Məhkəmə qərarları › İş №2-1(112)-5475/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5475/2022

15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5475/2022 15.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı dövlət qulluqçusunun ailə üzvünə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdhein xx.xx.2011-ci il tarixli, xx/xx-1064 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubunun əsassız hesab edilməsi və ona hüququ yaranan gündən yəni, xx.xx.2006-cı il tarixdən dövlət qulluqçusunun ailə üzvünə ailə başçısını itirən kimi əmək pensiyasının təyin edilməsinin və yaranmış fərq məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1948-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Mərhum həyat yoldaşı X3 ilə 03 mart 1970-ci ildə nikaha girərək ailə qurmuşdur. O. xx.xx.1984-cü il tarixindən xx.xx.1992-ci il tarixinə kimi SSRİ Standartlar Komitəsinin Azərbaycan Respublika İdarəsinin rəisinin müavini, Azərbaycan Respublikası Standartlaşdırma və Metrologiya Mərkəzinin direktor müavini və həmin Mərkəzin Baş direktorunun müavini vəzifələrində işləmişdir. Həmin vəzifələrdə dövlət qulluqçusu kimi iş stajı 07 il 06 ay 05 gün təşkil edir. Həyat yoldaşı xx.xx.2000-ci il tarixində vəfat etmişdir. Ona müraciəti əsasında DSMF-nun Nərimanov rayon şöbəsi tərəfindən mərhum həyat yoldaşına görə 2010-cu ilin noyabr ayında ailə başçısını itirdiyi üçün ailə başçısını itirən kimi adi pensiya təyin edilmişdir. O, dövlət qulluqçusunun həyat yoldaşı kimi ailə başçısını itirdiyinə görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2011-ci il tarixində DSMF-nun Nərimanov rayon Şöbəsinə rəsmi qaydada ərizə ilə müraciət etmiş və tələb olunan bütün sənədləri təqdim etmişdir. DSMF-nun Nərimanov rayon Şöbəsi xx.xx.2011-ci il tarixli xx/xx- 1064 saylı cavab məktubu ilə ona dövlət qulluqçusunun ailəsi kimi pensiya təyin etməkdən həyat yoldaşı rəhmətə gedən zaman, yəni xx.xx.2000-ci il tarixində “Dövlət qulluqçularının pensiya təminatı haqqında” qanunun qüvvəyə minməməsini əsas gətirərək qanunsuz olaraq imtina etmişlər. O, xx.xx.2021-ci il tarixində təkrar olaraq dövlət qulluqçusunun həyat yoldaşı kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına tələb olunan bütün sənədləri ərizəsinə əlavə etməklə müraciət etmişdir. Mərkəzi Filial xx.xx.2021-ci il tarixli **********1 saylı cavab məktubu ilə ona dövlət qulluqçusunun ailə üzvü kimi əmək pensiyası təyin etməkdən imtina edərək bildirmişlər ki, mərhum həyat yoldaşının vaxtıilə işlədiyi vəzifələr onun vəfat etdiyi xx.xx.2000-ci ıl tarixdə qüvvədə olmuş qanunvericiliyə əsasən dövlət qulluğu vəzifələri hesab edilmirdi. Hesab edir ki, inzibati orqan bu dəfə də, ona qanunsuz və əsassız olaraq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin etməkdən imtina edir. Ona görə də, inzibati orqanların cavab məktublarının əsassız hesab edilməsi və o dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 32.3-cü maddəsinin tələbinə əsasən bu qanun qüvvəyə minən gündən yəni xx.xx.2006cı il tarixindən ona dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsinin cavabdeh DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Onun mərhum həyat yoldaşı vaxtı ilə işləmiş olduğu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli, 5 nömrəli sərəncamı ilə ləğv edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 06 dekabr 2021-ci il tarixində daxil olmuş ərizəsinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Vətəndaşın mərhum həyat yoldaşı X1 vaxtilə işlədiyi vəzifələr onun vəfat etdiyi 26 fevral 2000-ci il tarixdə qüvvədə olmuş qanunvericiliyə əsasən dövlət qulluğu vəzifələri hesab edilmirdi. Bu səbəbdən də vətəndaşa dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Əlavə olaraq bildirilmişdir ki, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunu 1 sentyabr 2001-ci il tarixindən qüvvəyə minmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında" Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Odur ki, məhkəmə qərarı qəbul edilərkən yuxarıda qeyd olunanların nəzərə alınmasını və “ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə İddiaçı iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edirlər. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak etmiş cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında” 14 dekabr 2021-ci il tarixli, **********1 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə tərəflərin mülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq, iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Hidayət qızı xx.xx.1948-ci il təvəllüdlüdür. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Nərimanov rayon Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 19 dekabr 2011-ci il tarixli, 13/3-1064 nömrəli məktubdan görünür ki, iddiaçıya müraciəti ilə əlaqədar bildirilmişdir ki, onun həyat yoldaşı rəhmətə gedən zaman o dövrdə yəni xx.xx.2000-ci il tarixdə «Dövlət qulluqçularınının pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 04 avqust tarixli 911 nömərəli Fərmanı ilə təsdiq edilmiş inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu və Fərmanda nəzərdə tutulan qaydalar 2005-ci ilin yanvarın 1-dən tətbiq edilir. Bir daha nəzərinə çatdırılır ki, mərhum həyat yoldaşına görə onun dövlət qulluqçusu pensiyası almaq hüququ yoxdur. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********1 nömrəli “Dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında” məktubun surətindən görünür ki, iddiaçıya müraciəti ilə əlaqədar bildirilmişdir ki, mərhum həyat yoldaşı X2 vaxtilə işlədiyi vəzifələr onun vəfat etdiyi 26 fevral 2000-ci il tarixində qüvvədə olmuş qanunvericiliyə əsasən dövlət qulluğu vəzifələri hesab edilmirdi. Bu səbəbdən də, ona dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Əlavə olaraq bildirilmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu 1 sentyabr 2001-ci il tarixindən qüvvəyə minmişdir. İşdə olan iddiaçının mərhum ərinə məxsus 10D388 nömrəli əmək kitabçasından çıxarışdan görünür ki, iddiaçının mərhum əri 12 iyul 1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək SSRİ Dövlət Komitəsinin Azərbaycan Respublika İdarəsinə Baş direktorun müavini – Azərbaycan SSR üzrə Standartlara və ölçü vasitələrinə nəzarət üzrə baş dövlət müfəttişinin müavini vəzifəsində işləmişdir. İşdə olan АЗ seriyalı, 180621 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Mirzə-zadə Arzu İdayət qızı arasında xx.xx.1970-ci il tarixdə rəsmi nikah bağlanılmışdır. İşdə olan AZ seriyalı, 034458 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 xx.xx.2000-ci il tarixdə ölmüşdür. İşdə olan Ləğv prosesində olan Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 08 oktyabr 2021-ci il tarixli, 7/3- 2021 nömrəli arxiv arayışının surətindən görünür ki, İddiaçı həyat yoldaşı X3, həqiqətən 12 iyul 1984-cü il tarixdə (Əmr № 63-K, xx.xx.1984-cü il) SSRİ Dövlət Komitəsinin Azərbaycan Respublika İdarəsinə Baş direktorunun müavini - Azərbaycan SSR üzrə standartlara və ölçü vasitələrinə nəzarət üzrə baş dövlət müfəttişinin müavini vəzifəsinə təyin edilmişdir. xx.xx.1992-ci il tarixdə (Əmr № 4-K, xx.xx.1992-ci il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. “İttifaq tabeli müəssisələrin və təşkilatların Azərbaycan Respublikasının dövlət idarə orqanlarının ixtiyarına verilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 323 nömrəli xx.xx.1991-ci il tarixli Fərmanına müvafiq olaraq, “Azərbaycan Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi (Azərdövlətstandart) haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 307 nömrəli 02 iyul 1992-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin nəzdində Azərbaycan Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi (sonradan Azərdövlətstandart adlanacaq) yaradılmışdır. “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2001-ci il tarixli 623 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi (Azərdövlətstandart) və Azərbaycan Respublikasının Dövlət Elm və Texnika Komitəsi ləğv edilərək Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Elm və Texnika Komitəsinin Patent-Lisenziyalaşdırma İdarəsinin bazasında Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi yaradılmışdır. “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 noyabr 2008-ci il tarixli 53 №-li Sərəncamı ilə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin əsasında Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yaradılmışdır. “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 2018-ci il 20 aprel tarixli 5 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2018-ci il tarixli 319 s nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilməsi ilə əlaqədar ləğvetmə komissiyası yaradılmışdır. Yuxarıda göstərilən dövrlər üzrə ümumi əmək stajı – 07 (yeddi) il 06 (altı) ay 05 (beş) gündür. İşdə olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçıya məxsus pensiya işinin surətindən görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edilmiş PHŞ/3-2-2022-2754 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydalarının 9-cu bəndində müəyyən edilmişdir ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991 -ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin 5 oktyabr 1973-cü il tarixli 337 nömrəli Qərarı ilə təsdiq edilmiş “SSSR Nazirlər Sovetinin Dövlət Standartları Komitəsi haqqında Əsasnamənin 1-ci hissəsinə əsasən, Komitə standartlaşdırma və metrologiyaya rəhbərliyi həyata keçirən ümumittifaq dövlət idarəetmə orqanıdır. Həmin Əsasnamənin 14-cu hissəsinə əsasən, ittifaq respublikalarında dövlət standartının respublika idarələri bilavasitə sözügedən Komitənin tabeliyindədir. Respublika idarələrinin bilavasitə tabeliyində isə respublika metrologiya və standartlaşdırma mərkəzləri, standartlar və ölçmə texnikası üzərində respublika, bölgələrarası və bölgə (vilayət) dövlət nəzarət laboratoriyaları mövcuddur. Əsasnamənin 15-ci hissəsinə əsasən, həmin idarələr SSRİ Dövlət Standartları Komitəsinin vahid sistemini təşkil edir. SSSR Dövlət Standartlaşdırma Komitəsinin Azərbaycan Respublikası Dövlət Standartlaşdırma idarəsinin 15 avqust 1991-ci il tarixli 54 nömrəli əmrinə əsasən, SSSR Dövlət Standartlaşdırma Komitəsinin Azərbaycan Respublikası İdarəsi və Azərbaycan Standartlaşdırma və Metrologiya Mərkəzi SSSR Dövlət Standartlaşdırma Komitəsinin 05 avqust 1991-ci il tarixli 238 nömrəli əmri ilə ləğv edilmiş və həmin təşkilatların bazasında hüquqi şəxs statuslu Azərbaycan Dövlət Standartlaşdırma Mərkəzi (Azərdövlətstandart) yaradılmışdır. "Azərbaycan Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi (Azərdövlətstandart) haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 iyun 1992-ci il tarixli 307 nömrəli Qərarına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Azərbaycan Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi yaradılmış, həmin Mərkəzin tərkibində Naxçıvan, Sumqayıt, Xankəndi, Gəncə standartlaşdırma və metrologiya mərkəzləri, habelə Şəki, Lənkəran, Salyan şəhər ərazi şöbələri mövcud olmuşdur. Yuxarıda adıçəkilən Siyahının 1.16-ci bəndində Azərbaycan SSR Nazirlər Soveti yanında baş idarənin, idarənin və digər idarəetmə orqanlarının aparatında, ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) rəhbərinin birinci müavini, müavini vəzifəsi “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılan orqanların aparat rəhbərinin müavini vəzifəsinə uyğunlaşdırılmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı xx.xx.1948-ci il təvəllüdlüdür. Onun mərhum həyat yoldaşı xx.xx.2000-ci ildə ölmüş, iddiaçıya xx.xx.2004-cü il tarixdə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hazırda mərhum ərinin 12 iyul 1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək SSRİ Dövlət Komitəsinin Azərbaycan Respublikası İdarəsinə Baş direktorunun müavini – Azərbaycan SSR üzrə standartlaşdırma və ölçü vasitələrinə nəzarət üzrə baş dövlət müfəttişinin müavini vəzifəsində işlədiyi 07 il 06 ay 05 günün dövlət qulluğu stajına daxil edilməklə, ona dövlət qulluqçusunun arvadı kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş edir. İddiaçı bununla bağlı cavabdehə 2011-ci və 2021-ci il tarixlərdə müraciət etməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaçının müraciətlərindən mərhum əri X2 vaxtilə işlədiyi vəzifələrin onun vəfat etdiyi 26 fevral 2000-ci il tarixində qüvvədə olmuş qanunvericiliyə əsasən dövlət qulluğu vəzifələri hesab edilmədiyinə, bu səbəbdən də, ona dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanmasının qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmadığına, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 1 sentyabr 2001-ci il tarixdən qüvvəyə minməsinə istinad edilmişdir. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydalarının 9-cu bəndində müəyyən edilmişdir ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991 -ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. Məhkəmə tərəfindən iddiaçının mərhum ərinin 12 iyul 1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək SSRİ Dövlət Komitəsinin Azərbaycan Respublikası İdarəsinə Baş direktorunun müavini – Azərbaycan SSR üzrə standartlaşdırma və ölçü vasitələrinə nəzarət üzrə baş dövlət müfəttişinin müavini vəzifəsində işlədiyi 07 il 06 ay 05 günün dövlət qulluğu stajına daxil edilməsi məsələsinə münasibət bildirilməsi üçün Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə sorğu göndərilmiş, sonuncu tərəfindən bildirilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 5 oktyabr 1973-cü il tarixli 337 nömrəli Qərarı ilə təsdiq edilmiş “SSSR Nazirlər Sovetinin Dövlət Standartları Komitəsi haqqında Əsasnamənin 1-ci hissəsinə əsasən, Komitə standartlaşdırma və metrologiyaya rəhbərliyi həyata keçirən ümumittifaq dövlət idarəetmə orqanıdır. Həmin Əsasnamənin 14-cu hissəsinə əsasən, ittifaq respublikalarında dövlət standartının respublika idarələri bilavasitə sözügedən Komitənin tabeliyindədir. Respublika idarələrinin bilavasitə tabeliyində isə respublika metrologiya və standartlaşdırma mərkəzləri, standartlar və ölçmə texnikası üzərində respublika, bölgələrarası və bölgə (vilayət) dövlət nəzarət laboratoriyaları mövcuddur. Əsasnamənin 15-ci hissəsinə əsasən, həmin idarələr SSRİ Dövlət Standartları Komitəsinin vahid sistemini təşkil edir. SSSR Dövlət Standartlaşdırma Komitəsinin Azərbaycan Respublikası Dövlət Standartlaşdırma idarəsinin 15 avqust 1991-ci il tarixli 54 nömrəli əmrinə əsasən, SSSR Dövlət Standartlaşdırma Komitəsinin Azərbaycan Respublikası İdarəsi və Azərbaycan Standartlaşdırma və Metrologiya Mərkəzi SSSR Dövlət Standartlaşdırma Komitəsinin 05 avqust 1991-ci il tarixli 238 nömrəli əmri ilə ləğv edilmiş və həmin təşkilatların bazasında hüquqi şəxs statuslu Azərbaycan Dövlət Standartlaşdırma Mərkəzi (Azərdövlətstandart) yaradılmışdır. "Azərbaycan Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi (Azərdövlətstandart) haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 iyun 1992-ci il tarixli 307 nömrəli Qərarına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Azərbaycan Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi yaradılmış, həmin Mərkəzin tərkibində Naxçıvan, Sumqayıt, Xankəndi, Gəncə standartlaşdırma və metrologiya mərkəzləri, habelə Şəki, Lənkəran, Salyan şəhər ərazi şöbələri mövcud olmuşdur. Yuxarıda adıçəkilən Siyahının 1.16-ci bəndində Azərbaycan SSR Nazirlər Soveti yanında baş idarənin, idarənin və digər idarəetmə orqanlarının aparatında, ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) rəhbərinin birinci müavini, müavini vəzifəsi “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılan orqanların aparat rəhbərinin müavini vəzifəsinə uyğunlaşdırılmışdır. Göründüyü kimi, məhkəmə araşdırması zamanı iddiaçının mərhum ərinin qanunvericiliyin tələblərinə əsas dövlət qulluqçusu stajına malik olması öz təsdiqini tapmışdır. xx.xx.2017-ci il tarixinə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixinə qadınlar üçün yaş həddi 57 yaş olmuş, iddiaçının sözügedən dövrdə 57 yaşı tamamlanmışdır. Bundan əlavə işin hallarından göründüyü kimi, iddiaçı ona dövlət qulluqçusunun arvadı kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi barədə 2011-ci ildən etibarən cavabdehə müraciət etməsinə baxmayaraq, cavabeh tərəfindən onun müraciətindən imtina edilmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçıya keçmiş dövr üçün ödənilməli olan məbləğ, xx.xx.2006-cı il tarixdən etibarən ötən bütün müddət üçün ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X5 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2006-cı il tarixdən dövlət qulluqçusunun ailə üzvünə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və ötən dövr üzrə yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar