Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5476/2024 28.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydiyyata alınması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mərhum atası X6 order əsasında məxsus olmuş ünvan 1 ünvanında yerləşən 16 saylı mənzil üzərində iddiaçının vərəsəlik payına uyğun (1/4 hissədə) mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının atası X12 01 yanvar 2005-ci il tarixdə, iddiaçının anası X9 05 fevral 2005-ci ildə vəfat etmişdir. İddiaçının mərhum atası ona order əsasında məxsus olmuş ünvan 2 ünvanda yerləşən 16 saylı mənzili özəlləşdirməmiş və ona mülkiyyət hüququnu təsdiq edən çıxarış almadan ölmüşdür. Həmin mənzilə iddiaçının ailə üzvləri (iddiaçının bacıları - X7, X1 (mərhum) və iddiaçının qardaşı X10) tərəfindən yazılmış ərizələrə əsasən Bakı şəhəri 36 saylı dövlət notariat kontorunda vərəsəlik işi açılmış və onlar vərəsə kimi tanınmışdırlar. İddiaçı bu ünvanda yerləşən mənzilə qanunvericilikdə təsbit edilmiş prosedur qaydalara əməl etməklə vərəsəlik hüququ əsasında 1/4 hissədə hüquqlarını rəsmiləşdirmək məqsədilə müvafiq arayışın verilməsi üçün 18 mart 2023-cü il tarixdə cavabdehə yazılı müraciət etmişdir. Lakin cavabdeh qanunvericiliklə müəyyən olunmuş formalı arayışın verilməsindən imtina etmişdir. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti başçısının 318 saylı, xx.xx.2005ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, 2 saylı evin, 16 saylı mənzilinin kirayə müqaviləsi X2 adına bağlanmışdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır.
4. İş materiallarına əlavə olunmuş AZ-İİ 338212 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X12 xx.xx.2005-ci il tarixində ölmüşdür.
5. İş materiallarına əlavə olunmuş AZ-İİ 338213 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X9 xx.xx.2005-ci il tarixində ölmüşdür.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin ünvan 4 ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, 01 yanvar 2005-ci il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaka dair övladları – X8, X1, İddiaçı və X4 ərizələrinə əsasən Bakı şəhəri 36 saylı dövlət notariat kontorunda vərəsəlik işi açılmış və qeyd olunan şəxslər vərəsə kimi tanınmışlar. ünvan 5 ünvanında yerləşən 16 saylı mənzilə dair çıxarışın verilməsi məsələsinə baxılması xahiş edilmişdir.
7. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin və Bakı şəhəri 36 saylı Notariat Ofisinin inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsindən imtina edilmişdir.
8. Xətai Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 318 nömrəli Sərəncamından Çıxarışa əsasən C.Kərimov küçəsindəki 2 №-li evin, yaşayış sahəsi 43,59 kv.m. olan 3 otaqlı 16 №-li mənzilinin kirayəçisi vət. E.Ə.Əskərov olmuşdur. O, vəfatı ilə əlaqədar olaraq xx.xx.2005-ci ildən mənzildən pasport qeydiyyatından çıxarılmışdır. Onun oğlu vət. B.E.Əskərov ərizə ilə Xətai rayon İH-nə müraciət edərək yaşadığı mənzilin kirayə müqaviləsinin onunla bağlanmasını xahiş etmişdir. C.Kərimov küçəsindəki 2 №-li evin, yaşayış sahəsi 43,59 kv.m. olan 3 otaqlı 16 №-li mənzilin kirayə müqaviləsi vət. X11 ilə bağlanılmış və mənzilin şəxs-maliyyə hesabında dəyişiklik edilmişdir. Ailə tərkibi 8 nəfər olmaqla vət. B.E.Əskərov mənzilin kirayəçisi hesab edilmişdir.
9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, vaxtilə qardaşının adına müvafiq sərəncamın verilməsinə razılıq verib, lakin o, mənzildən istifadə hüququ olan şəxsdir. Hazırda qardaşı tərəfindən həmin mənzildən istifadəyə maneəçilik yaradılır, bununla bağlı aralarında mülki məhkəmə mübahisəsi mövcud olmuşdur.
II. İddianın mümkünlüyü
10. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
11. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:
1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır...
13. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
14. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
15. İddia tələbinin məzmunundan aydın olur ki, İddiaçı mərhum atası X6 order əsasında məxsus olmuş ünvan 1 ünvanında yerləşən 16 saylı mənzil üzərində vərəsəlik payına uyğun (1/4 hissədə) mülkiyyət hüququnun qeydiyyata alınması tələb etmişdir.
16. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddiaçının atası X12 öldükdən sonra iddiaçının və digər vərəsələrin razılığı ilə iddia tələbinin predmeti olan mənzilə dair Xətai Rayonu İcra Hakimiyyəti Başçısı tərəfindən iddiaçının qardaşı X2 adına Sərəncam qəbul edilmişdir. Xətai Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 318 nömrəli sərəncamından çıxarışa əsasən C.Kərimov küçəsindəki 2 №-li evin yaşayış sahəsi 43,59 kv.m. olan 3 otaqlı 16 №-li mənzilinin kirayə müqaviləsi vət. X11 ilə bağlanılmış və ailə tərkibi 8 nəfər olmaqla vət. B.E.Əskərov mənzilin kirayəçisi hesab edilmişdir.
17. Odur ki, mübahisələndirilən mənzilə dair iddiaçının qardaşı X2 adına qüvvədə olan Sərəncam (Xətai Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 318 nömrəli Sərəncamı) mövcud olduğundan iddiaçının hazırki iddia tələbini (atası X5 vərəsəsi olaraq mənzilə dair mülkiyyət hüququnun qeydiyyata alınması) irəli sürməyə subyektiv hüququ yoxdur. Mənzilə dair artıq iddiaçının qardaşının adına sərəncam verildiyindən məhkəmə iddia tələbinin mərhum X6 məxsusluğu barədə arayışı verilməsi kimi dəyişdirilməsini və bununla bağlı hüquqi yardım göstərilməsini məqsədəuyğun hesab etmir.
18. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunundan: Maddə 8. ... Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin ərizəsi;...
19. Odur ki, məhkəmə hesab edir ki, mənzilin özəllləşdirilməsi ilə bağlı müraciət edilərkən İddiaçı mənzilə (evə) hüququ olan şəxs qismində tanınmaq və özəlləşdirilmə zamanı mənzildən pay əldə etmək hüququ vardır.
20. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyil. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
21. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
22. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva