Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5478/2020 13.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, X1, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, 81) cavabdeh – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinə (yerləşdiyi yer: Bakı şəhəri, Şərifzadə küçəsi, 201) qarşı «iddiaçıya əmək pensiyasının yenidən təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) 1 saylı Bakı Ərazi Şöbəsinə qarşı ona əmək pensiyasının 63 yaşdan təyin edilməsi və həmin tarixdən yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddia ərizəsində bildirilir ki, iddiaçıya xx xxxx 2020-ci il tarixdən DSMF 1 saylı Bakı Ərazi Şöbəsi tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyinatıp aparılan zaman DSMF Bakı Ərazi Şöbəsi tərəfindən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32-1-1-ci maddəsinə əsasən müraciət edilən tarixdən əvvəlki son 3 ilin pensiyası məbləği, yəni x xxxxx 2017-ci il tarixdən yaranmış pensiya məbləğinin hissə-hissə ödənilməsi qərara alınmışdır. Hesab olunur ki, cavabdeh tərəfindən onun yaşa görə əmək pensiyası hüququnun əmələ gəlmə müddətinin və pensiyanın ödənilməsi qaydasının təyini zamanı bir sıra aşkar qanunsuzluqlara yol verilmişdir. Belə ki, Azərbaycan Respublikasının “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsi barədə” xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli Qanununun 2-ci maddəsinə əsasən bu Qanun x xxxx 2017-ci il tarixdən qüvvəyə minmişdir. Həmin tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq, 2012-ci ilin yanvarın 1-dək, hər il altı ay artırılır. Deməli, onun (iddiaçının) 63 yaşı tamam olanda (x xxxx 1948-ci il tarixdə doğulmuşdur), yəni x xxxx 2011-ci il tarixdə qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ yaranmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir. Həmin Qanunun x xxxx 2017-ci il tarixədək qüvvədə olan 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Həmin maddənin x xxxx 2017ci il tarixdən sonra qüvvədə olan 32.1-ci maddəsinə əsasən isə, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanuna x xxxx 2017-ci il tarixdən etibarən 32.1-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. x xxxx 2017-ci il tarixədək qüvvədə olan 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Sözügedən maddəyə x xxxx 2017-ci il tarixdən edilmiş dəyişikliyə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Göründüyü kimi, 2017-ci ildə Qanuna edilmiş dəyişikliklərlə əlaqədar yeni qüvvəyə minmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 32.1.1 və 37.7-ci maddələrinin ona (iddiaçıya) münasibətində tətbiq edilməsi, onun hüquqi vəziyyətini pisləşdirmişdir. Nəticədə hesablanmalı olan pensiya məbləğinin qanunsuz olaraq dəfələrlə azaldılması və birdəfəlik şəkildə ödənilməməsi, nəinki onun vəziyyətini aşkar pisləşdirmək, hətta hazırkı xəstə durumunda yaşamaq hüququndan məhrum etmək deməkdir. xx xxxxx 2019-cu il tarixdə 21 gün Türkiyə Respublikasının İstanbul şəhərində stasionar şəraitdə xəstəxanada ağır əməliyyat keçirə, bundan sonra 4 aydan artıq ambulator müalicə olunan və hazırda digər ağır əməliyyatın xərclərini ödəmək üçün hüquqi dövlətin qanunlarına güvənərək, illərlə ehtiyat üçün topladığı qanuni pensiya məbləğini əldə etmək istəyən 72 yaşlı xəstə bir şəxsin əlindən həmin vəsaitin çox hissəsini qeyri-qanuni olaraq almaqla müalicə olunmaq imkanından məhrum edilməsinə başqa nə ad vermək olar? Əksinə, pensiya təyinatına görə gecikən müraciətlər DSMF üçün,; əlavə imkan deyilmi ki, əmanət bankına müvafiq məbləq depozit qoymaqla gəlir əldə etsin? Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Odur ki, x xxxx 2017-ci il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1.1 və 37.7-ci maddələri hüquqi vəziyyətini pisləşdirdiyindən, ona münasibətdə tətbiq oluna bilməz. Buna baxmayaraq icra orqanı olan DSMF yuxarıda qeyd edilən Azərbaycan Respublikası Konstitusiyasının 147, 149-cu maddələrinin tələblərinə zidd olaraq onun (iddiaçının) hüquqlarını kobudcasına pozmuşdur. Ona, yaşa görə əmək pensiyası hüququnun yarandığı 2011-ci il tarixdən deyil, x xxxxx 2017-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməməsi və yaranmış fərq məbləğinin birdəfəlik deyil, hissə-hissə ödənilməsinə, qanunsuz olaraq ona münasibətdə 32.1.1-ci maddəsinin tətbiq edilməsi barədə dəfələrlə 1 saylı DOST Mərkəzi vasitəsilə DSMF-yə müraciət etmişdir. Ancaq, DSMF-nun vəzifəli şəxsləri tərəfindən «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun 12.3.1, 12.3.3 və s. maddələrində qeyd olunan tələbləri pozaraq onun (iddiaçının) müraciətlərinə, şikayətinin mahiyyətinə uyğun və əsaslandırılmış cavab verilməmişdir. Belə ki, xx xxxxx 2020-ci il tarixdə pensiya təyinatından verdiyi şikayət nömrə alma tarixi xx xxxx 2020-ci il tarixli göstərilmiş bildirişlə, yəni elə şikayət etdiyi pensiya təyinatının məzmunu təkrarlanaraq xx xxxxx 2020-ci il tarixdə möhürsüz, x xxx 2020-ci il tarixli yazılı elektron müraciətdən sonra isə, x xxx 2020-ci il tarixdə yenə də həmin bildirişin möhürlənmiş forması ilə cavablandırılmışdır. Daha sonra müraciətin mahiyyəti üzrə cavablandırılmadığını əsas gətirərək, xx xxx 2020-ci il tarixdə yenidən DSMF-yə 3 səhifəlik hərtərəfli şikayət ərizəsi ilə müraciət etsə də, xx xxxxx 2020-ci il, x xxx 2020-ci il tarixlərdə verilmiş cavabların oxşarı, yəni sadəcə şikayət olunan təyinat zamanı tətbiq edilən Qanun və onun 32.1.1-ci maddəsi göstərilməklə şikayətin mahiyyətindən kənar əsaslandırılmamış, nömrə alma tarixi xx xxx 2020-ci il tarixli bildirişlə – x xxxx 2020-ci il tarixdə cavab verilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsaslanaraq, İPM-in müvafiq maddələrini rəhbər tutaraq, məhkəmədən ona (iddiaçıya) əmək pensiyası x xxxx 2011-ci il tarixdən təyin edilməsi və həmin tarixdən yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. Cavabdehin nümayəndəsinin İPM-in 47-ci maddəsinə uyğun olaraq məhkəməyə iddia ilə bağlı təqdim olunmuş yazılı münasibətində (etirazında) aşağıdakılar bildirilmişdir: - İddiaçının iddia tələbi tam əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir. Cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyqun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Vətəndaşın ola bilər ki, hüququ 2011-ci ildə yaranmışdır. Lakin o, öz hüququndan vaxtında istifadə etməmişdir. Belə ki, vətəndaş (iddiaçı) 2011-ci ildə müraciət etməli olduğu halda, xx xxxx 2020-ci il tarixdə yaşa görə pensiya üçün müraciət etmişdir. Müraciət etdiyi vaxtdan, yəni 2020-ci ildən artıq hüquqi nəticə yaranır. Bu hüquqi nəticənin yarandığı zaman qüvvədə olan qanunvericilik tətbiq olunur. Qüvvədə olan qanunvericiliyə əsasən də şəxsə müraciət etdiyi tarixdən ən çox 3 il üçün yaşa görə pensiya təyin edilmiş və hal-hazırda da ödənilir. Göründüyü kimi, DSMF üzərinə düşən vəzifəni yerinə yetirmişdir. Azərbaycan Respublikasının qüvvədən düşmüş 1992-ci il 23 sentyabr tarixli «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun müddəalarına nəzər yetirildikdə oxşar məsələlərin həmin Qanunda da təsbit edildiyi müşahidə olunur. Həmin Qanunun 106-cı maddəsinə əsasən hesablanmış, lakin pensiyaçı tərəfindən vaxtında alınmamış pensiya məbləği bunun üçün müraciət edilən vaxtdan əvvəlki dövrün ən çoxu 3 ili üçün ödənilir. Bir hal da qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair qərardadında da bu məsələ ətraflı səkildə tənzimlənir. Həmin qərardada əsasən reallaşdırılmamış hüquqlar üzrə ödəmələrin məhdudlaşdırılmasını nəzərdə tutan müddəaların qanuna daxil edilməsinin məqsədi ilə bağlı olaraq belə əsaslandırma təqdim olunmuşdur ki, bu islahat tədbirinin əsas məqsədi sığorta olunanların pensiya təyinatı üçün gec müraciət etmə hallarını azaltmaq, habelə pensiya sisteminin konkret maliyyə büdcədə nəzərdə tutulmamış əlavə xərc öhdəliklərinin qarşısını almaqdır. Pensiya təminatı sistemindəki islahatların əsas məqsədlərindən birinin pensiya təminatı sisteminin cari, ortamüddətli, və uzun müddətli dövr üzrə maliyyə dayanaqlığınıa nail olunması və xərclərin poqnozlaşdırıla bilən olmasının təmin etmək təşkil etmişdir. Bu məqsədlərə nail olmanı təmin etmək üçün seçilmiş vasitələrdən biri də keçmiş dövr üçün ödənilməmiş pensiya məbləğlərinin ödənilməsinə üç illik müddət məhdudiyyətinin gətirilməsi olmuşdur. Qeyd edilir ki, sözügedən tənzimləmələr şəxsləri əmək pensiyalarından ümumiyyətlə məhrum etməmiş, yalnız keçmiş dövrlə bağlı alacagları məbləğləri üç illə məhdudlaşdırmışdır. Məhkəmə sonda belə qərara gəlmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İddiaçı iddiasının təmin edilməməsi xahiş olunur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə “iddia ərizəsinə əlavə” təqdim etmiş və aşağıdakıları bildirilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1.1-ci maddəsinə əsasən pensiya məbləği hesablanarkən, nəinki ona (iddiaçıya) münasibətdə düzgün tətbiq edilməmiş, hətta 2017-ci ilin aprel ayından 2020-ci ilin aprel ayınadək sosial sığorta nömrəsinə ödənilən məcburi dövlət sosial sığorta haqları mövcud qaydaların əksinə olaraq hesablanmış pensiya məbləğinə əlavə edilməmişdir. Əlavə olunan məbləğ 3 ildə cəmi 1.176,11 x 1,8 = 2.116,9 manat, 3 il müddətində aylıq isə 2.116,9 manat : 36 = 58,8 manat təşkil edir. 3 il müddətində aylıq pensiya məbləğinə əlavə edilməmiş həmin 58,8 manatın aylıq pensiya məbləğinə hesablanaraq əlavə olunması məsələsinə xüsusi diqqət yetirilməsi xahiş olunur. Məhkəmə iddiaçının həmin ərizəsini iddianın dəyişdirilməsi (həcminin artırılması) kimi icraata qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim edilmiş yazılı münasibətində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 7-ci maddəsinin x xxxx 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Həmin Qanunun 7-ci maddəsinin x xxxx 2017-ci il tarixdən sonra qüvvədə olan tələblərinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı aşağıdakı iki tələbi irəli sürür: - iddiaçıya xx xxxx 2020-ci il tarixdə təyin edilmiş yaşa görə əmək pensiyası məbləğinin bu pensiya hüququnun yarandığı x xxxx 2011-ci il tarixdən xx xxxx 2017-ci il tarixədək, yəni təyin edildiyi vaxtdan üş il əvvəlki tarixədək olan dövr üzrə ödənilməmiş məbləğinin verilməsi; - iddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən onun 2017 – 2020-ci illərdə işlədiyi vəzifə üzrə ödədiyi məcburi dövlət sosial sığorta haqlarının nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması; «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinin x xxxx 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinin x xxxx 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinin x xxxx 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 32.1-1-ci maddəsinin hazırda qüvvədə olan tələblərinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmin Qanunun 37.7-ci maddəsinin x xxxx 2017-ci il tarixədək qüvvədə olan tələblərinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinin x xxxx 2017-ci il tarixdən qüvvədə olan tələblərinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” x xxxxxxx 2020-ci il tarixli qərardadında göstərilmişdir: - «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Yuxarıda qeyd olunanları hazırkı mübahisə üzrə işin hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı onun yaşa görə əmək pensiyası hüququ 2011-ci il tarixdə yaranmasına baxmayaraq, müraciət etdiyi xx xxxx 2020-ci il tarixdən əvvəlki dövrün pensiya məbləğinin son 3 ilə aid hissədə ödənilməsini təmin etməkdə cavabdeh inzibati orqan haqlı olmuşdur. Belə ki, cavabdehin bu hərəkəti (imtinası), «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq dəyişikliyin edilməsinin məqsədi baxımından “ödəmələrdə məhdudiyyət” adekvat qiymətləndirilir və digər şəxslərə münasibətdə də «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsində təsbit olunmuş “bərabərlik prinsipi” ilə uzlaşır. İddiaçının ikinci tələbinə gəldikdə isə, məhkəmə vurğulayır ki, həmin dövr 6 ildən artıq olsa da, iddiaçının 2011-ci ildən sonrakı dövr üzrə müvafiq ödəmələrinin nəzərə alınmaması hazırkı inzibati məhkəmə müəyyən edilmədiyindən, bu tələb əsaslı sayıla bilməz. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DSMF 1 saylı Bakı Ərazi Şöbəsinə qarşı «iddiaçıya əmək pensiyasının yenidən təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi» tələbinə dair iddiası əsaslı olmadığından, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 62, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinə qarşı «iddiaçıya əmək pensiyasının yenidən təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5478/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5478/2020
13.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver