Məhkəmə qərarları › İş №2-1(112)-547/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-547/2025

24.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-547/2025 24.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxslər X22, Əli-zadə Səbinə Vidadi qızı, X18, X19, X21, X4 və X6 “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması" tələbinə dair iddiası üzrə və İddiaçı2 Ənvər qızının cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı1, Üçüncü şəxs X12, Üçüncü şəxs X2 nümayəndəsi Nümayəndə1, İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə3, Cavabdehin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X20 və digərləri üçüncü şəxs qismində cəlb edilməklə) “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması" (bundan sonra mətndə - birinci iş) və həmin işə birləşdirilmiş İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” (bundan sonra mətndə – ikinci iş) tələbinə dair iddiası üzrə inzibati işə 24 sentyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi, TƏSVİRİ HİSSƏ Birinci iş üzrə işin halları: Bakı Şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 30 yanvar 1991-ci il tarixli 1/16 №-li qərarına əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 2 iyun 1988-ci il tarixli 195 №-li qərarına və Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il tarixli 6/333 №-li qərarına uyğun olaraq İddiaçı1 Goradil massivində 152 №-li BTK nəzdində bağ sahəsi ayrılmışdır. Həmin qərara əsasən Goradil bağlar sahəsində 152 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 256z nömrəli bağ sahəsinin İddiaçı1 ayrılmasına dair B/S saylı order verilmişdir. İddiaçı1 həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd etmişdir ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi, həmçinin torpaq sahəsinin yaxınlığından yüksək gərginlikli elektrik xəttinin keçdiyi müəyyən edilmişdir. İdarənin arxiv əsaslarında Bağ Tikinti Kooperativin sxemi, bağların bölgüsünə dair sxematik xəritə, arxiv cizgisi aşkar edilmədiyindən torpaq sahəsinin yerləşməsini müəyyənləşdirmək mümkün olmamışdır. İkinci iş üzrə işin halları: Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatın xx.xx.2024-cü il tarixli, 1977 nömrəli sərəncama əsasən Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 nömrəli Qətnaməsinə əsasən aşağıdakı vətəndaşlara fəaliyyətdə olan bağ-tikinti kooperativlərinin tərkibində bağ sahəsi ayrılmışdır. ... 2.91. İddiaçı2 Ənvər qızına – Görədil BTK № 58 Bakı şəhər İcra Hakimiyyəti Aparatının X3 və X14 bağlar sahəsindəki 58 saylı kooperativi tərəfindən tərtib edilmiş 91 saylı Orderə əsasən, Bakı şəhəri İcra Hakimiyyətinin 30 noyabr 1992-ci il tarixli, 1977 saylı qərarına əsasən Goradil bağlar sahəsində 58 saylı BTK-nin nəzdində 0,12ha torpaq sahəsi olan 285e nömrəli bağ sahəsi digər iddiaçıya ayrılmışdır. İddiaçı2 Ənvər qızı həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd etmişdir ki, torpaq sahəsinin yerləşdiyi ümumi ərazidə hasarlanma İdarənin arxivində olan bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmamışdır və sahənin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, 285 bağ nömrəsi göstərilən əraziyə aid deyil, göstərilən ərazi digər bağların ərazisidir. Təqdim olunmuş order barədə İdarənin arxivində məlumat aşkar olunmamışdır və təqdim edilmiş xx.xx.1992-ci il tarixli, 1977 №-li sərəncamda torpaq sahəsi barədə məlumat qeyd edilməmidir. Birinci iş üzrə iddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı1 cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən “256z” saylı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin imtina məktubundan da aydın olduğu kimi torpaq sahəsi üzrə digər şəxslərə aid olan hissə mövcud olsa da, cavabdeh tərəfindən göstərilən hallar araşdırılmamış, formal xarakterli cavab verilmişdir. Bununla da onun mülkiyyət hüquqları pozulur. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, idarənin arxiv məlumatlarına əsasən eyni bağtikinti kooperativi nəzdində və eyni qərar əsasında “256z” saylı torpaq sahəsinə dair digər şəxsin adına (X20) order mövcuddur. Bundan başqa, 256z saylı bağ nömrəsi digər şəxslərin adlarına verilmiş orderlərdə təkrarlanır. Belə ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 3/75 nömrəli qərarına əsasən (qərarın nömrəsində və tarixində düzəliş var) 152 nömrəli BTK-nın nəzdində 256z nömrəli bağ sahəsinə dair X11, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixi 6/387 nömrəli qərarına əsasən 142 nömrəli BTK-nın nəzdində 256z nömrəli bağ sahəsinə dair X7 adlarına B/S nömrəli orderlər mövcuddur. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman iddiaçı tərəfindən şərti olaraq göstərilən torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi müəyyən olunmuşdur. İddiaçı tərəfindən təqdim edilən arxiv arayışında torpaq sahəsinin ölçüsü və nömrəsi qeyd edilməmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin yerləşməsini dəqiq müəyyən etmək mümkün olmamışdır. Həmçinin göstərilən sahəyə digər şəxslərin (Əli-zadə Səbinə Vidadi qızı, X18, X5) müraciətləri mövcuddur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-547/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddia tələbi üçüncü şəxs X2 xüsusi mülkiyyətində olan **********85 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşən hissədə mümkün sayılmasın. İkinci iş üzrə iddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı2 Ənvər qızı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 1977 saylı sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Gorədil 58 saylı BTK ərazisindəki 285E nömrəli 0.12 ha ölçüdə onun adına olan bağ-torpaq sahəsinə dair çıxarışın, plan və ölçünün verilməsi vəzifəsinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, ailə-həyat şəraitlərinin yaxılaşdırılması məqsədi ilə Binəqədi rayonu X16 yerləşən bu günədək istifadəsində olan və 15 ildən artıq müddət əvvəl tərəflərindən hasarlanan 285 “E” saylı bağ sahəsi 1992-ci il tarixdən etibarən onlara ayrılmışdır. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin yerləşdiyi ümumi ərazidə hasarlanma İdarənin arxivində olan bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmamışdır və sahənin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, 285 bağ nömrəsi göstərilən əraziyə aid deyil, göstərilən ərazi digər bağların ərazisidir. Təqdim olunmuş order barədə İdarənin arxivində məlumat aşkar olunmamışdır və təqdim edilmiş xx.xx.1992-ci il tarixli, 1977 nömrəli sərəncamda torpaq sahəsi barədə məlumat qeyd edilməmişdir. Bundan başqa, İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən sahənin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi müəyyən edilmiş və sahəyə dair İdarəyə fərqli konfiqurasiyalarla və fərqli bağ nömrələri kimi digər şəxslərin müraciətləri daxil olmuşdur. Hazırda Bakı İnzibati Məhkəməsinin icraatında torpaq sahəsi ilə bağlı 2-1(112)-547/2025 nömrəli məhkəmə mübahisəsi mövcuddur və qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı İdarəyə daxil olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7952/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(112)-7952/2025 nömrəli inzibati işin, İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X20 və digərləri üçüncü şəxs qismində cəlb edilməklə) “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması" tələbinə dair 2-1(112)-547/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi qərara alınmışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İkinci iş üzrə iddia tələbini əsassız hesab edərək rədd edilməsini xahiş etdi. Üçüncü şəxs X21 torpaq sahəsini yerini bilmədiyini qeyd edərək iddia tələbinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Digər üçüncü şəxs X2 nümayəndəsi iddia tələbinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İddiaçı2 nümayəndəsi və vəkili idddia tələbini müdafiə edərək təmin edilməsini, İddiaçı1 iddiasını isə əsassız hesab edərək rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi hər iki iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və bu barədə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddialar öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətini təmin etməkdən imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Birinçi iş üzrə məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Birinci iş üzrə işin hallarına görə, Bakı Şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 30 yanvar 1991-ci il tarixli 1/16 №-li qərarına əsasən iddiaçıya Goradil massivində 152 №-li BTK nəzdində bağ sahəsi ayrılmışdır. Həmin qərara əsasən Goradil bağlar sahəsində 152 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 256z nömrəli bağ sahəsinin iddiaçıya ayrılmasına dair B/S saylı order verilmişdir. İddiaçı həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun tanınması və bu barədə çıxarışın verilməsini xahiş edir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0 və 8.0.7-ci maddələri təşkil edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı həmin normada göstərilən hüquqmüəyyənedici sənəd kimi onun adına olan Bakı Şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarını və X9 və İstismarı Birliyinin orderini təqdim edir. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir: 1) eyni bağ-tikinti kooperativi nəzdində və eyni qərar əsasında “256z” saylı torpaq sahəsinə dair digər şəxsin adına (X20) order mövcuddur; 2) 256z saylı bağ nömrəsi digər şəxslərin adlarına verilmiş orderlərdə təkrarlanır. Belə ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 3/75 nömrəli qərarına əsasən (qərarın nömrəsində və tarixində düzəliş var) 152 nömrəli BTK-nın nəzdində 256z nömrəli bağ sahəsinə dair X11, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixi 6/387 nömrəli qərarına əsasən 142 nömrəli BTK-nın nəzdində 256z nömrəli bağ sahəsinə dair X7 adlarına B/S nömrəli orderlər mövcuddur; 3) İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman iddiaçı tərəfindən şərti olaraq göstərilən torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi müəyyən olunmuşdur; 4) İddiaçı tərəfindən təqdim edilən arxiv arayışında torpaq sahəsinin ölçüsü və nömrəsi qeyd edilməmişdir; 5) elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin yerləşməsini dəqiq müəyyən etmək mümkün olmamışdır. Həmçinin göstərilən sahəyə digər şəxslərin (Əlizadə Səbinə Vidadi qızı, X18, X5) müraciətləri mövcuddur; Məhkəmə aşağıda qeyd edilənlərə əsasən cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi halları əsassız hesab edir. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, ümumi 2343.0 kv.m ərazidə şərti sərhədlərlə 256z saylı bağ sahəsi kimi göstərilən sahə 1200.0 kv.m təşkil edir. İddiaçı1 Nürəddin oğlunun 256z saylı bağ sahəsi kimi iddia etdiyi sahəyə digər şəxs Əlizadə Şəbinə Vidadi qızı 302E saylı bağ sahəsi kimi iddia edir. Yerli baxışda iştirak edən Əli-zadə Şəbinə Vidadi qızının nümayəndəsi Coşqun adlı şəxs ümumi sahənin özü tərəfindən hasarlandığını bildirdi. 152 saylı BTK-nın sxemində 256z saylı bağ nömrəsi göstərilməyib. Həmçinin bağ sahəsinə dair arxiv cizgisi yoxdur. Bundan əlavə sözügedən sahəyə 285E saylı bağ sahəsi kimi iddia olunur. Bağ sahələri paylanarkən koordinatlarla verilmədiyindən və ümumu ərazidə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun plan üzrə aparılmadığından bağ sahəsinin yerləşməsini dəqiq müəyyənləşdirmək mümkün olmamışdır. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən iddia edilən sahə təqribən 256 saylı bağ sahələrinin indekslərinin ərazilərinə uyğun gəlir. X20 yerli baxışda iştirak etsə də, bağ sahəsinin yerini tanımadığını bildirdi. Lakin ona da, Göradil bağ massivində eyni BTK və eyni qərar əsasında eyni bağ nömrəsi ilə eyni sahə ayrılmışdır. Özünə aid 256z saylı bağ sahəsinin qeydiyyata alınmasını istəyir. Bağ sahəsinin yerini tanımadığından sahənin eyni yaxud ayrı-ayrı bağ sahələri olubolmamasını dəqiqləşdirmək mümkün olmadı. Məlumatda göstərilən ***-***-**-** telefon nömrəsi ilə əlaqə saxlanıldı. X11 (***-***-**-**) bildirdiyinə əsasən 28 yaşı var Şəki şəhərində yaşayır. Göradil bağ massivində bağ sahəsinin ayrılmasına dair məlumatı yoxdur. Bu səbəbdən yerli baxışda iştirak etmədi. Qeyd olunan əraziyə X11 müraciəti olmadığından müəyyənləşdirmək mümkün olmadı. X7 əlaqə nömrəsi olmadığından onunla əlaqə saxlamaq mümkün olmadı (yerli baxışda iştirak etmədi). Əli-zadə Şəbinə Vidadi qızının 302E saylı bağ sahəsi kimi iddia etdiyi sahəyə digər şəxs İddiaçı1 Nürəddin oğlunun 256z saylı bağ sahəsi kimi iddia edir. Yerli baxışda iştirak edən Əli-zadə Şəbinə Vidadi qızının nümayəndəsi Coşqun adlı şəxs ümumi sahənin özü tərəfindən hasarlandığını bildirdi. 302E saylı bağ sahəsinin naturada yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bundan əlavə sözügedən sahəyə 285E saylı bağ sahəsi kimi iddia olunur. X8 nümayəndəsi Seymur adlı şəxs 322B saylı bağ sahəsi kimi sözügedən eyni mübahisəli sahəyə iddiasının olduğunu bildirdi. 322B saylı bağ sahəsinin naturada yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Ümumi ərazidən 1024.0 kv.m hissəsi məhkəmə qərarı əsasında 321M saylı bağ sahəsi kimi X1 adına qeydiyyata alınmış, sonradan X2 adına özgəninkiləşdirilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən iddia olunan 256z saylı bağ sahəsi kimi 0,12 ha qərb tərəfdən bir hissəsi üstüstə düşür. Vahid elektron kadatr baza məlumatlarına əsasən özəl sahə ilə üst-üstə düşmədən əlavə digər fiziki şəxslərin müraciətləri var. Məhkəmə cavabdehin 1-ci dəlili ilə bağlı qeyd edir ki, bu hal iddiaçının müraciətinin təmin edilməsindən imtina üçün əsas deyil. Belə ki, mütəxəssis rəyindən müəyyən edilir ki, X20 yerli baxışda iştirak etsə də, bağ sahəsinin yerini tanımadığını bildirdi. Lakin ona da, Göradil bağ massivində eyni BTK və eyni qərar əsasında eyni bağ nömrəsi ilə eyni sahə ayrılmışdır. Özünə aid 256z saylı bağ sahəsinin qeydiyyata alınmasını istəyir. Bağ sahəsinin yerini tanımadığından sahənin eyni yaxud ayrı-ayrı bağ sahələri olub-olmamasını dəqiqləşdirmək mümkün olmamışdır. Məhkəmə iclasında da üçüncü şəxs kimi cəlb edilmiş M.Kərimov bağ sahəsinin yerini bilmədiyini qeyd etdi. Məhkəmə tərəfindən ona torpaq sahəsi ilə bağlı cavabdehə müraciət etməsi və müraciətinə imtina olunacağı təqdirdə iddia qaldırması hüququ izah edildi. Məhkəmə cavabdehin digər dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin rəyindən müəyyən edilir ki, torpaq sahəsinin yerləşməsi 152 saylı BTK-nın ərazisinə, həmçinin 256 saylı bağların yerinə uyğun gəlir. Odur ki, digər BTK-larda torpaq sahəsi ayrılmış və digər bağ nömrələri ilə iddia olunan əraziyə müracoət edən üçüncü şəxslərin, hazırkı iddia tələbində iddia olunan torpaq sahəsinə aidiyyəti yoxdur və iddia tələbinin təmin olunmasından imtna üçün əsas deyildir. Məhkəmə cavabdehin 3-cü və 4-cü dəlili ilə bağlı qeyd edir ki, bu hal da iddiaçının müraciətinin təmin edilməsindən imtina üçün əsas deyil. Belə ki, cavabdeh inzibati orqanın əsasnaməsinə uyğun olaraq həmin orqan adıçəkilən torpaq sahəsinə dair mülkiyyət hüquqlarının təsdiqi barədə reyestrdən çıxarış tərtib edərkən mövcud olan uyğunsuzluqları aradan qaldırmalıdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Beləliklə, torpaq sahəsinin yerləşməsində hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Torpaq sahəsinin yaxınlığından yüksək gərginlikli elektrik xəttinin keçməsi barədə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən: - bənd 6. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. - bənd 7. Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. - bənd 12. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; Göründüyü kimi, qanunverici elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı deyil, həmin torpaq sahəsində görülən işlərlə bağlı məhdudiyyətlər nəzərdə tutmuş, bu zaman həmin işlərin görülməsini şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığından asılı etmişdir. Məhkəmə cavabdehin 5-ci dəlili ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş inzibati icraat materiallarından görünür ki, torpaq sahəsinə dair mütəxəssis rəyində torpağın yerləşdiyi yer və koordinatlar müəyyən edilmişdir. Qeyd edilməlidir ki, vaxtı ilə bağların bölgü sxeminin dəqiq tərtib edilməməsi, eyni zamanda sonradan bəzi bağ nömrələrinin dəyişməsi, əlavə edilməsi bağların bölünməsi nəticəsində yeni bağların qeydə alınması və bu bağ nömrələrinin bölgü sxemdə əks olunmaması kimi dövlət qurumlarının vaxtında etməli olduğu hərəkətlərə görə yaranan qeyri-müəyyənəliklər iddiaçının ziyanına şərh oluna bilməz və mülkiyyət hüququnun qeydə alınmasına mane olmamamlıdır. Eyni zamanda cavabdehin istinad etdiyi göstərilən sahəyə digər şəxslərin (Əli-zadə Səbinə Vidadi qızı, X18, X5) müraciətləri mövcud olması torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasına maneə hesab edilə bilməz. Belə ki, iş matereallarında olan mütəxəssis rəyinə əsasən, yerli baxışda iştirak edən Əli-zadə Səbinə Vidadi qızının nümayəndəsi Coşqun adlı şəxs ümumi sahənin özü tərəfindən hasarlandığını bildirdi. 152 saylı BTK-nın sxemində 256z saylı bağ nömrəsi göstərilməyib. Həmçinin bağ sahəsinə dair arxiv cizgisi yoxdur. Bundan əlavə sözügedən sahəyə 285E saylı bağ sahəsi kimi iddia olunur. Göründüyü kimi, Əli-zadə Səbinə Vidadi qızının müraciətləri olan torpaq sahəsi iddiaçının iddia olunan 256z saylı sahə deyil, 285E saylı torpaq sahəsidir. İddia olunan torpaq sahəsinə dair üçüncü şəxs X8 müraciətləri olması barədə qeyd etmək lazımdır ki, iş materallarında olan mütəxəssis rəyindən müəyyən edilir ki, X8 nümayəndəsi Seymur adlı şəxs 322B saylı bağ sahəsi kimi sözügedən eyni mübahisəli sahəyə iddiasının olduğunu bildirdi. 322B saylı bağ sahəsinin naturada yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Mütəxəssis rəyindən görünür ki, X8 müraciətləri olan torpaq sahəsi iddiaçının iddia olunan 256z saylı sahə deyil, 322B saylı torpaq sahəsidir. Həmçinin 322B saylı bağ sahəsinin naturada yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Qeyd dildiyi kimi, iddia olunan ərazi 256 saylı bağların ərazisinə uyğun gəlir. Digər tərəfdən iddiaçı torpaq sahəsinin yerini bilməklə, torpaq sahəsinin koordinatları əlavə olunmuş mütəxəssis rəyi cavadeh tərəfindən təqdim edilmişdir. İddiaçının təqdi etdiyi orderdə bağın nömrəsi 256z göstərilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: Maddə 65. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qeyd edilənlərə əsasən məhkəmə birinci iş üzrə cavabdehin imtinasını və etirazının dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir. İkinci iş üzrə məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarından müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının xx.xx.2024-cü il tarixli, 1977 Sərəncamı ilə, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 nömrəli Qətnaməsinə əsasən iddiaçıya Görədil massivində 58 nömrəli BTK-nin nəzdində torpaq sahəsi ayrılmışdır. Həmin sərəncam əsasında iddiaçıya torpaq sahəsinə dair Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının X3 və X14 bağlar sahəsindəki 58 saylı kooperativi tərəfindən 91 saylı order tərtib edilmiş, orderə əsasən Goradil bağlar sahəsində 58 saylı BTK-nin nəzdində 0,12 ha torpaq sahəsi olan 285e nömrəli bağ sahəsi digər iddiaçıya ayrılmışdır. İddiaçı həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun tanınması və bu barədə çıxarışın verilməsini xahiş edir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Cavabdeh isə etirazının dəlili kimi bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən sahənin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi müəyyən edilmiş və sahəyə dair İdarəyə fərqli konfiqurasiyalarla və fərqli bağ nömrələri kimi digər şəxslərin müraciətləri daxil olmuşdur. Hazırda Bakı İnzibati Məhkəməsinin icraatında torpaq sahəsi ilə bağlı 2-1(112)-547/2025 nömrəli məhkəmə mübahisəsi mövcuddur. İddiaçının hüquqmüəyyənedici sənədlərin də müəyyən edildiyi kimi, iddiaçıya 58 saylı BTK-nin nəzdində 0,12 ha torpaq sahəsi olan 285e nömrəli bağ sahəsi ayrılmışdır. Göründüyü kimi, iddiaçının hüqüqmüəyyənedici sənədləri 58 saylı BTK-da ayrılmış 285e saylı torpağa dairdir. İddiaçı isə, həmin BTK-nın ərazisində deyil, 152 saylı BTK-da yerləşən 256 saylı bağın olduğu ərazidə yerləşən torpaq sahəsinə iddia edir.. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia tələbi rədd edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; ... İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı1 iddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən “256z” saylı torpaq sahəsi üzərində İddiaçı1 adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə üzərinə qoyulsun. İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar