Məhkəmə qərarları › İş №2-1(112)-5471/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5471/2022

20.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5471/2022 20.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi ilə Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinə (üçüncü şəxslər: X4 və X5) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:

1. xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ş.Əsədullayev küçəsində yerləşən 11 saylı evin 3/8 hissəsi İddiaçı (bundan sonra – iddiaçı) mülkiyyətindədir.

2. İddiaçı ərizə ilə Bakı şəhəri Suraxanı rayonu Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək mülkiyyətindəki evdən orada qeydiyyatda olan xx.xx.1972-ci il təvəllüdlü X1 və xx.xx.2000-ci il təvəllüdlü X2 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.

3. Cavabdeh 09632111M-1221 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla İddiaçının tələbini təmin etməkdən imtina etmiş, vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nun səlahiyyətlərinə aid olmadığından və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu bəndinin tələbinə zidd olduğundan müraciətin müsbət həllinin mümkün olmadığını qeyd etmiş, aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət edilməsini bildirmişdir.

4. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X1 və X2 iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X4 və X5 üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişlər. İİ Tərəflərin əsaslandırması:

6. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.2018-ci ildə mübahisəli evi almışdır. Evin keçmiş sahibi X4 və X3 qeydiyyatdan çıxmaları üçün dəfələrlə müraciət etsə də, heç bir nəticəsi olmamış, cavabdeh də imtina cavabı vermişdir.

7. Cavabdeh iddiaya yazılı etirazı məhkəməyə təqdim etməmişdir.

8. 08.04.2022-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını və iş üzrə keçiriləcək bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməklə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi

11. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

12. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

13. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

15. Hazırkı iddia üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir.

16. İddia həm də əsaslıdır. Belə ki, işdə olan xx.xx.2018-ci il tarixli, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X4 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 150.13 kv/m, yaşayış sahəsi 72.6 kv/m, yardımçı sahəsi 77.53 kv/m olan 4 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 3/8 hissəsini İddiaçı satmışdır. Müqavilənin 13-cü bəndinə əsasən satıcı xx.xx.2018-ci il tarixədək həmin mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Həmin notariat işinə əlavə edilmiş Əmircan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2018-ci il tarixli arayışından görünür ki, M.Əzizovaya məxsus evdə özü ilə yanaşı qızı X5 qeydiyyatdadır.

17. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra iddiaçının həmin əmlaka mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

18. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********90 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanının 3/8 hissəsi X1 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmış, lakin 11 saylı DNK-nın 4ə-57 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin hissə digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir. X2 mülkiyyət, istifadə və ya digər məhdud əşya hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.

19. Beləliklə, işin sadalanan halları ilə müəyyən olunur ki, üçüncü şəxs M.Əzizova mübahisəli evin keçmiş paylı mülkiyyətçisi, S.Salmanlı isə onun qızı olmaqla ailə üzvü olmuşdur, mübahisəli fərdi yaşayış evinə payını iddiaçıya satıldıqdan sonra onların sözügedən yaşayış sahəsinə heç bir hüquqları xxxxxxx və hazırda orada yaşamırlar.

20. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir.

21. Bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.

22. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Lakin əgər şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ xxxxxxxsa, aydındır ki, istifadə hüququna xitam verilmə barədə qətnamə də mövcud olmayacaqdır.

23. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.”

24. Beləliklə, Konstitusiya Məhkəməsinin bu qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) (maddə 146.1). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (maddə 146.2). Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Həmin Məcəllənin 215.3-cü maddəsinə əsasən paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; 215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.

26. Hazırkı məhkəmə qərarının 16-19-cu bəndlərində sadalanan sübutlara əsasən müəyyən olunur ki, üçüncü şəxs M.Əzizova mübahisəli yaşayış sahəsinin paylı mülkiyətçisi olmuş, 2018-ci ildə həmin əmlaka dair öz payını iddiaçıya satmış, bununla da mübahisəli əmlakla bağlı bütün hüquqlarını iddiaçıya vermişdir. Bununla həmçinin keçmiş mülkiyyətçi M.Əzizovanın ailə üzvü olan və həmin vaxt yetkinlik yaşına çatmayan qızı S.Salmanlının mübahisəli evə olan hüquqlarına xitam verilmişdir. Həmin şəxslər hazırda mübahisəli yaşayış sahəsində yaşamırlar. Deməli, onların həmin evdən qeydiyyatdan çıxarılmaları üçün tələb olunan bütün şərtlər hazırkı işdə mövcuddur. Mübahisəli evin paylı mülkiyyətçisi olan iddiaçının hazırkı tələbi digər paylı mülkiyyətçilərin hüquqularına toxunmur, əksinə əmlakla bağlı yarana biləcək məhudiyyətlərin aradan qaldırılmasına yönəlmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.

27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı:

İddia təmin olunsun. Üçüncü şəxslər xx.xx.1972-ci il təvəllüdlü X1 və xx.xx.2000-ci il təvəllüdlü X2 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ş.Əsədullayev küçəsində yerləşən 11 saylı fərdi yaşayış evi üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar