Məhkəmə qərarları › İş №2-1(112)-5472/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5472/2024

09.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5472/2024 09.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X16 kаtibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X25 və üçüncü şəxs X21 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər qismində X9, X13, X10, X26, Bakı şəhər İcra Hakimiyyəti başçısının Mənzil Kooperativ Təsərrüfatı İdarəsi və "xxxx" MTK cəlb edilməklə) “Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Aparatının 23 mart 2006-cı il tarixli, 010734 saylı Orderə dair 2016-cı ildə verilmiş Dublikatı nəzərə alınmaqla Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 11H nömrəli evin 10 saylı mənzilinin (təzə qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, 85, M3, m2) üçüncü şəxs X3 adına mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının etibarsız hesab olunmaqla ləğv edilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinın üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti

1. İddiaçı "xxxx" mənzil tikinti kooperativi (bundan sonra mətndə "xxxx" MTK) 11 yanvar 2021-ci il tarixdə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (İddiaçı, X11, X14, X7, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) və Bakı şəhəri İcra Hakimiyyəti başçısı aparatı Mənzil Kooperativ Təsərrüfatı İdarəsi (bundan sonra mətndə Bakı şəhəri İcra Hakimiyyəti başçısı aparatı MKTİ) maraqlı şəxslər qismində qeyd olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X11 və onun arvadı X2 Bakı şəhər İcra Hakimiyyətinə və MTK-ya ünvanlanmış 06 may 2015-ci il tarixli ərizələri nəzərə alınaraq, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 11H nömrəli evin 10 saylı mənzilinə (təzə qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, 85, M3, m2) dair R.Tanırverdiyevin adına verilmiş order və orderin verilməsinə əsas olan Bakı şəhər İcra Hakimiyyətinin 57 saylı sərəncamının 06 may 2015- ci il tarixdən qüvvədən düşmüş hesab edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Həmçinin İddiaçı 11 yanvar 2021-ci il tarixdə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı ("xxxx" MTK, X11, X14, X7, DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri İcra Hakimiyyəti başçısı aparatı MKTİ maraqlı şəxslər qismində qeyd olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən X5 və 3 nəfər ailə tərkibi olmaqla Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 11H nömrəli evin 10 saylı mənzilinə (təzə qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, 85, M3, m2) dair 23 mart 2006-cı il tarixli, 010734 saylı orderin və həmin orderin verilməsinə əsas olan Bakı şəhər İcra Hakimiyyətinin 57 saylı sərəncamının 06 may 2015ci il tarixdən etibarən qüvvədən düşmüş hesab edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3475/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə ("xxxx" MTK, X11, X14, X7, DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri İcra Hakimiyyəti başçısı aparatı MKTİ maraqlı şəxslər qismində qeyd olunmaqla) qarşı “mənzilə dair orderin və onun verilməsinə əsas olan sərəncamın qüvvədən düşmüş hesab olunması” tələbinə dair 2-1(112)- 3475/2021 saylı iş üzrə məhkəmə icraatının Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" MTK-nın Bakı şəhər İcra Hakmiyyətinə (İddiaçı, X11, X14, X7, DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri İcra Hakimiyyəti başçısı aparatı MKTİ maraqlı şəxslər qismində qeyd olunmaqla) qarşı “order və sərəncamın qüvvədən düşmüş hesab olunması” tələbinə dair 2-1(112)-3480/2021 saylı inzibati iş üzrə icraata birləşdirilməsi qərara alınmışdır.

4. 07 iyul 2021-ci il tarixdə İddiaçı məhkəməyə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 11 H nömrəli evin 10 saylı mənzilinə dair R.Tanırverdiyevin adına verilmiş order və orderin verilməsinə əsas olan Bakı şəhər İcra Hakimiyyətinin 57 saylı sərəncamının ləğv edilməsini xahiş etmişdir.

5. Həmçinin 07 iyul 2021-ci il tarixdə "xxxx" MTK ərizə məhkəməyə müraciət edərək, "xxxx" MTK-nın Bakı şəhər İcra Hakimiyyətinə qarşı mənzilə dair orderin və sərəncamın qüvvədən düşmüş hesab olunmasına dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3480/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə "xxxx" MTK-nın Bakı şəhər İcra Hakimiyyətinə qarşı mənzilə dair orderin və sərəncamın qüvvədən düşmüş hesab olunmasına dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılması, iddiaçı "xxxx" MTK-ya münasibətdə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3480/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 11 H nömrəli evin 10 saylı mənzilinə dair R.Tanırverdiyevin adına verilmiş order və orderin verilməsinə əsas olan Bakı şəhər İcra Hakimiyyətinin 57 saylı sərəncamının ləğv edilməsi tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır.

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-281/2022 saylı 08 aprel 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3480/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsi, işin müvafiq prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8773/2022 saylı, 20 may 2022-ci il tarixli Qərardadı ilə, X9, X13, X10 üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilmişlər.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8773/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (üçüncü şəxslər qismində Bakı şəhəri İcra Hakimiyyəti başçısı aparatı Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, X11, X14, X7 və "xxxx" mənzil tikinti kooperativi cəlb olunmaqla) qarşı “order və sərəncamın ləğv edilməsi tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır.

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3478/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə apelyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8773/2022 saylı, 02 sentyabr 2022-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(103)-3478/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 567/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)- 3478/2022 nömrəli qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3000/2023 saylı 18 iyul 2023-cü il tarixli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhər İcra Hakimiyyəti başçısının Mənzil Kooperativ Təsərrüfatı İdarəsi və "xxxx" MTK adi cəlb etmə qaydasında hazırkı iş üzrə üçüüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3000/2023 saylı 01 dekabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8773/2022 nömrəli 02 sentyabr 2022ci il tarixli qərardadının ləğv edilməsi, inzibati işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

15. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini məhkəməyə təqdim etmiş “Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 11H nömrəli evin 10 saylı mənzilinin (təzə qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, 85, М3, m2) X3 adına özəlləşdirilməklə reyestr qeydiyyatına alınmasına əsas olmuş Bakı şəhər İcra Hakimiyyətinin Başçısının Aparatı 23 mart 2006-cı il tarixli, 010734 saylı Orderinə dair 2016-cı ildə verilmiş Dublikatının etibarsız hesab olunması və X3 xx.xx.2015-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəsi nəzərə alınmaqla Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli № 010734 №-li orderin qüvvədən düşmüş hesab olunmasının rəsmiləşdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Məhkəmənin 16 aprel 2024-cü il tarixli Qərardadı ilə iddiaçının nümayəndəsinin ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.

17. Sonradan iddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini məhkəməyə təqdim edərək, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 11H nömrəli evin 10 saylı mənzilinin (təzə qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, 85, М3, m2) X3 adına özəlləşdirilməklə reyestr qeydiyyatına alınmasına əsas olmuş Bakı şəhər İcra Hakimiyyətinin Başçısının Aparatı 23 mart 2006-cı il tarixli, 010734 saylı Orderinə dair 2016-cı ildə verilmiş Dublikatının etibarsız hesab olunması və order nəzərə alınmaqla həmin mənzilə dair X3 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının etibarsız hesab olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərarın qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Məhkəmənin 16 iyul 2024-cü il tarixli Qərardadı ilə iddiaçının nümayəndəsinin ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.

19. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini məhkəməyə təqdim edərək, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Aparatının 23 mart 2006-cı il tarixli, 010734 saylı Orderə dair 2016-cı ildə verilmiş Dublikatı nəzərə alınmaqla Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 11H nömnrəli evin 10 saylı mənzilinin (təzə qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, 85, M3, m2) üçüncü şəxs X3 adına mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının etibarsız hesab olunmaqla ləğv edilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Məhkəmənin 29 iyul 2024- cü il tarixli Qərardadı ilə iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.

21. Məhkəmənin 29 iyul 2024-cü il tarixli Qərardadı ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin inzibati məhkəmə icraatına üçüncü şəxs qismində iştirakına xitam verilmişdir.

22. Məhkəmənin hazırkı iş üzrə qəbul etdiyi 30 avqust 2024-cü il tarixli Qərardadı ilə, X26 məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

23. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MTK-nın hüquqi varisi olduğu "xxxx" MMC tərəfindən inşa edilən və ünvan 3 ünvanında yerləşən (indiki ünvan 4aqlı ümumi sahəsi 154 kv. metr olan yaşayış sahəsi onun tərəfindən alınmış və əmlakın alqı-satqısına dair xx.xx.2015-ci il tarixli müqavilə ilə rəsmiləşdirilərək ona maliyyə arayışı verilmişdir. Müəyyən olunmuşdur ki, mənzilin əvvəlki alıcısı olmuş X11 mübahisəli mənzili öz adına sənədləşdirərək, sonradan bağışlama yolu ilə oğlu X6 adına rəsmiləşdirmiş, sonuncu isə mənzili X24 notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsi əsasında satmaqla, özgəninkiləşdirmişdir. Halbuki, R.Tanırverdiyev xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 38 saylı Notariat Kontorunun 7E-3694 və 7E-3698 saylı reyestr qeydli əqdlərlə mənzilə dair hüquqlarından və orderdən imtina etmişdir. Sonradan R.Tanırverdiyev orderi itirdiyi barədə mətbuatda elan verməklə, Bakı şəhər İcra Hakimiyyətindən mənzilə dair orderin dublikatını almışdır.

24. Аzərbаycаn Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, iddia tələbində qeyd olunan ünvan 5 ünvanında yerləşən (indiki Bakı şəhəri Xətai rayonu Ayaz İsmayılov küç,85 M3,mən.2) dörd otaqlı, ümumi sahəsi 148.3 kv.m olan mənzil ilkin olaraq Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının xx.xx.2016-cı il tarixli orderinə əsasən X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, daha sonra xx.xx.2016-cı il tarixli bağışlanma müqaviləsinə əsasən X6, sonra isə xx.xx.2017-ci il tarixli, AN-İ №0602081 alqı-satqı müqaviləsi əsasında X21 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və hazırda onun xüsusi mülkiyyətindədir. Əlavə olaraq sözügedən mənzil üzərində Nərimanov rayon Məhkəməsinin 2(005)-3879/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

II. İddianın növü və mümkünlüyü

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:

2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinin icrasından imtina edilmişdir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

İİİ.Məhkəmə iclasında iştirak edən tərəflərin izahatları və tədqiq edilən sənədlər.

23. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkilli iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

24. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X26 iddianın təmin edilməməsi barədə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

25. Azərbaycan Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh və digər üçüncü şəxslər məhkəmə bахışında öz nümаyəndələrinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdirlər. Odur ki, məhkəmə işə cavabdehin (nümayəndəsinin) və digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

26. İş materiallarında olan:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2020-ci il tarixli, **********028200 nömrəli çıxarışından görünür ki, "xxxx" MTK (əvvəlki adı "xxxx" MMM ) xx.xx.1998-ci ildə ********** nömrəli VÖEN ilə dövlət qeydiyyatına alınmışdır. 06 may 2015-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”yə əsasən, “Podratçı” adlanacaq "xxxx" MMM-nin təsisçisi Ələkbərova S.E şəxsində, digər tərəfdən bundan sonra “Sifarişçi” adlanacaq vətəndaş İddiaçı olmaqla, sifarişçi bu müqaviləni əsas tutaraq sifariş edir, podratçı Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi, 11h saylı yaşayış binasında 1-ci girişdə, 3 mərtəbədə, 4 otaqlı, 10 saylı mənzilin tikintisini öz öhdəsinə götürür. "xxxx" MMM-nin maliyyə arayışına əsasən, İddiaçı Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi, 11h saylı yaşayış binasında 1 giriş, 3 mərtəbədə, 4 otaqlı, 10 saylı mənzilin ümumi dəyərini tam ödəmişdir,firmaya borcu yoxdur. "xxxx" MTK üzvlərinin iclasının 56 saylı xx.xx.2015-ci il tarixli protokolundan çıxarışdan görünür ki, X3 ərizəsinə əsasən MTK üzvlüyündən azad edilməsi və Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov 11h ünvanda 1-ci giriş, 3-cü mərtəbə, yaşayış sahəsi 158,0 kv. metr olan, 4 otaqlı 10 saylı mənzil və pay haqqı X3 adından vətəndaş İddiaçı adına keçirilməsi və onun kooperativə üzv qəbul edilməsi qərara alınmışdır. X3 Bakı şəhəri İcra Hakimiyyətinə ünvanlandığı xx.xx.2015-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəsinə əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli № 010734 №li orderə əsasən ona məxsus Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi ev 11H, giriş 1, mərtəbə 3, 83.1 kv. m. 4 otaqlı, 10 №li mənzilini Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi ev 7 mənzil 54-də yaşayan İddiaçı satdığını, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli № 010734 №li orderin ləğv edilməsini istədiyini bildirmiş və ünvan 11 ünvanında yerləşən 83.1 kv. metr, 4 (dörd) otaqlı mənzilin Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi ev 7 mənzil 54-də yaşayan İddiaçı (Ş\V AZE ******** ASAN 1 xx.xx.2013) adına rəsmiləşdirilməsini, bütün hüquq müəyyənedici sənədlərin onun adına verilməsini xahiş etmiş, ünvan 11 ünvanında yerləşən 83.1 kv. metr 4 (dörd) otaqlı mənzilə dair hər hansı iddia, etiraz və tələbinin olmadığını və həmin mənzilin İddiaçı məxsus olduğunu bildirmişdir. X4 "xxxx" MTK-nın sədrinə ünvanlandığı xx.xx.2015-ci il tarixdə notarial qaydada verdiyi ərizə əsasında bildirmişdir ki, "xxxx" MTK-ya məxsus Bakı şəhəri, S.Vəzirov küçəsi, ev 11H, 1-ci giriş, 3-cü mərtəbə, ümumi sahəsi 83.1 kv.m olan 4 otaqlı, 10 saylı mənzil üçün ödədiyi pay haqqının və onun adına olan mənzilə dair müqavilənin vətəndaş İddiaçı adına keçirilməsinə heç bir etirazı yoxdur, gələcəkdə bu barədə heç bir iddia qaldırmayacaq. Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Mənzil məsələləri üzrə ictimai komissiyasının yığıncağının protokolunun təsdiq edilməsi haqqında” xx.xx.2006-cı il tarixli 57 saylı sərəncamından çıxarışdan müəyyən olunur ki, qeyd olunan sərəncamla Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatı yanında Mənzil məsələləri üzrə ictimai komissiyasının yığıncağının “1.20. "xxxx" MTK-nın üzvü X5 orderin verilməsi barədə...Komissiyanın “Razılıq verilməsi”ni qərara aldığı” xx.xx.2006-cı il tarixli 2B №li protokolunun təsdiq edilməsi qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 57 saylı sərəncamına əsasən ailə tərkibi 3 nəfərdən (özü, arvadı və oğlu) ibarət X5 ünvan 12-a dair yaşamaq üçün 23 mart 2006-cı il tarixli 010734 №li order verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********01 №li məktubu ilə Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi, ev 11H, 10 saylı mənzilə dair X3 adına verilmiş RX seriyalı ******* №li çıxarışın verilməsinə əsas olmuş sənədlər kimi məhkəməyə aşağıda sadalanan sənədlər təqdim olunmuşdur: - Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 57 saylı sərəncamına əsasən ailə tərkibi 3 nəfərdən (özü, arvadı və oğlu) ibarət X5 ünvan 12-a dair yaşamaq üçün 23 mart 2006-cı il tarixdə verilmiş 010734 №li orderin “Dublikat”ı; - X14 və X7 tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış xx.xx.2016-cı il tarixli notarial qaydada təsdiq olunmuş ərizələr; - “Asan 2” tərəfindən xx.xx.2016-cı il tarixdə ünvan 12 ünvanına dair verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayış. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6713/2019 saylı işi üzrə (İddiaçı cavabdehlər AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə, X5, X8 və X24 qarşı “özəlləşdirmənin, bağışlamanın və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-2319/2019 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili və cavabdeh X14 və 3-cü şəxs X12 tərəfindən verilmiş birgə kassasiya şikayətlərinə əsasən) qəbul edilmiş xx.xx.2019-cu il tarixli Xüsusi Qərardadı ilə ünvan 13 ünvanında yerləşən (indiki ünvan 14örd otaqlı ümumi sahəsi 154 kv.m olan yaşayış mənzilinin özəlləşdirilməsində işdə iştirak etmiş şəxslərin (fiziki və hüquqi şəxs) əməllərində cinayət tərkibinin əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarılmaqla Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır.

İV.Məhkəmənin mövqeyi

Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin və üçüncü şəxsin izahat və çıxışlarını dinəyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır.

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (...) 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); (...) 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

Maddə 16. Dövlət reyestrində düzəlişlər

16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən:

Maddə 19. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının aktının etibarsız sayılması

19. dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli akt məhkəmə tərəfindən etibarsız sayıla bilər.

Maddə 109. Kooperativlər haqqında əsas müddəalar 109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. 109.2. Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. 109.4. Kooperativ üzvünün əmlak pay haqqı nizamnamə ilə müəyyənləşdirilən qaydada və həcmdə üzvlər tərəfindən ödənilən daşınar və (və ya) daşınmaz əmlakdan, habelə pulla qiymətləndirilən əmlak hüquqlarından ibarət olan pay haqqıdır. Əmlak pay haqqı mütləq və əlavə ola bilər.

Maddə 109-4. Kooperativ üzvlərinin hüquq və vəzifələri 109-4.1. Kooperativin üzvlərinin aşağıda göstərilən hüquqları vardır: 109-4.1.1. kooperativə daxil olmaq və könüllü qaydada kooperativdən çıxmaq; 109-4.4.2. nizamnaməyə əməl etmək, kooperativin orqanlarının qərarlarını yerinə yetirmək;

Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);

Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

29. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:

1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.

3. Mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması;mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət.

4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. 9 Müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Vətəndaş saxta sənədlər, təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir.

16. Bu Qanunun tətbiqi ilə əlaqədar meydana çıxan mübahisələrə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq qaydada məhkəmədə baxılır.

Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, dövlət qeydiyyatının etibarsız hesab edilməsi, həmin qeydiyyatın hüquqi baxımdan qüvvədən düşməsi halını ifadə edir və bu hal mülkiyyətçinin əmlak üzərində hüquqlarının ləğv edilməsi ilə nəticələnir. İşin faktiki hallarına əsasən mübahisəli mənzil cavabdeh tərəfindən 2016-ci ildə ilkin olaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının 010734 nömrəli, 23 mart 2006-cı il tarixli orderi (dublikatı)əsasında üçüncü şəxs X3 adına dövlət qeydiyyatına alınmışdır. Yəni, cavabdeh tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin aparatının verdiyi order, X3 mənzilə dair istifadə hüququnu təsdiq edən hüquqmüəyyənedici sənəd kimi nəzərə alınmışdır. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 11H nömrəli evin 10 saylı mənzil (təzə qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, 85, M3, m2), Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş binada yerləşir. 2015-ci ildə ailə üzvlərinin razılıqları əsasında X9 tərəfindən həmin mənzil "xxxx" MTK-ya üzv qəbul edilmiş İddiaçı istifadəsinə və sahibliyinə verilmiş, eyni zamanda X1 üzvlüyündən çıxarılmışdır. Yuxarıda istinad edilən daşınmaz əmlakın dövlət qeydiyyatı haqqında qanunvericilik normalarından göründüyü kimi, mənzil-tikinti kooperativi binasında mənzilə münasibətdəmənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) yaşayış sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. Məhkəmə araşdırılması zamanı mübahisəli mənzilin ilkin olaraq qeydiyyata alınması üçün əsas olmuş sənədlərdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin 8.0.6-cı bəndində göstərilmiş hüquqmüəyyənedici sənədlərin mövcud olması müəyyən edilməmişdir. Cavabdeh tərəfindən mübahisəli mənzilinə dair mülkiyyət hüququnun qanunla nəzərdə tutulmuş əsas - mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı- təqdim edilmədiyi, binanın istismara qəbul aktı mövcud olmadığı halda MTK-nın üzv olmayan üçünçü şəxs R.H.Tanırverdiyevin adına dövlət qeydiyyatına alınmışdır. Odur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 57 saylı sərəncamına əsasən X5 ünvan 12-a dair yaşamaq üçün 23 mart 2006-cı il tarixli 010734 №li order əsasında cavabdeh tərəfindən qeydə alınmış dövlət qeydiyyatı qanun normalarının pozulması ilə nəticələnir. Bundan əlavə "xxxx" MTK üzvlərinin iclasının 56 saylı xx.xx.2015-ci il tarixli protokolundan çıxarışdan da görünür ki, X3 ərizəsinə əsasən MTK üzvlüyündən azad edilmiş və Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov 11h ünvanda 1-ci giriş, 3-cü mərtəbə, yaşayış sahəsi 158,0 kv. metr olan, 4 otaqlı 10 saylı mənzil və pay haqqı X3 adından vətəndaş İddiaçı adına keçirilmiş və o, kooperativə üzv qəbul edilmişdir

30. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.4. hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək; 3.1.58. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanuna əsasən:

2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Aparatının 23 mart 2006-cı il tarixli, 010734 saylı Orderə dair 2016-cı ildə verilmiş Dublikatı nəzərə alınmaqla Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 11H nömrəli evin 10 saylı mənzilinin (təzə qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, 85, M3, m2) üçüncü şəxs X3 adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınması etibarsız olduğu üçün ləğv edilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinın üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 35, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Aparatının 23 mart 2006-cı il tarixli, 010734 saylı Orderə dair 2016-cı ildə verilmiş Dublikatı nəzərə alınmaqla Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 11H nömnrəli evin 10 saylı mənzilinin (təzə qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, 85, M3, m2) üçüncü şəxs X3 adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınması etibarsız hesab olunmaqla ləğv edilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinın üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar