Məhkəmə qərarları › İş №2-1(112)-5467/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5467/2021

14.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5467/2021 14.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Bakı şəhəri 19 saylı Vəkil bürosunun vəkili Vəkil1, üçüncü şəxs X4 nümayəndəsi və vəkili fərdi qaydada fəaliyyət göstərən Vəkil2 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X9, X7 və X8 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla qeydiyyatdan çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər X9, X7 və X5 qarşı “mənzilə istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X9, X7 və X2 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 113 saylı evin, 54 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ərizədə cavabdeh qismində Bakı şəhəri Cavabdeh və üçüncü şəxslər qismində X9, X7 və X8 göstərilməklə, üçüncü şəxslər X4, X3 və X2 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 113 saylı evin, 54 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3-ü keçmiş mülkiyyətçidən alqı-satqı yolu ilə almışdır. Mənzili aldıqdan sonra qohumları 1989-cu il təvəllüdlü X9, 2012-ci il təvəllüdlü X7 və 2014-cü il təvəllüdlü X2 mülkiyyətçisi olduğu mənzilə müvəqqəti olaraq qeydiyyata alınmaları barədə razılıq vermişdir. Uzun müddətdir ki, həmin şəxsləri görmür və heç bir əlaqəsi yoxdur. Onların hal-hazırda harada yaşamaları barədə heç bir məlumatı yoxdur. Həmin şəxslərin qeydiyyatdan çıxmamaları mənzilin mülkiyyətçisi kimi mənzil üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır. Qeyd olunan şəxslər mənzildə qeydiyyatda olduqlarına görə onların yerinə mənzil və kommunal xidmət haqlarını da o, ödəməli olur ki, bu da ona maddi cəhətdən zərər vurur. Həmin şəxslər mübahisəli mənzildən heç vaxt istifadə etməmişlər. Bu səbəbdən üçüncü şəxslərin mülkiyyətçisi olduğu mənzildən pasport qeydiyyatından çıxarılmaları zəruridir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə və üçüncü şəxslərə təqdim edilmiş və cavabdehdən və üçüncü şəxslərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhəri Cavabdeh iddia ilə bağlı yazılı münasibəti (etiraz) məhkəməyə təqdim olunmamışdır. Üçüncü şəxs X9 məhkəməyə təqdim etdiyi iddiaya dair etirazda göstərmişdir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, o, X10 ilə 02.07.2011-ci il tarixdə nikaha daxil olmuş, bu nikahlarından iki övladları 24.07.2012-ci il təvəllüdlü Aylin və 15.12.2014-cü il təvəllüdlü Ayxan doğulmuşdur. Nikaha daxil olduqdan sonra ilk olaraq Maştağa ərazisində Savalan qəsəbəsində yerləşən yaşayış evini almışlar. Həmin evi notarial qaydada təsdiqlənmiş müqavilə ilə 05 il müddətinə ödəməklə tam şəkildə əldə etdikdən sonra sataraq, hazırki mübahisəli mənzilin yerləşdiyi ərazidə iki ay kirayədə qalaraq, həmin ərazidə almaq üçün mənzil axtarmışlar. Bu müddətdə satışa çıxarılan hazırki mübahisəli mənzili bəyənərək, 19 sentyabr 2017-ci il tarixdə iddiaçının ipoteka yolu ilə əldə etdiyi hazırki mübahisəli mənzili aralarında razılığa gəlməklə, daşınmaz əmlakın alqı-satqısına dair ilkin müqavilə ilə ilkin dəyəri 45.000 (qırx beş min) manat ödəməklə əldə etmişlər. Həmin müqaviləyə əsasən iddiaçı mübahisəli əmlakı 89.000 manata qiymətləndirmişdir. Müqavilədən də göründüyü kimi həmin dəyərin 45.000 manatı ilkin müqavilə bağlanarkən nəğd şəkildə ödənilmiş, qalan 44.000 manatı isə mbahisəli mənzilin alqı-satqısına dair əsas müqavilə bağlanarkən ödənilməlidir. Aralarında razılaşmaya əsasən aylıq ipoteka ödənişi kimi Bəhruzun adından hər ay əvvəl 365 manat, daha sonra isə 380 manat şəklində (sığorta məbləği illik 180 manat idi, daha sonra həmin məbləğ aylıq ödənişin üzərinə əlavə olunduğu üçün aylıq ödəniş dəyişdi) ödənilməli olan 44.000 manat ipoteka borcu ödənilib qurtardıqdan sonra mənzil satıcı tərəfindən ipoteka yüklülüyündən azad olunmalı və mənzilin 89.000 manata satılması barədə alqı-satqı müqaviləsi bağlanmalı idi. Bundan sonra iddiaçı mübahisəli mənzilə olan hüquqlarının daha rahat həyata keçirə bilmələri üçün, eyni zamanda əldə etdikləri mənzilə qeydiyyata düşə bilmələri üçün ona həmin notariat kontorunda müvafiq etibarnamə verərək, mübahisəli mənzilə dair bütün hüquqları həvalə etmişdir. Həmin mənzildən ilkin alqı-satqı müqaviləsinə əsasən köçüb yaşamaqla, fasiləsiz istifadə ediblər. İki aya yaxındır ki, əri ilə aralarında yaranmış mübahisə ilə bağlı valideynlərinin yanında yaşayırlar. Mənzilin hazırda iddiaçının istifadəsində olmasından yalnız hazırki iddia ərizəsinin surətini aldıqdan sonra xəbər tutmuşlar. Üçüncü şəxs X9 qeyd olunanların nəzərə alınmaqla məhkəmdən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclaslarının (hazırlıq və şifahi məhkəmə baxışı) yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etməmiş və 20.05.2021-ci il, 25.06.2021-ci il, 09.08.2021-ci il tarixli məktublarla məhkəməyə müraciət edərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil2 təmsil etdiyi şəxsin iddianı qəbul etmədiyini və mübahisəli mənzilə istifadə hüququnun tanınması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məqsədilə qanunla nəzərdə tutulmuş məhkəməyə qədər ilkin tədbirlərin artıq görüldüyünü bildirdi və qeyd olunanların və yazılı etirazda göstərilənlərin nəzərə alınmaqla, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; - İddiaçıya məxsus “ASAN 2” tərəfindən 10.12.2013-cü il tarixdə verilmiş AZE seriyalı 14349393 №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1988-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 63,01 kv. metr olan 54 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir, bu barədə 29.12.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 388 nömrəli reyestr kitabının 36145 nömrəli vərəqində qeydiyyat aparılmışdır. - İddiaçı ilə X10 arasında Bakı şəhəri 50 saylı notariat kontorunda 19.09.2017-ci il tarixdə bağlanmış “Daşınmaz əmlakın alqı-satqısına dair ilkin müqavilə”nin surətindən müəyyən olunur ki, tərəflər 01.01.2038-ci il tarixə kimi 29.12.2012-ci il tarixli reyestr nömrəsi **********67-05101-093014, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən “Satıcı”-İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 113 saylı evin, yaşayış sahəsi 24,3 kv. metr, yardımçı sahəsi 24,3 kv. metr, ümumi sahəsi 63,01 kv. metr olan 3 (üç) otaqlı, 54 saylı mənzilinin ipoteka yüklülüyündən azad edildikdən sonra 89.000 manata 00 qəpik “Alıcı”-X1 barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək bu müqaviləni bağlamışlar (bənd 1.1). - “ASAN 2” tərəfindən müvafiq olaraq 15.11.2017-ci il və 02.12.2017-ci il tarixlərdə verilmiş AZE seriyalı 17609792 №li, AZE seriyalı 18149483 №li və AZE seriyalı 18149484 №li şəxsiyyət vəsiqələrinin surətlərindən müəyyən olunur ki, 29.12.1989-cu il təvəllüdlü X9, 24.07.2012-ci il təvəllüdlü X7 və 15.12.2014-cü il təvəllüdlü X8 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 113, mənzil 54 ünvanında qeydiyyatdadırlar. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 29.06.2021-ci il tarixli ******* №li arayışından müəyyən olunur ki, xx.xx.1988-ci ildə Qax rayonu, Əmircan kəndində doğulmuş İddiaçı 03.09.2013-cü il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır və onunla yanaşı həmin mənzildə X11, X7, X8 və X9 qeydiyyatdadırlar. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2404/2021 №li iş üzrə çıxartdığı 22.07.2021-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, qeyd olunan qətnamə ilə X10 ilə Sultanova (Mirzəyeva) Nigar Elçin qızı arasında 02.07.2011-ci il tarixdə 947 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 24.07.2012-ci il təvəllüdlü X3 və 15.12.2014-cü il təvəllüdlü X2 anaları X4 yanında saxlanılmaları qət edilmişdir. - məhkəmənin müvafiq sorğularına cavab olaraq; - Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş 03.07.2021-ci il tarixli 101-20542-1221 №li cavab məktubunda göstərilmişdir ki, X9 16.11.2017-ci il tarixdə, X7 və X8 02.12.2017ci il tarixində 2 saylı ünvan 4 ünvanına qeydiyyata alınmışlar. Bu səbəbdən adlarına sənədləşən fərdi uçot kartoçkası Xətai RPİ-nin arxivində aşkar edilmədi. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 30.08.2021-ci il tarixli **********09 №li cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri, M.Hadi küçəsi, ev 113, 54 saylı mənzil 29.12.2012-ci il tarixdə İddiaçı adına qeydiyyatdan küeçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq Bakı şəhəri Cavabdeh tərəfindən ona ünvanlanmış 09.02.2021-ci il tarixli məktubda göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan qanunda nəzərdə tutulmuş hallarda çıxarılır. Qanunda göstərilən sənədlərdən hər-hansı biri təqdim olunacağı təqdirdə keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli mənzil iddiaçının mülkiyyətində və sahibliyindədir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçılar hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia, həmçinin əsaslıdır. İddianın hüquqi əsası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 9-cu maddəsinin 1-6-cı yarımbəndlərinə əsasən, şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əsasında çıxarılır. Göründüyü kimi qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını dəqiq müəyyən etmişdir ki, bu əsaslar olmadan hər hansı şəxsin qeydiyyatdan çıxarılması qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci yarımbəndində göstərilmişdir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Həmin Qanunun 2-ci maddəsinin 3-cü yarımbəndində göstərilmişdir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında məhkəmə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Qeyd olunan qərarında Məhkəmə göstərmişdir ki, Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Hazırki mübahisənin məhkəmə araşdırması zamanı X9 və onun yetkinlik yaşına çatmayan uşaqları 24.07.2012-ci il təvəllüdlü X7 və 15.12.2014-cü il təvəllüdlü X2 İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 113 saylı evin, 54 saylı mənzilində qeydiyyatda olmaları müəyyən olunsa da, onların mübahisəli mənzildə yaşamadıqları və həmin mənzilin mülkiyyətçisinin “digər qohumlar”ı sırasına daxil olmadıqları müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz (maddə 43). Göründüyü kimi, X9 və onun yetkinlik yaşına çatmayan uşaqları 24.07.2012-ci il təvəllüdlü X7 və 15.12.2014-cü il təvəllüdlü X2 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün qanuni əsas mövcuddur ki, cavabdeh sonuncuları qeydiyyatdan çıxarmamaqla qanunvericiliyin tələblərini pozmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında məhkəmə göstərmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxslər X9 və onun yetkinlik yaşına çatmayan uşaqları 24.07.2012-ci il təvəllüdlü X7 və 15.12.2014-cü il təvəllüdlü X2 İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 113 saylı evin, 54 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Bakı şəhəri, Cavabdehnə həvalə olunsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar