Məhkəmə qərarları › İş №2-1(112)-5470/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5470/2021

03.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5470/2021 03.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, iddiaçının vəkili X2, cavabdehin nümayəndəsi Sadıqova Həmidə Rasim qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, ona 64.6 yaşdan, yəni 16.06.2020-ci il tarixdən əmək pensiyasının təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı xx.xx.1955-ci il tarixdə Ağdam şəhərində anadan olmuşdur. 01.09.1973-cü il tarixdə Ağdam RİK-nin tikinti və memarlıq şöbəsində əmək fəaliyyətinə başlamışdır. Bundan sonra müxtəlif təşkilatlarda çalışmış, sonuncu iş yeri 08.07.1991-ci il tarixdən 01.07.2001-ci il tarixədək “7 gün” qəzetinin redaktoru vəzifəsi olmuşdur. Yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmiş, lakin imtina cavabı verilmişdir. Hesab edir ki, imtina qanunsuz və əsassızdır. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, əmək kitabçasının birinci səhifəsində şəxsin peşəsi, ixtisası və əmək kitabçasının doldurulduğu tarixdə qaralama müəyyən edilmişdir. Bundan başqa, iddiaçının əmək kitabçasında 08.07.1991-ci ildə redaktor vəzifəsinə qəbul olunduğu “7gün” qəzetində işə daxil olma tarixlərində düzəlişlər edilmişdir. Eləcə də işə daxilolma əmrinin avqust ayında verildiyini nəzərə alsaq 1 nömrəli əmrlə qeyd edilməsi əsaslı şübhələr yaradır. Eyni zamanda iddiaçının əmək kitabçasında işdən azad edilməsi barədə qeydlər aparmağa əsas verən əmr göstərilməmişdir. İddiaçının işə daxil olma və işdən azad edilmə tarixləri həftənin bazar gününə düşür. Əmək kitabçasının 1991-cildəki işə qəbul qeydləri kiril əlifbası ilə yazılmışdır, halbuki idarənin möhürü latin qrafikası ilə yazılmışdır. İddiaçının ümumi sosial sığorta stajı və hərbi xidmət dövrü birlikdə 18 il 5 ay 13 gün təşkil edir. Onun kifayət qədər sosial sığorta stajı mövcud deyil. İddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı da aşkar edilməmişdir. Halbuki 28800 manat pensiya kapitalının toplanılması zəruridir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşdə olan iddiaçının əmək kitabçalarının surətindən görünür ki, iddiaçı: - 01.09.1973-cü il tarixdə Ağdam RİK-nin tikinti və memarlı şöbəsində əmək fəaliyyətinə başlamış, 04.12.1974-cü il tarixdə vəzifəsindən azad edilmişdir. 04.12.1974-cü il tarixdən 14.12.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. (3 il 3 ay 14 gün) - 18.02.1977-ci il tarixdə daxili işlər orqanlarına qəbul edilmiş, 01.07.1977-ci ildə işdən azad edilmişdir. (4 ay 12 gün) - 05.10.1977-ci il tarixdə mehmanxanın növbətçi administratoru vəzifəsinə qəbul edilmiş, 17.04.1979-cu il tarixdə yataqxana üzrə növbətçi vəzifəsində hesab edilmiş, laborant vəzifəsində çalışmış, 16.03.1984-cü il tarixdə tutduğu vəzifədən azad edilmişdir. (6 il 5 ay 13 gün) - 22.03.1984-cü il tarixdə qəzetə müxbir qəbul edilmiş, 12.02.1988-ci il tarixdə vəzifədən azad edilmişdir. (3 il 10 ay 22 gün) - 16.02.1988-ci il tarixdə müxbir işinə qəbul edilmiş, 08.07.1991-ci il tarixdə öz arzusu ilə işdən azad edilmiş, həmin tarixdən “7 gün” qəzetinin redaktoru vəzifəsinə təyin edilmiş, 01.07.2001-ci il tarixdə vəzifədən azad edilmişdir. (13 il 4 ay 15 gün) - 25.08.2001-ci ildən “Şəfa” İdman sağlamlıq mərkəzində direktor vəzifəsinə təyin edilmiş 27.12.2003-cü il tarixdə işdən azad edilmişdir. (2 il 4 ay 4 gün) Göründüyü kimi iddiaçının 29 il 8 ay 20 gün sosial sığorta stajı olmuşdur. Cavabdeh isə iddiaçının 08.07.1991-ci il tarixdən 01.07.2001-ci il tarixə “7 gün” qəzetinin redaktoru vəzifəsində əmək fəaliyyətini həyata keçirməsinin mötəbərliyinə yaranmış şübhələr nəzərə alınmaqla şəxsə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edir. Belə ki, cavabdeh əmək kitabçasında qaralama aparıldığını, işə başlama tarixlərində düzəliş aparıldığını, işə daxil olma əmrinin avqust ayında verildiyini, işə daxil olma və işdən azad edilmə tarixlərinin həftənin bazar günü, yəni qeyri iş günlərinə düşdüyünü, o cümlədən əmək kitabçasının 1991-ci il tarixdə işə qəbul hissəsində latin qrafikalı möhürlə təsdiq edildiyini bildirir. Əmək kitabçasının əslinə baxış həyata keçirilərkən də həmin halların araşdırılmalı olmasının zəruriliyi müəyyən edilmiş, müvafiq araşdırma aparılaraq aşağıdakılar müəyyən edilmişdir. İlk olaraq iddiaçının “7 gün” qəzetinin redaktoru vəzifəsinə təyin edilməsi barədə əmrin tarixinə və işə başlama vaxtına, məlum olur ki, iddiaçı 08.07.1991-ci il tarixindən həmin qəzetin redaktoru vəzifəsində çalışmışdır. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının “7 gün” qəzetində işə başlama tarixinin 1991-ci ilə təsadüf etməsinə baxmayaraq latin qrafikalı yazılardan ibarət möhürlə həmin məlumatın təsdiq edilməsinə də münasibət bildirərək, məhkəmə hesab edir ki, həmin hal da iddiaçının pensiya hüququnun məhdudlaşdırılması əsası kimi çıxış edə bilməz. Belə ki, iddiaçının məhkəmə iclasında da etiraf etdiyi kimi onun redaktor vəzifəsindən azad edildiyi 01.07.2001-ci il tarixdə işdən azad olma barədə məlumatın təsdiq edilməsi zamanı möhür vurulan zaman, işə başlama ilə bağlı məlumatın olduğu hissəyə də möhür vurulmuşdur. Göründüyü kimi iddiaçının 1991-ci il tarixdə işə başlaması ilə bağlı məlumat olan hissədə latin qrafikalı yazılardan ibarət möhürün olmasının səbəbləri araşdırılmış və səbəb müəyyən edilmişdir. Halbuki, ümumiyyətlə işə başlama ilə bağlı əmək kitabçası doldurularkən həmin hissəyə möhürün vurulmasına zərurət də olmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na əsasən 3 halda möhürdən istifadə nəzərdə tutulmuşdur ki, adıçəkilən Qaydaların: 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. 4.1 İşçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. 9.1. Doldurulmuş və doldurulmamış əmək kitabçalarının, əlavə içliklərin uçotu aşağıdakı qaydada aparılır: mədaxil-məxaric kitabı, əmək kitabçaları və əlavə içliklərin hərəkəti, uçot kitabı nömrələnməli, qaytanlanmalı və işəgötürənin imzası olmaqla möhürlə təsdiq edilməlidir. Göründüyü kimi işçinin işdən çıxma səbəbinin göstərilməsinin zəruriliyi ilə əlaqədar olaraq möhürlə təsdiqləmə qaydası müəyyən edilmişdir ki, işə başlamanın əmək kitabçasında müəssisənin möhürü təsdiq edilməsi qaydası ümumiyyətlə nəzərdə tutulmamışdır. Qeyd olunan formada texniki səhvin edilməsi məhkəmə hesab edir ki, pensiya təyinindən imtinanın formal əsası olar. Məhkəmə işə daxil olma və işdən azad edilmə tarixlərinin həftənin bazar gününə, qeyri iş gününə düşməsi ilə bağlı da mövqeyə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri işçilərin işləməsi əmək qanunvericiliyi ilə qadağan edilməmişdir. Hazırda qüvvədə olan Əmək Məcəlləsinin 95-ci maddəsinə əsasən iş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. İş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır. İşçilərin ümumi sayı 50 nəfərədək olan sənaye, nəqliyyat, tikinti, ticarət və digər xidmət müəssisələrində işçilərin bu Məcəllə ilə müəyyən edilmiş əmək, sosial və iqtisadi hüquqlarını məhdudlaşdırmamaq şərti ilə işəgötürən bu maddədə nəzərdə tutulmuş qaydadan fərqli olan iş vaxtının rejimi qaydalarını müəyyən edə bilər. Göründüyü kimi həftənin bazar günündə şəxsin işləməsini qadağan edən norma yoxdur, eyni zamanda iddiaçının fəaliyyət göstərdiyi qəzet fəaliyyəti kimi xüsusi xidmət sahəsində işin də bazar gününün də qeyri-iş gününə mütləq hesab edilməli olmasını məhkəmə əsaslı hesab etmir. Qeyd olunan halın da, yəni əmr tarixlərinin qeyri-iş gününə düşmə səbəblərinin iddiaçı tərəfindən əsaslandırılması məhkəmə tərəfindən zəruri hesab edilmir. Eyni zamanda digər əsas kimi işdən azad edilmə barədə qeydləri aparmağa əsas verən əmrin göstərilməməsini də məhkəmə vəziyyəti iddiaçının ziyanına dəyişmədiyi qənaətinə gəlir. Doğrudur həmin qeydlərin edilməsi əmək kitabçasında qanunvericiliyin tələbi olsa da, həmin tələblərin yerinə yetirilməməsi pensiya hüququ kimi mülkiyyət hüququna daxil olan konstitusion hüququn məhdudlaşdırılması əsası qismində çıxış edə bilməz. Məhkəmə, həmçinin iddiaçının işləmiş olduğu “7 gün” qəzetinin mövcud olubolmaması barədə əlavə araşdırma aparmış və müəyyən etmişdir ki, həmin qəzet 1991-ci ilin yanvar ayından fəaliyyət göstərmişdir. İddiaçı bununla bağlı qəzetin kütləvi informasiya vasitələrində qeydə alınması barədə şəhadətnamə təqdim etmişdir. Şəhadətnamədən də göründüyü kimi qəzet 19 may 1992-ci il tarixdə təsisçi İddiaçı tərəfindən qeydiyyatdan keçirilmiş, növbəti qeydiyyat 15 iyul 1994-cü il tarixdə aparılmış, 31 yanvar 1996-cı il tarixdə də növbəti qeydiyyat aparılmışdır. Eyni zamanda iddiaçı tərəfindən ilkin qeydiyatın 1991-ci il yanvar ayında olduğunu, bununla bağlı sənədin 19 may 1992-ci il tarixdə aparılan zaman təqdim edildiyini qeyd etmişdir ki, məhkəmə göstərilən sənədlərin əsllərinin təqdim edilməməsini iddianın təmin edilməsi ilə bağlı gəlinən nəticəyə təsir etməməsi qənaətinə gəlir. Belə ki, iş materiallarına surəti əlavə olunmuş qəzetin ilk nömrəsinin birinci səhifəsindən də göründüyü kimi iddiaçının təsis etdiyi həmin qəzet 1991-ci ilin yanvar ayında faktiki olaraq fəaliyyət göstərmişdir. Hər bir halda hətta qəzetin qeydə alınması tarixi 1991-ci il yanvar ayından hesablanmadığı, 19 may 1992-ci il tarixdən olduğu nəzərə alınsa belə nəzərə alınmayan dövr iddiaçının sığorta stajının 25 ildən artıq olmasına təsir etməyəcəyinə görə əmək pensiyasının təyin olunmasına istisna təşkil etmir. Beləliklə iddianın təmini istisna edilməsinə yönəlmiş cavabdeh tərəfindən qeyd olunan səbəblər nəzərə alınmadan əmək kitabçasında mötəbərliyi məhkəmə üçün şübhə doğurmayan məlumatlar əsasında iddiaçı pensiya hüququnu qazanmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci yarımbəndinə əsasən, 01 iyul 2019-cu il tarixdən 30 iyun 2020-ci il tarixədək kişilərin pensiya yaşı 64 il 6 ay müyyən edilmişdir. (iddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür). Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: -şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1955-ci il tarixdə doğulması, 16.06.2020-ci il tarixində, yəni 64,6 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçının hazırda mübahisələndirilən iş stajı da həmin qanun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı həmin illərdə işləməsi barədə əmək kitabçasını təqdim etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Bununla bağlı olaraq, həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Beləliklə iddiaçının işlədiyi dövr və hərbi xidmət müddəti sosial sığorta stajına daxil edildikdə müəyyən olunur ki, onun 25 ildən çox ümumi iş stajı mövcud olur. Həmçinin, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Bu səbəbdən də iddiaçının hərbi xidmət illəri, iddiaçının sosial sığorta stajına əlavə edilməlidir. İddiaçının müxtəlif vəzifələrdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın 01.01.2006-cı il tarixədək sosial sığörta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən 01.01.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Sadalanmış qanunvericiliyin müddəalarının hazırki işin faktiki hallarına tətbiq etdikdə müəyyən olunur , iddiaçının 01.01.2006-cı il tarixədək hərbi xidmət müddəti nəzərə alınmaqla ümumilikdə 29 il 8 ay 20 gün ümumi iş stajı mövcuddur. Məhkəmə, həmçinin onu da bildirirk ki, 01.01.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, iddiaçı 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Belə olan halda məhkəmə hesab edir ki, 01.01.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas deyildir. İddiaçı tələbində həmçinin, pensiya hüququ yarandığı vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə 29.06.2020-ci il tarixdə (imtina məktubunda göstərilən tarix) cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün deyil də, məhz onun pensiya hüququ yarandığı tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə, məhkəmə işin yuxarıda qeyd olunan faktiki hallarını nəzərə alaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 100-cu maddəsinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Hazırkı iş üzrə məhkəmə daxil inamını və aparılmış məhkəmə araşdırmasını rəhbər tutaraq hesab edir ki, araşdırılması və dəqiqləşdirilməsi labüd olan ziddiyyətli hallar araşdırılmış və iddiaçının ona pensiya təyin edilməsi üçün əsas verən sosial sığorta stajına malik olması aşkar edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 64 il 6 ay yaşdan, yəni 16.06.2020-ci il tarixdən əmək pensiyasının təyin edilməsi, pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar