Məhkəmə qərarları › İş №2-1(112)-5477/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5477/2025

25.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5477/2025 25.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə (üçüncü şəxslər: X9 və qeyriləri) qarşı “qeydiyyata çıxarma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı “qeydiyyata çıxarma” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə hazırki iş üzrə X10, X6, X15, X18, X11, X16, X20, X9, X4, X13, həmçinin mənzilin payçıları X2, X29 Hacı Məmməd qızı, X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər (zəruri cəlbetmə). İddia onunla əsaslandırılır ki, iddiaçı əmlakın mülkiyyətçisidr. Həmin ünvanda onun tanımadığı şəxslər qeydiyyatdadırlar. İddiaçı həmin şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı məhkəməyə müraciət etsə də, cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyətdə olmaqla, o cümlədən paylı mülkiyyətdədir. Payçılar arasında iddiaçı və üçüncü şəxs Rzazadə (əvvəlki soyadı Rzayev) Hüseyn Tofiq oğlu da mövcuddur. “ASAN 1” tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, üçüncü şəxslər həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadırlar. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq üçüncü şəxlərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün inzibati məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məktubunda qeyd edilmişdir ki, sözügedən fərdi yaşayış evinin 1/5 hissəsi X7, 1/5 hissəsi Babayeva X1, 1/5 hissəsi X3, 1/5 hissəsi İddiaçı, 1/5 hissəsi X5 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Sorğuda qeyd olunan digər şəxslərin həmin sözügedən istifadə və mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Həmin yaşayış sahəsinə aid olan ünvanın mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından asılı olmayaraq digər yaşayış sahələrinə verilməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Mənzil Kommunal İstismar Sahəsinin arayışından görünür ki, üçüncü şəxs X9 fərdi yaşayış evinin 1/5 hissəsinin mülkiyyətçisidir. Qeydiyyatdan çıxarılaması tələb olunan üçüncü şəxslər onun ailə üzvləridir və həmin ünvanda qeydiyyatdadırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. İşin faktiki hallarından görünür ki, hazırkı inzibati mübahisə paylı mülkiyyətçi olan İddiaçı fərdi yaşayış evinin digər paylı mülkiyyətçisi və hazırki iş üzrə üçüncü şəxs qismində cəlb olunan H.Rzazadənin və onun ailə üzvlərinin yaşayış yeri üzrə paylı mülkiyyətdə olan yaşayış sahəsindən ünvan üzrə qeydiyyatdan çıxarılması ilə əlaqədardır. Qeyd olunmalıdır ki, AR İPM-nin 14.3-cü maddəsinin tələbləri baxımından iddianın təminini istisna edən hallar mövcud olduğundan iddia qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, paylı mülkiyyətdə olan əmlak, faktiki bir-neçə olmaqla, ayrı-ayrı fərdi yaşayış evlərindən ibarətdir. Paylar müəyyən edilsə də, naturada ayrılmamış, ünvan eyni olmuşdur. Üçüncü şəxslərdən biri olan Hüseyn Rzazadə isə həmin evin paylı mülkiyyətçisidir, digər üçüncü şəxslər isə onun ailə üzvləridir. Məhkəmə mülkiyyət hüququnun toxunulmazlığı, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası prinsiplərindən çıxış edərək hesab edir ki, hazırkı iddia tələbi əsaslı hesab edilə bilməz. Belə ki, şəxsin qeydiyyatı daşınmaz əmlakın özünə deyil, həmin əmlakın (fərdi yaşayış evi, mənzil) məxsus olduğu ünvan reyestrində qeydiyyata alınmış konkret ünvan üzrə aparılır. Nəzərə alınsa ki, iddiaçı ilə üçüncü şəxs H.Rzazadə hər ikisi ayrı giriş-çıxışları olan əmlaklara sahib olsalar da, onlar fərdi yaşayış evinin paylı mülkiyyətçiləri olmaqla eyni ünvan göstəricilərinə malikdirlər, üçüncü şəxs və onun ailə üzvləri də məhz özünün mülkiyyətində olan fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçmiş ünvanı üzrə qeydiyyata alınmışdır, belə olan halda iddiaçı onunla bərabər mülkiyyətçi statusunda olan başqa bir mülkiyyətçini (və ya ailə üzvlərini) həmin ünvan üzrə qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı hesab edilə bilməz. Odur ki, məhkəmənin qənaətinə görə cavabdehin iddiaçının müraciəti ilə əlaqədar adıçəkilən üçüncü şəxslər həmin ünvan üzrə qeydiyyatdan çıxarılmaqdan imtinası qanuni olmuşdur. Beləlikdə, cavabdeh əsaslı olaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş qeydiyyatdan çıxarma əsaslarını müəyyən etmədiyindən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması barədə müraciəti təmin etməməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar