlara cavab verməli olduğunu izah etməklə müəyyənləşir.

11. Odur ki, məhkəmə tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli məktubla müvafiq hüquqi yardım göstərilərək göndərilərək iddianı qaldırmaqla çatmaq istədiyi məqsəd aydın şəkildə qeyd olunmaqla iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmiş və bildirilmişdir ki, iddianın lazımi qaydada qaldırılmaması onun mümkünsüzlüyünə səbəb ola bilər.

12. Məkhəmə müəyyən edir ki, iddiaçının məhkəmə iclasındakı izahatından aydın olur ki, hazırkı iddia tələbinin qaldırılmasında iddiaçının hüquqi marağı övladına məcburi köçkün vəsiqəsinin verilməsi ilə bağlıdır.

13. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, iddiaçının hüquqi marağına uyğun həmin məqsədə daha tez, daha münasib və daha sadə yolla nail olmaq üçün səmərəli hüquqi müdafiə vasitəsi iddiaçı (övladı yetkinlik yaşına çatdığı təqdirdə, iddiaçının övladı) tərəfindən məcburi köçkün vəsiqəsinin verilməsi tələbi ilə Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə müraciət, iddiası təmin olunmadığı təqdirdə müvafiq tələblə məhkəməyə müraciətdir.

14. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

15. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

16. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar