Məhkəmə qərarları › İş №2-1(112)-5468/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5468/2022

08.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5468/2022 08.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı X4, X8, X6, X9 və X7 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tərəbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4, X8, X6, X9, X3 ona məxsus olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən qeydiyyatdan çıxarılmalarının cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Mətləb Ağayev küçəsi, sahəsi 231.70 kv.mertdən ibarət olan 63 saylı fərdi yaşayış evinin mülkiyyətçisidir. Evində qeydiyyatda olanlar barəsində məlumat əldə etmək üçün “ASAN xidmət” mərkəzindən Forma 2 arayışı alarkən, X4, X8, X6, X9, X3 onun mülkiyyətində olan evdə qeydiyyata olduğunu öyrənmişdir. Onların həmin ünvana necə qeydiyyata alınması barədə məlumatı yoxdur. Hesab edir ki, bu hal onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 03 fevral 2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, X4, X8, X6, X9, X7 zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, cavabdehdən və üçüncü şəxslərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. xx.xx.2022-ci il tarixdə üçüncü şəxs - X8 tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı mülahizədən görünür ki, o, və ailə üzvləri, yəni X8, X4, X6 və X9 iddiaçının iddia etdiyi fərdi yaşayış evində deyil, həmin fərdi yaşayış evindən təqribən 500 mert aralıqda yerləşən özlərinə məxsus evdə yaşayırlar. 19 fevral 2007-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2-284/2007 nömrəli qətnaməsinə əsasən onun və ailə üzvlərinin həmin fərdi yaşayış evində istifadə hüquqları tanınmışdır. Göstərilən fərdi yaşayış evində onlar 1998-ci ildən bəri yaşayırlar. Bütün kommunal xərcləri ödəyirlər. İddiaçı ilə ona məxsus olan fərdi yaşayış evlərinin ünvanları eyni olsa da, evlər bir-birindən ayrıdır və heç bir əlaqələri yoxdur. Hal-hazırda o, özünə məxsus fərdi yaşayış evindən özünün və ailə üzvlərinin qeydiyyatdan çıxarılmağını etirazla qarşılayır. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair yazılı etiraz məhkəməyə təqdim olunmamışdır. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, iddiaçı və digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər, cavabdeh inzibati orqan isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının, cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Üçüncü şəxs X8 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və üçüncü şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; İddiaçıya məxsus AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1981-ci ildə doğulmuş İddiaçı ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən **********74-10301 reyestr nömrəli çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 231.70 kv. metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü X4, xx.xx.1967-ci il təvəllüdlü X8, xx.xx.1996-cı il təvəllüdlü X6, xx.xx.1998-ci il təvəllüdlü X9, xx.xx.2018-ci il təvəllüdlü X7 ünvan 1 ünvanında qeydiyyatdadırlar. İddiaçının hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətə cavab olaraq, Bakı şəhər Nizami rayon Polis İdarəsinin X2 ünvanladığı xx.xx.2021-ci il tarixli, 087-8116N-3222 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanununun 9-cu maddəsinin tələblərinə əsasən qeydiyyatda olan şəxslər yaşayış yerini dəyişdikdə, başqa ölkədə yaşayış yeri üzrə seçdikdə, azadlıqdan məhrum edildikdə, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə qeydiyyatdan çıxarılırlar. Qeyd olunanlar nəzərə alınaraq üçüncü şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli 018-4216-1222 №li məktubunda qeyd olunmuşdur ki, xx.xx.1966-ci il təvəllüdlü X4, xx.xx.1967-ci il təvəllüdlü X8 xx.xx.2007-ci il, xx.xx.1996-cı il təvəllüdlü X6 xx.xx.2011-ci il, xx.xx.1998-ci il təvəllüdlü X9 xx.xx.2013-cü il və 12.04.201-ci il təvəllüdlü X7 xx.xx.2018-ci il tarixdən hal-hazıradək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Adları qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 087-6221-1222 nömrəli məktubundan görünür ki, X4, X8, X6, X9 və X3 ünvan 1 ünvanına qeydiyyata alınmalarına əsas olmuş sənədlərin saxlama müddəti başa çatdığına görə qanunvericiliyə uyğun olaraq tərəflərindən yandırılaraq məhv edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022ci il tarixli, **********26 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanının təkrarlanması barədə elektron kadastr məlumat bazasında və idarənin arxiv məlumatlarında hər hansı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdərəsinin xx.xx.2022-ci il tarixli, **********42 nömrəli məktubundan görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 3 saylı fərdi yaşayış evindən başqa eyni ünvanlı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-284/2007 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş həmin Məhkəmənin 19 fevral 2007-ci il tarixli 2- 284/2007 nömrəli qətnaməsinin təsdiq olunmuş surətindən müəyyən olunur ki, ərizəçi X8 və X1 Bakı şəhəri, Keşlə qəsəbəsi, M.Ağayev küçəsi, 63 saylı yaşayış sahəsindən istifadə hüququnun tanınmaları qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 mart 2007-ci il tarixli məktubu ilə 19 fevral 2007-ci il tarixli 2-284/2007 nömrəli qətnamə icra olunması üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsinə göndərilmişdir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddianın mahiyyətinə gəldikdə isə məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, iddianın hüquqi əsası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 9-cu maddəsinin 1-6-cı yarımbəndlərinə əsasən, şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əsasında çıxarılır. Göründüyü kimi qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını dəqiq müəyyən etmişdir ki, bu əsaslar olmadan hər hansı şəxsin qeydiyyatdan çıxarılması qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci yarımbəndində göstərilmişdir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Hazırki işdən məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında bir-birindən təcrid olunmuş 2 ədəd fərdi yaşayış evi var. Həmin evlərdən biri xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur, digəri isə üçüncü şəxslər olan Liftiyevlər ailəsinin istifadəsindədir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz (maddə 43). “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında məhkəmə göstərmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İşin araşdırılan hallarından da göründüyü kimi, iddiaçının qeydiyyatdan çıxarmaq istədiyi Liftiyevlər ailəsi onun sahibliyində və istifadəsində olan fərdi yaşayış evində deyil, eyni ünvanlı bir-birindən təcrid olunmuş digər fərdi yaşayış evində qeydiyyatdadırlar. Belə ki, Liftiyevlər ailəsi yaşadığları fərdi yaşayış evində Nizami Rayon Məhkəməsinin qətnaməsinə əsasən istifadə hüququna malikdirlər. Buna görə də üçüncü şəxslərin, yəni Liftiyevlər ailəsinin mübahisəli fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları hazırki qanunvericiliyin tələblərinə uyğun deyildir. Məhkəmə son olaraq qeyd edir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Mətləb Ağayev küçəsində yerləşən bir-birindən təcrid olunmuş 63 saylı iki fərdi yaşayış evindən biri iddiaçının digəri üçüncü şəxslər olan İbrahimovlar ailəsinin istifadəsindədir və üçüncü şəxslər özlərinə məxsus fərdi yaşayış evində qeydiyyatdadırlar, həmin fərdi yaşayış evinin iddiaçıya məxsus fərdi yaşayış evinə heç bir aidiyyəti yoxdur. Belə olan halda üçüncü şəxslərin həmin ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün qanunda nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olmadığından cavabdeh inzibati orqan sonuncunu qeydiyyatdan çıxarmamaqla qanunvericiliyin tələblərinə uyğun hərəkət etmiş olmuşdur İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, üçüncü şəxslərin ünvan 4 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair İddiaçı iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar