Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5476/2020 10.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı (üçüncü şəxslər Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X6 üzrə Mərkəzi Filialı) “məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı (üçüncü şəxslər Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X6 üzrə Mərkəzi Filialı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə xüsusi rütbəli vəzifədə xidmət ili güzəştli şərtlərlə 28 il 04 ay 11 gün hesablanmaqla məlumat vərəqəsində göstərilməklə əmək pensiyasının təmin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsinə (X6 üzrə Mərkəzi Filialı) göndərilməsi vəzifəsinin həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, o, 1975-ci ilin sentyabr ayında əmək fəaliyyətinə başlamışdır, 1976-cı və 1981-ci il tarixdə X4 bitirmişdir. 1981-ci ildən xx xxxx 1995-ci il tarixə qədər daxili işlər orqanlarında xüsusi rütbədə müxtəlif vəzifələrdə çalışmışdır. O, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində xüsusi rütbədə 13 (on üç) il 10 (on) ay xüsusi rütbədə olan vəzifədə işləmişdir. Naxçıvan Muxtar Respublikası müharibə şəraiti zonası olduğundan onun Daxili İşlər Nazirliyində xüsusi rütbədə olan təqvim ili əmək stajı 22 il 04 ay 11 gün müəyyən edilmişdir. Əmək kitabçasında güzəştli əmək stajı göstərilmişdir. O, xüsusi rütbəli vəzifəyə təyin olunmamışdan əvvəl 1981-ci ilə qədər 6 il əmək stajı vardır. Qanunvericiliyin tələblərinə əsasən xüsusi rütbəli vəzifəyə daxil olarkən əvvəlki əmək stajı xüsusi rütbəli vəzifədəki xidmət illərinə daxil edilməlidir. Onun xüsusi rütbədə güzəştli şərtlərlə birlikdə stajı 28 il 04 ay 11 gün təşkil edir. Lakin buna baxmayaraq, o, Daxili İşlər Nazirliyində xüsusi rütbədə olan vəzifəsindən azad olunarkən bugünədək əmək pensiyası təmin edilməmişdir. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etdikdə ona cavab olaraq bildirilmişdir ki, onun xüsusi rütbəli vəzifədə 20 təqvim ili əmək stajı olmamışdır. Bu səbəbdən də Daxili İşlər Nazirliyinin xüsusi rütbəli şəxs kimi əmək pensiyası təmin edilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddanın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, iddiaçının arxiv şəxsi işinin xidmət siyahısına əsasən o, 1958-ci ildə anadan olmuş, ali təhsilli, 1981-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirmiş, daxili işlər orqanlarında xx xxx 1982-ci ildən xx xxxxxxx 1988-ci ilədək və xx xxxxxx 1991-ci ildən xx xxxx 1995-ci il tarixədək xidmət etmiş, Silahlı Qüvvələrdə xidmətdə olmamışdır. X10 Respublikası Daxili İşlər Nazirliyinin sərəncamında olarkən həmin nazirliyin xx xxxx 1995-ci il tarixli 124ş/h nömrəli əmri ilə Müvəqqəti Təlimatın 6-cı maddəsinə əsasən (daxili işlər orqanı əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə) xidmətdən xaric edilmişdir. İddiaçı xidmət müddəti təqvimi hesablama ilə - 12 il, 03 ay, 16 gün, güzəştli hesablama ilə - 17 il, 06 ay, 25 gün təşkil etmişdir. 1995-ci ildə qüvvədə olan “Azərbaycan Respublikası DİN-in hərbi qulluqçularına, rəis və sıravi heyətinə pensiya təminatı haqqında” xx xxxxxxxx 1993-cü il tarixli 575 nömrəli əmrinə əsasən xidmətdən xaric edilənədək 20 il və daha çox xidmət etmiş əməkdaşlar pensiya hüququna malik idilər. İddiaçının xidmət müddətinin 20 ildən az olduğu nəzərə alınaraq, ona daxili işlər orqanının xüsusi rütbəli əməkdaşı kimi pensiya təyin olunması mümkün deyildir. Ona görə də iddia əsassızdır və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 üzrə Mərkəzi Filialının nümayəndəsi X8 izahatında bildirdi ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının hərbi xidmətdən buraxılanadək xidmət illəri isə 20 təqvim ilindən azdır. Ona görə də iddia əsassızdır və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan AZE serialı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən X2 ünvanlanmış xx.xx.2019-cu il tarixli 0xx/xx-46656A-3219 nömrəli məktubda qeyd olunur: İşlə təmin olunmağınız və ya DİN-in xətti üzrə sizə pensiya təyin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə təqdim etdiyiniz ərizənizə baxılmışdır. Bildiririk ki, daxili işlər orqanlarında müvafiq mülki ştat vahidlərinin məhdudluğunu və bu kateqoriyaya aid ştatların ixtisar edilərək sıravi və kiçik rəis heyəti vəzifələri ilə əvəz edildiyini nəzərə alaraq DİO-da mülki işlə təmin olunmağınız mümkün deyildir. Eyni zamanda bildiririk ki, X13 Respublikası DİN-in sərəncamında olarkən Naxçıvan MR DİN-in şəxsi heyət üzrə xx xxxx 1995-ci il tarixli əmri ilə Müvəqqəti Təlimatın 6-cı maddəsinə əsasən DİO-da xidmətdən xaric edilmisiniz. Xaric olunan günə xidmət müddətiniz təqvimi hesablama ilə - 12 il, 03 ay, 16 gün, güzəştli hesablama ilə - 17 il, 06 ay, 25 gün təşkil etmişdir. Həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən xidmətdən xaric edilənədək 20 il və daha çox xidmət etmiş əməkdaşlar pensiya hüququna malik idilər. Daxili işlər orqanlarında xidmət müddətiniz nəzərə alınaraq, sizə Daxili İşlər Nazirliyi xətti üzrə pensiya təyin edilməsi mümkün deyildir. İş materiallarında olan Masallı rayon Təhsil Şöbəsi Masallı şəhər Nəriman Nərimanov adına 2 nömrəli tam orta məktəbinin xx xxxx 2020-ci il 85 saylı arayışından görünür ki, ali təhsilli ehtiyatda olan baş leytenant İddiaçı həqiqətən xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixə qədər Masallı şəhər Nəriman Nərimanov adına 2 nömrəli tam orta məktəbində hərbi rəhbər vəzifəsində işləmişdir. İş materiallarında olan JB seriyalı 027242 nömrəli diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1976-cı ildə M.Əzizbəyov adına X11 Ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1981-ci ildə elektrik sistemləri ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunda qeyd olunur: İddiaçı arxiv şəxsi işinin xidmət siyahısına əsasən o, 1958-ci ildə anadan olmuş, ali təhsilli, 1981-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirmiş, daxili işlər orqanlarında xx xxx 1982-ci ildən xx xxxxxxx 1988-ci ilədək və xx xxxxxx 1991-ci ildən xx xxxx 1995-ci il tarixədək xidmət etmiş, Silahlı Qüvvələrdə xidmətdə olmamışdır. Sabiq polis kapitanı F.X5 Respublikası Daxili İşlər Nazirliyinin sərəncamında olarkən həmin nazirliyin xx xxxx 1995-ci il tarixli 124ş/h nömrəli əmri ilə Müvəqqəti Təlimatın 6-cı maddəsinə əsasən (daxili işlər orqanı əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə) xidmətdən xaric edilmişdir. İddiaçı xidmət müddəti təqvimi hesablama ilə - 12 il, 03 ay, 16 gün, güzəştli hesablama ilə - 17 il, 06 ay, 25 gün təşkil etmişdir. 1995-ci ildə qüvvədə olan “Azərbaycan Respublikası DİN-in hərbi qulluqçularına, rəis və sıravi heyətinə pensiya təminatı haqqında” xx xxxxxxxx 1993-cü il tarixli 575 nömrəli əmrinə əsasən xidmətdən xaric edilənədək 20 il və daha çox xidmət etmiş əməkdaşlar pensiya hüququna malik idilər. İddiaçı xidmət müddətinin 20 ildən az olduğu nəzərə alınaraq, ona daxili işlər orqanının xüsusi rütbəli əməkdaşı kimi pensiya təyin olunması mümkün deyildir. xx xxxxxxxx 1992-ci il tarixli «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının zabit heyətinin, praporşiklərinin, miçmanlarının və müddətdən artıq xidmət hərbi qulluqçularının, habelə müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyətinin və onların ailə üzvlərinin pensiya təminatı “Hərbi qulluqçuları pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. xx xxxxx 1992-ci il tarixli “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər. «Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 631 nömrəli qərarının: 1-ci bəndinə əsasən zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: daxili işlər, ədliyyə, fövqəladə hallar orqanlarında sıravi, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələrində xidmət vəzifəyə təyin olunma günündən. Zabit heyətinə daxili işlər , gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. 2-ci bəndinə əsasən zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: a) xidmətin bir ayı iki ay sayılmaqla: respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən 1000 metr və daha çox hündürlükdə. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun: 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 3.3-cü maddəsinə əsasən bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir; 9.5-cü maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı 1976-cı ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1981-ci ildə elektrik sistemləri ixtisası üzrə tam kursu bitirmişdir. O, daxili işlər orqanlarında xx xxx 1982-ci ildən xx xxxxxxx 1988-ci ilədək və xx xxxxxx 1991-ci ildən xx xxxx 1995-ci il tarixədək xidmət etmiş, Silahlı Qüvvələrdə xidmətdə olmamışdır. İddiaçının xidmət müddəti təqvimi hesablama ilə - 12 il, 03 ay, 16 gün, güzəştli hesablama ilə - 17 il, 06 ay, 25 gün təşkil etmişdir. Göründüyü kimi, iddiaçı daxili işlər orqanlarında xidmətdən buraxılanadək onun xidmət müddəti 20 ili təşkil etməmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən isə görünür ki, daxili işlər orqanlarında xidmətdən buraxılanadək 20 il və daha çox xidmət etmiş əməkdaşların əmək pensiyası hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçı daxili işlər orqanlarında xidmətdən buraxılanadək onun xidmət ili 20 ili təşkil etmədiyi üçün onun əmək pensiyası hüququ yaranmamışdır. Bu səbəbdən də iddia əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı (üçüncü şəxslər Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X6 üzrə Mərkəzi Filialı) “məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-5476/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5476/2020
10.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver