Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5470/2020 29.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, cavabdeh Maliyyə Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı - İddiaçı cavabdehlər - Maliyyə Nazirliyi və Təhsil Nazirliyinə qarşı «təhsil haqqının geri qaytarılması» tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Maliyyə Nazirliyi və Təhsil Nazirliyinə qarşı iddiaçının səhvən ödədiyi təhsil haqqına ehtiyacı olduğunu nəzərə alaraq ona geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli hüquqi yardım məktubu göndərilərək iddia tələbini inzibati məhkəmə icraatı qaydasında baxılan İPM-in 2.2-ci maddəsində göstərilən iddia növünə uyğun dəqiqləşdirməsini, həmçinin həmin tələbin yönəldiyi cavabdehin dəqiq göstərilməsi təklif edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İş üzrə növbəti məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini dəqiqləşdirməmiş və iddianın mümkün sayılaraq təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı ödədiyi təhsil haqqının ona geri qaytarılmasını tələb edir və bu tələbi cavabdehlər Maliyyə Nazirliyi və Təhsil Nazirliyinə qarşı yönəltmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırkı inzibati məhkəmə icraatında iddia tələbi yalnız Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 30-cu maddəsində nəzərdə tutulmuş halda birgə cavabdehlərə qarşı yönəldilə bilərdi. İddiaçı birgə cavabdeh qismində Maliyyə Nazirliyi və Təhsil Nazirliyini göstər sə də, onlara qarşı yönələn tələbin eyni faktiki və hüquqi hallara söykənməsini əsalandıra bilməmişdir. Belə ki, İPM-nin 30.1-ci maddəsində deyilir ki, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Göründüyü kimi, prosessual həmiştirakçılıq o zaman mümkündür ki, tərəflər mübahisə predmeti üzrə eyni hüquqi maraqlara malik olsunlar və ya eyni faktiki və hüquqi hallara söykənən hüquq və vəzifələrə malik olmaqlarını bildirsinlər. Həmçinin, iddia tələbindən görünür ki, iddia tələbi ödənilə təhsil haqqının geri qaytarılması təşkil edir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 iyul tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil haqqının ödənilməsi Qaydaları”nın 3-cü bəndinə əsasən Dövlət ali və orta ixtisas təhsili müəssisələrində ixtisasdan asılı olaraq təhsil haqqının məbləği mövcud qanunvericiliyə uyğun olaraq müəyyən edilir və aşağıdakı qaydada ödənilir: -ödənişli əsaslarla təhsil alan tələbələr tərəfindən təhsil haqqı onların təhsil aldıqları müəssisələrin müvafiq xəzinə hesablarına banklar və onların filialları vasitəsilə köçürmə qaydasında ödənilir; -müvafiq ali və orta ixtisas təhsili müəssisəsinin mühasibatlığı tərəfindən təhsil haqqının ödənilməsi üçün tələbələrə onların adlarını, atalarının adlarını və soyadlarını, təhsil aldığı müəssisənin və fakültənin adlarını, qrupun nömrəsini, habelə ödəniş məbləğini göstərməklə hesab-faktura verilir; -təhsil haqqının ödənilməsi üçün tələbəyə verilən hesab-fakturaya təhsil müəssisəsinin rektoru (direktoru) və baş mühasibi imza etdikdən sonra hesabfaktura müəyyən olunmuş qaydada xüsusi olaraq açılmış kitabda qeydiyyata alınır və alınması üçün həmin kitabda imza etdikdən sonra tələbəyə təqdim edilir; -tələbə tərəfindən təhsil haqqının ödənilməsini təsdiq edən sənədin surəti məlumat üçün təhsil müəssisəsinin mühasibatlığına təqdim olunur. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2010-cu il tarixli 220 nömrəli “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Fərmanının 1-ci bəndində göstərilmişdir ki, bakalavriat, magistratura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələri üzrə 2010/2011-ci tədris ilindən, doktorantura (dissertantlıq istisna olmaqla) səviyyəsi üzrə 2020-ci ildən başlayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində və 2015/2016-cı tədris ilindən başlayaraq magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında həyata keçirilsin. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2014-cü il tarixli 347 nömrəli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” Sərəncamının 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı 2014/2015-ci tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli 138 nömrəli “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” Qərarının 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin: 1.1. ünvanlı dövlət sosial yardımı alanlar; 1.2. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar: 1.2.1. İ və İİ dərəcə əlilliyi olan şəxslər; 1.2.2. işsiz kimi qeydiyyatda olanlar; 1.2.3. yaşa görə əmək pensiyaçıları; 1.2.4. yaşa görə sosial müavinət alanlar. Göründüyü kimi, iddiaçı mövcud qanunvericiliyə əsasən ödənişli əsaslarla təhsil alan tələbə kimi təhsil haqqını təhsil aldığı müəssisənin, yəni Azərbaycan Memarlıq və İnşaat Universitetinin müvafiq xəzinə hesabına ödəmişdir. Hazırda isə iddiaçı sosial baxımdan həssas əhali qrupuna aid edildiyini əsas gətirərək, Azərbaycan Memarlıq və İnşaat Universitetinin müvafiq xəzinə hesabına ödədiyi təhsil haqqının cavabdehlər qismində göstərdiyi Maliyyə Nazirliyi və Təhsil Nazirliyi tərəfindən ona geri qaytarılmasını tələb edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia tələbi əsl olmayan, yəni iddiaya cavab verməli olmayan cavabdehə qarşı yönəldilməmişdir. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Azərbaycan Memarlıq və İnşaat Universiteti inzibati orqan kimi müəyyən olunmadığından, məhkəmə cavabdehlərin əsl cavabdeh Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə əvəz edilməsi məsələsinin həll edilməsini məqsədəmüvafiq hesab etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehi və həmin cavabdehə qarşı yönəldilmiş iddia tələbini dəqiqləşdirmədiyindən, hazırkı iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-5470/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5470/2020
29.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver