Məhkəmə qərarları › İş №2-1(112)-5475/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5475/2024

09.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5475/2024 09.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək Cavabdehin xx/xx/2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 4309,05 manat və İcbari Tibbi Sığorta Fonduna 332,52 manat məbləğində borcuna görə fərqləndirici əlaməti qiyməti 12000 manat məbləğində 2005-ci il buraxılış olan “NİSSAN X-TRAİL minik”markalı (qara rəngli, JN1TBNT30Z0100518 kuzov nömrəli) **-LJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi olmaqla, ümumilikdə 12000 manat məbləğində siyahıya alınmış əmlakın siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə Qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna və İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində Dövlət Sosial Miidatıə Fonduna, və İcbari Tibbi Sığorta Fonduna ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1- ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2023-cü il tarixli Qərarlar çıxarmışdır. Qərarlar əsasında vergi ödəyicisinin xx/xx/2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 4309.05 manat və İcbari Tibbi Sığorta Fonduna 332,52 manat məbləğində borcuna görə fərqləndirici əlaməti qiyməti 12000 manat məbləğində 2005-ci il buraxılış olan “NİSSAN X-TRAİL minik” markalı (qara rəngli, JN1TBNT30Z0100518 kuzov nömrəli) **-LJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi olmaqla, ümumilikdə 12000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 21 /09/2023-cü il tarixli **********8 və **********1 saylı Protokollar tərtib edilmişdir. Protokollar siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Protokollar tərtib edilərkən 30 gün müddətində borclar ödənilmədiyi halda, siyahıya alınmış əmlakın Vergi Məcəlləsinin 90.1-ci maddəsinə əsasən qanunamüvafıq qaydada satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir Cavabdehin xx/xx/2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 4309,05 manat və İcbari Tibbi Sığorta Fonduna 332,52 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Vergi Məcəlləsinin 23.1.15-1 -ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşmar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. VM-in 52.1-ci maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarılmasından sonra müvafiq vergi orqanı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilən şəxsdən bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyalarını bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilən qaydada və ya məhkəmə qaydasında alır. VM-in 52.3-cü maddəsinə əsasən məhkəmənin maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. VM-in 77.1 -ci maddəsinə əsasən vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. VM-in 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. VM-in 78.1 -ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

3. 28.12.2021-ci il tarixində Cavabdeh (VÖEN: **********) əmlakının siyahıya alınması barədə **********6 nömrəli qərar qəbul edilmişdir.

4. xx.xx.2023-cü tarixində Cavabdeh (VÖEN: **********) əmlakının siyahıya alınması barədə **********1 nömrəli qərar qəbul edilmişdir.

5. xx.xx.2023-cü il tarixində vergi borcunu ödəməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında qərarların bir icraatda birləşdirilməsi barədə **********8 nömrəli qərar qəbul edilmişdir.

6. xx.xx.2023-cü il tarixli əmlakın siyahıya alınması haqqında **********8 nömrəli, **********1 nömrəli protokollara əsasən cavabdehə məxsus əmlak - 1 vahidin qiyməti 12000 manat olan “Nissan X-Trail” markalı **-LJ-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi siyahıya alınmışdır.

7. İddiaçı tərəfindən cavabdehə ünvanlanan “Avtonəqliyyat vasitəsinin siyahıya almaya təqdim edilməsi barədə” Xəbərdarlıq məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 1-ci hissəsinin, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinin, “Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin tələblərinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Yaranmış borcun Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən 5 gün müddətində ödənilməsinə dair yazılı bildiriş(lər) göndərilsə də, qanunvericiliyin tələbi ciddi şəkildə pozulmuş və borc məbləğinin ödənilməsi təmin edilməmişdir. İddiaçının xx.xx.2023-cü il tarixinə ödənilməmiş borcunun tərkibi aşağıdakı kimidir: Ümumi borc: 5,145.01 manat Əsas vergi borcu: 3,718.41 manat Faiz borcu: 1,326.60 manat Maliyyə sanksiyası üzrə borc: 100.00 manat Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 89.6-cı maddəsində isə əmlakın siyahıya alınması ardıcıllığına əsasən ikinci növbədə bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlakların, o cümlədən minik avtonəqliyyatının siyahıya alınması nəzərdə tutulmuşdur. Odur ki, dövlət büdcəsinə yaranmış borcun ödənilməsini təmin etmək məqsədi ilə iddiaçıya məxsus əmlaklar qanunvericiliklə müəyyən edilmiş qaydada siyahıya alınmalıdır. Aparılmış araşdırma zamanı X1 orqanlarının qeydiyyat məlumatlarına əsasən, iddiaçının mülkiyyətində Nissan X-Trail markalı 99LJ153 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin (vasitələrinin) olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən, iddiaçı qeyd olunan əmlakın (əmlakların) siyahıya alınması məqsədilə şəxsiyyəti təsdiq edən sənədi və həmin avtonəqliyyat vasitəsinin (vasitələrinin) texniki sənədlərini təqdim etməklə xx.xx.2023-cü il tarixdə saat 10:00-da Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla 44, otaq 307 dəvət olunmuşdur. Avtonəqliyyat vasitəsinə (vasitələrinə) dair qeyd edilən sənədləri təqdim etmədiyi təqdirdə, avtonəqliyyat vasitəsinin (vasitələrinin) üzərinə həbs qoyulması və borcun məcburi qaydada avtonəqliyyat vasitəsinə (vasitələrinə) yönəldilməsi məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə orqanlarına müraciət ediləcəyi bildirilmişdir.

8. Avtonəqliyyat vasitəsinin siyahıya alınmaya təqdim edilməməsi (imtina edilməsi) barədə xx.xx.2023-cü il tarixli Akta əsasən vergi ödəyicisi Cavabdeh VÖEN: ********** vergilər, sosial ödəmələr və icbari tibbi sığorta üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsini təmin edilməsi məqsədi ilə, vergi ödəyicisi barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********1, **********8 nömrəli əmlakın siyahıya alınması haqqında qərarlar qəbul olmuşdur. Həmin qərarların icrasını təmin etmək məqsədi ilə vergi ödəyicisinə mülkiyyətində olan Nissan X-Trail markalı 99LJ153 dövlət nömrə nişanlı avtonəqliyyat vasitələrini xx.xx.2023cü il tarixdə siyahıya alınmaya təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli **********605800 nömrəli Xəbərdarlıq məktubu göndərilmişdir. Qeyd olunan tarixdə vergi ödəyicisi mülkiyyətində olan avtonəqliyyat vasitəsini siyahıya alınmağa təqdim etməmiş və qərarlarının icrasını təmin etmək üçün xx.xx.2023- cü il tarixdə vergi ödəyicisinin iştirakı olmadan ona məxsus Nissan X-Trail minik markalı **-LJ- *** dövlət nömrə nişanlı avtonəqliyyat vasitələrini siyahıya alınaraq Protokol tərib edilmişdir.

9. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, DİN Baş X1 İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Cavabdeh adına nəqliyyat vasitəsi qeydiyyata alınmayıb.

10. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etmir və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir.

II. İddianın növü və mümkünlüyü

12. Məhkəmə hesab edir ki, tələb inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə uyğundur. Belə ki, inzibati orqanla vətəndaş arasındakı münasibətlər inzibati orqanın publik hüquqdan irəli gələn vəzifələrinin icrası ilə bağlıdır və tərəflər bu münasibətlərdə bərabərhüquqlu subyekt kimi çıxış etmir.

13. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. İddia mümkündür.

II. Məhkəmənin mövqeyi

15. İnzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.

16. Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir.

17. Məhkəmə hesab edir ki, qeyd edilən tələb üzrə məhkəmənin araşdırmalı olduğu məsələ borcun mövcudluğu, əmlakın siyahıya alınması haqqında qərarın qüvvədə olması, həmin əmlakın vergi ödəyicisinə məxsusluğunun və borcun siyahıya alınmış əmlakın dəyərinə mütənasibliyinin müəyyən edilməsidir.

18. Məhkəmə iş materiallarına araşdıraraq müəyyən edir ki, təqdim edilmiş inzibati icraat materiallarına əsasən iddiaçı tərəfindən cavabdehə “Avtonəqliyyat vasitəsinin siyahıya almaya təqdim edilməsi barədə” xəbərdarlıq məktubu ünvanlanmışdır və iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli elektron sistemdən çıxarışa əsasən siyahıya alınmış əmlakın (Nissan X-Trail minik markalı 99LJ153 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin) siyahıya alma zamanı cavabdehə məxsusluğu müəyyən olunmuşdur.

19. Vergi Məcəlləsindən: 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. ... Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. 89.11. Vergi ödəyicisinin bu maddənin müəyyənləşdirdiyi qaydanı pozaraq siyahıya alınmış əmlaka dair bağladığı əqdlər etibarsız sayılır.

20. Məhkəmə nəzərə alır ki, 5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinə yeni məzmunda 89.8-1-ci maddə əlavə edilmiş, həmin dəyişikliyə əsasən vergi orqanı dövlət reyestri aparılan daşınar və daşınmaz əmlakın bu Məcəlləyə uyğun olaraq siyahıya alınmasını apardıqdan sonra 1 iş günü müddətində həmin əmlakın yüklü edilməsi barədə məlumatı bu əmlakın dövlət reyestrini aparan səlahiyyətli dövlət orqanına (qurumuna) elektron və ya kağız daşıyıcıda verməsi nəzərdə tutulmuşdur.

21. Məhkəmə eyni zamanda nəzərə alır ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, DİN Baş X1 İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Cavabdeh adına nəqliyyat vasitəsi qeydiyyata alınmayıb. Belə ki, vergi qanunvericiliyində vergi ödəyicisinə məxsus olmayan əmlakın onun borcları üzrə satılmasını nəzərdə tutan müddəa yoxdur.

22. Odur ki, məhkəmə araşdırması nəticəsində Cavabdeh mülkiyyətində Nissan X-Trail minik markalı 99LJ153 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin olduğu müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir.

23. Məhkəmə eyni zamanda nəzərə alır ki, həmin nəqliyyat vasitəsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi barədə qüvvəyə minmiş məhkəmə aktı olduqda vergi borcuna görə siyahıya alınmış əmlakın satılmasına yol verilməsi mümkün hesab edilə və ya siyahıya alınmış əmlak barəsində qanunsuz hərəkətlər edildiyi müəyyən edildiyi təqdirdə, Cinayət Məcəlləsinin 303-cü maddəsinə uyğun olaraq cinayət işinin başlanması üçün aidiyyəti üzrə tədbirlər görülə bilər.

24. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

25. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar