Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5469/2021 06.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X7) qarşı “mənzillə təmin olunma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) ərizə ilə cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə (bundan sonra – Cavabdeh) müraciət edərək ünvan 1 ünvanında yerləşən yataqxananın 315-ci otağının sökülməsi əvəzinə onun iki otaqlı mənzillə təmin edilməsini xahiş etmiş, cavabdehin 26.08.2020-ci il tarixli 775 nömrəli məktubu ilə məsələnin mahiyyəti üzrə araşdırılması məqsədi ilə mübahisəli mənzilin iddiaçının istifadəsində olması barədə hüquqi sənədlərin (order, sərəncam, daimi qeydiyyat barədə Asan xidmətdən arayış, çıxarış və.s) komissiyaya təqdim edilməsi xahiş olunmuşdur. Bundan sonra iddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə və sahiblik hüququ olan ünvan 1 ünvanında yerləşən yataqxananın 315-ci otağının sökülməsi əvəzinə onun iki otaqlı mənzillə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 30.06.2021-ci il tarixli qərardadı ilə X7 hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, iddiaçı X7 ilə 1986-cı ildə nikaha daxil olmuş, birgə nikahdan 27 iyul 1987-ci il təvəllüdlü X8 və 19 avqust 1988-ci il təvəllüdlü X3 doğulmuşdur. 2012-ci ildə İ.Əkbərovla nikahları məhkəmə qaydasında pozulmuşdur. O və İ.Əkbərov Bakı Məişət Kondisionerləri Zavodunda işlədiyi üçün həmin zavodun 30 oktyabr 1989-cu il tarixli 173 saylı orderinə əsasən ünvan 2 ünvanında yerləşən yataqxananın 315-ci otağı onların istifadəsinə verilmişdir. Daha sonra ailə vəziyyəti nəzərə alınaraq “Bakı kondisioneri” X6 07 oktyabr 1992-ci il tarixli 473 saylı orderinə əsasən ünvan 2 ünvanında yerləşən yataqxananın 314-cü otağı da onların istifadəsinə verilmişdir. X7 ilə nikahı pozulduqdan sonra 315-ci otaq iddiaçının, 314-cü otaq isə İ.Əkbərovun istifadəsində qalmışdır. Lakin İ.Əkbərov son zamanlar iddiaçının 315-ci otaqda yaşamağına müxtəlif maneələr yaratmağa çalışmış və bu məqsədlə ondan otağı boşaltmasını tələb etmişdir. Bununla əlaqədar 315-ci otağa köçürülməsi barədə qətnamə çıxarılması barədə cavabdeh X4 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli 2(011)-7148/2019 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilərək ünvan 2 ünvanında yerləşən yataqxananın 315-ci otağına köçürülməsi qərara alınmışdır. Hazırda həmin yataqxananın Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən sökülməsi prosesi başladılsa da, yerli icra hakimiyyəti orqanı tərəfindən iddiaçı ayrıca mənzillə təmin edilməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya münasibətində bildirmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin 07.05.2019-cu il tarixli, 7-214/7g saylı tapşırığına uyğun olaraq Bakı şəhərində qəzalı vəziyyətdə olan binaların sakinlərinə sahəsi 30 kv.m və daha az olan ailələrin hər birinə 30,0 min manat və sahəsi 30 kv.m-dən çox olan mənzilin ümumi sahəsinin 1 kv.m üçün 1000 manat olmaqla birdəfəlik maddi yardımın ödənilməklə köçürülməsi ilə bağlı Azərbaycan Respublikasının Baş Nazirinin 26.04.2019-cu il tarixli, 7/1417 saylı məktubu əsasında General Şıxlinski küçəsi 42 saylı ünvanda yerləşən 5 mərtəbəli, 4 girişli yataqxana binasında yaşayan ailələrə (siyahı üzrə 146 ailə) ayrılmış birdəfəlik maddi yardımın ədalətli bölüşdürülməsini təmin etmək məqsədi ilə Xətai Rayon İcra Hakimiyyəti başçısının 08 may 2019-cu il tarixli, 101 saylı Sərəncamı ilə komissiya yaradılmışdır. ünvan 3 ünvanda yerləşən 5 mərtəbəli, 4 girişli yataqxana binasında yaşayan ailələrə (siyahı üzrə 146 ailə) ayrılmış birdəfəlik maddi yardımın hesabına Sifarişçi- Xətai Rayon İcra Hakimiyyəti və Podratçı- "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kooperativ binada mənzil tikintisi haqqında müqavilə ilə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azkommunlayihə” İnstitutunun 09 iyun 2020-ci il tarixli texniki rəyi əsasında yataqxana binasının sökülərək yerində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin obyektin tikintisinə 68 nömrəli 28.08.2020-ci il tarixli icazə sənədi əsasında 12 mərtəbəli yaşayış binalarının tikintisi və payçıların ümumi sahəsi 54,5 kv.m 2 otaqlı tam təmirli mənzillə təmin olunması, ilkin olaraq köçürülmə və bir aylıq kirayə haqqının 500,0 (beş yüz) manat və mənzillər təqdim edilənədək hər ay 300,0 (üç yüz) manat kirayə haqqının bank vasitəsi ilə sakinlərin kart hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Bakı şəhəri, Xətai rayonu Qeydiyyat Şöbəsinin 15 avqust 2016-cı il tarixli X5 Şəhadətnaməyə əsasən bina sakinləri şikayətçi İddiaçı və X7 arasında nikah ləğv edilmiş və tərəflər arasında məhkəmə qaydasında boşanma və boşanmadan sonra yaranmış əmlak mübahisəsi qüvvədə olan Mülki və Ailə Məcəllələrinin tələblərinə uyğun öz həllini tapmamışdır. Xətai Rayon Məhkəməsinin (2019-cu ilin əvvəlində sakinlərə birdəfəlik maddi yardım ayrıldıqdan sonra) İş №2(011)-7148/2019 nömrəli, 09 oktyabr 2019-cu il tarixli Qətnaməsi üzrə Gen.Şıxlinski küçəsi 42 ünvanında yerləşən yataqxana binasında İddiaçı 315 nömrəli otaqda yaşamaq hüququ təmin edilmiş, lakin mülkiyyət hüququ nəzərə alınmamışdır. Qəzalı binada yaşayan146 ailənin siyahısında orderlər üzrə ümumi sahəsi 28,8 kv.m olan 314 və 315 saylı otaqlar ailə başçısı X2 (5 nəfər ailə tərkibi ilə) adına qeydiyyata alınmaqla 30500 (otuz min beş yüz) manat birdəfəlik maddi yardım ayrılmışdır. Hazırda Gen.Şıxlinski küçəsində yerləşən qəzalı və insan üçün yaşamağa və hər an uçma təhlükəsi olan 42 saylı mübahisəli yataqxanadan köçürülərək X4 (5 nəfər ailə tərkibi -özü, keçmiş həyat yoldaşı, oğlu, qızı və ögey qızı) General Şıxlinski küçəsi 42 ünvanında inşa olunan çoxmənzilli binada 2 otaqlı, ümumi sahəsi 54,5 kv.m tam təmirli mənzillə təmin olunması, ilkin olaraq köçürülmə və kirayə haqqı- 500,0 (beş yüz) manat və mənzil təqdim edilənədək 300,0 (üç yüz) manat aylıq kirayə haqqının ödənilməsi təmin olunmuşdur və hazırda razılaşma qanuni qüvvəsindədir. Lakin İddiaçı ayrıca mənzillə təmin olunmasını tələb edir. Müraciətdə qeyd edilənlərlə bağlı İddiaçı dəfələrlə Rayon İcra Hakimiyyətində qəbulda olmuş, müraciətində qeyd edilənlərlə əlaqədar ona ətraflı izahat verilmiş və iddiaçının müraciətində qeyd edilən eyni məzmunlu müraciətinə Rayon İcra Hakimiyyəti tərəfindən Ə-191/8-068/8-t/1 saylı, 24.09.2020-ci il tarixdə rəsmi olaraq ətraflı cavab məktubu ünvanına göndərilmişdir. Müvafiq razılaşma əsasında qəzalı binadan sakinlərin kirayə mənzillərə köçürülməsi davam etdirilir, ərazidə şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə uyğun olaraq çoxmənzilli yaşayış binalarının inşasına başlanılmış və Rayon İcra Hakimiyətinin komissiyası tərəfindən tikinti işlərinin gedişatı və sakinlərin müraciətləri nəzarətdə saxlanılır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs İ.Əkbərov iddiaçı ilə eyni mənzildə yaşamaq istəmədiyi bildirdi və məhkəmədən iddiaçının ayrıca mənzillə təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bununla bağlı məhkəməyə məlumat verməmişdir, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, çünki yaşadığı mənzilin sökülməsi ilə bağlı İddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir: - İşdə olan Bakı Məişət Kondisionerləri Zavodunun 30.10.1989-cu il tarixli və 08.05.1996-cı il tarixli 473 nömrəli orderlərindən görünür ki, 28.10.1989-cu il tarixli 173 nömrəli qərarla Gen.Şıxlinski 42 ünvanında olan yataqxananın 315 nömrəli otağı, 07.10.1992-ci il tarixli qərarla Gen.Şıxlinski 42 ünvanında olan yataqxananın 314 nömrəli otağı zavodda işlədiyi müddətdə X9 verilmiş, orderlərdə yaşayış sahəsinə hüququ olan şəxslər sırasında İddiaçı, Lalə Qurbanovanın, Rəfi Əkbərovun və Səbinə Əkbərovanın adları da qeyd edilmişdir. - İddiaçı ilə üçüncü şəxsin arasındakı nikah ləğv edilmiş, bu barədə 07.02.2013-cü il tarixdə akt qeydləri kitabında 51 nömrə ilə qeyd aparılmışdır. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18.09.2019-cu il tarixli 2(011)-7148/2019 saylı qətnaməsi ilə iddiaçının üçüncü şəxsə qarşı “mənzilə köçürülmə” barədə iddia tələbi təmin edilmiş, iddaçının ünvan 4 ünvanında yerləşən yataqxananın 315-ci otağına köçürülməsi qət olunmuşdur. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının 07.05.2019-cu il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanda yerləşən və qəzalı vəziyyətdə olan binada yaşayan ailələrə ayrılan birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasını təmin etmək məqsədilə Rayon icra hakimiyyətinin müvafiq komissiyasının yaradılıb, nəticəsi barədə 08 may 2019-cu il tarixindən gec olmayaraq Bakı Şəhər İcra Hakimiyyətinə məlumat verilməsi tapşırılmışdır. - 11.06.2021-ci il tarixli razılaşma aktından görünür ki, mülkiyyətçi X1 işində iştirak edərək, təklif olunan 30 000 (otuz min) manat birdəfəlik maddi yardımın məbləği ilə razılaşaraq və alacağı təzminatın məbləğini bankda şəxsi hesabına köçürüldükdən sonra 3 gün müddətində yaşadığı mənzilin boşaldılaraq sökülməsi üçün şərait yaradacağını öhdəsinə götürmüşdür. - 11.06.2021-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqaviləyə əsasən Xətai rayon İcra hakimiyyəti (sifarişçi) "xxxx" MMC (podratçı) və ünvan 6 ünvanında yerləşən 314-315 saylı mənzilin sahibi X7 (payçı) aşağıdakılar barədə razılığa gəlmişlər: - müqavilənin qüvvədə olduğu müddət ərzində podratçı sifarişçinin sifarişi əsasında qəzalı vəziyyətdə hesab edilmiş ünvan 6 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının sökülərək həmin binanın yerində sakinlərə ayrılmış vəsait hesabına yeni çoxmənzilli yaşayış binasının inşa edilməsi və inşa ediləcək binada payçının təmirli mənzillə təmin edilməsi; - Payçıya Bina 2, 11-ci mərtəbə, 2 otaqlı, 54,5 kv.metr 82 saylı mənzil təqdim ediləcəkdir. - qəzalı yaşayış binasının sökülməsi və yerində yeni çoxmənzilli yaşayış binasının inşa edilməsi üçün ayrılmış dövlət vəsaitindən 30500 (otuz min beş yüz) manat kompensasiya vəsait sifarişçi tərəfindən Рауçının bank hesabına köçürülür. - podratçı qəzalı yaşayış binasının sakinlərinə müqavilə imzalandığı gündən payçıya mənzil təqdim edilənədək hər ay 300 manat məbləğində kirayə haqqını həmin sakinin bank hesabına ödəyir. - payçı sifarişçi tərəfindən onun bank hesabına köçürülmüş 30 000 manat vəsaiti müqavilə imzalandığı gün podratçıya ödəyir. - "xxxx" MMC tərəfindən verilmiş 11.06.2021-ci il tarixli 171 nömrəli maliyyə arayışından görünür ki, ünvan 7 ünvanında inşa edilən kooperativ yaşayış binası "xxxx" MMC-yə məxsusdur, 2-ci binanın 1-ci girişi, yerdən 11-ci mərtəbəsində ümumi sahəsi 54.5 kv.m olan 2 otaqlı, 82 saylı təmirli mənzilin pay dəyəri X7 tərəfindən tam ödənilmişdir. Beləliklə, işin hallarından görünür ki, müvafiq ünvanda qəzalı vəziyyətdə olan binanın sökülməsi məqsədilə sahəsi 30 kv. metr və daha az olan mənzildə yaşayan ailələrin hər birinə 30000 manat olmaqla birdəfəlik maddi yardımın ödənilməsi, sahəsi 30 kvadratmetrdən çox olan mənzildə yaşayan ailələrə mənzilin ümumi sahəsinin 1 kv. metri üçün 1.000 manat birdəfəlik maddi yardımın ödənilməsi qərara alınmış, bina 07.02.2021-ci il tarixdə sökülmüş, Bakı Kondisionerləri Elmi İstehsalat Birliyinin 473 nömrəli, 08.05.1996cı il tarixli orderi və 173 nömrəli 28.10.1989-cu il tarixli qərarı ilə verilmiş kirayə müqaviləsi əsasında binada sahəsi 28,8 kv.metr olan otaqlar əvəzinə X4 ümumi sahəsi 54.5 kv.metr olan 2 otaqlı mənzil verilmişdir. İddiaçı hazırda həmin orderlərə əsasən verilmiş və yaşadığı 315 nömrəli otağa görə ona ayrıca mənzil verilməsini tələb edir. Məhkəmə qeyd edir ki, müvafiq orderlərin verildiyi vaxt qüvvədə olmuş və 01.10.2009-cu il tarixdə qüvvədən düşmüş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 107-ci maddəsinə əsasən yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-nin digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdriyyət tərəfindən order verilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq hərbi şəhərciklərdə yaşayış sahələri orderləri SSR İttifaqı qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilir. İşdən görünür ki, mübahisəli 315 nömrəli otağa dair order, habelə digər 314 nömrəli otağa dair order üçüncü şəxs İ.Əkbərovun adına olmuş, yataqxananın sökülməsi ilə bağlı 30 kv.metr və daha az olan mənzildə yaşayan ailələrin hər birinə 30000 manat olmaqla birdəfəlik maddi yardımın ödənilməsi nəzərdə tutulmuş, İ.Əkbərov həmin məbləğlə razılaşmış və cavabdeh orqan da əsas icarədar kimi İ.Əkbərova müvafiq ödəniş həyata keçirmişdir. Daha sonra İ.Əkbərov həmin vəsaitə əsasən yeni tikilən binadan icarədarı olduğu 314 və 315 saylı otaqlar (iş materiallarına əsasən 28.8 kv.metr) müqabilində ona ikiotaqlı yeni mənzil (iş materiallarına əsasən 54.5 kv.metr) verilməsi ilə razılaşaraq sökülən binadakı otaqların əsas icarədarı kimi müvafiq müqavilə imzalamışdır. İddia ərizəsində iddiaçı üçüncü şəxslə nikah münasibətlərinə xitam verildiyinə və 315 nömrəli otaqda yaşamasına, ayrı ailə olmasına istinad edərək ayrıca mənzil tələb etsə də, məhkəmə qeyd edir ki, iddiaçının 314 və 315 nömrəli otaqlara hüququ üçüncü şəxs İ.Əkbərovun ailə üzvü olduğu üçün yaranmış, onun hüququ İ.Əkbərova məxsus hüquqdan törəmə olmuşdur. Onun İ.Əkbərovla ailə münasibətlərinə xitam verilsə də, o ayrıca kirayəyə (icarə) müqaviləsi bağlamamış, otaqların şəxsi hesab vərəqələri İ.Əkbərovun adına olmuş, iddiaçı 315 nömrəli otaqda yaşaymağa davam etmiş, bununla da icarədarın ailə üzvü kimi statusunu saxlamışdır. Belə ki, 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmçinin qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər (maddə 68.1). Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar (maddə 68.2.). Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər (maddə 68.3.). Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır (maddə 68.4.). Məhkəmə onu da qeyd edir ki, qüvvədə olan Mənzil Məcəlləsi yaşayış sahəsi söküldükə orada yaşayan şəxslərin hər birinə ayrıca yaşayış sahəsi verilməsini nəzərdə tutmur. Bu zaman tələb olunan əsas meyar verilən yeni yaşayış sahəsinin ümumi sahəsinin əvvəl yaşanılan yaşayış sahəsinin ümumi sahəsindən az olmamasıdır. Belə ki, qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 85-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir. Həmin Məcəllənin 88.1-ci maddəsinə əsasən həmin Məcəllənin 85-87-ci maddələrində nəzərdə tutulmuş əsaslarla yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqaviləsi ilə verilən digər yaşayış sahəsi müvafiq yaşayış məntəqəsinin mövcud olan şəraitinə uyğun olaraq abadlaşdırılmış olmalı, ümumi sahəsi əvvəl yaşadıqları yaşayış sahəsinin ümumi sahəsindən az olmamalı, müəyyən edilmiş tələblərə cavab verməli və həmin yaşayış məntəqəsinin hüdudlarında yerləşməlidir. Həmin Məcəllənin 88.2-ci maddəsinə əsasən əgər kirayəçi və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsindən çıxarılmazdan əvvəl təcrid olunmuş mənzildə və ya kommunal mənzilin azı iki otağında yaşayırdılarsa, kirayəçinin müvafiq olaraq mənzil və ya kommunal mənzildə həmin sayda olan otaq almaq hüququ vardır. Beləliklə sadalalanan normalardan müəyyən olunur ki, sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi bina sökülməli olduqda, binanın sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqaviləsi ilə ümumi sahəsi əvvəl yaşadıqları yaşayış sahəsinin ümumi sahəsindən az olmayan yaşayış sahələri verilir. İşdən görünür ki, yataqxananın sökülməsi ilə əsas icarədar kimi İ.Əkbərova, bununla həm də onun ailə üzvlərinə yaşamaları üçün yeni ikiotaqlı mənzil (28.8 kv.metr müqabilində 54.5 kv.metr) verilmişdir. İddiaçının üçüncü şəxs İ.Əkbərovla ailə münasibətlərinə xitam verilsə də, o həmin mənzildə yaşadığından ailə üzvü statusunu saxlamış, belə olan halda Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 85-ci maddəsinə əsasən artıq üçüncü şəxsə verilmiş mənzilə də ailə üzvünün malik olduğu hüquqları əldə etmişdir. İşdən görünür ki, üçüncü şəxs İ.Əkbərov iddiaçının yaşadığı 315 nömrəli otaqdan istifadəsinə manelər yaratmış, iddiaçı üçüncü şəxsə qarşı mülki qaydada iddia qaldırmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18.09.2019-cu il tarixli 2(011)-7148/2019 saylı qətnaməsi ilə iddiaçının ünvan 4 ünvanında yerləşən yataqxananın 315-ci otağına köçürülməsi qət olunmuşdur. Məhkəmə qeyd edir ki, əgər üçüncü şəxs İ.Əkbərov iddiaçının binanın sökülməsinə görə verilmiş yeni mənzildə də yaşamasına manelər yaradarsa, iddiaçı bununla bağlı yenə də mülki qaydada iddia qaldırmaqla hüquqlarının müdafiəsini təmin edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin apardığı inzibati icraat qanunvericiliyin tələblərinə uyğun olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, İPM-in 73-cü maddəsində göstərilən hallar hazırkı işdə mövcud deyil. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-5469/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5469/2021
06.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver