Məhkəmə qərarları › İş №2-1(112)-5466/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5466/2023

14.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5466/2023 14.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs “X8” MMC) “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs “X8” MMC) “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********040300 nömrəli qərarı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********617300 nömrəli qərarı ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli, **********617300 nömrəli qərarından İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə şikayət edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********040300 nömrəli qərarı ilə İddiaçı MMC-nin şikayəti təmin olunmayaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********617300 nömrəli qərarı dəyişdirilmədən saxlanıldı. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********040300 nömrəli qərarı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********617300 nömrəli qərarı qanunsuz və əsasız olduğundan ləğv olunmalıdır. Belə ki, İddiaçı MMC xx.xx.2019-cu il tarixdən ƏDVnin məqsədləri üçün qeydiyyata alınaraq, əsas fəaliyyət növü “binalarda və digər tikinti obyektlərində elektrik şəbəkəsi və elektrik cihazlarının quraşdırılması”ndan ibarətdir. Şamaxı-Abxalı və Şamaxı- Dəmirçi istiqamətlərində işıqlandırma dirəklərinin quraşdırılması layihəsi ilə əlaqədar olaraq qum və çınqıl lazım olduğu üçün, satıcı “X8” MMC ilə xx.xx.2020-ci il tarixi, 05 nömrəli alqı-satqı müqaviləsi bağlayaraq, xx.xx.2020-ci il tarixli, 01 nömrəli qiymətlərin razılaşdırma protokoluna əsasən “X8” MMC-dən 117.469,00 manat məbləğində, kubu 22,00 manata 2300 kub, cəmi 50.600,00 manata qum, kubu 22,00 manata 2225 kub, cəmi 48.950,00 manata çınqıl alınmışdır. “X8” MMC-dən alınmış qum və çınqılın ümumi dəyəri 99.550,00 manat olmuşdur. 99.550,00 manatın ƏDV-si 17.919,00 manat məbləğindəydi. xx.xx.2020-ci il tarixdə malların təhvil-təslim aktı ilə “X8” MMC-dən mallar (qum və çınqıl) qəbul edilmişdir. “X8” MMC 99.550,00 manat (ƏDV-si 17.919,00 manat) məbləğində malların (qum və çınqıl) alınması ilə bağlı xx.xx.2021-ci il tarixli, EBAW seriyalı 384635 nömrəli elektron qaimə-faktura göndərdi. “X8” MMC-nin xx.xx.2021-ci il tarixli, EBAW seriyalı 384635 nömrəli elektron qaimə-fakturasına əsasən 99.550,00 manat (ƏDV-si 17.919,00 manat) məbləğində pulu “X8” MMC-nin hesabına köçürdük. Şamaxı-Abxalı və Şamaxı-Dəmirçi istiqamətlərində işıqlandırma dirəklərinin quraşdırılması layihəsi üzrə mənə həvalə edilmiş işləri tam görərək təhvil verildikdən iki il sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mənə qanunsuz və əsasız olaraq bildirir ki, malları (qum və çınqıl) aldığın “X8” MMC dövlətə olan vergilərini ödəmədiyindən, ödədiyiniz 99.550,00 manatın əvəzləşdirilmiş 17.919,00 manat ƏDV məbləği dövlət büdcəsinə bərpa edilmişdir. Məhkəmə tərəfindən İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu göndərilərək, məhkəmə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Nazirliyi yanında Dövlət Vergi Xidmətini əsl cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsini, həmçinin həmin cavabdehə qarşı yönəldilən iddia tələbini inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növünə uyğun dəqiqləşdirməyi və həmin tələbi əsaslandırmağı, həmçinin müvafiq sübutların məhkəməyə təqdim edilməsini təqdim edilməsi təklif edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5466/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair 2-1(112)-5466/2023 nömrəli iş üzrə əsl olmayan cavabdeh Dövlət Vergi Xidməti əsl olan cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5466/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********617300 nömrəli xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi” barədə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5466/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı “X8” MMC adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddianı qəbul etməyərək iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək inzibati iş üzrə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillərə münasibətdə bildiririk ki, uçot-baza məlumatlarına əsasən Cəmiyyətin xx.xx.2014-cü il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2019-cu il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün "binalarda və digər tikinti obyektlərində elektrik şəbəkəsi və elektrik cihazlarının quraşdırılması”ndan ibarət olduğu müəyyən edilmişdir.mKameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı Cəmiyyət tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək təqdim edilmiş ƏDV bəyannamələrində bir sıra vergi ödəyicilərdən əldə edilərək əvəzləşdirilmiş elektron qaimə-fakturaların vergi orqanının uçot-baza məlumatlara əsasən riskli (və ya əmtəəsiz) olması müəyyən edilmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********017500 nömrəli məktub göndərilərək müvafiq dövrlər üzrə dəqiqləşmiş bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin məktubda qeyd olunan müddət ərzində Cəmiyyət tərəfindən uyğunsuzluq məktubuna əsaslandırılmış münasibət bildirilmədiyi üçün Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci ilin iyul ayı üçün 17 919,00 manat vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********617300 nömrəli Qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Belə ki, Cəmiyyət tərəfindən təqdim edilmiş ƏDV bəyannaməsində “Əvəzləşdirilən” bölməsinin 308-ci sətrində “Ödənilmiş məbləğ (ƏDV nəzərə alınmadan)” sütünunda qeyd olunan 110 140,00 manat (ƏDV-si 19 825,20 manat) məbləğin 99 550,00 manat (ƏDV-si 17 919,00 manat) məbləğində olan hissəsi qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək 2022-ci ilin iyul ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsi üzrə keçirilmiş kameral vergi yoxlaması zamanı əvəzləşdirilmiş 17 919,00 manat ƏDV məbləği dövlət büdcəsinə bərpa edilmiş və qeyd olunanlar bəyannamənin 324-cü sətrində “Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği” göstərilmişdir. Araşdırma zərurəti ilə əlaqədar olaraq cəmiyyətin rəhbəri şəxsən və ya səlahiyyətli nümayəndəsi (vəkili) vasitəsilə Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinə dəvət olunmuşdur. Cəmiyyətin rəhbəri X2 izahatında bağlanmış müqavilə əsasında qarşı tərəflə əməliyyatlar aparıldığını, Şamaxı-Abaxlı və Şamaxı-Dəmirçi istiqamətlərində işıqlandırma dirəklərinin quraşdırılması layihəsi ilə əlaqədar olaraq qum və çınqıl lazım olduğu üçün Cəmiyyətin iş icraçısı olan Kazımov Məhəmməd tərəfindən verilən təqdimat əsasında "X8" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alqı-satqı əməliyyatlarının aparıldığını bildirimişdir. Araşdırma zamanı Cəmiyyət tərəfindən "X8" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 99 550,00 manat (ƏDV-si 17 919,00 manat) məbləğində malların (qum və çınqıl) əldə edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli EBAW seriyalı 384635 nömrəli elektron qaimə-fakturanın əldə edildiyi və qarşılıqlı əməliyyatlar zamanı alınmış malların iş və xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşdirilən məbləğ kimi nəzərə alınmamış və dövlət büdcəsinə bərpa edilmişdir. Araşdırma zamanı "X8" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən xx.xx.2020-ci il tarixdə elektron qaiməfaktura əsasında rezin metal simpleks, şam tir, kronşteyn və s. tipli mallar təqdim edilməsinə baxmayaraq, qeyd olunan mallar Cəmiyyətin alışında, idxalında müəyyən edilməmişdir. Eyni zamanda Cəmiyyətin vergi orqanında olan uçot-baza məlumatlarına əsasən təsərrüfat subyektinin (obyektinin) və işçi qüvvəsinin olmadığı müəyyən edilmişdir. Qeyd edilənlər nəzərə alınaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1.,2.1.3.,3.1.1-ci yarımbəndlərinə əsasən Cəmiyyətin riskli vergi ödəyicisi olması barədə 21.01,2021-ci il tarixli **********582700 nömrəli qərar qəbul edilmişdir. Aparılmış əməliyyatların dəqiqləşdirilməsi və müvafiq zəruri sənədlərin təqdim edilməsi məqsədi ilə "X8" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) xx.xx.2022-ci il tarixli **********962900 nömrəli araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə məktub göndərilmiş və Cəmiyyətin rəhbəri (səlahiyyətli nümayəndəsi) xx.xx.2022-ci il tarixdə saat 11:00 da Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmişdir. Lakin qeyd edilən vergi ödəyicisinin rəhbəri və ya səlahiyyətli nümayəndəsi 3 araşdırmada iştirak etməmiş və heç bir təsdiqedici sənədləri araşdırmaya təqdim etməmişdir. Qeyd olunan hal xx.xx.2022-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Bundan əlavə, "X8" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri X1, eyni zamanda "X9" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********), "X4" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) və "X10" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) rəhbəri olduğu və onlarında riskli vergi ödəyiciləri olduqları müəyyən edilmişdir. Beləliklə, uçot baza məlumatlarına və bəyannamə göstəricilərinə əsasən Cəmiyyət tərəfindən "X8" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 99 550,00 manat (ƏDV-si 17 919,00 manat) məbləğində malların iş və xidmətlərin (qum və çınqıl) əldə edilməsi ilə bağlı 21.01,2021-ci il tarixli EBAW seriyalı 384635 nömrəli elektron qaimə-fakturanın əldə edildiyi və qarşılıqlı əməliyyatlar zamanı alınmış malların iş və xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşdirilən məbləğ kimi nəzərə alınmadığını, "X8" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən fəaliyyət istiqamətinə uyğun təqdim edilmiş iş və xidmətin mövcudluğunu təsdiq edən müvafiq təsdiqedici sənədlərin inzibati araşdırma zamanı müəyyən edilmədiyini, "X8" Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati araşdırmada iştirak etmədiyini, Vergi Məcələsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlərin bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermədiyini, habelə "X8" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müxtəlif adda iş, xidmətlə bağlı (qayka, bolt, mufta, şplint və s.) elektron qaimə-fakturalar təqdim edilməsinə baxmayaraq, həmin iş və xidmətlərin yerinə yetirilməsi ilə bağlı alışı və idxalında müəyyən edilmədiyi üçün və təsərrüfat subyektinin (obyektinin) olmadığı üçün vergi orqanı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına uyğun qəbul olunmuş qərarın qüvvədə olduğunu nəzərə alaraq, Cəmiyyətin inzibati şikayəti təmin edilməməli və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********617300 nömrəli Qərar dəyişdirilmədən saxlanılmalıdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - xx.xx.2020-ci il tarixdə 05 nömrəli Müqavilədən görünür ki, iddiaçı "xxxx" MMC (alıcı) ilə "X8" MMC (satıcı) arasında bağlanılmış müqaviləyə əsasən müqavilənin qüvvədə olduğu müddətdə "Satıcı" aşağıda qeyd edilən tikinti materiallarını "Alıcı” ya vaxtında çatdırılmasını "Alıcı" isə ay ərzində həmin malların dəyərini ayın sonuna ödəməyi öz öhdəsinə götürmüşdür. - Satıcı" “X8" MMC ilə “Alıcı" İddiaçı MMC arasında qeyd edilən tikinti materiallarının (qum, çınqıl) qiyməti barədə (xx.xx.2020-ci il tarixli 05 nömrəli müqaviləyə əsasən) razılığa gəlinməsinə dair “Qiymətlərin razılaşdırılması” haqqında xx.xx.2020-ci il tarixli 01 nömrəli Prokokol tərtib edilmişdir. - “Satıcı" “X8" MMC ilə “Alıcı" İddiaçı MMC arasında bağlanılmış “16” iyul 2020-ci il tarixli, 05 nömrəli Müqavilə və xx.xx.2020-ci il tarixli 01 nömrəli qiymət razılaşma protokoluna uyğun olaraq aktda qeyd olunan mallar təhvil verilməsinə dair xx.xx.2020-ci il tarixli “Malların Təhvil-təslim” Akı təsdiq edilmişdir. - EBAW seriyalı xx.xx.2021-ci il tarixli 384635 nömrəli elektron qaimə-fakturada da yola alınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri (ƏDV-siz) 117469.00 manat qeyd edilmişdir. - "X8" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) riskli vergi ödəyicisi hesab eilərək, riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “Vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********582700 nömrəli xx.xx.2021-ci il tarixli Qərar qəbul etmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli məktub göndərilərək bildirilmişdir ki, müvafiq dövrlər üzrə xx.xx.2021-xx.xx.2022-ci illər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində bir sıra vergi ödəyicilərdən əldə edilərək əvəzləşdirilmiş elektron qaimə- fakturaların vergi orqanının uçot baza məlumatlara əsasən {məktubunuza əlavə edilir) riskli (və ya əmtəəsiz) olması müəyyən edilmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) gün ərzində vergi bəyannamələrini əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri vergi orqanına təqdim edilməsi tələb edilmişdir. - Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçı MMC barəsində 2022-ci ilin iyul ayı üçün 17 919,00 manat vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli **********617300 nömrəli Qərar qəbul etmişdir. - Azərbaycan Respublikası Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********040300 nömrəli “20" dekabr 2022-ci il tarixli Qərarı ilə İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli inzibati şikayəti təmin edilməmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********617300 nömrəli Qərarı dəyişdirilmədən saxlanılmışdır. - Cavabdeh İnzibati orqan tərəfindən məhkəmə icraaatında təqdim etdiyi xx.xx.2023-cü il tarixli etiraz məktubu.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələri) İddia inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir.( İPM-nin 2.2.1-ci və 32.1-cü maddələri). İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və cavadehin hüquqi ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Hazırki mübahisəyə dair məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan, iddiaçı "xxxx" MMC (alıcı) ilə "X8" MMC (satıcı) arasında bağlanılmış xx.xx.2020-ci il tarixdə 05 nömrəli Müqavilədən görünür ki, müqavilənin qüvvədə olduğu müddətdə "Satıcı" aşağıda qeyd edilən tikinti materiallarını "Alıcı” ya vaxtında çatdırılmasını "Alıcı" isə ay ərzində həmin malların dəyərini ayın sonuna ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə ümumi məbləğ 117469 ( yüz on yeddi min dörd yüz altmış doqquz manat 80 qəpik təşkil etmişdir. İş materiallarından görünür ki, “Satıcı" “X8" MMC ilə “Alıcı" İddiaçı MMC arasında qeyd edilən tikinti materiallarının (qum, çınqıl) qiyməti barədə (xx.xx.2020-ci il tarixli 05 nömrəli müqaviləyə əsasən) razılığa gəlinməsinə dair “Qiymətlərin razılaşdırılması” haqqında xx.xx.2020-ci il tarixli 01 nömrəli Prokokol tərtib edilmişdir. Tərtib edilmiş protokolda malların məbləği cəmi 117469.00 manat olaraq göstərilmişdir. İş materiallarından görünür ki, “Satıcı" “X8" MMC ilə “Alıcı" İddiaçı MMC arasında bağlanılmış “16” iyul 2020-ci il tarixli, 05 nömrəli Müqavilə və xx.xx.2020-ci il tarixli 01 nömrəli qiymət razılaşma protokoluna uyğun olaraq aktda qeyd olunan mallar təhvil verilməsinə dair xx.xx.2020-ci il tarixli “Malların Təhvil-təslim” Akı təsdiq edilmişdir. Tərtib edilmiş Aktda malların qiyməti 117469.00 manat olaraq qeyd edilmişdir İş materiallarından görünür ki, EBAW seriyalı xx.xx.2021-ci il tarixli 384635 nömrəli elektron qaimə-fakturada da yola alınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri (ƏDV-siz) 117469.00 manat qeyd edilmişdir. İş materialları ilə müəyyən edilir ki, ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edilməsi nəticəsində vergi ödəyicisi "X8" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) riskli vergi ödəyicisi hesab eilərək, riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “Vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********582700 nömrəli xx.xx.2021-ci il tarixli Qərar qəbul etmişdir. İş materiallarından görünürki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli məktub göndərilərək bildirilmişdir ki, müvafiq dövrlər üzrə xx.xx.2021xx.xx.2022-ci illər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində bir sıra vergi ödəyicilərdən əldə edilərək əvəzləşdirilmiş elektron qaimə- fakturaların vergi orqanının uçot baza məlumatlara əsasən {məktubunuza əlavə edilir) riskli (və ya əmtəəsiz) olması müəyyən edilmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) gün ərzində vergi bəyannamələrini əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri vergi orqanına təqdim edilməsi tələb edilmişdir. İş materiallarından görünür ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçı MMC barəsində 2022-ci ilin iyul ayı üçün 17 919,00 manat vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********617300 nömrəli Qərar qəbul etmişdir. Vergi orqanı öz qərarını onunla əsaslandırmışdır ki, bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat tərəfinizdən xx.xx.2021-xx.xx.2022-ci illər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində bir sıra vergi ödəyicilərdən əldə edilərək əvəzləşdirilmiş elektron qaimə-fakturaların vergi orqanının uçot baza məlumatlara əsasən riskli (və ya əmtəəsiz) olması müəyyən edilmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********040300 nömrəli “20" dekabr 2022-ci il tarixli Qərarı ilə İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli inzibati şikayəti təmin edilməmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********617300 nömrəli Qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh inzibati orqan tərəfindən məhkəmə icraatında təqdim edilmiş etiraz ərizəsində qeyd edilmişdir ki, Cəmiyyət tərəfindən təqdim edilmiş ƏDV bəyannaməsində “Əvəzləşdirilən” bölməsinin 308-ci sətrində “Ödənilmiş məbləğ (ƏDV nəzərə alınmadan)” sütünunda qeyd olunan 110 140,00 manat (ƏDV-si 19 825,20 manat) məbləğin 99 550,00 manat (ƏDV-si 17 919,00 manat) məbləğində olan hissəsi qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək 2022-ci ilin iyul ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsi üzrə keçirilmiş kameral vergi yoxlaması zamanı əvəzləşdirilmiş 17 919,00 manat ƏDV məbləği dövlət büdcəsinə bərpa edilmiş və qeyd olunanlar bəyannamənin 324-cü sətrində “Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği” göstərilmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı ilə "X8" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında alqı-satqı əməliyyatları xx.xx.2020-ci il-xx.xx.2021-ci tarixləri aralığında aparılmış, "X8" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar elə həmin gün xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. Vergi Məcəlləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinə əməl edilməsinə nəzarət olunması və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif yoxlama tədbirləri həyata keçirmək səlahiyyəti vermişdir. Həmin səlahiyyətlər kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti əhatə edir. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində riskli vergi ödəyicisinin anlayışı verilmişdir. Həmin normaya əsasən (13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir) Yəni vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilə bilməsi üçün müvafiq orqan(qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın: (bənd) 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. (bənd) 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. Cavabdeh inzibati orqanın etiraz ərizəsində qeyd etdiyi “araşdırma zamanı Cəmiyyət tərəfindən "X8" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 99 550,00 manat (ƏDV-si 17 919,00 manat) məbləğində malların (qum və çınqıl) əldə edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli EBAW seriyalı 384635 nömrəli elektron qaiməfakturanın əldə edildiyi və qarşılıqlı əməliyyatlar zamanı alınmış malların iş və xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşdirilən məbləğ kimi nəzərə alınmamış və dövlət büdcəsinə bərpa edilmişdir” dəlilinə iddiaçının hazırkı mübahisə üzrə əməliyyat apardığı müəssisənin iddiaçı ilə aparılan əməliyyatlar nəticəsində riskli vergi ödəyicisi hesab olunmuşdur. Yəni iddiaçı ilə "X8" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında aparılmış alqı-satqı əməliyyatları vergi orqanı tərəfindən qanunvericiliyə əsasən riskli əməliyyat kimi dəyərləndirilmiş və bundan sonra həmin müəssisənin riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının əməliyyat apardığı müəssisənin iddiaçıya satdığı malların onların aldığı və ya idxal etdiyi malların həcmindən artıq olması iddiaçının məsuliyyət sferasına aid edilməməli, bu hallar onun hüquqlarını məhdudlaşdırmamalıdır. Belə ki, həmin mallar iddiaçıya təqdim edilmiş və o, öz növbəsində malların dəyərini həmin şirkətlərə ödəmiş və aparılmış əməliyyatlar üzrə ƏDV əvəzləşdirilmələri tərəfindən yerinə yetirilmişdir. Beləliklə də, iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektron qaimə fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə riskli vergi ödəyicisi olmayan müəssisə ilə aparmışdır. İddiaçının, əməliyyat apardığı müəssisənin aldıqları və ya idxal etdikləri malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri olmadığından (bu halı yoxlamaq vergi orqanının səlahiyyətlərinə aid edilmişdir) cavabdehin dəlilləri əsassız hesab edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hazırkı mübahisə üzrə tərtib etdiyi sənədlər (elektron qaimə fakturalar) riskli əməliyyatlar zamanı və riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və iddiaçı həmin elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqları kimi qeyd edilmişdir. Vergi Məcəlləsinin 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Vergi qanunvericiliyi hər 2 yoxlamanın və operativ vergi nəzarətinin keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanı qanunvericiliyinin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Lakin bununla yanaşı, vergi orqanı bu hər hansı yoxlama növünü seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad etməyə borcludur. Vergi Məcəlləsinin 36.2.-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Məhkəmə həmçinin qeyd edir ki, vergi orqanı tərəfindən mübahisələndirilən qərar qəbul edərkən Vergi Məcəlləsinin 37-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. - 37.2-ci mddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. - 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. - 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. - 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanın bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 8 may tarixli **********008600 nömrəli qərarı ilə təsdiq edilmiş “Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”ın 6.8-cı bəndinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində dəqiqləşdirilmiş bəyannamənin və ya hesabatın 10 iş günü müddətində təqdim edilməsi üçün bu Qaydaların 5 nömrəli əlavəsində göstərilən forma üzrə “Vergi orqanına dəqiqləşdirilmiş vergi bəyannaməsinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı üzrə hesabatların təqdim edilməsi barədə Bildiriş” göndərir. Həmin Qaydaların 6.9-cu bəndinə əsasən bu Qaydaların 6.8-ci bəndinə müvafiq olaraq göndərilmiş bildirişlə bağlı daxil olmuş dəqiqləşdirilmiş bəyannamə və ya hesabatlar üzrə kameral vergi yoxlaması aparılmır, yalnız dəqiqləşdirilmiş bəyannamədə və ya hesabatda bildirişdə göstərilən əlavə sənəd və ya mənbəyi məlum olan məlumatların nəzərə alınıbalınmaması araşdırılır. Araşdırma zamanı kənarlaşma aşkar olunduqda bu Qaydaların 5 nömrəli əlavəsində göstərilən forma üzrə yeni bildiriş göndərilir. Qaydaların 6.10-cu bəndinə əsasən vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən bu Qaydaların 6.8-ci və 6.9-cu bəndlərinə müvafiq olaraq göndərilmiş bildiriş üzrə dəqiqləşdirilmiş bəyannamə və hesabat müəyyən edilmiş müddətdə təqdim edilmədikdə bu barədə məlumatlar səyyar vergi yoxlanılmasının və ya operativ vergi nəzarətinin keçirilməsi məsələsinə baxılması üçün vergi orqanının aidiyyəti strukturuna göndərilir. Sadalanan normaların təhlilindən belə nəticəyə gəlinir ki, vergi orqanı təqdim edilmiş bəyannamə üzrə 30 iş günü müddətində kameral yoxlama aparmaq hüququna malikdir və bu müddət bitikdən sonra həmin bəyannamə üzrə kameral vergi yoxlaması aparıla bilməz. Eləcə də, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı tərəfindən verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın təqdim edilməsi üçün bildiriş göndərilir. Qeyd olunan bildiriş və təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə kameral vergi yoxlaması keçirilmir. Lakin, 2021-ci ilin yanvar ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin kameral vergi yoxlamasını başa çatdırılmasına baxmayaraq, yenidən həmin dövr üzrə kameral vergi yoxlaması keçirilmiş və həmin dövr üzrə əvəzləşmə ləğv olunaraq iddiaçıya 2022-ci ilin iyul ayı üzrə eyni məbləğdə ƏDV hesablanmışdır. Beləliklə, vergi orqanı tərəfindən “Vergilərin, sosial sıgorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********617300 nömrəli qərar maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmə hesab edir ki, vergi ödəyici kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə hesab edir ki, aparılan icraat zamanı cavabdeh vergi orqanı mübahisələndirilən inzibatı aktın qəbul edilməsinin hüquqi əsasını və mübahisələndirilən qərarın qanuniliyini də sübut edə bilməmişdir. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, hazırkı inzibati mübahisə üzrə sübutetmə vəzifəsi iddiaçının deyil, məhz cavabdehin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Belə olan halda məhkəmə qeyd edir ki, vergi orqanının vergi ödəyicisi kimi hazırkı iddiaçı MMC-yə xx.xx.2022-ci il- xx.xx.2022-ci illər üzrə əlavə vergi məbləğinin (ƏDV) hesablanması mövqeyi ilə razılaşmayaraq hesab edir ki, “Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin qeyd olunan dövrlər üzrə “Vergilərin, sosial sıgorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********617300 nömrəli qərarı (əlverişsiz inzibati akt) yazılı şəkildə vergi qanunvericiliyində nəzərdə tutulmuş normalarla tam olaraq əsaslandırılmamışdır. Belə ki, mübahisə predmeti olan inzibati aktda yalnız Vergi Məcəlləsinin 59.1-ci (ödənilməmiş məbləğlərə əlavə faiz hesablanması barədə müddəalar əks olunmuş) maddəsinə, həmin Məcəllənin 62-ci və İPM-in 38.1-ci maddələrinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmişdir. Müvafiq dövr üzrə yenidən kameral vergi yoxlamasının keçirilməsi üçün vergi qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar mövcud olmamış və inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan yaranan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Həmin qərarda müvafiq inzibati aktın qəbul edilmə əsası kimi yalnız aparılmış əməliyyatların riskli olması qeyd edilmişdir ki, buna səbəb yuxarıda da qeyd edildiyi kimi vergi ödəyicisi "X8" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********)barəsində xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın qəbul edilməsi olmuşdur. Beləliklə də, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, müvafiq əməliyyatlar aparıldıqdan sonra tərəflərdən birinin riskli vergi ödəyicisi hesab edilməsindən irəli gələrək həmin dövr üzrə yoxlamanın təkrar həyata keçirilməsi və inzibati aktın qəbul edilməsi əsasları vergi qanunvericiliyində nəzərdə tutulmadığından mübahisə predmeti olan inzibati akt ləğv edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 61.5-ci maddəsində nəzərdə tutulmuş inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Odur ki, mübahisələndirilən inzibati aktların özündə yazılı şəkildə əsaslandırılması yeterli qiymətləndirilmir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Vergilərin sosial siğorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********617300 nömrəli xx.xx.2022-ci il tarixli Qərarı ləğv edilsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar