Məhkəmə qərarları › İş №2-1(112)-5469/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5469/2020

28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5469/2020 28.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci Binəqədi küçəsi ev 10; ixtisası: orta təhsil; iş yeri: işləmir) cavabdehin nümayəndəsi X5 (Ünvanı: Bakı şəhəri, İ.İsmayılov küçəsi ev 58, mənzil 44; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 Hüquq və insan resursları departmentinin böyük mütəxəssisi) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “birdəfəlik ödəmənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı Azərbaycan Respublikasının vətəndaşı İddiaçı 570 manat məbləğində vəsait ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmamışdır. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddiaçının “Azərbaycan Respublikasının vətəndaşı İddiaçı aprel, may, iyun və iyul ayları üçün 190 manat, cəmi 760 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair ərizəsi icraata qəbul edilmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddia ərizəsində bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən pandemiya səbəbindən elan olunmuş karantin dövründə aztəminatlı ailələrə 190 manat birdəfəlik ödəmə verilməli idi. İddiaçı və həyat yoldaşı 07 aprel 2020 il tarixində lazımi qeydiyyatdan keçmişdir. 28 aprel 2020 il tarixində e-sosial.az portalından onlara gələn SMS-lərdə onun 2 və daha cox nəqliyyat vasitəsi olduğu səbəbi ilə ödəmənin verilməsindən imtina edilmişdir. Onun mülkiyyətində yalnız bir ədəd 26 il əvvəl istehsal olunmuş Mersedes-220 markalı avtomobil var. Həyat yoldaşı X2 mülkiyyətində isə heç bir daşınar və daşınmaz əmlak yoxdur. X1 mülkiyyətində olan Volkswagen Passat markalı avtomobil xx.xx.2019-cu il tarixdə alınıb və xx.xx.2019-cu il tarixdə ona yalnız nəqliyyat vasitəsini idarə etmək hüququ verən etibarnamə verilmişdir. Nazirliyin 142 çağrı mərkəzinə dəfələrlə zəng vurmaq cəhdləri baş tutmayıb. 06 may 2020 tarixdə nazir, nazir müavini və sosial təminat siyasəti şöbəsinin müdirinə elektron ünvanlarına göndərdiyi elektron müraciətə indiyə qədər cavab almamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AB seriyalı 524971 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, Mercedes Banz-E 220 markalı buraxılış ili 1994 olan minik nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. İş materiallarında olan ƏN-İV seriyalı 839732 nömrəli Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında Etibarnamənin surətindən görünür ki, X7 mülkiyyətində olan 99XR262 dövlət qeydiyyat nişanlı Volkswagen Passa markalı minik nəqliyyat vasitəsini idarə emək səlahiyyətini İddiaçı vermişdir. Etibarnamə xx.xx.2023-cü il tarixədək qüvvədədir. İş materiallarından görünür ki, X6 “Vətəndaşın adına qeydiyyatda olan nəqliyyat vasitələri haqqında”**********462 nömrəli xx.xx.2020-ci il tarixli elektron Arayışa əsasən 10HS220 dövlət qeydiyyat nişanlı Mercedes Banz-E 220 markalı buraxılış ili 1994 olan minik nəqliyyat vasitəsi İddiaçı adına xx.xx.2010-cu il tarixdə qeydiyyatdan keçmişdir. Göründüyü kimi, iddiaçının mülkiyyətində və istifadəsində minik avtomobilin olması iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 1.4-cü bəndinə əsasən birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Həmin Qaydanın 2.3.12-ci bəndinə əsasən mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının mülkiyyətində və istifadəsində minik avtomobilin olması iş materialları ilə öz təsdiqini tapdığından, hazırkı iddia əsassızdır və təmin oluna bilməz. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı Azərbaycan Respublikasının vətəndaşı İddiaçı aprel, may, iyun və iyul ayları üçün 190 manat, cəmi 760 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilmir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar