Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5471/2021 09.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “adın dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə və Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinə qarşı “adın dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08.07.2020-ci il təvəllüdlü X2 adının “Hacıxan” adına dəyişdirilməsi və bu barədə akt qeydləri kitabında müvafiq dəyişikliyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətini və üçüncü şəxs qismində Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsini göstərməklə, 08.07.2020-ci il təvəllüdlü X2 adının “Hacıxan” adına dəyişdirilməsi və bu barədə akt qeydləri kitabında müvafiq dəyişikliyin edilməsinə razılıq verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsində göstərmişlər ki, 28.01.2021-ci il tarixdə onlar ər-arvad olaraq Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına birgə ərizə ilə müraciət edərək, övladları 08 iyul 2020-ci il təvəllüdlü X2 adının “Hacıxan” adına dəyişdirilməsini xahiş etmişdirlər. Lakin cavabdehin 11.02.2021-ci il tarixli 02/2021 saylı qərarına əsasən xahişləri təmin edilməmişdir. Cavabdehin imtinası əsassız olduğundan ləğv edilməlidir. Belə ki, müraciətləri onunla əsaslandırılmışdır ki, uşaq yetkinlik yaşına çatmadığından onun konstutisiya və qanunla malik olduğu ad hüququnun dəyişdirilməsi pozulmuşdur və bu pozuntununun müdafiəsini onların validyenləri həyata keçirməlidir. Onlarda da hesab edirlər ki, arzuladıqları ad qeyri-adi bir ad olmamaqla, uşağın mənafeyinə zidd deyil, sadəcə Hacı adı müqəddəs ziyarətə gedib-gələnlərə deyildiyindən uşaqlarının adının fərqlənməsi məqsədi ilə, həmçinin baba adına uyğun olduğuna görə oğullarının adının “Hacıxan” adına dəyişdirilməsini arzu edirlər. Hesab edirlər ki, bu onların ailə olaraq uşaqlarının gələcək mənafeyi naminə atdıqları düzgün addımdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin 12.04.2021-ci il tarixli sərəncamı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin 12.07.2021-ci il tarixli 2-1(112)-5471/2021 saylı qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh inzibati orqan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən iddia tələbinə dair yazılı etiraz 07.05.2021-ci il tarixdə və 05.07.2021-ci il tarixlərdə məhkəməyə daxil olmuşdur. Üçüncü şəxs Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən iddia tələbinə dair yazılı münasibət məhkəməyə 23.06.2021-c il tarixdə daxil olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, iddiaçılar iddia tələbində övladının adının dəyişdirilməsi ilə bağlı ünvanladıqları müraciətə Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsaslanaraq imtina haqqında qərar qəbul edilməsini əsassız hesab etdiklərini bildirmişlər. Cavabdeh Binəqədi rayon İcra Hakimiyyəti iddiaçıların iddia tələbinə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir. Belə ki, vətəndaşlar İddiaçı1 və İddiaçı2 28.01.2021-ci il tarixli M-26-164 saylı müraciətinə baxılmasının nəticəsi olaraq, Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilən 11.02.2021-ci il tarixli 02/2021 saylı Qərarda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinin tələbləri izah edilmişdir. Qərarda uşağın hal-hazırda daşıdığı “Hacı” adının müsbət mənası olan ad olması, uşağın mənafeyinə ziyan gətirməməsi, habelə cinsinə uyğun gəlməyən və ya gülünc ad olmaması və uşağın maraqlarına zidd olan digər hər hansı əsasların olmaması, “Hacıxan” adının isə mürəkkəb və nisbətən çətin tələffüz olunan ad olması nəzərə alınaraq, 08.07.2020-ci il təvəllüdlü X2 adının dəyişdirilməsinin məqsədəmüvafiq hesab edilmədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Məcəllənin 54.1-ci maddəsinin müddəalarına əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun mənafeyi baxımından adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən icazə verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları’nın 1.4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Qeyd olunan qanunvericilik normalarından da görünür ki, yetkinlik yaşına çatmayan 08.07.2020-ci il təvəllüdlü X2 hazırda daşıdığı ad onun mənafeyinə xələl gətirmir, habelə onun cinsinə uyğun gəlir, gülünc ad deyil və uşağın maraqlarına zidd olan digər hər hansı əsaslar yoxdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Üçüncü şəxs Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 12.06.2021-ci il tarixli iddia tələbinə dair yazılı münasibətdə göstərilmişdir ki, iddiaçının iddiasına etiraz etmirlər və işin məhkəmənin mülahizəsinə əsasən həll olunmasını xahiş edirlər. İddiaçıların nümayəndəsi və vəkili Vəkil 09.09.2021-ci il tarixdə vəsatətlə (teleqram) məhkəməyə müraciət edərək 09.09.2021-ci il tarixə təyin olunmuş məhkəmə iclasının onun iştirakı olmadan keçrilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiklərindən və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarında olan: “Elektron məhkəmə sistemi”ndə olan; - iddiaçılara məxsus AZE seriyalı ******** №-li və AA seriyalı ******* №-li şəxsiyyət vəsiqələri barədə məlumatlardan müəyyən olunur ki, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı1 ünvan 3 ünvanında, xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş X1 ünvan 5 ünvanında qeydiyyatdadırlar. - AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, X4 08.07.2020-ci ildə Bakı şəhərində doğulmuşdur. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 11 fevral 2021-ci il taixli 02/2021 saylı Qərarından müyyən olunur ki, Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini, Qəyyumluq və himayəçilik komissiyasının sədri Sevinc Süleymanova, komissiya üzvləri Aynur Abbasova, Orxan Əliyev, Yunis Hüseynov, Sabir Əliyev, Məlahət İbrahimova və İradə Rizazadədən ibarət tərkibdə Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyası vətəndaşlar İddiaçı1 və İddiaçı2 08.07.2020-ci il təvəllüdlü X2 adının dəyişdirilməsi barədə Binəqədi Rayon İcra Hakimiyyətinə daxil olmuş 28.01.2021 ci il tarixli M-26-164 saylı ərizələrinə baxaraq qərara almışdır: Yetkinlik yaşına çatmayan 08.07.2020-ci il təvəllüdlü X2 adı dəyişdirilmədən saxlanılsın. İnzibati orqan gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, uşağın hal-hazırda daşıdığı “Hacı” adı müsbət mənası olan addır, uşağın mənafeyinə ziyan gətirmir. “Hacıxan” adı isə mürəkkəb və nisbətən çətin tələffüz olan addır. Uşağın hal-hazırda daşıdığı ad onun mənafeyinə xələl gətirmir. Komissiya tərəfindən ərizəçilərin izahatları, uşağın daşıdığı adın onun mənafeyinə xələl gətirməməsi, habelə cinsinə uyğun gəlməyən və ya gülünc ad olmaması və uşağın maraqlarına zidd olan digər hər hansı əsasların olmaması nəzərə alınaraq, 08.07.2020-ci il təvəllüdlü X2 adının dəyişdirilməsi məqsədə müvafiq hesab edilməmişdir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.2ci maddəsinə əsasən fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Həmin Məcəllənin 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli 297 №li Fərmanının 2.9-cu bəndinə əsasən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 54.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 №li qərarı ilə təsdiq olunmuş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçılar arzuladıqları inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçıların arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5471/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5471/2021
09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver