Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5478/2021 02.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «əlilliyin bərpa edilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «əlilliyin bərpa edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı 16 avqust 1992-ci il tarixdən 8 iyul 1996-cı il tarixədək AR Müdafiə Nazirliyinin tərkibində bir çox hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 2-ci qrup hərbi əlil olmuşdur. N saylı hərbi hissədə hərbi xidmətdə olarkən 1992-ci ilin oktyabr ayında yaralanmağı ilə əlaqədar ona 27 dekabr 2017-ci il tarixdən 27 dekabr 2022-ci il tarixədək hərbi xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar əlillik təyin edilmişdir. Sonradan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında anlaşmamazlıq olduğundan, yenidən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona hərbi xidmətdə olarkən aldığı xəstəliklərlə bağlı 22 may 2019-cu il tarixdə xəstəlik barədə qərar verilmişdir. 2019-cu ilin fevral ayında müvafiq elektron sistemə (https://www.e- gov.az/az/services/read/3493/1) baxış keçirən zaman AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən onun əlilliyinin əsasız olaraq xəbəri olmadan ləğv edildiyinin şahidi olmuşdur. X5 Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən ona əlillik 5 il müddətinə verilmişdir. O, 2017-ci ildə qiymətləndirilmiş və 2-ci qrup 5 il müddətinə əlil idi. Hesab edir ki, Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi onun əlilliyini əsassız olaraq ləğv etmişdir, bu səbəbdən Agentliyi tərəfindən onun əlilliyinin səbəb əlaqəsi elektron sistemdə əsasız ləğv edildiyindən, məhkəməyə müraciət etmək məcburiyyətindədir. 29 fevral 2008-ci il tarixli 59 nömrəli «Hərbi-həkim ekspertizası haqqmda Əsasnamə»nın təsdiq edilməsi barədə qərann 7.2-ci bəndinin “a” yarımbəndi üzrə «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarına əsasən əlillik təyin edilməlidir. Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən onun 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyinin səbəb əlaqəsi bərpa edilməlidir. Göstərilənlərə və «Əlilliyi olan şəxslərin hüquqları haqqında» AR Qanununun 1.1 – 1.8, 3.1 – 3.8-ci maddəsinə, AR Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə, İPM-in 33-cü maddəsinə, AR Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin müddəalarına, o cümlədən 4.2-ci bəndinə, 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 3-cü bəndinə əsaslanaraq, AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 22 may 2019-cu il tarixli 396 nömrəli qərarı nəzərə alınmaqla, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup əlilliyinin elektron sistemdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi məhkəməyə iddiaya qarşı aşağıdakı məzmunda yazılı etiraz təqdim etmişdir: - İddiaçı əlillik vəziyyəti Bakı 2 saylı Dəmiryol Poliklinikasının 27 dekabr 2017-ci il tarixli 4384003AACFC saylı göndərişi əsasında baxılmış və “səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X1: XİX Sinif – travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Keçirilmiş ağır QKBT-nın davamlı qalıq əlamətləri, posttravmatik ensefalopatiya. Digər dəqiqləşdirilməmiş nevrotik pozuntular, Kəskin asteno-nevrotik sindrom. Postkontuzion sindrom, Generalize olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 15-16 dəfə). Vəlvələ pozuntusu, tez-tez təkrarlanan vazo-vegetativ krizlər. Baş beynin məhdud atrofiyası. Xoşxassəli kəllədaxili hipertenziya, Stenokardiyanın digər formaları, ÜİX, stabil gərginlik stenokardiyası İİ f.s.Essensial [birincili] hipertenziya, Arterial hipertenziya İİ dərəcə, çox yüksək əlavə risk, tez-tez hipertcrnik krizlərlə fəsadlaşan; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9)” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sözügedən qərar AR Müdafiə Nazirliyinin 21 yanvar 2019-cu il tarixli 1/358 nömrəli məktubuna əsasən sənədlərdə aşkar edilmiş uyğunsuzluqlarla əlaqədar 7 fevral 2019-cu il tarixdə etibarsız hesab edilmişdir. AR Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»yə müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsinə əsas verən göndərişin, göndərişi rəsmiləşdirən tibb idarəsi tərəfindən əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də, əlillik altsistemində aid qiymətləndirmə etibarsız edilmişdir. Bundan əlavə, «İnzibati icraat haqqında» AR Qanununun 65.1.2-ci maddəsinə uyğun olaraq, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. AR Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi «Əlilliyi olan şəxslərin hüquqları haqqında» AR Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya AR Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, AR Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndındə göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyyə edilir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı yazılı münasibətdə (etirazda) göstərilənləri təsdiqlədi və iddianınm təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 65.1.2-ci maddəsinə uyğun olaraq, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» AR Qanununun 3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 3.3-cü maddəsinə görə şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» 1-ci bəndinə görə: - (1.1) Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir; - (1.2) Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; - (1.5) Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. AR Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya AR Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydanın 2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. AR Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 2.5-ci bəndinə əsasən bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Göründüyü kimi, mövcud qanunvericilik normaları əlilliyin qiymətləndirilməsini birmənalı olaraq müvafiq tibb müəssisəsinin göndərişinin verilməsi ilə şərtləndirir və həmin göndərişdə şəxsin ilkin müayinəsinin nəticələti və digər zəruri məlumatlar daxil edilir. Hazırkı işin hallarına görə isə, iddiaçının sağlamlıq vəziyyəti ilə bağlı tibb müəssisəsinin göndərişi müvafiq uyğunsuzluqla əlaqədar etibarsız sayılmış və bununla əlaqədar əlillik altsistemində qiymətləndirmə də etibarsız sayılmışdır. Məhkəmənin qənaətinə görə belə olan halda, cavabdeh inzibati orqan Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin əlilliyin bərpasından imtinası qanuna zidd sayıla bilməz. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı iddiası əsaslı sayılmamalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «əlilliyin bərpa edilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «əlilliyin bərpa edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5478/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5478/2021
02.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver