Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5478/2022 07.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək pensiya təyin olunduqdan sonra fərdi şəxsi hesabında toplanmış sosial sığorta kapitalı əsasında, yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmiş sığortaolunan şəxs, ona pensiya təyin edildikdən sonra işləməkdə davam edərək 6 ildən çox işləyib. Onun hal-hazırda fərdi hesabının sığorta hissəsində toplanan kapitalı mövcuddur. Yaşa görə əmək pensiyasına çıxdıqdan sonra fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış, yəni əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış pensiya kapitalı mövcuddur. Buna görə də cavabdeh orqana müraciət edərək onun əmək pensiyasına çıxdıqdan sonra işləyib topladığı sosial sığorta kapitalını nəzərə alaraq aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasını xahiş edib. Lakin müraciəti, aldığı cavab məktubundan görünür ki, təmin edilməmişdir. Hesab edir ki, verilən cavab 7 fevral 2006-cı il tarixli 54-İ1İQ saylı "Əmək pensiyaları haqqında " Qanunun 37.3.1-ci və 9.6-cı maddələrinə ziddir. 7 fevral 2006-cı il tarixli 54-İİİQ saylı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana hilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 4.2-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası sığorta hissəsindən və yığım hissəsindən ibarətdir. Həmin Qanunun 9.5-9.6-dək olan maddələri hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququnu müəyyən edir. Nəticə etibarilə aldığı əmək pensiyası, sığorta və yığım hissələrindən ibarətdir. Hərbi qulluqçulara yuxarıda sadalanan hüquqların şamil edilmədiyi ilə bağlı hər hansı maddi hüquq norması mövcud deyil. Həmçinin hərbi qulluqçuların yaşa görə aldığı əmək pensiyasının yalnız təminat xərcliyindən ibarət olması barədə hər hansı maddi hüquq norması mövcud deyil. Hesab edir ki, onun əmək pensiyasına çıxdıqdan sonra işləyib əldə etdiyim sığorta pensiya kapitalım hazırki pensiya məbləğinin hesablanmasında nəzərə alınmalıdır və əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması aparılmalıdır. Qanunun və qaydaların göstərişindən aşkar görünür ki, mən də yaşa görə əmək pensiyaçısı olaraq yuxarıda göstərdiyi hüquqlara sahibdir. Onun aldığı pensiya sığorta və yığım hissələrindən ibarətdir. 11 dekabr 2017-ci il tarixli 17 saylı Kollegiya Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nın 5.3-cü bəndində təsbit olunan düstur nəzərə alınaraq mənim əmək pensiyamın sığorta hissəsinin yenidən hesablanması aparılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Maddənin göstərişindən aşkar görünür ki: bütün hərbi qulluqçuların - sosial müdafiə fondunda fərdi hesabı və sosial sığorta kapitalı var; 2) pensiya alan hərbi qulluqçu - işləməyə davam edərək sığorta kapitalı qazanır; 3) pensiya alan hərbi qulluqçu - işləməyə davam edərsə onun pensiyası onun sığorta kapitalına görə yenidən hesablana bilər. Deməli, pensiyaya çıxmış hərbi qulluqçunun aldığı pensiyası, onun sığorta kapitalına görə yenidən hesablana bildiyinə görə, mənim də aldığım pensiyam sığorta kapitalıma görə yenidən hesablana bilər. Yəni mən aldığım pensiyanın, sığorta kapitalıma görə yenidən hesablanmasım tələb etmək hüququna sahibdir. Məlum olduğu kimi pensiyanın yenidən hesablanmasını tələb etmək isə onun digər növ pensiya ilə əvəz edilməsi demək deyildir, mövcud pensiyanın məbləğinin artırılması deməkdir. Xüsusilə qeyd edrm ki, Ali məhkəmə tərəfindən dəfələrlə analoji iddia ərizələrinə baxılmış və iddia tələbləri təmin edilmişdir.
3. Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli imtinada bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Həmin Qanunun 20.14-cü maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası hüququ qazanmış hərbi qulluqçuların əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərciliyindəki sonrakı artımlar nəzərə alınaraq hesablanır. Qanunun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər hesablanır. Sizə sözügedən maddənin tələblərinə uyğun qaydada hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənilir. Eyni zamanda bildirilmişdir ki, Qanunun 9.6-cı maddəsinin sonuncu cümləsinə əsasən hərbi qulluqçunun yalnız fərdi hesabında qeydə alınmış sığorta kapitalına görə pensiyasının yenidən hesablanması hüququ vardır. Belə ki, əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əmək pensiyası alan şəxslərin pensiya məbləğləri iki cür müəyyənləşdirilir: 1) Fərdi hesabın sığorta hissəsində yığılan pensiya kapitalından hesablanan məbləğ; 2) Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərə dövlət büdcəsi hesabına vəzifə maaşına müvafiq əmsallar tətbiq edilməklə hesablanan əlavələrlə birlikdə müəyyən edilən məbləğ. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə hərbi qulluqçular və xüsusi rütbəli şəxslər güzəştli şərtlərlə əmək pensiyası hüququ olan kateqoriyaya daxildirlər. Sosial sığorta hesabınızdakı pensiya kapitalı əsas götürülməklə pensiya təyinatını tələb etmək hüququnuz vardır. Nəzərinizə çatdırırıq ki, bu zaman siz yuxarıda qeyd olunan birinci kateqoriya şəxslərdən hesab ediləcəyinizə görə dövlət vəsaiti hesabına güzəştli şərtlərlə pensiya almaq hüququndan istifadə edə bilməyəcəksiniz. Yuxarıda göstərilənləri nəzərə alaraq hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə sizə ödənilən əmək pensiyasından imtina etməklə yalnız sığorta kapitalına görə əmək pensiyasının hesablanması üçün yaşadığınız ərazi üzrə Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti filialına və ya DOST mərkəzinə müraciət etməyiniz tövsiyə olunur.
4. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin müddəaları tətbiq edilməklə pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması dəyişdirilmişdir.
5. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi pensiya təyin olunduqdan sonra iddiaçının fərdi şəxsi hesabında toplanmış sığorta kapitalına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması kimi dəyişdirilmişdir.
6. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi cavabdeh tərəfindən aparılmış yenidən hesablanmanın ləğv edilməsi və "Əmək pensiyaları haqqında" Qanunun xx.xx.2019-cu il tarixədək qüvvədə olan 29.2, 37.3.1, 45ci maddələrinin müddəalarına müvafiq pensiyanın sığorta hissəsinin, ona pensiya təyin edildikdən sonrakı dövr üzrə fərdi şəxsi hesabında xx.xx.2019-cu ilədək toplanan sığorta kapitalı əsasında yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında qərar qəbul edilməsi kimi dəyişdirilmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəməyə müraciət edəndə məqsədi sığorta kapitalı əsasında pensiyasının məbləğinin artırılmasına nail olmaq idi. Lakin məhkəmə işi davam etdiyi müddətdə Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarı qəbul edildi, həmin Qərarla hazırda qüvvədə olan "Əmək pensiyaları haqqında" Qanunun müvafiq müddəaları şərh edildi, nəticədə hazırda qüvvədə olan qanunvericiliyə görə pensiyasının məbləği sığorta kapitalı əsasında artmayacaq, pensiyasının məbləği sabit qalacaq. Eyni zamanda həmin Qərarla təsdiq edildi ki, ona "Əmək pensiyaları haqqında" Qanunun 29.2, 37.3.1, 45-ci maddələri şamil olunur. "Əmək pensiyaları haqqında" Qanunun xx.xx.2019cu il tarixədək qüvvədə olan 29.2-ci maddəsinə əsasən, həmin maddə yalnız “ xx.xx.2017ci ildən etibarən pensiya təyin olunanlara " tətbiq olunurdu. O isə xx.xx.2017-ci ildən öncə pensiyaya çıxıb. Buna görə də məhkəməyə müraciət etdiyi vaxt olan məqsədinə çatmaq üçün iddia tələbinin əsasını dəyişdirir. İddiaçı bildirir ki, Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarı ilə Əmək pensiyaları haqqında Qanun şərh edildi. Nəticədə məlum oldu ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi ona da, yəni hərbi qulluqçu kimi yaşa görə güzəştli şərtlərlə əmək pensiyası alan əmək fəaliyyətini qeyri-hərbi sahədə davam etdirən əmək pensiyaçıya da şamil edilir. Eyni zamanda həmin KM Qərarında göstərilənlərə əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə ilə onun pensiyası məhz sığorta hissəsi yenidən hesablanır. Eyni zamanda həmin KM Qərarında göstərilənlərə əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi ilə pensiyasının sığorta hissəsi yenidən hesablandığı halda, pensiyasına əlavələr də 29.2-ci maddəyə əsasən, yenidən hesablanıb sığorta hissəsinin artımı qədər azaldılır. Eyni zamanda həmin KM Qərarında göstərilənlərə əsasən, ona ödənilən pensiya məbləği sığorta hissəsindən və qulluq stajına görə əlavədən ibarətdir. Həmin KM Qərarında göstərilənlərə əsasən, 37.3.1-ci maddə məhz pensiyasının sığorta hissəsinin yenidən hesablanma qaydasını müəyyən edir, bütövlükdə pensiyasının deyil, əlavələrin deyil, məhz pensiyasının sığorta hissəsinin yenidən hesablanma qaydasını müəyyən edir. Nəzərə almaq lazımdır ki, ona ödənilən pensiya iki tərkibdən ibarətdir: sığorta hissə və qulluq stajına görə əlavə. Konstitusiya Məhkəməsi tərəfindən Əmək pensiyaları haqqında Qanunun hazırda qüvvədə olan müddəaları şərh edilmişdir. Məlum olduğu kimi Əmək pensiyaları haqqında Qanuna müxtəlif vaxtlarda müxtəlif dəyişikliklər edilmişdir, bu dəyişikliklərdən biri də məhz xx.xx.2019-cu ildə edilmişdir, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi məhz xx.xx.2019-cu il tarixdən etibarən hazırda mövcud olan məzmundadır, hazırkı müddəaları nəzərdə tutur, Konstitusiya Məhkəməsi tərəfindən də məhz hazırda qüvvədə olan həmin 37.3.1 və 29.2-ci maddələr şərh edilmişdir. xx.xx.2019-cu il tarixədək qüvvədə olan Əmək pensiyaları haqqında Qanunun 29.2-ci maddəsinin məzmunu: (AR 543 nömrəli Qanunda baxmaq mümkündür) 2017-ci il iyulun 1dən əmək pensiyasına çıxmış bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Göründüyü kimi xx.xx.2019-cu il tarlxadak qüvvada olan qanunvericiliyə görə hamin 29.2-ci maddə 2017-ci il iyulun 1-dan əmək pensiyasına çıxmış bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə şamil olunurdu. Konstitusiya Məhkəməsi Qərarı ilə əmək pensiyaçıları iki qrupa ayrılır: 1) əmək fəaliyyətini davam etdirən əmək pensiyaçdan 2) hərbi xidmətini davam etdirən əmək pensiyaçıdan. Konstitusiya Məhkəməsi göstərir ki, 29.2-ci maddə 37.3.1-ci maddə ilə yenidən hesablanma aparıldığı halda məhz əmək fəaliyyətini davam etdirən əmək pensiyaçılarına şamil edilir. 9.6-cı maddə isa hərbi xidmətini davam etdiran əmək pensiyaçılarına şamil edilir və bu halda 29.2-ci madda tatbiq olunmur. O, əmək faaliyyətini davam etdiran əmək pensiyaçısıdır, çünki pensiyaya çıxdıqdan sonra qeyri-harbi sahada əmək fəaliyyatini davam edir. Buna görə də hesab edir ki, xx.xx.2019-cu il tarixədək qüvvədə olan qanunvericiliyə əsasən pensiyasının sığorta kapitalı əsasında yenidən hesablanmalıdır, çünki onun həmin tarixədək qüvvədə olan qanunvericiliyə əsasən hüququ yaranıb, belə ki, 37.3.1-ci maddənin müddəaları, məzmunu xx.xx.2017-dən etibarən hal-hazıradək eynidir. Heç bir dəyişiklik olmayıb, xx.xx.2019-dək 37.3.1-ci maddənin müddəaları, məzmunu hazırda qüvvədə olan məzmundadır, heç bir dəyişiklik olmayıb. Əsas ona lazım olan maddə məhz 29.2-ci maddədir, çünki həmin maddə ilə sığorta hissəsinin artımı azaldılır, ona isə lazımdır ki, pensiyası artsın, sabit məbləğdə qalmasın, bundan ötrü isə o, xx.xx.2019-dək qüvvədə olan qanunvericiliyə istinad edərək hüququnun yarandığı gündən yenidən hesablanma aparılmasını xahiş edir, çünki xx.xx.2019-dək hüququ yaranıb və 29.2-ci maddə onun hüququnun yarandığı vaxt yalnız xx.xx.2017-dən pensiyaya çıxanlara şamil edilirdi, bütün 20-ci maddədə göstərilən şəxslərə deyil. O isə 2017-ci ildən öncə pensiyaya çıxıb.
8. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Qərarı ilə əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların “Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanma məsələsinə aydınlıq gətirilmişdir. Həmin qərarda qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır.” Göründüyü kimi, iddiaçının əmək pensiyası iddia tələbində qeyd olunduğu kimi sığorta kapitalına əsasən yenidən hesablanması üçün onun qulluq stajına görə əlavəsi sığorta hissəsindəki artım qədər azaldılır. Bununla əlaqədar bildirilmişdir ki, iddiaçıya xx.xx.2011-ci il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən göndərilmiş məlumat vərəqəsinə əsasən əmək pensiyası Mərkəzi Filial tərəfindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilir. Sonrakı artımlar nəzərə alınmaqla hazırda iddiaçının 3361 manat məbləğində güzəştli şərtlərlə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası aşağıdakı tərkibdən ibarətdir: -əmək pensiyasının sığorta hissəsi-244,17 manat; -qulluq stajına görə əmək pensiyasına əlavə-3116,83 manat. Eyni zamanda bildirilmidir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsinə əsasən “bu qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlərlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır”. Əlavə olaraq bildirilmişdir ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra onun müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 229847,2 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının 229847,2 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 182 ay (65 il (iddiaçının Mərkəzi Filiala müraciət etdiyi vaxtda qanunla müəyyən edilmiş pensiya hüququ verən yaş həddi) - 55 il 10 ay (müraciət tarixinə iddiaçının yaşı) = 110 ay + 144 ay - 72 ay) bölünərək (229847,2:182=1262,90 manat) əmək pensiyası yenidən hesablanıb. Nəticədə iddiaçının əmək pensiyasının sığorta hissəsi 1507,07 (244,17+1262,90) manat, qulluq stajına görə əlavə hissəsi isə “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin və yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenum Qərarının tələbləri nəzərə alınmaqla 1853,93 (3116,83-1262,90) manat müəyyən edilib. Qeyd olunanları və Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarını nəzərə alaraq iddiaçının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının təmin edilməməsini xahiş edirik.
9. İddiaçı iddia tələbini bir neçə dəfə dəqiqləşdirmişdir.
10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı son olaraq təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.
11. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
12. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
13. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
14. X2 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
15. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );
16. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
17. Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113);
18. İddia tələbi "Əmək pensiyaları haqqında" Qanunun xx.xx.2019-cu il tarixədək qüvvədə olan 29.2, 37.3.1, 45-ci maddələrinin müddəalarına müvafiq pensiyanın sığorta hissəsinin, ona pensiya təyin edildikdən sonrakı dövr üzrə fərdi şəxsi hesabında xx.xx.2019-cu ilədək toplanan sığorta kapitalı əsasında yenidən hesablanması ilə bağlıdır
19. Məhkəmə qeyd edir ki, hüququn yaşanması (hüququn ultraaktivliyi) qanunun geriyə qüvvəsinin (retroaktivliyinin) əksinə olan hüquqi hadisədir. Əksər hallarda, qüvvədən düşmüş qanunun müəyyən norma və müddəalarının ultraaktiv təsiri onu əvəz etmək üçün nəzərdə tutulmuş yeni qanunun normaları ilə müəyyən edilir. “Köhnə” qanunun normalarının ultraaktiv təsirinin yaradılmasında məqsəd bu müddəaları tənzimləyən yeni qanun qəbul edilənə qədər hüquq münasibətlərinə girmiş hüquq subyektlərinin hüquq və mənafelərini qorumaqdır. Köhnəlmiş normativ aktın normalarının fəaliyyət prinsipi əksər hallarda davam edən hüquq münasibətlərinin tənzimlənməsinə tətbiq edilir.
20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarından: -hərbi və xüsusi rütbəli şəxslərə ödənilən əmək pensiyası iki hissədən – sığorta hissəsindən və qulluq stajına görə əlavədən ibarətdir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onların son təminat xərcliyi əsasında təyin edilir və təminat xərcliyindəki sonrakı artımlar əmək pensiyasının müvafiq qaydada artmasına səbəb olur (“Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi). -Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, işləyən pensiyaçıların qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ qanunla nəzərdə tutulmuş əlavə sosial təminatdır, onların alınması hüququ isə şəxs tərəfindən ödənilmiş sosial sığorta haqlarından deyil, onun müvafiq statusundan (dövlətlə xidməti və ya əmək münasibətlərinin mövcudluğundan) asılıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr tarixli Qərarı).
21. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunundan: - 29.2. Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli Qanunu ilə 29.2-ci maddədə “2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu” sözləri “Bu” sözü ilə əvəz edilmişdir. Həmin Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir. Beləliklə, müvafiq dəyişikliyin qüvvəyə mindiyi xx.xx.2019-cu il tarixədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinin redaksiyası aşağıdakı kimidir: - 2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. - 37.3.1. Yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. -45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.
22. İddiaçı xx.xx.1966-cı il təvəllüdlüdür. xx.xx.2006-cı il tarixdən ehtiyyata buraxılmış və hərbi komissarlıq tərəfindən məlumat vərəqəsi verilmişdir. İddiaçı xx.xx.2006-ci ildən bugünə kimi əmək fəaliyyətini davam etdirmişdir.
23. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra onun müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 229847,2 manat pensiya sığorta kapitalı qeydə alınmışdır.
24. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduqdan sonra 6 ildən çox işlədiyindən və mövcud qanunvericilikdə hərbi qulluqçuların əmək pensiyasının sığorta hissəsinə əsasən yenidən hesablanmasına hər hansı məhdudiyyət nəzərdə tutulmadığından, iddiaçının hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır.
25. Cavabdehin qurumun etirazı onunla əsaslandırılmışdır ki, sonrakı artımlar nəzərə alınmaqla hazırda iddiaçının 3361 manat məbləğində güzəştli şərtlərlə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası aşağıdakı tərkibdən ibarətdir: -əmək pensiyasının sığorta hissəsi-244,17 manat; -qulluq stajına görə əmək pensiyasına əlavə-3116,83 manat. İddiaçının 229847,2 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 182 ay (65 il (iddiaçının Mərkəzi Filiala müraciət etdiyi vaxtda qanunla müəyyən edilmiş pensiya hüququ verən yaş həddi) - 55 il 10 ay (müraciət tarixinə iddiaçının yaşı) = 110 ay + 144 ay - 72 ay) bölünərək (229847,2:182=1262,90 manat) əmək pensiyası yenidən hesablanıb. Nəticədə iddiaçının əmək pensiyasının sığorta hissəsi 1507,07 (244,17+1262,90) manat, qulluq stajına görə əlavə hissəsi isə “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin və yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenum Qərarının tələbləri nəzərə alınmaqla 1853,93 (3116,83-1262,90) manat müəyyən edilib.
26. Cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında müvafiq qərar yoxdur. Müvafiq hesablama cavabdehin faktiki xarakterli hərəkətləri ilə həyata keçirilmişdir.
27. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli Qanunu ilə 29.2-ci maddəyə edilmiş dəyişiklik qüvvəyə mindiyi xx.xx.2019-cu il tarixədək olan redaksiyası, eləcə də 37.3.1 və 45-ci maddələrinin müddəalarına müvafiq olaraq pensiyasının sığorta hissəsi pensiya təyin edildikdən sonrakı dövr üzrə fərdi şəxsi hesabında xx.xx.2019-cu ilədək toplanan sığorta kapitalı əsasında yenidən hesablanmalıdır.
28. İddiaçının pensiya hüququ 2017-ci il iyulun 1-dək yaranmış və “Əmək pensiyaları haqqında” qanunun 29.2-ci maddəsinin qeyd edilən yeni redaksiyası məhz qüvvəyə mindiyi xx.xx.2019-cu ildən tətbiq oluna bilər. Həmin tarixədək iddiaçının pensiyasının sığorta hissəsi yenidən hesablandıqda qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılması qanuni hesab oluna biməz. Odur ki, iddiaçının xx.xx.2019-cu ilədək toplanmış pensiya kapitalına əsasən (pensiya hüququ 2017-ci il iyulun 1-dək yarandığı üçün) əmək pensiyasının sığorta hissəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanmalıdır.
29. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın qeyd edilən normalara əsasən pensiyanın yenidən hesablanmaması nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
30. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
31. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının, fərdi şəxsi hesabında xx.xx.2019-cu ilədək toplanmış pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı əmək pensiyasının yenidən hesablanması qaydası qanunsuz hesab edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva