Məhkəmə qərarları › İş №2-1(112)-5477/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5477/2022

24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5477/2022 24.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəs X4, Cavabdehin nümayəndəsi K.X6 iştirakları ilə, İddiaçı «Kompliment” MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı “yükün buraxılması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «Kompliment” MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin ünvanına daxil olan və İddiaçı MMC tərəfindən 2021-ci ilin noyabr ayında GB**********0950 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, gömrük rüsum və ödənişlərinin dərhal tam ödənilmiş yükün, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qeyri-qanuni olaraq uzun müddət ərzində buraxılmamasının və daşıyıcıya məxsus anbarda saxlanılmasının qanunsuz hesab edilməsi, İddiaçı MMC-nin ünvanına daxil olan və iddiaçı 'Kompliment” MMC tərəfindən 2021-ci ilin noyabr ayında GB**********0950 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, gömrük rüsum və ödənişləri dərhal tam ödənilmiş yükün gömrük rəsmiləşdirilməsinin yekünlaşdırılması ilə malların buraxılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə həvalə edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı bildirir ki, İddiaçı MMC 2019-cu ildə təsis edilmişdir. VÖEN **********. Azərbaycan Respubikasında kosmetik və tibbi vasitələrin topdan satışı ilə məşğul olmağa çalışır. Dövriyyəsi çox aşağıdır. İdxal etdiyi malların dəyəri 10.000 ABŞ dollarından drtıq olmur. Həmin müxtəlif markalı kosmetik və tibbi vasitələr Böyük Britaniyanın «Yuma Medikal» LP-si tərəfindən əsasən malların hazırda istehsal edildyi Cənubi Koreyadan göndərilir. 2021-ci ilin noyabr ayında İddiaçı MMC-nin ünvanına Böyük Britaniyanın «Yuma Medikal» LP-si tərəfindən Cənubi Koreyadan göndərilmiş «TwAc 3.0» ticarət nişanlı kosmetik vasitələr daxil olmuş, yükün gömrük rəsmiləşdirilməsi aparılmış, lakin mallarımızın buraxılışı cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən əsassız və qanunsuz olaraq dayandırılmışdır. İddiaçı MMC-ti ilə Böyük Britaniyanın «Yuma Medikal» LP-si arasında bağlanmış 09 mart 2021-ci il tarixli, 11KOMP/2021 nömrəli müqaviləyə əsasən həmin LP iddiaçıya CİP Bakı şərti ilə «TwAc 3.0» ticarət nişanlı kosmetik vasitələrini satır. "Yuma Medikal" LP-si iddiaçıya göndərilən «TwAc 3.0» ticarət nişanının sahibid «TwAc 3.0» kosmetik məhsullarının istehsalçısı və qlobal distribyutorudur. Həmin məhsullar əsasən Cənubi Koreyada müasir texnoloji avadanlıqlarda istehsal olunur. Qiymət siyasətini və qiymət strategiyasını "Yuma Medikal" LP özü müəyyənləşdirir. İstehsal və göndərilmə yerindən asılı olmayaraq həmin şirkətlə "xxxx" MMC arasında «TwAc 3.0» kosmetik vasitələrinin sövdələşmə qiyməti CİP Bakı şərti ilə (invoys qiyməti) 15 (on beş) ABŞ dolları məbləğində müəyyən edilmişdir. Aralarında imzalanmış həmin müqaviləyə əsasən «Yuma Medikal» LP-si Cənubi Koreyada istehsal etdiyi «TwAc 3.0» kosmetik vasitələrini İddiaçı MMC-yə həm Koreyadakı, həmçinin digər ölkələrdəki anbarlarından, istənilən nəqliyyat vasitəsi ilə Bakı şəhərinə göndərə bilər və bu amillərin malların keyfiyyət və qiymətinə təsiri ola bilməz. 2021-ci ilin 18 noyabr tarixində ünvanımıza Koreya Respublikasından təyyarə ilə YM151121-KOM nömrəli invoysla göndərilmiş, ümumi invoys dəyəri 4950 ABŞ dolları olan «TwAc 3.0» kosmetik vasitələrindən ibarət yük Azərbaycan Respublikasına daxil olan və bu barədə iddiaçıya 25 noyabr 2021-ci il tarixdə məlumat verilən kimi dərhal iddiaçı tərəfindən GB**********0950 sorğu nömrəli bəyannamə ilə cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə bəyan edilmişdir. Həmin vaxt dərhal iddiaçı tərəfindən 3110.35 manat gömrük rüsum, yığım və ödənişləri də bank vasitəsi ilə tam ödənilmişdir. X5 (www.e-gov.az) və ya Dövlət Gömrük Komitəsinin internet saytının (www.customs.gov az) "e-Gömrük xidmətləri” bölmələrində yerləşdirilmiş "Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə X1 qəbulu" bölməsindəki gömrük orqanının müvafiq elektron bildirişlərindən də görünür ki, həmin yükə dair təqdim etdiyimiz GB**********0950 sorğu nömrəli bəyannaməmiz 25 noyabr 2021-ci il tarixdə saat 16:05-də növbəyə qəbul olunmuş, həmin tarixdə saat 16:08-də gömrük rəsmiləşdirilməsi başlamış və GB-dəki məlumatlar təqdim olunan sənədlər əsasında gömrük orqanında yoxlanılmışdır. Həmin tarixdə saat 16:26-da ödənişlərin də qəbul olunması təsdiq olunmuş və malların buraxılışının təmin edilməsi üçün gömrük bəyannaməsi Bakı Karqo Terminalı X9 Postuna göndərilmişdir. 26 noyabr 2021-ci il tarixdə isə həmin gömrük postu gömrük bəyannaməsində göstərilən malların buraxılışına hazır olduğunu bildirmiş və iddiaçını gömrük postuna dəvət etmişdir. Həmin bildirişə əsasən iddiaçının nümayəndəsi dərhal qeyd olunan gömrük postuna yaxınlaşmış, lakin malların təhvil-təslimi zamanı gömrük inspektoruna rəhbərliyindən daxil olan zəng nəticəsində malları buraxılışı qanunsuz olaraq dayandırılmışdır. Gömrük rəsmiləşdirilməsi başa çatmış və buraxılışa verilmiş malların iddiaçıya təhvil verilməməsinin səbəbi onlara izah edilməmişdir. Gömrük orqanı qərəzli olaraq daxil olan malları saxlamışdır. Bu barədə dəfələrlə cavabdeh gömrük orqanına və Dövlət Gömrük Komitəsinə edilən şikayətlərin heç bir mənası olmamışdır. Bu günədək malların cavabdeh gömrük orqanı tərəfindən buraxılmamış və malların daşıyıcının anbarında qalmışdır. İddiaçı əlavə olaraq bildirir ki, gömrük orqanından GB**********0950 nömrəli bəyannamə, bəyannamə ilə birlikdə təqdim etdikləri sənədlər və ya ödədikləri gömrük rüsum, yığım və ödənişləri ilə bağlı iddiaçının ünvanına bu günədək hər hansı bir irad, yazılı bildiriş, tələb, məktub və ya digər sənədlər daxil olmamışdır. Yükü daşıyan təyyarənin **********6 saylı aviaqaiməsindən də görünür ki, həmin təyyarə 18 noyabr 2021ci il tarixdə Koreya Respublikasının İnçxon X2 Britaniyanın «Yuma Medical» LP-si tərəfindən İddiaçı MMC-yə satılmış malları Azərbaycan Respublikasına Heydər X3 daşımışdır. Həmin sənədə əsasən malların qiyməti və digər xüsusatları YM151121-KOM nömrəli invoysa uyğundur. Qeyd olunan invoysda isə malların ümumi dəyəri 4950 ABŞ dolları göstərilmişdir. 2019-2020-ci illər ərzində həmin məhsullar qeyd olunan qiymətlərlə iddiaçının ünvanına 8 dəfə göndərilmiş və Hava Nəqliyyatında Baş Gömrük İdarəsində gömrük rəsmiləşdirilməsi aparılmışdır. Məqsədyönlü şəkildə küllü miqdarda zərər vurulur, yüksək məbləğlərdə anbar pulları ödətdirilir. Belə ki, təyyarə ilə daxil olan yüklərin gömrük rəsmiləşdirilməsi məqsədyönlü şəkildə cavabdeh Hava Nəqlyyatında Baş Gömrük İdarəsi tərəfindən gecikdirilir, nəticədə malların uzun müddət ərzində daşıyıcıya məxsus, yəni "xxxx" MMC-nin «GHC» filialındakı anbarında qalır. Həmin anbarda isə malların saxlama haqqı Dövlət Gömrük Komitəsinin gömrük anbarlarındakı qiymətlərdən 50 dəfə artıqdır. Gömrük əməkdaşlarına rəsmi olaraq müraciət edildikdə isə ümumiyyətlə cavab verilmir. Yssygzc kildirir ki, GB**********0950 nömrəli bəyannamədə göstərilən qiymətlər müvafiq müqavilədə və invoysda göstərilən həqiqi sövdələşmə qiymətlərinə uyğundur. Gömrük orqanına tədim olunan sənədlər isə düzdür. Bu gömrük orqanının müvafiq elektron bildiriş sistemindəki qeydlərdə də öz əksini tapmışdır. Belə ki, həmin qeydlərə əsasən rəsmiləşdirməyə təqdim olunan sənədlər düzdür, ödənişlər cavabdeh gömrük orqanı tərəfindən qəbul olunmuş və malların buraxılışının təmin edilməsi üçün gömrük bəyannaməsi müvafiq gömrük postuna göndərilmişdir. Buna görə də malların cavabdeh gömrük orqanı tərəfindən bu günədək buraxılmaması qərəzlidir, əsassız və qanunsuzdur. Gördüyünüz kimi, xarici ölkədən gndərilmiş mallar təyyarə ilə ölkəmizə, yəni gömrük ərazisinə gətirildikdən sonra Gömrük Məcəlləsinin 121-ci (Malların gömrük orqanlarına təqdim edilməsi) maddəsinə əsasən tərəfimizdən dərhal gömrük nəzarətinə, onların sənədləri isə gömrük orqanına təqdim edilmişdir. Gömrük orqanından İddiaçı MMC-yə bu məzmunda bu günədək hər hansı bir bildiriş, məktub və ya .maliyyə sənədi göndərilməmişdir. Bəyannam təqdim edildiyindən 2 aya yaxın vaxt keçmişdir. Göründüyü kimi, İddiaçı MMC bəyannaməçi kimi cavabdeh gömrük orqanına təqdim etdiyi GB**********0950 nömrəli bəyannamədə qöstərdiyi malların dəyərini bəyannamə və əlavə etdiyi müqavilə və invovsla təsdiq etmişdir. Qanunvericiliyin tələblərinə əsasən malların sövdələşmə qiyməti ilə gömrük dəyərini təsdiq etməsi kifayətdir. Gömrük dəyəri ilə bağlı isə cavabdeh gömrük orqanından iddaçının ünvanına bu günədək hər hansı bir irad, etiraz və ya tələb daxil olmamışdır. Gömrük rəsmiləşdirilməsi üçün tələb olunan digər sənədlər (aviaqaimə, sertifikatlar və s.) də iddiaçı tərəfindən dərhal cavabdeh gömrük orqanına təqdim olunmuşdur. Müvafiq elektron bildiriş sistemində cavabdeh orqanın 25 noyabr 2021-ci il tarixdə malların rəsmiləşdirilməsinin başlanılması və GB-dəki məlumatlar təqdim olunar sənədlər əsasında gömrük orqanında yoxlanılması, rəsmiləşməyə təqdim olunan sənədlərin düz olması və 3110.35 AZN məbləğin ödənilməsinin tələb olunmasına dair qeydlər bir daha təsdiq edir ki, gömrük orqanına təqdim olunmuş sənədlərdə heç bir problem olmamış, gömrük dəyəri isə düzgün müəyyən olunmuşdur. Tələb olunan gömrük rüsum və ödənişləri iddiaçı tərəfindən dərhal bank vasitəsi ilə ödənilmişdir. Bununla da gömrük rəsmiləşdirilməsi basa çatmışdır. Təqdim edilən gömrük bəyannaməsi cavabdeh gömrük orqanı tərəfindən malların buraxılışının təmin edilməsi məqsədi ilə müvafiq gömrük postuna göndərilmişdir. Bundan sonra gömrük orqanı malların buraxılışını əsassız olaraq dayandırmış, səbəbini isə rəsmi olaraq izah etməmişdir. Göstərilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasına dair qərar çıxarılması xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh məhkəməyə iddia tələbinə qarşı etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, İddiaçı MMC-nin 2021-ci ilin noyabr ayında **********0950 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, gömrük rüsum və ödənişləri dərhal tam ödənilmiş yükün cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən əsassız olaraq uzun müddət ərzində buraxılmamasının və daşıcıya məxsus anbarda saxlanılmasının qanunsuz hesab edilməsi, yükün gömrük rəsmiləşdirilməsinin yekunlaşdırılması ilə malların buraxılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə həvalə edilməsi tələbi işin faktiki halları ilə uyğun gəlmir, irəli sürülən fikir və mülahizələr subyektiv xarakter daşıyır, iddia tələbində qeyd olunanlar həqiqətə uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük idarəsində araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, **********6 nömrəli aviaqaimə ilə Koreya Respublikasından göndərilən, İddiaçı MMC-nin Böyük Britaniyanın “Yuma Medical LP” şirkəti ilə imzaladığı xx.xx.2021-ci il tarixli 11KOMP/2021 saylı müqaviləyə və xx.xx.2021 -ci il tarixli YM151121-KOM saylı invoysa əsasən dəyəri 4950 ABŞ dolları göstərilən, mənşə ölkəsi Koreya Respublikası olan dəriyə qulluq üçün kosmetik gellər (330 ədəd “Cosmetic product TWAC 3.0”) gömrük rəsmiləşdirilməsi üçün xx.xx.2021 -ci il tarixdə **********0950 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Risk təhlili nəticəsində bəyan olunmuş malların gömrük dəyəri riskli hesab olunmuşdur. Digər idxalatçılar tərəfindən eyni malların idxalı zamanı malların tərkibi nəzərə alınmaqla daha yüksək dəyərlə bəyan olunduğu müəyyən edilmişdir (Nümunə GB : **********4596 sorğu nömrəli). Belə ki, “BNC” şirkəti tərəfindən göndərilən “Elaxen PDRN” malın tərkibi əsasən 20 mg/ml Hialuron turşusu və 2 mg/ml PDRN məhsulundan ibarətdir (bir şprisin həcmi 2,2 ml). Aparılmış araşdırma nəticəsində PDRN məhlulu Koreya Respublikasında topdansatış qiymətləri 1 mg/ml - 0.32 ABŞ dolları təşkil edir(https://www.ec21.com/product-details/Korea-Cosmetics- PDRN-Ampule- 148252.html). Bununla da İddiaçı MMC tərəfindən bəyan olunmuş “Twac 3.0" adlı malın tərkibi 20mg/ml Hialuron turşusu və 10 mg/ml PDRN və çprisin həcmi 3 ml olduğunu nəzərə alaraq idxal olunan malların dəyəri 22.8 ABŞ dolları olduğu müəyyən olunmuşdur. Həmin malların dəyərinin İddiaçı MMC tərəfindən düzgün bəyan edilib- edilməməsinin dəqiqləşdirilməsi məqsədilə ixracatçı şirkətin Koreya Respublikasında gömrük rəsmiləşdirilməsi zamanı təqdim olunmuş, malların dəyərini təsdiq edən sənədlərin və həmin yüklərə aid tərtib olunmuş ixrac bəyannamələrinin təsdiq olunmuş surətlərinin əldə olunması ilə bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Beynəlxalq Əməkdaşlıq İdarəsinə xx.xx.2021-ci il tarixli 1900-012/0xx-xx/003882 nömrəli məktub göndərilmiş və sözügedən idarə tərəfindən 1000-200/0xx-xx/019550 nömrəli məktubla ixracatçı ölkəyə sorğu göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin xx.xx.2022-ci il tarixli 1000-200/2xxxx/003567 nömrəli cavab məktubuna əsasən, Koreya Gömrük Xidmətindən daxil olmuş xx.xx.2022-ci il tarixli RP-AZ-2021-009 nömrəli məktubda bildirilmişdir ki, təqdim olunan qaimə üzrə ixrac bəyannaməsi aşkarlanmış və məlumatları nəzərdə keçirərək, ödənilmiş məbləğin təqdim olunan invoysda göstərilən məbləğdən yüksək olduğu müəyyən edilmişdir. Bundan başqa məktubda bidirilmişdir ki, Koreyə Gömrük Xidmətində gömrük bəyannamələri elektron sistemi vasitəsi ilə doldurulduğu üçün kommersiya invoysları da daxil olmaqla sənədləri təqdim etmək zərurəti yoxdur. Buna görə də, Koreyə Gömrük Xidmətinə hər hansı sənəd təqdim edilməmişdir. Bu səbəbdən gömrük orqanı haqlı olaraq, dəyərləndirmənin düzgün olmadığı barədə qənaətə gəlmiş və gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi məqsədəuyğun hesab edilmişdir..... İddiaçı MMC **********0950 sorğu nömrəli gömrük bəyannaməsi ləğv olunduqdan sonra malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün müraciət etməlidir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 154.1.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 14.7.1 -ci yarımbəndinə əsasən gömrük orqanları təsdiq olunmuş gömrük bəyannaməsini bəyannaməçinin müraciəti əsasında mallar dərhal başqa gömrük proseduru altında yerləşdirilməli olduqda ləğv edirlər. X5 (www.e-gov.az) və ya Dövlət Gömrük Komitəsinin İnternet saytının (www.customs.gov.az) “e-Gömrük xidmətləri” bölmələrində yerləşdirilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə X1 qəbulu” bölməsində elektron çıxarışda 2021-ci ilin 15 noyabr tarixli YM151121-KOM nömrəli invoysla daxil olmuş “Twac 3.0” kosmetik gellər bəyan edilərkən **********0950 sorğu nömrəsi verildiyi qeyd olunmuşdur. Eyni zamanda elektron çıxarışda bəyannamənin bəyannaməçiyə qaytarılması üçün səbəb olaraq digər idxalatçılar tərəfindən eyni malların idxalı zamanı malların tərkibi nəzərə alınmaqla daha yüksək dəyərlə bəyan olunduğunun müəyyən edilməsi (Nümunə GB: **********4596), Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 162.2-ci maddəsinə əsasən bəyan olunmuş gömrük dəyərinə düzəliş edilərək dəyərin artmalı olduğu göstərilmişdir. Qeyd olunmuşdur ki, “BNC” şirkəti tərəfindən göndərilən “Elaxen PDRN” malın tərkibi əsasən 20 mg/ml Hialuron turşusu və 2 mg/ml PDRN məhsulundan ibarətdir (bir şprisin həcmi 2,2 ml). Aparılmış araşdırma nəticəsində PDRN məhlulu Koreya Respublikasında topdansatış qiymətləri 1 mg/ml - 0.32 ABŞ dolları təşkil edir (https://www.ec21.com/product-details/Korea-Cosmetics-PDRN-Ampule148252.html). İddiaçı MMC tərəfindən bəyan olunmuş “Twac 3.0” adlı malın tərkibi 20mg/ml Hialuron turşusu və 10 mg/ml PDRN və şprisin həcmi 3 ml olduğunu nəzərə alaraq idxal olunan malların dəyəri 22.8 ABŞ dolları olduğu qeyd olunmuşdur.. Beləliklə, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd olunan müvafiq maddələrində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın yuxarıda qeyd olunan müvafiq bəndlərində və yuxarıda qeyd edilən digər müvafiq qanunvericilik aktlarında və X5 (www.e- gov.az) və ya Dövlət Gömrük Komitəsinin internet saytının (www.customs.gov.az) “e- Gömrük xidmətləri” bölmələrində yerləşdirilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə X1 qəbulu” bölməsində yerləşdirilmiş sözügedən çıxarışda göstərilənlər onu deməyə əsas verir ki, İddiaçı MMCnin iddia tələbinin təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şifahi məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - «Yuma Medical» LP (satıcı) ilə İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixdə 11KOMP/2021 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən «satıcı» invoyslarda göstərilən tibbi və kosmetik avadanlıq və vasitələri müqavilənin imzalandığı tarixdən etibarən Bakı şəhərinə tədarük edir «Alıcı» isə, malları qəbul edir. «Satıcı» bu müqavilənin predmeti olan malları dünyanın istənilən ölkəsindən, istənilən istehsalçıdan, istənilən nəqliyyat vasitəsi ilə «Alıcıya» göndərə bilər. Lakin, bu amillərin malların keyfiyyət və qiymətinə təsiri ola bilməz. «Alıcı» ünvanına daxil olan yüklərin gömrük rəsmiləşdirilməsini həyata eçirərək, bütün gömrük rüsum və yığımlarını ödəyir, malları qəbul edir. Müqavilənin 2-ci bəndinin 1-ci abzasına əsasən “TwAc 3.0” kosmetik vasitələrinin CİP Bakı sövdələşmə qiyməti dəyişdirilmədən əvvəlki müqavilələrə uyğun saxlanılsın və aşağıdakı kimi bir daha təsdiq edilsin: TwAc 3.0 – 5,40 (beş dollar qırx sent) ABŞ dolları TwAc 2.0 – 13,80 (on üç dollar səksən sent) ABŞ dolları TwAc 3.0 – 15,00 (on beş dollar) ABŞ dolları Müqavilənin 4-cü bəndinə əsasən “satıcı” – hava və ya digər nəqliyyat vasitəsi ilə invoysda göstərilən malları 3-cü bəndə uyğun olaraq 3 həftə ərzində Bakı şəhərinə çatdırır. Vaxtından əvvəl malların çatdırılmasına icazə verilir. “Alıcı” malları gömrük əməliyyatlarını həyata keçirərək öz obyektinə çatdırır. -xx.xx.2021-ci il tarixli **********0950 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, mal göndərən /ixracatçı “Yuma Medical LP” Böyük Britaniya mal qəbul edən/idxalatçı İddiaçı MMC olmaqla cəmi 330 ədəd dəriyə qulluq üçün vasitələr/TwAc 3.0 kosmetik gelləri invoys dəyəri 4950,00 ABŞ dolları, gömrük dəyəri 8415,00 manat, hesablanmış gömrük ödənişi 3110.35 manat qeyd edilmişdir. -Yuma Medical LP tərəfindən verilmiş YM151121-KOM xx.xx.2021-ci tarixli invoysda 330 ədəd kosmetik vasitəyə görə 4950.00 ABŞ dolları ödənişin edilməsi qeyd olunmuşdur. -107OST422027001U nömrəli ödəniş tapşırığından görünür ki, Kompliment MMC tərəfindən Yuma Medical LP-nin xeyrinə kosmetik vasitələr üçün 4950,00 ABŞ dolları məbləğində köçürmə həyata keçirilmişdir. - İdxal olunan malların aviaqaiməsindən görünür ki, Yuma Medical LP tərəfindən Kompliment MMC-yə göndərilən kosmetik məhsulların HS kodu:********** invoys nömrəsi YM151121-KOM kimi qeyd edilmişdir. İşin faktiki hallarından müəyyən olunmuşdur ki, iddiaçı “Yuma Medical” LP arasında olan müqavilə münasibətləri zəminində müqavilə predmetini təşkil edən malları almış, həmin malların Azərbaycan Respublikasına idxalı zamanı müvafiq gömrük prosedurlarından keçmiş, zəruri olan gömrük rüsumunu ödəmiş, lakin malın gömrük orqanı tərəfindən buraxılmasına icazə verilməmişdir. Cavabdeh inzibati orqan risk təhlili nəticəsində gömrük dəyərində şübhə yarandığına görə gömrük rəsmiləşdirilməsinə təqdim olunan **********84596 sorğu nömrəli gömrük bəyannaməsi gömrük dəyərində müvafiq düzəlişlərin aparılması üçün dekalaranta qaytarıldıqdan sonra həmin tələb yerinə yetirilməmiş və müvafiq gömrük ödənişləri ödənilmədiyinə görə yük sərbəst dövriyyə üçün buraxılmamışdır. Malları ixrac edən ixracatçı şirkətin Koreya Respublikasının gömrük orqanlara təqdim etdiyi invoys sənədlərinin və gömrük bəyannaməsinin surətlərinin göndərilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli, 1900-012/0xx-xx/003882 nömrəli məktubla Dövlət Gömrük Komitəsinin Beynəlxalq Əməkdaşlıq İdarəsinə müraciət etmiş və həmin idarənin vasitəsilə ixracatçı ölkəyə sorğu göndərmişdir. İşdən görünür ki, iddiaçının iddia tələbi iki hissədən ibarətdir: 1.İddiaçı MMC-nin ünvanına daxil olan və İddiaçı MMC tərəfindən 2021-ci ilin noyabr ayında GB**********0950 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, gömrük rüsum və ödənişlərinin dərhal tam ödənilmiş yükün, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qeyri-qanuni olaraq uzun müddət ərzində buraxılmamasının və daşıyıcıya məxsus anbarda saxlanılmasının qanunsuz hesab edilməsi; 2İddiaçı MMC-nin ünvanına daxil olan və iddiaçı 'Kompliment” MMC tərəfindən 2021-ci ilin noyabr ayında GB**********0950 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, gömrük rüsum və ödənişləri dərhal tam ödənilmiş yükün gömrük rəsmiləşdirilməsinin yekünlaşdırılması ilə malların buraxılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə həvalə edilməsi Məhkəmə iddia tələbinin 1-ci hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu hesab edilir. Yalnız həmin üsuldan istifadə etmək mümkün olmadıqda digər üsullardan hər biri ardıcıl olaraq tətbiq edilə bilər. Bir sonrakı üsulun gömrük dəyərinin təyin edilməsi zamanı tətbiqi yalnız o halda mümkün olur ki, digər üsulla gömrük dəyərinin müəyyənləşdirilməsi mümkün olmasın. Hazırki iş üzrə cavabdeh tərəfindən isə iddiaçı tərəfindən idxal olunan məhsullara münasibətdə gömrük dəyərinin müəyyənləşdirilməsi zamanı qanunvericiliyin müddəalarına əməl edilməmişdir. Belə ki, məhkəmə işin faktiki halları ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iş materialları ilə müəyyən edildiyi kimi iddiaçı əslində mala çəkilən xərcin 4950.00 ABŞ dolları olduğunu, gömrük orqanına təyin edilən invoysun nəzərə alınmalı olduğunu iddia edir. Göründüyü kimi, iddiaçı gömrük dəyərinin müəyyən edilməsi zamanı gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu kimi sövdələşmə qiymətinin əsas götürülməsində iddialıdır. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun “Malların sövdələşmə qiyməti üsulu” adlanan 13-cü maddəsindən də, göründüyü kimi gömrük ərazisinə gətirilən malların gömrük dəyəri, bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsi aparılmaqla, Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət sövdələşmə qiyməti hesab olunur, bu şərtlə ki, alıcının dəyərləndirilən mallara dair sərəncam və ya istifadə hüququna məhdudiyyətlər nəzərdə tutulmasın (qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlər, malların təkrar satıla biləcəyi coğrafi ərazi məhdudiyyətləri, malların dəyərinə əhəmiyyətli dərəcədə təsir etməyən məhdudiyyətlər istisna olmaqla), satış və ya malların qiyməti həmin mallara münasibətdə dəyəri müəyyən edilə bilməyən hər hansı şərt və öhdəliklərdən asılı olmasın, alıcı tərəfindən mallara dair sərəncam verilməsindən və ya onların istifadəsindən satıcı birbaşa və ya dolayı yolla mənfəət əldə etməsin, əgər bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsinin aparılması mümkün deyilsə, bu Qanunun 13.1.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, malların alıcısı və satıcısı əlaqəli şəxslər olmasınlar, alıcı ilə satıcı əlaqəli şəxslər olduğu halda, onlar arasındakı münasibətlər mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymətə təsir etməsin əv ya idxalatçı malların sövdələşmə qiymətinin bu Qanunun 13.7-ci maddəsinin tələblərinə cavab verdiyini sübut etsin. Cavabdeh qismində çıxış edən gömrük orqanı öz növbəliyində invoysda göstərilən sövdələşmə qiymətini nəzərə almamış, Koreya ixrac gömrük bəyannaməsi adı ilə əldə etmiş olduğu məlumata istinad edərək, qanunvericilikdə səciyyələnmiş mallarının gömrük dəyərinin müəyyən edilməsi üsullarından istifadə etməmişdir. Diqqətəlayiq hal odur ki, “Gömrük tarifi haqqında” Qanunda göstərilən gömrük dəyərinin müəyyən edilməsi üsullarının heç birində gömrük dəyərini müəyyən etmək üçün xarici malların istehsal və göndərildiyi ölkədə rəsmiləşdirilmiş ixrac gömrük bəyannaməsindən istifadə edilməsi nəzərdə tutulmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 102.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən mallar gömrük ərazisinə gətirildikdən sonra dərhal gömrük nəzarətinə, onların sənədləri isə gömrük orqanlarına təqdim edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 148.3-cü maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək, malları və nəqliyyat vasitələrini gömrük orqanlarının tələbi ilə təqdim etmək, gömrük məqsədləri üçün lazım olan sənədləri və məlumatları gömrük orqanlarına təqdim etmək, gömrük ödənişlərini ödəmək, gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək vəzifələri vardır. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına bəyan edilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: malların sövdələşmə qiyməti ilə; eyni malların sövdələşmə qiyməti ilə; eynicinsli malların sövdələşmə qiyməti ilə; dəyərin çıxılması üsulu ilə; dəyərin toplanması üsulu ilə; ehtiyat üsulu ilə. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Həmin Qanunun 12.3-cü maddəsinə əsasən bəyannaməçinin seçimi əsasında dəyərin çıxılması üsulu və dəyərin toplanması üsulu istənilən ardıcıllıqla tətbiq edilir. Həmin Qanunun 18.2-ci maddəsinə əsasən bu Qanunun 18.1-ci maddəsinə müvafiq olaraq malların gömrük dəyəri malların ixrac ölkəsinin daxili bazarındakı qiyməti əsasında müəyyən edilə bilməz. Qanunvericiliyin tələbindən də, göründüyü kimi malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu hesab edilir. Yalnız həmin üsuldan istifadə etmək mümkün olmadıqda digər üsullardan hər biri ardıcıl olaraq tətbiq edilə bilər. Bir sonrakı üsulun gömrük dəyərinin təyin edilməsi zamanı tətbiqi yalnız o halda mümkün olur ki, digər üsulla gömrük dəyərinin müəyyənləşdirilməsi mümkün olmasın. İş materialları ilə müəyyən olunur ki, “Yuma Medical” LP şirkəti ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 11KOMP/2021 saylı müqaviləyə əsasən mənşə ölkəsi Koreya Respublikası olan və xx.xx.2021-ci il tarixli YM151121-KOM saylı invoysa əsasən dəyəri 4.950.00 ABŞ dolları olan 330 ədəd kosmetik vasitələri olan yük iddiaçı tərəfindən gömrük rəsmiləşdirilməsi üçün xx.xx.2021-ci il tarixdə GB**********0950 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. İddiaçı tərəfindən malların bəyan edilməsi "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi” Qaydalarına uyğun həyata keçirilmiş, həmçinin, Gömrük Məcəlləsinin 148-ci maddəsi ilə bəyannaməçi kimi üzərinə düşən bütün vəzifələr tam icra edilərək zəruri olan 3110.35 manat məbləğində gömrük rüsumu ödənilmiş, lakin malın gömrük orqanı tərəfindən buraxılmasına icazə verilməmişdir. Halbuki, iddiaçı gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu kimi malların sövdələşmə qiymətini əks etdirən invoysu cavabdeh orqana bəyan etmişdir. Cavabdeh iddiaya qarşı öz mövqeyində göstərmişdir ki, təhlil nəticəsində gömrük dəyərində şübhə yarandığına görə qeyd olunan bəyannamə bəyannaməçiyə qaytarılmışdır. Məhkəmə cavabdehin qeyd olunan dəlili ilə razılaşmayaraq qeyd edir ki, gömrük işində risklərin idarə edilməsi Gömrük Məcəlləsinin 100 və 101-ci maddələri ilə tənzimlənir. Belə ki, həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən gömrük işində risklərin idarə edilməsi (risk menecmenti) məlumatların toplanması, məlumat bazasının yeniləşdirilməsi, risklərin təhlili, müvafiq proseslər və onların nəticələrinin mütəmadi monitorinqi yolu ilə risklərin müəyyən edilməsi, onların təhlükəlilik ehtimalının və dövlətin iqtisadi, sosial və digər maraqlarına dəyəcək ziyanın dərəcəsinin qiymətləndirilməsi və riskə məruz qalmanın azaldılması və qarşısının alınması məqsədi ilə gömrük orqanları tərəfindən sistematik işlənib hazırlanan və mütəmadi həyata keçirilən tədbirlərdir. Qeyd olunan maddənin təhlilindən görünür ki, həmin maddələrdə risk təhlili nəticəsində malların gömrük orqanı tərəfindən buraxılmaması və ya bəyannamənin geri qaytarılması nəzərdə tutulmamışdır. Məhkəmə iddia tələbinin 2-ci hissəsi ilə bağlı qeyd edir ki, gömrük münasibətlərini tənzimləyən hüquqi aktlarda saxlanc anlayışı geniş olaraq təsvir olunmuşdur. Saxlanc dedikdə, hər hansı bir malın saxlanılması başa düşülür. Gömrük münasibətləri saxlancın 2 növdə həyata keçirilməsini şərtləndirmişdir: 1) müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi; 2) müvəqqəti saxlanc anbarına yerləşdirilməsi. Qanunvericilik hər iki halda saxlancın mexanizmini müəyyən etmişdir ki, bu zaman müvafiq olaraq mühüm olan elementlərə nəzərə yetirilməlidir. Birinci halda, gömrük ərazisinə gətirilən malların mal sahibi tərəfindən gömrük orqanına təqdim edilərək bəyan edildiyi zaman mallar saxlanc xüsusi gömrük prosesuduru altında yerləşdirilə bilər. İkinci halda isə, yəni müvəqqəti saxlanc anbarına yerləşdirilməsi üçün mütləq qaydada mülkihüquq münasibətləri, yəni mal sahibi və gömrük orqanı arasında müqavilə bağlanılmalıdır. Nəzərə alınmalıdır ki, hər iki halda cavabdeh tərəfindən mübahisə predmetini təşkil edən malların saxlancının həyata keçirilməsi üçün əsas olmamışdır. Belə ki, iddiaçı mal sahibi kimi daxil olan xarici malları müvəqqəti saxlanca verilməsini bəyan etməmiş, əksinə həmin malları ümumi dövriyyə buraxılmasını bəyan etmiş, o cümlədən də həmin malların müvəqqəti saxlanc anbarına yerləşdirilməsi üçün gömrük orqanı ilə hər hansı mülki-hüquqi müqavilə bağlamamışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş İddiaçı MMC-yə məxsus malların buraxılmaması, anbarda yerləşdirilməsi bir mənalı qanunvericiliyin tələblərinin pozulmsına səbəb olmuşdur. Gömrük Məcəlləsinin 89-cu (Gömrük nəzarətinin minimum müddətdə həyata keçirilməsi tələbinə riayət olunması) maddəsinə əsasən, gömrük orqanları, bəyannaməçi və mallar barədə səlahiyyəti olan digər şəxslər gömrük nəzarətinin həyata keçirilməsi üçün zəruri olan minimum müddətə riayət etməyə borcludurlar. Həmin Məcəllənin 152.1-ci maddəsinə əssən gömrük orqanları təqdim olunan gömrük bəyannaməsini təsdiq edərkən, onun həmin maddədə göstərilən şərtlərə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əssən gömrük bəyannaməsi bu Məcəllənin 151.1-ci maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab verdikdə, həmin bəyannamə təqdim olunduğu gün gömrük orqanları tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3-cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. Həmin Məcəllənin 160.3-cü maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi üçün təqdim olunan malların adlar və növlər üzrə ayrı-ayrı qablaşdırılmaması gömrük orqanlarına gömrük bəyannaməsində göstərilən mallar haqqında məlumatların düzgünlüyünün yoxlanmasına imkan vermirsə, bu Məcəllənin 160.1-ci maddəsində nəzərdə tutulan müddət mallar barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri tərəfindən malların adlar və növlər üzrə ayırması üçün tələb olunan müddətədək gömrük orqanının qərarı ilə uzadılır. Bu müddət 7 (yeddi) gündən çox olmamalıdır. Həmin Məcəllənin 162-ci (Malların buraxılışı) maddəsinə əsasən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. Gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə isə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 176.1-ci maddəsinə əsasən saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Məcəllənin 176.2-ci maddəsinə əsasən xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilir. Həmin Məcəllənin 322.1-ci maddəsinə əsasən gömrük ekspertizasının aparılmasının məqsədi aşağıdakılardan ibarətdir: malların tərkibinin və texniki göstəricilərinin müəyyən edilməsi; malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi; malların mənşə ölkəsinin, emal prosesində hasilat normalarının, istehsal tarixinin və keyfiyyətinin müəyyən edilməsi; ixrac nəzarətinə düşən malların ikili təyinatlı olmasının yoxlanılması; malların kimyəvi və mineraloji tərkibinin müəyyən edilməsi; ekoloji baxımdan təhlükəli, tərkibində ozondağıdıcı maddələr olan malların və tullantıların müəyyən edilməsi; radiasiya təhlükəsi olan malların müəyyən edilməsi; malların gömrük dəyərinin təyin olunması; malların tarixi və sənətşünaslıq baxımından dəyərliliyinin müəyyən edilməsi. Həmin Məcəllənin 322.2-ci maddəsinə əsasən gömrük ekspertizası mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən, habelə malların təsnifatı ilə bağlı məcburi qərarların qəbul edilərkən, bu Məcəllənin 322.1ci maddəsində göstərilənlərin müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda aparılır. Həmin Məcəllənin gömrük rəsmiləşdirilməsinin başlanmasını və başa çatmasını tənzimləyən 104-cü maddəsində müəyyən edilmişdir ki, gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Yuxarıda istinad olunan normadan da, görünür ki, gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. Eyni zamanda istinad olunan normadan görünür ki, ekspertizasının aparılmasının məqsədi malların gömrük dəyərinin təyin olunmasını müəyyən etməkdir. Məhkəmə araşdırması zamanı cavabdeh gömrük orqanı tərəfindən gömrük rəsmləşdirilməsi zamanı hər hansı sənədlərin çatışmaması barədə iddiaçıya müraciətin olunması, bundan başqa malların gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı hər hansı gömrük ekspertizanın keçirilməsi müəyyən edilməmişdir. Halbuki İddiaçı MMC-in gömrük orqanına təqdim etdiyi bəyannamə və sənədlər gömrük orqanı tərəfindən yoxlanılmış və onların düz olması müəyyən olunmuşdur. Belə ki, YM151121-KOM nömrəli invoysla daxil olmuş «TwAc 3.0» kosmetik vasitələri dərhal iddiaçı tərəfindən GB**********0950 nömrəli bəyannamə ilə bəyan edilmiş, tələb olunan gömrük rüsum və ödənişləri ödənilmişdir. X5 (www.e-gov.az) və ya Dövlət Gömrük Komitəsinin internet saytının (www.customs.gov.az) “e-Gömrük xidmətləri” bölmələrində yerləşdirilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə X1 qəbulu” bölməsindəki gömrük orqanının müvafiq elektron bildirişlərindən də görünür ki, həmin yükə dair təqdim olunan GB**********0950 nömrəli bəyannamə 25 noyabr 2021-ci il tarixdə saat 16:05-də növbəyə qəbul olunmuş, 25 noyabr 2021-ci il tarixdə saat 16:08-də gömrük rəsmiləşdirilməsi başlamış və GB-dəki məlumatlar təqdim olunan sənədlər əsasında gömrük orqanında yoxlanılmışdır. Həmin tarixdə saat 16:26-da isə rəsmiləşməyə təqdim olunan sənədlərin düz olması və 3110.35 AZN məbləğin ödənilməsi tələb olunmuşdur. Daha sonra gb-dəki məlumatlar ilə təqdim olunan sənədlər uyğun olmadığı üçün geri qaytarılmışdır. İddiaçı şirkət tərəfindən həmin məbləğ tam şəkildə ödənilmişdir. Göründüyü kimi, gömrük orqanı tərəfindən ilk olaraq GB qəbul olunmuş, hətta gömrük ödənişlərinin həyata keçirilməsi tələb olunmuş, lakin sonradan əsassız səbəbə görə malın buraxılmasına icazə verilməmişdir. Cavabdeh malların dəyərinin İddiaçı MMC tərəfindən düzgün bəyan edilməməsini və gömrük dəyərinə düzəliş olunmasını bildirsə də, hər-hansı çatışmazlıq və ya uyğunsuzluğun olduğu hallarda bu barədə iddiaçıya bildiriş vermək, bununla bağlı onu yazılı və şifahi qaydada məlumatlandırmaq Gömrük Məcəlləsinin 70.1-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifələrinə aid edilmişdir. Belə ki, Gömrük Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, şəxsin və ya onun nümayəndəsinin bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının tələblərini, o cümlədən digər prosedurları pozmaqla malları idxal və ixrac etməsi, gömrük dəyərini düzgün bəyan etməməsi, gömrük güzəştlərindən təyinatı üzrə, yaxud düzgün istifadə etməməsi barədə kifayət qədər əsas olduqda, gömrük orqanlarının vəzifəli şəxsləri yazılı bildiriş göndərməklə onlardan bu Məcəllənin 70.2-ci maddəsində göstərilən müddəti əhatə edən müvafiq sənədlərin təqdim olunmasını tələb edirlər. Lakin, cavabdehin bu məzmunda iddiaçıya hər hansı bildiriş verməsi, bununla bağlı onu hər hansı formada məlumatlandırması, ümumiyyətlə gömrük rəsmiləşdirilməsinin hansı səbəbdən baş verməməsi barədə hər hansı informasiya verməsi, yəni məsələ ilə əlaqədar iddiaçını gömrük orqanına gəlməsi barədə dəvət etməsi, lakin iddiaçının gəlməməsi, iddiaçının təqsirli hərəkətsizliyindən – gömrük rəsmiləşdirilməsinin gecikdiyi müəyyən olunmamışdır, nə də gömrük orqanı bu halları təsdiq edəcək məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əksinə, iş materialları ilə müəyyən olunur ki, malların ölkəyə idxal olunduğu barədə məlumatlandırıldıqdan sonra iddiaçı ardıcıl surətdə, israrlı şəkildə, ləngimələrə yol vermədən öz üzərinə düşən vəzifələri yerinə yetirmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırılması ilə cavabdeh orqan tərəfindən bəyannamənin qaytarılmasına səbəb olan hallar öz təsdiqi tapmadığından iddiaçı tərəfindən qanuni əsaslarla gətirilən malları əsassız saxlamaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə olan təqdirdə, məhkəmə qeyd edir ki, İddiaçı MMC tərəfindən 2021-ci ilin noyabr ayında GB**********0950 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, gömrük rüsum və ödənişləri dərhal tam ödənilmiş yükün cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən əsassız olaraq uzun müddət saxlanılması qanunsuz hesab edilməli, yük cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən buraxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 73, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı MMC-nin ünvanına daxil olan və İddiaçı MMC tərəfindən 2021-ci ilin noyabr ayında GB**********0950 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, gömrük rüsum və ödənişlərinin dərhal tam ödənilmiş yükün, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qeyriqanuni olaraq uzun müddət ərzində buraxılmaması və daşıyıcıya məxsus anbarda saxlanılması qanunsuz hesab edilsin. İddiaçı MMC-nin ünvanına daxil olan və iddiaçı 'Kompliment” MMC tərəfindən 2021ci ilin noyabr ayında GB**********0950 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, gömrük rüsum və ödənişləri dərhal tam ödənilmiş yükün gömrük rəsmiləşdirilməsinin yekünlaşdırılması ilə malların buraxılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar