Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5469/2022 21.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə, bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə ona sərəncamla verilmiş bağ sahəsinin dövlət qeydiyyatına alınması, ona bunu təsdiq edən çıxarışın verilməsinə dair öhdəliyin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhər İcra Hakimiyyəti Başcısının xx.xx.2000-ci il tarixli, 739 nömrəli sərəncamı ilə istifadəsinə verilmiş Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən, sahəsi 0,12 ha olan 2814 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq buna dair müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhər İcra Hakimiyyəti Başcısının xx.xx.2000-ci il tarixli, 739 nömrəli sərəncamı ilə istifadəsinə verilmiş Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən, sahəsi 0,11 ha olan 2814 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq buna dair müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, respublikanın ərazi bütövlüyünün qorunması uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Bu döyüş əməliyyatlarında savaşarkən xəsarət almışdır və 1 qrup gözdən əlil olmuşdur. Bununla bağlı 10 mart 2004-cü ildə müvafiq orqanlardan 083211 nömrəli əlillik vəsiqəsi almış və 8 may 2015-ci ildə Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin üzvü olmuşdur. Həmin vaxtdan müharibə əlili statusu almaqla, əlilliyə görə əmək pensiyası almışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 739 nömrəli, xx.xx.2000ci il tarixli sərəncamına əsasən ona da Mərdəkan qəsəbəsində 2814 nömrəli bağ sahəsi ayrılmışdır. 2000-ci ildə ona torpaq verildiyini öyrəndikdən sonra Bakı Şəhər İcra Hakimiyyətinə torpaq sahəsinin ünvanını öyrənmək üçün getdiyində onlarla arasında torpaq sahəsinin ona verilməsinə dair müqavilə imzlandı. Daha sonra xəstəliyi ilə bağlı problemlər yaranmış və o, həmin müqaviləni ondan asılı olmayan səbəblərdən itirmişdir. 2000-ci il tarixdə torpaq sahəsinə baxmaq üçün getdiyində orada nəinki heç bir kommunikasiya təchizatı, habelə heç bir yaşayış ehtimalı yox idi. Bu vaxtdan uzun müddət keçdikdən sonra, gedib yenidən həmin sahəyə baxanda artıq çox şeyin dəyişdiyini, yeni evlər tikildiyini, həmçinin ona məxsus ərazidə yaşayış evi olduğunu görmüşdür. Bununla bağlı ilk öncə Xəzər RPİ-yə başına gələnləri danışıb, burada cinayət əlaməti olduğunu, mülkiyyətində olan sahənin tanımadığı şəxs tərəfindən zəbt edildiyini bildirərək, bununla bağlı araşdırma aparılması üçün müraciət etmişdir. Xəzər RPİ-də bu hadisə ilə bağlı araşdırma aparılsa da, araşdırmanın onun pozulan hüquqlarının bərpası yönündə heç bir nəticəsi olmadı. Həmin araşdrıma nəticəsində ona məxsus bağ sahəsinin X10 tərəfindən zəbt edildiyini öyrənmişdir. Daha sonra bu məsələ ilə bağlı aidiyyəti orqan olan DƏDRX-nə bağ sahəsinin adına dövlət qeydiyyata alınması və bunun təsdiq edən çıxarışın ona verilməsi üçün müraciət etmişdir. İlkin müraciətinə xx.xx.2021-ci il tarixli, **********59 nömrəli cavab məktubu ilə ona bağ sahəsinin ayrılmasına dair məlumatın mövcud olduğu, lakin müqavilənin idarənin arxivində olmadığına görə müraciətinə imtina verildiyi bildirilmişdir. Buna əsasən o, yenidən müraciət məktubu yazaraq, orada bağ sahəsinin ona sərəncamla verildiyini və sərəncamın hüquqi qüvvəsinin müqavilənin hüquqi qüvvəsindən üstün olduğunu, həmçinin müqavilənin onda olan surətini ondan asılı olmayan, xəstəliyi ilə və gözünün görməməsi ilə bağlı olaraq itirmişdir. Həmin müqavilənin texniki qaydalara uyğun olaraq, Bakı şəhər İcra Hakimiyyətində və artıq bütün torpaqla bağlı sənədləşmələr DƏDRX-nin səlahiyyətində olduğu üçün onların arxivində olduğunu bildirmişdir. İnizbati orqan tərəfindən bu müraciətinə də xx.xx.2021-ci il tarixdə yenidən bu dəfə daha ziddiyyətli əsaslarla imtina edilərək, sərəncamda bağ sahəsinin ölçüsünün qeyd olunmadığını, habelə Bakı Şəhər İcra Hakimiyyətinin bağ təsərrüfatı idarələrinin ləğv edildiyini, onların arxivlərinin DƏDRX-nə verildiyini özləri də bildirmişdir. Bundan sonra şifahi müraciət etmişdir, bu səfər ona həmin orqanda problmemin həll olunacağını, ona tezliklə çıxarış veriləcəyini, çıxarışın 14-15 sentyabr tarixində hazır olacağını bildirdilər. Daha sonra o, bu xidmət üçün dövlət rüsumu da ödəmişdir (Dövlət rüsmunun ödənilməsinə dair qəbz). Lakin sonradan öyrənmişdir ki, o, müharibə əlili olduğu üçün bu ödənişdən azad olmalı idi. 14-15 sentyabr 2021-ci il tarixdə onlara yaxınlaşdıqda həmin orqanın Rəşid adlı məmuru ona yeni bir imtina məktubunu (xx.xx.2021-ci il tarixli, **********36 nömrəli) təqdim edib, ona məsələnin tək həll yolunun ona məxsus olan bağ sahəsini zəbt edərək, orada məskunlaşmış şəxslə “danışmaq, razlaşmaq” olduğunu bildirib, “səmimi” məsləhətlər vermişdir. Beləliklə, işin faktiki hallarından göründüyü kimi inzibati orqana dəfələrlə xeyrinə inzibati akt qəbul edilməsi üçün müraciət etsə də inzibati orqan hər dəfəsində müxtəlif əsaslarla, qanun pozuntusuna yol verərək imtinaya dair məktub vermişdir. Habelə, inzibati orqanın səlahiyyətli məmurunun kobud pozuntu olan hərəkəti inzibati orqanların qeyri-obyektivliyi, ziddiyyətli mövqeyi sözü gedən imtina məktubunun obyektiv və qərəzsiz olmadığını deməyə əsas verir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq iddia tələbi ilə xx.xx.2021-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 739 saylı sərəncamın arxiv arayışında bağ sahəsinin ölçüsü qeyd olunmamışdır. Həmçinin İdarənin arxivində iddiaçının adına bağ sahəsinin ayrılmasına dair heç bir sənəd (müqavilə) aşkar edilməmişdir. Eyni zamanda ümumi sahənin 56 kvm. hissəsi yüksək gərginlikli elektıik xəttinin mühafizə zolağında yerləşir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır və iddiaçıya xx.xx.2021-ci il tarixli, **********22 nömrəli cavab məktubu ünvanlanmışdır. “Elektrik şəbəkələrinin mühafizəsi” qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədiər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı xx.xx.1995-ci ildən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqliyinin və konstutsiya qurluşunun müdafiəsi ilə əlaqədar “hər iki gözün korluğu” diaqnozu ilə müddətsiz olaraq birinci dərəcəli əlilldir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən məhkəməyə ünvanlanmış 7-742/17 nömrəli, xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 739 №-li “Vətəndaşların adlarına bağ sahələrinin bütünlüklə və ya bir hissəsinin sənədləşdirilməsi, vətəndaşlara bağ sahəsi ayrılması barədə” sərəncamına əsasən 1-ci qrup müharibə əlili X1 Mərdəkan Bağ 2814 №-li bağ sahəsi ayrılmışdır. Həmin sərəncama heç bir sənəd əlavə edilməmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən məhkəməyə ünvanlanmış 7-2509/17 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Vətəndaşların adlarına bağ sahələrinin ayrılması haqqında” olan xx.xx.2000-ci il tarixli, 739 nömrəli sərəncamı ilə 1 qr.müharibə əlili olan vətəndaş X1 Mərdəkanda 2814 nömrəli bağ sahəsi ayrılmışdır və həmin sərəncamda vətəndaşlara ayrılan bağ sahələrinin ölçüləri qeyd edilməmişdir. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış **********63 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2814 saylı bağ sahəsinə dair sənəd idarənin arxivində aşkar edilməmişdir. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış **********08 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan və ona əlavə olunmuş çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivi 2814 saylı bağ sahəsinə dair yerləşmə sxemi məhkəməyə təqdim edilmişdir. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış **********83 nömrəli, xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2814 saylı bağ sahəsi mişar daşı ilə sərhədlənərək faktiki olaraq 1442,0 kv.m təşkil edir. Bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən sənəd üzrə sahəsi məlum deyil. Bağ sahəsində digər şəxs tərəfindən inşa edilmiş 1(bir) mərtəbəli bağ evi hovuz, sanitar qovşağı, natamam tikili mövcuddur. Bağ sahəsindən 13,9 metr məsafədən yüksək gerginlikli elektrik xətti 110 kvt keçir və faktiki sahənin 56,0 kv.m hissəsi mühafiizə zolağına düşür. Göstərilən ərazi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 2814 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. - “X11 və Ekspertiza Mərkəzi” MMC tərəfindən məhkəməyə ünvanlanmış 171 nömrəli, xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 2814 saylı bağ sahəsinin hazırkı vəziyyətinin döngə nöqtələrinin koordinatları müəyyən edilərkən məlum oldu ki, ərazi digər şəxs X7 müikiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür, elektrik xəttinin mühafizə zonasına düşmür, yaşayış məntəqəsinin torpaqlarına aiddir. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış **********46 nömrəli, xx.xx.2022-ci il tarixli və **********3 nömrəli, xx.xx.2022-ci il tarixli məktublardan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 2814 saylı bağ sahəsinin qeydiyyata alınması barədə məlumat, həmçinin həmin bağ sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd İdarənin arxivində aşkar edilməmişdir. - Həmin məktublara Mərdəkan qəsəbəsində yerləşən 2803, 2802, 2811, 2812, 2813, 2815 və 2816 saylı bağ sahələrinin ilkin qeydiyyata alınmasına əsas olmuş sənədlərin təsdiq edilmiş sürətləri əlavə edilmişdir. - Həmin sənədlərdən görünür ki, ayrılmış bağ sahələrinin ölçüləri 0,11 ha. müəyyən edilmişdir. - Mərdəkan qəsəbəsində yerləşən 2803 saylı bağ sahəsinin ilkin qeydiyyata alınmasına dair sənədlərdən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 739 №-li sərəncamına əsasən X2 ayrılmış Mərdəkan qəsəbəsi 0,11 ha. sahəsi olan 2803 saylı bağ sahəsinə dair xx.xx.2000-ci il tarixli, 29330 nömrəli bağın icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Xəzər rayonu, Mərdəkab bağ massivində X5 Bakı şəhər İH-nin BTİ və İB-nin xx.xx.2000-ci il tarixli, 29330 saylı müqaviləsi ilə 1100 kvm. 2803 saylı bağ evi tikinti üçün torpaq sahəsi ilə bağlı torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2803 saylı bağ sahəsi 0,1074 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X3 adına qeydə alınmışdır. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********59 nömrəli məktubun surətindən görünür ki, bağ sahəsinə dair məlumatın və sənəd surətinin verilməsi barədə müraciətinə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 739 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamına əssən İddiaçı Mərdəkan qəsəbəsində 2814 nömrəli bağ sahəsinin ayrılmasına dair məlumat mövcuddur. Lakin sözügedən bağ sahəsinin ayrılmasına dair İddiaçı adına sənəd (müqavilə) İdarənin arxivində aşkar edilməmişdir. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********22 nömrəli məktubun surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “2814” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə tərəflərindən baxılmışdır. Müraciəti ilə əlaqədar olaraq bildirilir ki, tərəfindən təqdim edilən Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 739 saylı sərəncamının arxiv arayışında bağ sahəsinin ölçüsü qeyd olunmamışdır. Eyni zamanda ümumi sahənin bir hissəsi yüksək gərginlik elektrik xəttinin mühafizə zolağında yerləşir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetiniin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək onların yalnız arxivləri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunanları nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış **********36 nömrəli, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, qeyd olunan məsələ ilə bağlı müraciətə **********22 nömrəli xx.xx.2021-ci il tarixli məktubla cavab verilmişdir və həmin məktubda qeyd olunan iradlar tam aradan qaldırılmamışdır. Həmçinin, idarədə mövcud olan arxiv əsaslarında qeyd edilən bağ sahəsinə dair sənəd (müqavilə qovluğu) aşkar edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı birinci qrup Qarabağ müharibəsi əlilidir. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 739 №-li sərəncamına əsasən İddiaçı birinci qrup müharibə əlili olduğuna görə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 2814 nömrəli bağ sahəsi ayrılmışdır. Həmin bağ sahəsi İddiaçı ayrılsa da onunla müvafiq icarə müqaviləsinin bağlanması barədə məlumat arxiv sənədlərində aşkar edilməmişdir. İddiaçı ona ayrılmış bağ sahəsindən hal-hazırda istifadə edir. İddiaçının həmin bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciəti cavabdeh inzibati orqan tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 739 saylı sərəncamının arxiv arayışında bağ sahəsinin ölçüsü qeyd olunmaması, eyni zamanda ümumi sahənin bir hissəsinin yüksək gərginlik elektrik xəttinin mühafizə zolağında yerləşməsi, bağ sahəsinə dair sənədin (müqavilə qovluğu) aşkar edilməməsi əsas gətirilərək təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin 2-ci hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin 2-ci hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. - 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. - Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: - 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. - 88-ci maddəsinə görə tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı faktiki istifadəsində olan və iddia etdiyi bağ sahəsi ona Bakı şəhər İcra Hakimiyyəti xx.xx.2000-ci il tarixli, 739 nömrəli sərəncamı əsasında verilmişdir və həmin sərəncam ləğv edilmədiyindən, etibarsız sayılmadığından, eləcə də mübahisələndirilmədiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir. Qanunvericiliyə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən sərəncamlar bağ sahəsinə hüququn qeydə alınması üçün əsasdır. Məhkəmə həmçinin qeyd edir ki, göstərilən sərəncamda bağ sahəsinin ölçüsünün qeyd olunmaması iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz. Belə ki, eyni sərəncamla digər şəxslərlə ayrılmış bağ sahələrinin ölçüsünün 0,11 ha. olduğu və həmin ölçüdə bağ sahələri üzərində hüquqların cavabdeh inzibati orqan tərəfindən qeydə alınması məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir. Halbu ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. - 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bundan əlavə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Göründüyü kimi iddiaçının qanuni istifadəsindəki bağın yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə araşdırılması zamanı iddiaçıya müvafiq icra hakimiyyəti orqanının sərəncamına əsasən 0,11 ha. sahəsi olan bağ sahəsinin ayrılması müəyyən edildiyindən faktiki olaraq 0,1442 ha. torpaq sahəsindən istifadə edilməsi və onun 56,0 kvm. hissəsinin elektrik xəttinin mühafizə zonasına düşməsi iddianın rədd edilməsinə əsas vermir. Belə ki, iddiaçı faktiki istifadəsində olan bağ sahəsinin 0,11 ha. hissəsinə dair tələb irəli sürmüşdür. Bundan əlavə iddiaçının iddia etdiyi torpaq sahəsi ilə bağlı hər hansı digər hüquqi və fiziki şəxsə hüquqi və ya texniki sənədin verilməsi halları məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı qanuni əsaslarla istifadəsinə verilmiş torpaq sahəsindən uzun müddət istifadə etməklə həmin torpaq sahəsi ilə bağlı “gözlənilən mülkiyyət hüququ” əldə etmişdir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Akimova Azərbaycana qarşı” iş üzrə Avropa Məhkəməsi öz qərarında qeyd etmişdir ki, 02 iyun 1993-cü il tarixdə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr ərizəçini mənzilə dair yaşayış orderinin qanuni sahibi olmasını təsdiq etdilər. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında «sosial kirayə müqaviləsi» adlanan müqavilə bağlanılmalı idi. Həmin müqavilənin Mənzil Məcəlləsində və müvafiq hüquqi aktlarda əks olunmuş şərtlərinə görə ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı və Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. Belə olan halda, Məhkəmə razılaşır ki, ərizəzinin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən «mülkiyyət»in təşkil olunması üçün kifayət qədər əsaslıdır. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nətcəyə gəlir ki, cavabdeh inzibati orqanın gətirdiyi dəlillər iddiaçının qanuni əsaslarla istifadəsinə verilmiş 2814 nömrəli bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina üçün əsas ola bilməz. Cavabdeh inzibati orqan öz imtinasını formal mülahizələrlə əsaslandırmış və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş qeydiyyatdan imtina üçün hallarla bağlı heç bir tutarlı dəlil təqdim etməmişdir. İddiaçının mübahisələndirilən bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqları yaranmışdır və həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə müvafiq çıxarış verilməlidir. Odur ki, cavabdeh inzibati orqanın imtinası qanuna zidd sayılmalı və İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhər İcra Hakimiyyəti Başcısının xx.xx.2000-ci il tarixli, 739 nömrəli sərəncamı ilə istifadəsinə verilmiş Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən, sahəsi 0,11 ha. olan 2814 nömrəli bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq buna dair müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhər İcra Hakimiyyəti Başcısının xx.xx.2000-ci il tarixli, 739 nömrəli sərəncamı ilə istifadəsinə verilmiş Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən, sahəsi 0,11 ha olan 2814 nömrəli bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq buna dair müvafiq çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-5469/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5469/2022
21.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver