Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5467/2020 13.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X5 oğlunun iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə Mərkəzi Filialına qarşı pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1 İdarəsinə (sonradan - İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixdən ona əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 57 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən yaranmış fərqin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1984-cü ildən xx.xx.2005-ci ilədək keçmiş Azərbaycan “Zərgərsənaye” İstehsalat Birliyində müxtəlif vəzifələrdə, o cümlədən müxtəlif zərərli sahələrdə xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək 3 saylı futlyar sexində plastik kütlə (polistriol) qranullayıcısı və xx.xx.1988-ci ildən xx.xx.2005-ci ilədək zərgər-quraşdırıcı peşələrində işləmişdir. xx.xx.2004-cü il tarixdən xx.xx.2011-ci il tarixə qədər “xxxx” Azərbaycan MMC Bank kredit təşkilatında zərgər vəzifəsində işləmişdir. 2 il əsgəri xidmət +20 il 11 ay 20 gün zərgərlik zavodundan əmək stajı + 7 il 4 ay “xxxx” MMCdəki əmək stajı = təxminən 30 il əmək stajı təşkil edir. “xxxx” MMC-nin xx xxxxxxx 2019-cu il tarixli KŞ saylı arayışından görünür ki, İddiaçı 30 illik əmək stajının xx.xx.1988-ci ildən xx.xx.2005-ci ilə qədər işlədiyi dövrdə zərgər - quraşdırıcı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli qərarına müvafiq olaraq ümumi peşələr (35 №-də) və həmin qərarın 11.9 bölməsinin “Qaynar üsulla metalın üzlənməsi” “Zərgər və bədii məmulatları qaralayanlar” zərərli sahə işlədiyinə görə yaşa görə təqaüdə çıxa bilər. Yuxarıda qeyd edilən arayışdan görünmüşdür ki, onun ümumi 30 il əmək stajı vardır və onun xx.xx.1988ci ildən xx.xx.2005-ci ilə qədər 16 il 9 ayını əmək şəraiti ağır olan işlərdə işləmişdir. Cavabdeh İdarə heç bir araşdırma aparmadan özünün xx.xx.2020-ci il tarixli, **********7 saylı məktubu ilə ona ümumi iş stajı 25 ildən, güzəştli iş stajının 12 il 6 aydan az təşkil etdiyindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmanın mümkün olmaması barədə rədd cavabı vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaçının ümumi iş stajının 25 ildən, güzəştli iş stayının 12 il 6 aydan az olduğunu bildirərək iddianı rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə Ermənistan, Spitak rayonu, Kursalı kəndində doğulmuşdur. - İddiaçıya **********039 №-li Azərbaycan Respublikası Dövlət Sosial Siğorta şəhadətnaməsi təqdim edilmişdir. - İddiaçı məxsus əmək kitabçasının azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilə qədər Spirtak Sovxozunda fəhlə işləmiş, xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə qədər sovet ordusunda xidmət etmiş, xx.xx.1984-cu ildən xx.xx.2005-ci ilə qədər Azərbaycan SSR Bakı Zərgərlik Zavodunda (xx.xx.1985-ci il tarixli, 315 №-li SSRİ Cihaz ayırma Nazirliyinin Nazir müavininin əmrinə əsasən Bakı zərgərlik zavodunun dəyişdirildi Bakı İstehsalat Birliyi “Yuvelirirom”, xx.xx.1992-ci il tarixli, 306 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Bakı İB “Yuvelirirom” adı dəyişdirilib Azərbaycan İB “Yuvelirirom” olub) mal yükləyən, plasmasdan məmulatların presləyicisinin yanında şagird, 3-cü dərəcəli plasmastların dənəvərləşdirmə maşinisti, zərgər-quraşdırıcı tələbəsi, 3-cü dərəcəli zərgər-quraşdırıcı, xx.xx.2010-cu ildən xx.xx.2011-ci ilə qədər “FİNCA- Azərbaijan” QBKT-də zərgər vəzifələrində işləmişdir. - Azərbaycan Respublikası Prezidentinin X4 Sənədlər Arxivi tərəfindən verilmiş 263 №-li, xx.xx.2019-cu il tarixli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Prezidentinin X3 Sənədlər Arxivində saxlanılan maliyyə sənədlərinə əsasən müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan (əvvəllər Bakı) "Zərgərsənaye” İstehsalat Birliyinin 1 saylı sexində zərgər-quraşdırıcı vəzifəsində işləyərkən 1989-1994, 2000-2005-ci il dövrü üçün əmək haqqı almışdır. Qeyd: İddiaçıZ 1995-1999-cu illərdə əmək haqqı almamışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsi tərəfindən verilmiş 359 №-li, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, 1960-cı il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək keçmiş SSR-i Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. - “xxxx” MMC-nin KŞ №-li, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək 3 saylı futiyar sexində plastik kütlə (polistirol) qranullayıcısı və xx.xx.1988-ci ildən xx.xx.2005-ci ilədək zərgər-quraşdırıcı peşələrində, keçmiş Azərbaycan “Zərgərsənaye” İstehsalat Birliyində işləmişdir. Polistirol tulantılarının istehsalata yenidən hazırlamaq üçün xüsusi avadanlıqda yüksək temperaturda əridilib, hazır olduqda doğranılır, kisələrə yığmaqla xammal kimi istehsalata verilir. Plastik (polistirol) kütlənin yanması nəticəsində istilik əmələ gəlir və insan orqanizminə zərərli maddələr ayrılır. İşlədiyi müddətdə o, nümunə əsasında fərdi qaydada əl ilə zərgərlik məmulatları və onların hissələrini bədii səviyyədə hazırlamışdır. Zərgər quraşdırıcı işlədiyi müddətdə, qiymətli metaldan və yarımqiymətli daşlarla xüsusi formalı zərgərlik məmulatlarının quraşdırılması, bərkidilməsi ilə məşğul olmuşdur. İş əsnasında o, zərgərlik məmulatlarının qaynaq üsulla qaynaq işləri aparmışdır. Məmulatı qaynaq edən zaman; - Azbest, bor turşusu , xlor turşusu ( HCL ) eləcədə qaynaq işini aparmaq üçün benzindən istifadə etmişdir və açıq alovla işləmişdir. İş əsnasında o, xüsusi şəkillərə baxaraq zərgərlik məmulatlarının üzərinə sadə nəqqaş işlərinə, eyni zamanda xüsusi məmu-latlarda emal üçün pəncərə düzəltmiş, məmulatı daş bərkitmə dərəcəsinə qədər tam hazır vəziyyətə salmışdır. Eyni zamanda iş prosesində platindən sikaret qutuları və digər bədii məmulatlar hazırlamışdır. Sonuncu mərhələdə əlvan metallardan toplanmış ovuntuları əridib, yeni növ zərgərlik hissələrini istehsal etmək üçün külçə hazırlayıb. Məlumat üçün bildirilmişdir ki, fəhlələr üçün vahid tarif dərəcələri iş və peşələrin sorğu kitabı 1987-ci ilin sorğu kitabında ( Moskva nəşriyyatı) göstərilir: zərgər peşəsinə aşağıdakılar aiddir: zərgər - quraşdırıcı; zərgər - bərkidici; zərgər-şəbəkəçi; zərgər-nəqqaş ; zərgər-sepçi. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 92-ci maddəsinə müvafiq olaraq əmək şəraiti fiziki, kimyavi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraiti istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilər həftədə 36 saatdan çox olmayan qısadılmış iş vaxtında işləmişdirlər. Həmçinin həmin işçilər 6 təqvim günü əmək məzuniyyətinə əlavə və gündəlik südlə təmin edilmişdirlər. Odur ki, həmin peşələrdə işləyən şəxs əmək şəraitinə görə güzəştlə, yaşa görə əmək təqaüdünə çıxmaq hüququna malikdirlər. Onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarına müvafiq olaraq, ümumi peşələr (35 №-də) və həmin Qərarın 11.9 bölməsinin “Qaynar üsulla metalın üzlənməsi - Zərgər və bədii məmulatları qaralayanlar” - zərərli sahədə işlədiyini nəzərə alaraq , yaşa görə təqaüdə çıxa bilər. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1 İdarəsinin iddiaçının xx.xx.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi xx.xx.2020-ci il tarixli, **********7 №-li məktubdan görünür ki, təqdim etdiyi sənədlərdən göründüyü kimi onun ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Məhkəmə qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının işlədiyi «plastik kütlə (polistriol) qranullayıcısı və zərgər-quraşdırıcı» peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının «Ümumi peşələr» adlanan 11.9-cu Bölməsinin «Qaynar üsulla metalın üzlənməsi Zərgər və bədii məmulatları qaralayanlar» peşəsinə uyğun olmaqla 57 yaşının tamam olduğu xx.xx.2017ci il tarixə qədər 30 il 6 ay 27 gün ümumi və 18 il 9 ay 24 gün güzəştli iş stajı mövcuddur. Göründüyü kimi, hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixli redaksiyasına əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən yaranmış fərqin hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən yaranmış fərqin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə Mərkəzi Filialına həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-5467/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5467/2020
13.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver