Məhkəmə qərarları › İş №2-1(112)-5479/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5479/2020

25.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5479/2020 25.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili X5, cavabdehin nümayəndəsi X7, üçüncü şəxsin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyi) “vəsaitin ödəniş təyinatına uyğun olaraq məcburi dövlət sosial sığorta haqları üzrə pensiya kapitalına aid edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və X14 (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı) qarşı (üçüncü şəxs Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı, xx.xx.2015-ci il tarixli ödəniş tapşırığı ilə «xxxx» ASC-nin 1 saylı Nəsimi filialı vasitəsi ilə DSMF-nin İri Sığortaedənlərlə iş üzrə Departamentin hesabına köçürdüyü 10663,82 manat vəsaitin ödəniş təyinatına uyğun olaraq İddiaçı (SSN **********513) məcburi dövlət sosial sığorta haqları üzrə pensiya kapitalına aid edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, hazırda Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyində baş mühəndis vəzifəsində işləyir. İşlədiyi 2006-2014-cü illər üzrə məcburi sosial sığorta haqlarına cəlb edilməli vəsaitlərin DSMF-yə köçürülüb-köçürülməməsini müəyyən etmək üçün xx.xx.2015-ci il tarixli ərizə ilə DSMF-nin İri Sığortaedənlərlə iş üzrə Departamentinə müraciət etmiş, oradan verilmiş xx.xx.2015-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, 2006-2013-cii illərdə Nəsimi MKTB tərəfindən Departamentə daxil olan vəsaitlər 25%-dən az təşkil etmişdir və təqdim edilən B3 hesabatlarında əmək haqqına nisbətdə ödənilən vəsaitlər şəxsi hesabına işlənmişdir. 2014-cü il üçün işlədiyi müəssisə tərəfindən təqdim edilən B3 hesabatında uyğunsuzluq olduğu üçün həmin ilin məlumatları bazaya işlənməmişdir. Daha sonra xx.xx.2015-ci il tarixli ərizə ilə DSMF-yə müraciət edərək, 2006- 2014-cü illər üzrə əmək haqqından tutulmuş sosial sığorta haqları üzrə vəsaitin tələb edilərək şəxsi hesabına tam daxil olmasının təmin edilməsini xahiş etmiş və onun işlədiyi 2006-2014-cü illər üzrə aldığı əmək haqqından məcburi dövlət sosial sığorta haqları ödənilmədiyi üçün işlədəyi birlik rəhbərliyinə müraciət edərək ödənişin həyata keçirilməsini tələb etmişdir. Belə ki, iddiaçı ilə bağlı hazırlanmış və DSMF tərəfindən qəbul edilmiş B3 hesabatında da qeyd edilən illər üzrə məcburi sosial sığorta haqlarına cəlb edilən gəlirin cəmi 10663,8 manat təşkil etdiyi göstərilmişdir. Onun tələbindən sonra Birlik tərəfindən 22 saylı, xx.xx.2015-ci il tarixli ödəniş tapşırığı ilə 10663,82 manat vəsait «xxxx» ASC-nin 1 saylı Nəsimi filialı vasitəsi ilə həmin dövrdə uçotda olduğu DSMF-nin İri Sığortaedənlərlə iş üzrə Departamentin hesabına göçürülmüşdür. Ödəniş tapşırığının D1 bölməsində göstərilmişdir: Ödənişin təyinatı və əsas: İddiaçı ödənilməmiş sığorta haqqı 25% ödənilir, SSN **********0513. Ərizəsinə verilmiş xx.xx.2015-ci il tarixli xx/xx-2272 saylı məktubda göstərilmişdir ki, 2006-2014-cı illərə dair məcburi dövlət sosial sığorta haqqı üzrə müvafiq məlumatların ona aid fərdi şəxsi hesabda öz əksini tapması təmin edilmişdir. Bundan sonra o, tam arxayın olmuşdur ki, DSMF-nin İri Sığortaedənlərlə iş üzrə Departamentə ödənilmiş 10663,82 manat vəsaiti fərdi şəxsi hesabına mədaxil etmişdir. O, pensiya kapitalı barədə məlumat əldə etmək üçün 2019-cu ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin elektron informasiya sistemi olan e-sosial.az saytına daxil olmuş və müəyyən etmişdir ki, 2006-2014-cü illər üzrə əvvəllər ödənilməyən 10663,82 manat borcu qalır, xx.xx.2015-ci il tarixdə ödənilmiş vəsait isə fərdi şəxsi hesabında əksini tapmamışdır. O, xx.xx.2019-cu il tarixdə Nazirliyə ərizə ilə müraciət edərək məsələnin araşdırılmasını xahiş etmişdir. Onun ərizəsinə cavab verilmədiyi üçün xx.xx.2019-cu il tarixdə yenidən Nazirliyə ərizə ilə müracət etmiş, xx.xx.2019-cu il tarixli ərizəsinə cavab verilmədiyini bildirmişdir. DSMF tərəfindən ona göndərilmiş xx.xx.2019-cu il tarixli məktubda göstərilmişdir ki, müraciətindəki məsələnin həlli ilə əlaqədar guya ki, gecəgündüz dayanmadan müvafiq işlər aparılır və «araşdırma» yekunlaşdıqdan sonra ona əlavə məlumat veriləcək. 1 il 2 aydan sonra ona göndərilmiş 11,03.2020-ci il tarixli, **********8 saylı məktubda göstərilmişdir ki, ödənilmiş məcburi dövlət sosial sığorta haqqı Nəsimi rayon MKTB tərəfindən 2015-ci il üzrə təqdim etdiyi B3 formasında adları qeyd edilmiş sığortaolunanların fərdi şəxsi hesablarında proporsional qaydada bölüşdürülmüşdür. Sonrakı müraciətilərinə xx.xx.2020-ci il tarixli cavabda isə ümumiyyətlə məsələyə işə aidiyyatı olmayan qanun normasına, xx.xx.2019-cu il tarixdə qüvvəyə minmiş Sosial sığorta haqqında Qanunun 9-1.1-ci maddəsinə istinad edilməklə, guya ki, hüquqları ona izah edilmişdir. Belə ki, həmin normada məcburi dövlət sosial sığorta haqlarının qaytarılmasından söhbət gedir, o isə bununla bağlı hər hansı söhbət açmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və X12 Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinə verilmiş xx.xx.2020-ci il tarixli cavabda isə məcburi dövlət sosial sığorta haqlarının sığortaolunanlar arasında fərdi qaydada bölüşdürülməsinin nəzərdə tutulmadığı üçün, ödənilmiş vəsaitin proporsional qaydada bölüşdürüldüyü göstərilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və onun Mərkəzi Sosial Sığorta və X13 cavab məktublarında göstərilənlər qanunsuzdur. Çünki pul vəsaiti ödəyənin ödəniş təyinatında göstərdiyi qaydada bölüşdürülür, təyinatı göstərilmədiyi halda isə ödəmə ardıcıllığına əsasən. Cavabdeh tərəf qanunun bu məqamlarını nəzərə almamış, göstərməyə çalışmışdır ki, güya məcburi dövlət sosial sığorta haqlarının sığortaolunanlar arasında fərdi qaydada bölüşdürülməsi nəzərdə tutulmamışdır. Belə bir qanun norması yoxdur, qanunverici ödəniş təyinatını seçmək hüququnu ödəyənə vermişdir, sığortaçının və ya vəsaiti alanın aldığı vəsaiti ödəniş təyinatının əksinə istifadə etmə səlahiyyəti yoxdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X8 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 izahatında bildirdi ki, Nəsimi Rayon Mənzil Kommunal Təssərüfatı Birliyi tərəfindən ödənilmiş 10663,82 manat məcburi dövlət sosial sığorta haqqı xx xxx 2015-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Vudafiə Fondunun Mərkəzi Sosial Sığorta və X13 xəzinə hesabına daxil olmuşdur. Ödənilmiş 10663,82 manat məcburi dövlət sosial sığorta haqqının “X1 Sistemi”nin “Sığorta AS (Hesabat)” alt sistemində sığortaolunanlar arasında fərdi qaydada bölüşdürülməsi nəzərdə tutulmamışdır. Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən ödənilmiş 10663,82 manat məcburi dövlət sosial sığorta haqqı “X1 Sistemi”nin “Sığorta AS (Hesabat)” alt sistemində bütün sığortaolunanlar arasında proporsional qaydada bölüşdürülmüşdür. Nəsimi rayon Mənzil Kommunal Təssərüfatı Birliyinin 2006-2016-cı illər üzrə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar sığortaedən tərəfindən tam ödənildikdən sonra Nazirliyin e-Xidmətlər-innovasiyalar şöbəsi tərəfindən 2006-2016cı illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) sığortaolunanlar arasında hesablanmış məcburi dövlət sosial sığorta haqlarına nəzərən proporsional qaydada bölüşdürülərək fərdi şəxsi hesablarında əks olunacaqdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X6 izahatında bildirdi ki, iddiaçının Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində baş mühəndis vəzifəsində işləməsi ilə bağlı xx.xx.2015-ci il tarixli 22 saylı “A” formatlı ödəniş tapşırğma əsasən 10663,82 manat iddiaçının ödənilməmiş sığorta haqqı üzrə ödənilmişdir. Bu fakt öz əksini xx.xx.2015-ci il tarixli məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatda (B-3) da öz əksini tapmışdır. Nəsimi Rayon Mənzil Kommunal Təssərüfatı Birliyi tərəfindən ödənilmiş 10663,82 manat məcburi dövlət sosial sığorta haqqı xx xxx 2015-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Vudafiə Fondunun Mərkəzi Sosial Sığorta və X13 xəzinə hesabına daxil olmuşdur. Lakin ödənilmiş məcburi dövlət sosial sığorta haqqı bütün sığortaolunanlar arasında proporsional qaydada bölüşdürülmüşdür. Hesab edir ki, ödənilmiş məcburi dövlət sosial sığorta haqqlarının bütün sığortaolunanlar arasında proporsional qaydada bölüşdürülməsi düzgün deyildir, ödəniş təyinatına uyğun olaraq istifadə edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış xx xxxx 2020-ci il tarixli məktubda qeyd edilir: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər üçün əmək fəaliyyətli dövrlərdə sığortaolunanların xeyrinə hər ay üçün hesablanan məcburi dövlət sosial sığorta haqlarını əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir. Bildiririk ki, sığortaedən Nəsimi rayon Mənzil Kommunal Təssərüfatı Birliyi (SUN: **********2) tərəfindən təqdim olunmuş 2006-2016-cı illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda (Forma B3) adları qeyd olunmuş sığortaolunanların məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinə nisbətdə məcburi dövlət sosial sığorta haqları müəyyən edilmiş faizlə hesablanmış, lakin sığortaedən tərəfindən tam ödənilmədiyi üçün sığortaolunanların fərdi şəxsi hesablarında sığorta haqlarının azalmasına səbəb olmuşdur. Eyni zamanda bildiririk ki, müraciətdə qeyd etdiyiniz dövrdə ödənilmiş məcbun dövlət sosial sığorta haqqı sığortaedən Nəsimi rayon Mənzil Kommunal Təssərüfatı Birliyi tərəfindən 2015-ci il üzrə təqdim etdiyi “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda (Forma B3) adları qeyd edilmiş sığortaolunanların fərdi şəxsi hesablarında proporsional qaydada bölüşdürülmüşdür. Əlavə olaraq bildiririk ki, sığortaedən Nəsimi rayon Mənzil Kommunal Təssərüfatı Birliyinin 2006-2016-cı illər üzrə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borcları sığortaedən tərəfindən tam ödənildikdən sonra 2006-2016-cı illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) adları qeyd olunmuş sığortaolunanlar arasında hesablanmış məcburi dövlət sosial sığorta haqlarına nəzərərt proporsional qaydada Nazirliyin e-Xidmətlərinnovasiyalar şöbəsi tərəfindən bölüşdürülərək fərdi şəxsi hesablarında əks olunacaqdır. Məlumat üçün bildiririk ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu 2019-cu ilin 1 yanvar tarixindən qüvvəyə minmişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış xx xxx 2020-ci il tarixli məktubda qeyd edilir: Sığortaedən "Nəsimi rayon Mənzil Kommunal Təssərüfatı Birliyi"nin 2006-2016-cı illər üzrə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar sığortaedən tərəfindən tam ödənildikdən sonra Nazirliyin e-Xidmətlərinnovasiyalar şöbəsi tərəfindən 2006-2016-cı illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda (Forma B3) sizin və adları qeyd olunmuş digər sığortaolunanlar arasında hesablanmış məcburi dövlət sosiaf sığorta haqlarına nəzərən proporsional qaydada bölüşdürülərək fərdi şəxsi hesablarında əks olunacaqdır. Müraciətdə qaldırdığınız məsələ ilə bağlı sığortaedən "Nəsimi rayon Mənzil Kommunal Təssərüfatı Birliyi"nə müraciət etməyiniz məqsədəuyğundur. Məlumat üçün bildiririk ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu 2019-cu ilin 1 yanvar tarixindən qüvvəyə minmişdir. Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının olunmuş qaydada həyata keçirilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Mərkəzi Sosial Sığorta və X16 tərəfindən Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd olunur: Nəsimi Rayon Mənzil Kommunal Təssərüfatı Birliyi tərəfindən ödənilmiş 10663,82 manat məcburi dövlət sosial sığorta haqqı xx xxx 2015-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Vudafiə Fondunun Mərkəzi Sosial Sığorta və X13 xəzinə hesabına daxil olmuşdur. Nəzərinizə çatdırırıq ki, ödənilmiş 10663,82 manat məcburi dövlət sosial sığorta haqqının “X1 Sistemi”nin “Sığorta AS (Hesabat)” alt sistemində sığortaolunanlar arasında fərdi qaydada bölüşdürülməsi nəzərdə tutulmamışdır. Əlavə olaraq bildirilir ki, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən ödənilmiş 10663,82 manat məcburi dövlət sosial sığorta haqqı “X1 Sistemi”nin “Sığorta AS (Hesabat)” alt sistemində bütün sığortaolunanlar arasında proporsional qaydada bölüşdürülmüşdür. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən İddiaçı ünvanlanmış xx xxx 2020-ci il tarixli məktubda qeyd edilir: xx.xx.2015-ci il tarixli 22 saylı “A” formatlı ödəniş tapşırğına əsasən 10663,82 manat Sizin ödənilməmiş sığorta haqqı üzrə ödənilmişdir. Bu fakt öz əksini xx.xx.2015-ci il tarixli məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatda (B-3) da öz əksini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd olunur: Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən x xxx 2015-ci il tarixli 22 nömrəli ödəniş tapşırığı ilə «xxxx» ASC-nin 1 saylı Nəsimi filialı vasitəsi ilə Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə iş üzrə Departamentinin xəzinədarlıq hesabına ödənilmiş 10663,82 manat vəsait bütün sığortaolunanlar arasında proporsional qaydada bölüşdürülmüşdür. İş materiallarında olan Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatın təsdiq edilmiş surətindən görünür ki, Nəsimi Rayon Mənzil Kommunal Təssərüfatı Birliyi tərəfindən ödənilmiş 10663,82 manat məcburi dövlət sosial sığorta haqqı xx xxx 2015-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Mudafiə Fondunun Mərkəzi Sosial Sığorta və X13 xəzinə hesabına daxil olmuşdur. İş materiallarında olan xx xxx 2015-ci il tarixli 22 saylı “A” formatlı ödəniş tapşırığının təsdiq edilmiş surətindən görünür ki, Nəsimi Rayon Mənzil Kommunal Təssərüfatı Birliyi tərəfindən 10663,82 manat vəsait «xxxx» ASC-nin 1 saylı Nəsimi filialı vasitəsi ilə Dövlət Sosial Müdafiə Fondu İri Sığortaedənlərlə iş üzrə Departamentinin hesabına ödənilmişdir. Ödənişin təyinatı və əsas: İddiaçı ödənilməmiş sığorta haqqı 25% ödənilir. (SSN **********513). İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət X2 X3 tsdiq edilmiş surətindən görünür ki, xx xxx 2015-ci il tarixdə Nəsimi Rayon Mənzil Kommunal Təssərüfatı Birliyi tərəfindən «xxxx» ASC-nin 1 saylı Nəsimi filialı vasitəsi ilə 10663,82 manat vəsait (İddiaçı ödənilməmiş sığorta haqqı 25% - SSN **********513) ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.7-ci maddəsinə əsasən fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinə əsasən sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar; 14.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir; 14.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində işləyir. Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən iddiaçının ödənilməmiş sığorta haqqı olaraq (məcburi dövlət sosial sığorta haqqı) xx xxx 2015-ci il tarixdə 10663,82 manat vəsait ödənilmişdir. Nəsimi Rayon Mənzil Kommunal Təssərüfatı Birliyi tərəfindən ödənilmiş 10663,82 manat məcburi dövlət sosial sığorta haqqı xx xxx 2015-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Vudafiə Fondunun Mərkəzi Sosial Sığorta və X13 xəzinə hesabına daxil olmuşdur və həmin vəsait bütün sığortaolunanlar arasında proporsional qaydada bölüşdürülmüşdür. Lakin iş materiallarında olan sənədlərdən görünür ki, ödənişin təyinatı iddiaçının ödənilməmiş sığorta haqqı kimi göstərilmişdir. Yəni həmin vəsait iddiaçının məcburi dövlət sosial sığorta haqqı olaraq ödənilmişdir. Ödənişin təyinatı iddiaçının sosial sığorta haqqı göstərildiyi halda Nəsimi rayon Mənzil Kommunal Təssərüfatı Birliyinin məcburi dövlət sosial sığorta haqları üzrə borclarına görə həmin vəsaitin cavabdeh tərəfindən bütün sığortaolunanlar arasında proporsional qaydada bölüşdürülməsi əsassızdır. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı, xx.xx.2015-ci il tarixli ödəniş tapşırığı ilə «xxxx» ASC-nin 1 saylı Nəsimi rayon filialı vasitəsi ilə Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə iş üzrə Departamentin hesabına köçürdüyü 10663,82 manat vəsaitin ödəniş təyinatına uyğun olaraq İddiaçı (SSN **********513) məcburi dövlət sosial sığorta haqları üzrə pensiya kapitalına aid edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar