Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5466/2022 15.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı yazılı müraciətin araşdırılması tələbinə dair inzibati iş materiallarına mümkünlük icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 27 noyabr 2021-ci il tarixli yazılı müraciətinin araşdırılması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X1 ogluna qarşı müvafiq tələbi ilə baglı Cəlilabad rayon Məhkəməsində hakimi Qalib Paşayevin icraatında mülki iş olmuşdur. Yekun məhkəmə qətnaməsinin elan olunması aylarla süni şəkildə uzadıldıgından çoxsaylı şikayətləri nəticəsində, qətnaməni məhkəmədə imza etməklə almışdır. Qətnamə hüquq və mənafelərinə toxundugundan apellyasiya şikayəti vermişdir. Məhkəmənin iclas protokolları ilə vaxtında tanış olmaq qeyri-mümkün oldugundan Apellyasiya Məhkəməsində 1-ci instansiya məhkəməsinin iclas protokolları ilə tanış olarkən məlum olmuşdur ki, məhkəmənin 11 sentyabr, 05 oktyabr və 10 noyabr 2020 ci il tarixli iclası protokolları kobud şəkildə “saxtalaşdırılmışdır”. Bu barədə çoxsaylı yazılı və şifahi müraciətlərinə baxmayaraq, Apellyasiya Məhkəməsi həmin saxtakarlıqların üzərindən “sükutla” keçərək ona qarşı heç bir münasibət bildirməmişdir. Qarşı tərəflə arasındakı eyni məzmunlu iş üzrə başqa məhkəmələrdə də buna bənzər digər hakim saxtakarlıgı olmuşdur. O zamankı şikayətlərində hər dəfə ona izah olunmüşdur ki, aşagı məhkəmə instansiyasının qərar və hərəkətlərindən edilən şikayətlərə, yuxarı instansiya məhkəmələri tərəfındən baxılır. Bununla baglı şikayətlərinə isə yuxarı instansiya məhkəmələrində baxılmayaraq, onlara qarşı heç bir münasibət bildirilməmişdir. Belə olan halda Cəlilabad rayon məhkəməsində qərəzli hakim saxtakarlıgı barədəki şikayətlərinə, Şirvan Apellyasiya Məhkəməsində baxılmayaraq heç bir münasibət bildirilmədiyindən, o zaman haradan əmin olmalıdır ki, 2019 cu ildən fərqli olaraq bu dəfə Respublikanın son yüksək insitansiyası məhkəməsi şikayətinə obyektiv baxaraq ona düzgün hüquqi qiymət verəcəkdir və buna heç bir inamı da yoxdur. Cəlilabad rayon məhkəməsi hakimi Q.Paşayevin qərəzli hərəkətləri barəsində uzun müddətdir ki, şikayətlər edir. Son olaraq da 27 noyabr 2021-ci il tarixli məktubla Azərbaycan Respublikası Ədliyyə Naziri, Məhkəmə Hüquq Şurasının Sədri F.Məmmədov cənablarına müraciət etmişdir. Həmin orqan tərərfindən ona verilən 03 dekabr 2021-ci il tarixli cavab məktubunbdan bəlli olur ki, cavabdeh tərəf əvvəlki ənənəsinə yenə də sadiq qalaraq müraciətini baxılmaq üçün, hərəkətlərindən şikayət etdiyi orqana göndərmişdir. Onda belə bir əsaslı şübhələr yaranmışdır ki, Respublika məhkəmə orqanlarında icra intizamına məsul olan cavabdeh tərəf, öz hərəkəti (hərəkətsizliyi) ilə Cəlilabad rayon məhkəməsi hakiminin “qərəzli hakim saxtakarlıgı” əməllərinə dolayısı yollarla haqq qazandırmışdır. Görünür cavabdeh tərər öz vəzifə borcunu heç də müvafıq qanunun tələbləri baxımından deyil, şəxsi mülahizələri baxımından həyata keçrir. Əgər həqiqətən də belə olmasaydı o zaman cavabdeh tərəfındən 30 sentyabr 2015 ci il tarixli “Vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında” Qanuna bu dərəcədə açıq şəkildə hörmətsizlik göstərilməz, hüquq və azdliqlarının tapdanmasına seyriçi bir mövqedən yanaşılmazdı. Halbuki sözügedən Qanunun 7. maddəsinin tələblərinə əsasən, müraciəti baxılmaq üçün hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən, müraciətə baxan subyektə və onun vəzifəli şəxsinə göndərilməsi qadagan olunur. Cavabdeh tərəf məhkəmələrdə icra intizamına nəzarət edən yuxarı orqan oldugundan hesab etmişdir ki, 27 noyabr 2021-ci il tarixli yazılı müraciətini hərəkətlərindən şikayət etdiyi subyektə göndərməklə, Konstitusiya ilə təsbit və təmin olunan hüquq və azadlıqlarını kobud surətdə pozaraq məhdudlaşdırmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı 27 noyabr 2021-ci il tarixli yazılı müraciətinə 03 dekabr 2021-ci il tarixdə cavab verildiyini iddia ərizəsində qeyd etsə də məhkəməyə həmin cavab məktubunu təqdim edə bilməmişdir. Bundan əlavə iddia ərizəsindən və iddiaçının məhkəmədə veriyi izahatından müəyyən edilir ki, iddiaçının əsas şikayəti Cəlilabad rayon məhkəməsinin hakiminin icraatında olmuş mülki mübahisə ilə bağlıdır və hal-hazırda həmin mübahisə ilə bağlı qəbul edilmiş məhkəmə qərarı qanuni qüvvəsini almamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 1-ci hissəsinə əsasən hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının hər bir məhkəməsi müstəqil hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq ədliyyə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qonunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Məhkəmə hesab edir ki, İddiaçı hazırki iddia tələbi ilə bağlı cavabdeh qismində göstərilmiş inzibati orqan hər hansı cavabdehlik daşımadığından, cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına toxunan hər hansı hallara yol verilmədiyindən, bununla da iddianın mümkünlük şərtləri yerinə yetririlmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-5466/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5466/2022
15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver